27 Iyun 2022 10:49
881
Səfərlər
A- A+

Prezident İlham Əliyev Göygöl rayonunda inşa edilən iki tunelin tikintisi ilə tanış olub  

 

Xəbər verdiyimiz kimi, iyunun 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Göygöl, Kəlbəcər və Laçın rayonlarına səfər edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı əvvəlcə Göygöl rayonunda Toğanalı-Kəlbəcər avtomobil yolunun 13-cü kilometrliyində inşa edilən iki tunelin tikintisi ilə tanış olub.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına görülən inşaat işləri haqqında məlumat verdi.

Qeyd edildi ki, Göygöl və Kəlbəcər rayonlarını birləşdirən avtomobil yolu 2-4 hərəkət zolaqlı olmaqla I, II və III texniki dərəcəyə uyğun inşa edilir. Belə ki, yolun keçdiyi ərazinin sərt dağlıq və qayalıq olması nəzərə alınaraq, onun əsas hissəsinin ikizolaqlı, yoxuşlarda isə əlavə zolaq artırılmaqla tikintisi aparılır. Bu yol tunel və körpü hissələrdə dörd hərəkət zolaqlı olacaq.

Hazırda yolboyu torpaq yatağının, həmçinin zəruri yerlərdə suötürücülərin tikintisi davam edir. İki hissədə mövcud kanalların köçürülməsi, həmçinin bəzi ərazilərdə suötürücülərin inşası tamamlanıb, yeni su kanalının tikintisi davam etdirilir.

Bildirildi ki, layihənin 13,5-ci kilometrindən Murovdağ silsiləsi başlayır. Yüksəklik 1700 metrdən Murovdağ zirvəsinədək 3250 metrədək artır. Bu hissədə dünyanın ən uzun avtomobil tunellərindən biri olacaq Murovdağ tunelinin inşası davam etdirilir. Artıq tuneldə gediş və gəliş istiqaməti üzrə 2,1 kilometr uzunluğunda qazma işləri tamamlanıb.

Tunel müvəqqəti havalandırma sistemi ilə təmin edilib. Piyadalar və avtomobillər üçün nəzərdə tutulan iki ehtiyat keçidin tikintisi yekunlaşıb.

Hazırda tuneldə partlatma və qırma prosesləri nəticəsində əmələ gələn qaya parçalarının və süxurların daşınması, lay sularının kənarlaşdırılması və tuneldaxili hissənin üzlənməsi işləri davam etdirilir.

Həmçinin məlumat verildi ki, Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun tikintisi layihəsi çərçivəsində Murovdağ tunelindən əlavə, daha üç tunelin inşası nəzərdə tutulur. Uzunluğu 542, eni 12 metr olan birinci və uzunluğu 607 metr olan ikinci tuneldə tikinti işlərinə başlanılıb. Artıq birinci tuneldə üst qatda qazma işləri icra olunaraq tuneldaxili hərəkət təmin edilib. İkinci tuneldə isə üst qatda qazma işləri tamamlanmaq üzrədir.

Tikintisi 2025-ci ilədək yekunlaşdırılması nəzərdə tutulan Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu başlanğıcını Göygöl rayonunun Toğanalı kəndindən götürməklə Kəlbəcər rayonunun ərazisindən keçir. Buna görə də yol rayonun bir çox yaşayış məntəqələri ilə yanaşı, Kəlbəcər şəhərinə və məşhur İstisu ərazisinə qədər rahat gediş-gəlişi təmin edəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video