26 Yanvar 2022 01:04
966
İQTİSADİYYAT
A- A+

Ötən ilin makroiqtisadi nəticələri Azərbaycanın pandemiya böhranını arxada qoyduğunu göstərir

 

Dövlət Statistika Komitəsi (DSK) ötən ilin yekunları ilə bağlı makroiqtisadi göstəriciləri açıqlayıb. Hesabatda bildirilir ki, keçən il Azərbaycanda 92,9 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövründəkindən 5,6 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal olunmuşdur. Əlavə dəyər istehsalı iqtisadiyyatın qeyri neft-qaz sektorunda 7,2, neft-qaz sektorunda 1,8 faiz artmışdır.

2021-ci ildə ÜDM-in 42,5 faizi sənaye, 10,1 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri, 6,9 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,9 faizi tikinti, 5,9 faizi kənd və meşə təsərrüfatları, eləcə də balıqçılıq, 1,3 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 faizi informasiya və rabitə, 17,2 faizi digər sahələrdə istehsal edilmişdir. Məhsula və idxala xalis vergilər ÜDM-in

8,4 faizini təşkil etmişdir. Əhalinin hər nəfərinə isə 9269,3 manat əlavə dəyər düşmüşdür.  

Hesabat dövründə ölkə üzrə 54,5 milyard manatlıq sənaye məhsulları istehsal edilmişdir ki, bu da 2020-ci ildəkindən 5,2 faiz çoxdur. Ümumilikdə bu dövrdə sənayenin qeyri neft-qaz sektorunda məhsul istehsalı 18,9 faiz artmışdır. Sənaye məhsullarının 64,5 faizi mədənçıxarma, 29,9 faizi emal, 4,8 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,8 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal edilmişdir. Mədənçıxarma sektoru üzrə neft hasilatı 0,1, əmtəəlik qaz hasilatı 23 faiz artmışdır.

Emal sektorunda isə əczaçılıq məhsullarının istehsalı 58,3, tikinti materiallarının istehsalı 80,6, maşın və avadanlıqların quraşdırılması, təmiri işləri 46,7, tütün məmulatlarının istehsalı 54, toxuculuq sənayesi məhsullarının istehsalı 26,8, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 29,8, kağız və karton istehsalı 26,5, rezin və plastik kütlə məmulatlarının istehsalı 17,4, neft məhsullarının istehsalı 13,4, hazır metal məmulatlarının istehsalı 17,4, kimya sənayesi məhsullarının istehsalı 25,5, metallurgiya sənayesi məhsullarının istehsalı 16,9, kompüter, elektron və optik məhsulların istehsalı 8,3, qida məhsullarının istehsalı 10,2, içki istehsalı 2,3, mebel istehsalı 24,8, avtomobil qoşqu və yarımqoşquların istehsalı 21,3 faiz artmış, ağacın emalı və ağac məmulatlarının istehsalı 38,3, geyim istehsalı 21,7, poliqrafiya məhsullarının istehsalı 45,2, digər nəqliyyat vasitələrinin istehsalı 92,6, maşın və avadanlıqların istehsalı 9,1, elektrik avadanlıqlarının istehsalı 11,2 faiz azalmışdır.    

DSK-nın hesabatına əsasən, il ərzində əsas kapitala 16 milyard 127 milyon manat vəsait yönəldilmişdir. İstifadə olunmuş ümumi vəsaitin 65,3 faizi məhsul istehsalı və 28,3 faizi xidmət obyektlərinin, 6,4 faizi yaşayış evlərinin tikintisinə sərf edilmişdir. 73,1 faizi daxili sərmayələr olan bu vəsaitlərin 68,3 faizi bilavasitə tikinti-quraşdırma işlərində xərclənmişdir.

Keçən il ölkə üzrə neft-qaz sektoruna 5 milyard 765,5 milyon manat vəsait yönəldilmişdir. Qeyri neft-qaz sektorunun inkişafına yönəldilmiş 10 milyard 361,5 milyon manat vəsaitin 1 milyard 153 milyon manatından (ümumi sərmayənin 9,7 faizindən) qeyri neft-qaz sənayesi sektorunda istifadə olunmuşdur. Yeri gəlmişkən qeyd edək ki, bu dövrdə əsas kapitala 4 milyard 332,2 milyon manat xarici kapital da yatırılmışdır. Həmin vəsaitin 91,6 faizi Birləşmiş Krallıq, ABŞ, Yaponiya, Türkiyə, Norveç, İsveçrə, Malayziya, Rusiya, Fransa, İran və Vircin adaları investorlarına məxsus olmuşdur.

