20 Sentyabr 2022 15:26
485
PARLAMENT
A- A+

Parlamentin Gənclər və idman komitəsinin iclasında iki məsələ müzakirə olunub

 

Sentyabrın 20-də Milli Məclisin Gənclər və idman komitəsinin 2022-ci ilin payız sessiyasında onlayn formatda ilk iclası keçirilib.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, iclasda Milli Məclis sədrinin müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev son günlərdə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində törətdiyi genişmiqyaslı təxribatların qarşısını alan zaman qəhrəmancasına şəhid olmuş hərbi qulluqçularımıza Allahdan rəhmət diləyib, ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, yaralılarımıza şəfa diləyib.

Sonra Adil Əliyev diqqətə çatdırıb ki, iclasın gündəliyinə 2022-ci ilin yaz və növbədənkənar sessiyaları dövründə görülən işlər barədə hesabat və komitənin 2022-ci ilin payız sessiyası üçün iş planı daxil edilib.

Komitə sədri əvvəlcə 2022-ci ilin yaz və növbədənkənar sessiyaları dövründə Gənclər və idman komitəsində görülən işlər barədə danışıb. Bildirib ki, ötən sessiyalarda komitə səmərəli fəaliyyət göstərib. Bu müddətdə komitənin 7 iclası keçirilib, həmin iclaslarda 9 məsələyə baxılıb. Belə ki, komitədə “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Lotereyalar haqqında”, “Ümumi təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi barədə və digər qanun layihələri müzakirədən keçirilərək Milli Məclis tərəfindən qəbul olunub. Bununla yanaşı, Şuşa şəhərində parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsi ilə birgə dinləmə keçirilib.

Diqqətə çatdırılıb ki, ötən sessiyada komitəyə daxil olan 412 ərizə və məktuba baxılıb. Bundan başqa, vətəndaşların şifahi və sosial şəbəkələr üzərindən 930-a yaxın müraciəti ilə bağlı müvafiq tədbirlər görülüb.

Bildirilib ki, komitənin sədri və üzvləri hesabat dövründə Vətən müharibəsi qaziləri, şəhid ailələrinin üzvləri ilə görüşlərdə, həmçinin Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş çoxsaylı tədbirlərdə iştirak ediblər.

Diqqətə çatdırılıb ki, 2022-ci ilin yaz və növbədənkənar sessiyaları dövründə Milli Məclisin Gənclər və idman komitəsinin 31 qəbulu keçirilib və bu qəbullarda ümumilikdə 326 vətəndaş iştirak edib. Bundan başqa, ötən dövrdə ölkəmizi beynəlxalq yarışlarda təmsil edən idmançılarla və gənclərlə görüşlər keçirilib. Hesabat dövründə komitə sədri və üzvləri bir sıra ölkədaxili və beynəlxalq səviyyəli tədbirlərdə iştirak ediblər, təmsil olunduqları parlamentlərarası əlaqələr üzrə işçi qrupları, beynəlxalq təşkilatların nümayəndələri ilə görüşlər keçirib, müzakirələr aparıb, ictimaiyyəti maraqlandıran məsələlərlə bağlı fəal mövqe nümayiş etdiriblər.

Sonra iclasda komitənin 2022-ci ilin payız sessiyası üçün iş planına baxılıb. Qeyd edilib ki, Milli Məclisə daxil olacaq qanun layihələri, bir sıra qanunlarda dəyişiklik edilməsi ilə bağlı məsələlərlə yanaşı, komitədə “Bədən tərbiyəsi və idman haqqında”, “Gənclər siyasəti haqqında”, “Könüllü fəaliyyəti haqqında”, “Vətənpərvərlik tərbiyəsi haqqında” qanun layihələrinin, eləcə də “Ali təhsil haqqında” qanun layihəsində gənclərlə bağlı müddəaların müzakirəsi nəzərdə tutulub.

Eyni zamanda, iş planında “2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 5 yanvar tarixli Sərəncamına uyğun olaraq, komitə üzvlərinin gənclərin maarifləndirilməsi tədbirlərində, şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları ilə görüşlərdə, Ermənistanın təcavüzü və həqiqətlərimizin dünyaya çatdırılmasında fəal iştirakının təmin edilməsi nəzərdə tutulub.

Çıxış edən Gənclər və idman komitəsinin üzvü Etibar Əliyev ölkəmizdə gənclərin sağlam, savadlı, vətənpərvər vətəndaşlar kimi yetişməsi üçün bir sıra təkliflər səsləndirib.

Müzakirələrin sonunda Gənclər və idman komitəsinin Milli Məclisin 2022-ci ilin yaz və növbədənkənar sessiyaları dövründə gördüyü işlərlə bağlı hesabatı məqbul sayılıb və komitənin 2022-ci ilin payız sessiyası üçün iş planı təsdiqlənib.

Onlayn iclasda komitənin sədr müavini Şahin İsmayılov, üzvləri Mahir Abbaszadə, Ülvi Quliyev, Elnur Allahverdiyev, Cavid Osmanov, Könül Nurullayeva, Sevinc Hüseynova, Ramil Həsən, Vüqar İskəndərov və Cəbi Quliyev iştirak ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video