11 Avqust 2022 00:43
977
İQTİSADİYYAT
A- A+

Pambığı “ağ qızıl” edənlər

 

"MKT-İK" MMC-nin Neftçala filialı birinciliyi əldə saxlamaq əzmindədir

 

Filial keçmiş pambıq zavodunun bazasında yaradılıb. Sovetlər birliyi süquta uğradıqdan sonra bir çox pambıq zavodları kimi bu müəssisə də fəaliyyətini dayandırmışdı. Səbəbi isə respublikaya rəhbərliyə gələn naşı adamların strateji əhəmiyyətli pambığa dəyər verməməyi, müxtəlif bəhanələrlə onu gözdən salması olmuşdu. 
İqtisadi əlaqələrin pozulması da bu işə mənfi təsirini göstərmişdi. Pambıq istehsalı dayandığı üçün onu emal edən müəssisələrə də ehtiyac qalmamışdı və bu müəssisələr nəzarətsizlik üzündən qısa vaxtda dağıdılaraq bərbad hala salınmışdı.  
SSRİ zamanında Neftçala rayonunun Aşağı Qaramanlı kəndindəki pambıq zavodu respublikada müasir emal müəssisələrindən biri olub. Onu tikib-quran isə zavodun direktoru Bahəddin Leysanov idi. Müəssisə hələ o vaxtlar da göstəriciləri ilə pambıq zavodları arasında fərqlənirdi. Sonra isə 1990-cı illərin məlum hadisələri pambıqçılıq sahəsinin özü kimi bu zavodun taleyindən də yan keçmədi. Zavod fəaliyyətini yalnız 2017-ci ildə bərpa etdi. Qeyd edək ki, o vaxta qədər rayonda istehsal olunan az miqdarda məhsul Salyan pambıqtəmizləmə zavoduna  verilirdi. Elə həmin illər Azərbaycanda fəaliyyət göstərməyə başlayan "MKT-İK" MMC-nin rəhbərliyi Salyandakı zavoda B.Leysanovu direktor təyin etdi. Torpaq mülkiyyətçiləri onu yaxşı tanıdıqları və ona inandıqlarından bu müəssisə ilə müqavilə bağlamağa başladılar. 
Pambıqçılığa maraq  artdığından qonşu Neftçala rayonunda da "ağ qızıl" dediyimiz bitkinin əkini əhəmiyyətli dərəcədə genişlənirdi. Bu isə Neftçala pambıqtəmizləmə zavodunun işə düşməsinə ehtiyac yaradırdı. Həmin iş də təbiət etibarilə qurub-tikən, təcrübəli B.Leysanova həvalə edildi və onun rəhbərliyi ilə gecəli-gündüzlü gərgin əmək nəticəsində zavod yenidən quruldu. İki kilometr aralıdan keçən Kür çayından müəssisəyə su xətti çəkildi, qurğular, avadanlıqlar yeniləri ilə əvəz edildi, işıq, qaz xətləri, transformatorlar, qaztənzimləyici qurğu təzələndi. Zavodun ərazisinin abadlığı da unudulmadı. İndi müəssisənin həyəti istirahət mərkəzlərinə bənzəyir.  
"MKT-İK" MMC-nin Neftçala filialının iqtisadi göstəriciləri də digər filiallardan yüksəkdir. 2021-ci ildə filial üzrə 16 min 630 tondan çox pambıq tədarük edilmişdir. 1072 nəfər fermerin hər biri götürdüyü öhdəliyə əməl edərək orta məhsuldarlığı 34,2 sentnerə çatdırmışdır. Filialın rəhbərliyi, sahə rəisləri, aqronomları, mexanizatorları, ümumilikdə bütün kollektivi şumdan başlamış pambığın sahələrdən son qozasına qədər yığılıb təhvil verilməsinədək hər gün sahibkarların, fermerlərin yanında olur, onlara hər cəhətdən kömək göstərir, mütəxəssis məsləhəti və tövsiyələr verirlər. 
Xam pambığın emal edilərək mahlıc halına gətirilməsi işi də burada yüksək səviyyədə qurulmuşdur. Konveyer üsulu ilə işləyən zavodda xam pambıq sorucu qurğularla barabanlara ötürülərək qurudulur, sonra "cin", yəni pambığın çiyiddən ayrılması və zibildən təmizlənməsi sexinə göndərilir. Növbəti mərhələdə təmiz pambıq kipləşdirilərək transportyorlar vasitəsilə anbarlara yığılır. Yeri gəlmişkən qeyd edək ki, keçən mövsüm mahlıc çıxımı 42 faiz olmuşdur. 
Filial üzrə tarlalardan məhsulun 85 faizi maşınlarla yığılır. Bu göstəricilərə görə, müəssisə keçən il MMC-nin 15 filialı arasında birinci olmuş, 2019 və 2020-ci illərin uğur estafetini əldən verməmişdir. 