Dövlət Statistika Komitəsi 2021-ci ilin 11 ayı üzrə ölkədə muzdla işləyənlərin orta aylıq əməkhaqqı barədə də məlumat açıqlamışdır. Bildirilir ki, Azərbaycanda keçən ilin yanvar-noyabr ayları üzrə muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 2020-ci ilin eyni dövrünə nisbətən 2,9 faiz artaraq 724,1 manat olmuşdur. Əhalinin ümumi gəlirlərinə gəldikdə, həmin məbləğ ötən il 57,2 milyard manata çatmışdır ki, bu da 2020-ci ilə nisbətən nominal ifadədə 2,6 faiz çoxdur. 

DSK-nın digər bir məlumatı ölkə üzrə pərakəndə ticarət dövriyyəsi haqqındadır. Hesabata əsasən, 2021-ci ildə pərakəndə ticarət şəbəkəsindən əhaliyə satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 3,2 faiz üstələyərək 44 milyard 217,5 milyon manat olmuşdur. Eyni zamanda bu dövrdə əhaliyə 7 milyard 758,2 milyon manatlıq ödənişli xidmətlər göstərilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünün göstəricisini 4,8 faiz üstələyir. 

Azərbaycanın keçən il xarici ticarət əlaqələrində də müsbət nəticələr qeydə alınmışdır. Hesabata görə, ötən ilin 11 ayı ərzində gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri də nəzərə alınmaqla ölkənin xarici ticarət dövriyyəsinin dəyəri 30 milyard 746,3 milyon dollar olmuşdur. Ticarət dövriyyəsinin dəyər ifadəsində 20 milyard 336,4 milyon dollarını (66,1 faizini) ixrac, 10 milyard 409,9 milyon dollarını (33,9 faizini) idxal məhsulları təşkil etmişdir ki, bu da 9 milyard 926,5 milyon dollarlıq müsbət ticarət saldosu deməkdir.

Xarici ticarətdə digər mühüm fakt ixracda qeyri-neft məhsullarının xüsusi çəkisinin artmasıdır. Hesabatda bildirilir ki, ötən ilin 11 ayı ərzində Azərbaycandan 2 milyard 359,8 milyon dollarlıq qeyri-neft məhsulları ixrac olunmuşdur. Bu isə əvvəlki ilin müvafiq dövrünün analoji göstəricilərindən faktiki qiymətlərlə 44,1, real ifadədə 33,8 faiz çoxdur.

Bir neçə fakt da nəqliyyat, informasiya və rabitə xidmətləri barədə: hesabata görə, ötən  il ərzində ölkənin informasiya və rabitə müəssisələri tərəfindən ümumilikdə 2 milyard 384,2 milyon manatlıq müxtəlif xidmətlər göstərilmiş və həmin xidmətlərin 75,8 faizindən əhali istifadə etmişdir. Hesabat dövründə bu xidmətlərin həcmi 6,1 faiz artmışdır. Əldə edilmiş gəlirlərin 81,1 faizi qeyri-dövlət sektorunun payına düşmüşdür. Nəqliyyat sektorunda isə göstəricilər belədir: il ərzində ölkə üzrə 193,9 milyon ton yük, 1,2 milyard nəfərdən çox sərnişin daşınmışdır. İl ərzində yük dövriyyəsi 2,8, sərnişin daşınması 3,1 faiz artmışdır.  

Sonda istehlak qiymətləri: DSK bildirir ki, 2021-ci ildə 2020-ci ilə nisbətən ümumilikdə qiymətlər 6,7, o cümlədən ərzaq məhsulları, içki və tütün məmulatları 8,1, qeyri-ərzaq malları 5,1, əhaliyə göstərilən ödənişli qiymətlər 5,8 faiz bahalaşmışdır.

 

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video