Hazırda pambıqçılıqda mühüm dövrdür. Kolların aşağı hissəsində qozalar artıq formalaşmışdır. Buna "daban qozası" da deyilir. Gül və daraqlar isə bir azdan qoza şəklinə düşəcək. Lakin sahibkarlar bir saat da olsun pambıq əkinlərini nəzarətsiz qoymur, becərmə işlərini davam etdirirlər. Cərgələr arasında gəzib sovkanın olub-olmamasını yoxlayır, orada-burada gözə dəyən alaq otlarını götürtdürür, kultivasiya çəkdirir, ucvurma etdirir, suvarma işləri gördürürlər. Bir sözlə, yüksək məhsul üçün hər kəs daha gərgin, daha məsuliyyətlə çalışır. Bütün bu işlərdə "MKT-İK" MMC sahibkarların yanındadır. 
Fermer İmaməddin Dadaşov deyir ki, pambıqçılıq çətin sahədir, xüsusilə suyun qıt olduğu indiki dövrdə: "Pambıq isə su ilə böyüyür, bar verir. Keçən il çox çətinliklərlə üzləşdik. Kür çayına Xəzər dənizindən daxil olan şor su bitkilərin bir hissəsini inkişafdan saxladı, bir hissəsini isə yandırdı. Buna baxmayaraq, var gücümüzlə çalışdıq, gecəni gündüzə qatdıq. Allah zəhmətimizi yerdə qoymadı. Müqavilə bağladığımız filialın rəhbəri Bahəddin Leysanov, baş aqronom Namiq Bağırov və digər mütəxəssislər hər gün tarlalara baş çəkərək hansı aqrotexniki tədbirlərin görülməli olduğunu bizə başa saldılar. Kultivasiya işinin sayının artırılması hesabına sudan yaranan geriliyi aradan qaldırdıq. Nəticəsi yaxşı oldu. Allahın evi abadan, pis dolanmırıq. Odur ki, oğlumu da pambıqçılığa, təsərrüfat işlərinə cəlb etmişəm. Fikri var idi ki, Bakıya gedib özünə bir iş tapsın. Başa saldım ki, burada daha yaxşıdır. İndi şükürlər olsun, hər şərait var, pambığı, təsərrüfatı da məndən yaxşı bilir".
Sonra həmsöhbətim kolları aralayaraq qoza, daraq və gülləri bir-bir nəzərdən keçirdi. Deyəsən, sovka  görmüşdü. "Vicdansız yenə peyda olub. Bir neçə gün əvvəl dərmanlamışam. İndiki dərmanlardan da baş açmaq olmur. Təsiri yox dərəcəsindədir, - deyib cibindən telefonunu çıxarıb zəng vurdu: "Oğlum, Fərid, kəndin qarşısındakı kanalın o tərəfindəki 7 hektardayam. Sahə aqronomu Vüqar Həsənov mənimlədir. Burada yaman sovka əmələ gəlib. Təcili dərmanlamaq lazımdır. Axşam hava qaralananadək "Karagen" preparatı ilə mütləq dərmanlamalıyıq. O, güclü dərmandır. Yoxsa quzunu qurda verərik". 
Söhbət zamanı o da məlum oldu ki, İ.Dadaşov cari ilin məhsulu üçün may ayında 40 hektara çiyid səpib. Sahələrə əvvəlcə şum altına fosfor gübrəsi verib. Əkin zamanı isə ammofosdan istifadə edib. Yazın bir az soyuq keçməsi  qayğılarını artırsa da, becərmə zamanı aqrotexniki tədbirləri keyfiyyətlə aparıb. Hər hektara 350 kiloqram karbamid gübrəsi verib. Bütövlükdə 4 dəfə kompleks becərmə həyata keçirib. İndidən sonra bir dəfə də becərmə aparmağı və suvarmağı nəzərdə tutub. 
Fermer onu da dedi ki, hər hektardan 50 sentner məhsul götürməyə söz verib: "İnşallah, sözümə əməl edəcəyəm. Bahəddin müəllimlə işləmək adama ləzzət verir. Nə vaxt istəsən, nə istəsən, qulluğunda hazırdır. Siz deyin, belə adamın etibarını necə doğrultmayasan". Sonra da əlavə etdi: "Bir şey yadıma düşdü. Bayaq dedim, keçən il su sarıdan korluq çəkdik. Bu hal təkrar olunmasın deyə, Bahəddin müəllim salyarka ilə işləyən bir neçə su nasosu alıb gətirdi. İndi kimə lazım olursa, aparıb istifadə edir, sahələrini suvarır". 
Bu gün təkcə İ.Dadaşov deyil, filialla müqavilə bağlayan digər fermerlər də yüksək məhsul uğrunda çalışırlar. Filial isə pambıq qəbulu və emalı ilə əlaqədar hazırlıq işlərini görür. Deməli, "MKT-İK" MMC-nin Neftçala filialı birinciliyi bu il də əldən verməyəcək. 

Seyran CAVADOV, 
 "Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video