15 Oktyabr 2025 09:25
434
CƏMİYYƏT
A- A+
Ön cəbhəyə 5 il əvvəlki ezamiyyətdən qalan xatirə

Ön cəbhəyə 5 il əvvəlki ezamiyyətdən qalan xatirə


Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmiş zabit və əsgərlərlə etdiyimiz söhbətləri bu gün də olduğu kimi xatırlayırıq. Azərbaycan xalqı 30 ilə yaxın işğalda qalmış əraziləri uğrunda vuruşan belə cəsur, qorxmaz oğullarla həmişə fəxr edəcək, döyüşçülərimizin qəhrəmanlığını, igidliyini heç vaxt unutmayacaq.

Söhbətimiz zamanı ürəyi Vətən eşqi ilə döyünən gizir Rəşid Tanrıverdiyev iştirakçısı olduğu gərgin döyüşlərdən qısaca söz açaraq dedi ki, torpaqlarımızın azadlığı uğrunda vuruşmaqdan qürur duyur: "Hərbçi kimi bu bizim ən müqəddəs borcumuzdur. Fəxr edirəm ki, biz həmin borcu böyük şərəf və ləyaqətlə yerinə yetiririk. Əks-həmlə əməliyyatlarının ilk günlərindən döyüşə qələbə əzmi ilə atılmışıq. Bu əzmlə də döyüşlərimizi davam etdiririk. Yurdumuzun azadlığı uğrunda savaş başlayar-başlamaz uzun illər erməni işğalında qalmış kəndlərimizin bir neçəsini azad etdik. Yaşayış məntəqələri uğrunda gedən döyüşlərdə əsgərlərimiz çox cəsarətlə vuruşdular. Hərbçilərimizin döyüş hazırlığı yüksək səviyyədədir. Mən özüm də dəqiq atəş zərbələri ilə mövqelərimizə yaxınlaşan bir neçə düşməni məhv etdim. Vaxt keçdikcə yağıların zəiflədiyi, sıralarının seyrəldiyi açıq-aydın hiss olunurdu. Elə buna görə də düşmən əks-həmlələrimiz qarşısında yalnız bir-iki saat dayana bildi. Bu müddət ərzində dəqiq atəş zərbələri ilə yağıların bir neçə zirehli texnikasını və xeyli canlı qüvvəsini məhv etdik. Azad olunandan sonra ehtiyatla kəndlərdən birində mövqe tutduq. Burada gördüklərimizdən dəhşətə gəldik. Yer-göy erməni zülmündən qan ağlayırdı. Daşnaklar kənddəki bütün evləri uçurub dağıtmış, yerlə yeksan etmişdilər. Evlərdən yalnız bünövrə və bir qalaq daş qalmışdı. Bu yaşıma qədər belə dəhşətli, tükürpərdici səhnə görməmişdim. Amma illər əvvəl bu yerlər axarlı-baxarlı olmuşdu. Xalqımızın övladları əsrlər boyu bu kəndlərdə yaşayıb ömür sürmüşdülər, qurub-yaratmışdılar. Yağılar kənddə yalnız özlərinin qaldıqları bir neçə evi uçurmamışdılar. Gördüyümüz bu dəhşətli mənzərələr ermənilərə olan nifrət hissimizi daha da artırdı". 

Döyüşdən yenicə qayıtmış əsgər Mübariz Yaralıyevin də ovqatı yüksək idi. Savaşdan qalib çıxmış əsgər sözündən bilinir, hərəkətindən görünürdü. Üz-gözündən sevinc yağan Mübariz artıq qalib ordunun qalib əsgəri idi. Onu dinləmək bizə könül xoşluğu verdi. 

- Kiçik yaşlarımdan yurdumuzu işğal etmiş, Xocalıda xalqımıza qarşı soyqırımı törətmiş ermənilərə qarşı nifrətlə, qəzəblə böyümüşəm, - deyə əsgər Mübariz Yaralıyev sözə başladı. - Bütün bu qanlı hadisələr baş verəndə yaşım az idi, dünyanı dərindən dərk etmirdik. Böyüdükcə əsrlər boyu xalqımıza qənim kəsilmiş erməniləri tanıdıq, onların qanlı əməllərini ətraflı öyrəndik. Öyrəndikcə də düşmənə nifrətimiz artdı. Orta məktəbdə oxuyanda müəllimlərimiz dəfələrlə bizi Şəhidlər xiyabanına ziyarətə aparırdılar. Şəhidlərimizin qanı yerdə qala bilməzdi, düşməndən mütləq qisas alınmalıydı. Qisasları alınandan sonra onların ruhları rahatlıq tapacaqdı. Elə ilk əks-həmlə əməliyyatı zamanı ermənilərə sarsıdıcı zərbələr vurduq. Düşmən mövqelərimiz üzərinə hücum çəkəndə, güllələrini üstümüzə yağdıranda elə zənn etdi ki, qorxuya düşüb geri çəkiləcəyik. Bilmirdilər ki, biz qorxu hissini çoxdan unutmuşuq, intiqam hissi ilə döyünən ürəkdə qorxu hissi ola bilməzdi. Qəsbkarların atəşinə elə atəşlə də cavab verirdik. Gərgin döyüş xeyli davam etsə də, işğalçılar bir addım da olsun irəliləyə bilmirdilər. Komandirlərim, əsgər dostlarım güllələri işğalçıların üzərinə dolu kimi yağdırırdılar. Hazırlığımız yüksək olduğuna görə güllələrimiz hədəfdən yayınmırdı. Mövqelərimizdə möhkəm dayanmışdıq. Məqsədimiz qısa müddət ərzində düşmənin hücumlarının qarşısını almaq idi. Nəyin bahasına olursa olsun, üstümüzə hücum çəkmiş erməniləri dayandırmalıydıq. Yaranmış şəraitə uyğun olaraq komandirlərimiz əsgərlərə müxtəlif əmr və tapşırıqlar verirdilər. Biz də onları yerinə yetirirdik. Atəş zərbələrimiz sərrast olduğundan düşmən həm canlı, həm də zirehli texnika sarıdan itkilər verirdi. İşğalçılardan qat-qat üstün olduğumuz açıq-aydın görünürdü. Bir azdan komandirimiz düşmən üzərinə əks-hücuma keçmək barədə əmr verdi. Qəsbkarlar əvvəlcə geri çəkilmək istəmirdilər. Amma çox keçmədi ki, hücumlarımızın gücündən qorxuya düşərək tələm-tələsik mövqelərindən çıxıb qaçmağa başladılar. Erməni işğalçıları silah-sursatlarını, meyitlərini mövqelərində atıb qaçırdılar. Yağıların postlarına baxanda çox heyrətləndik. Düşmən burada çox böyük möhkəmləndirmə işləri aparmışdı. Zənn etmişdi ki, bununla Azərbaycan əsgərinin qarşısını ala biləcək. Amma nə qədər bərkitmə işləri aparsa da, qəsbkarlar qarşımızda duruş gətirə bilmədilər. 

Silahını sinəsinə sıxmış gizir Rəşad Əlyarov da yurdumuzun azadlığı uğrunda gedən döyüşlərdə öndə vuruşur. Sərrast atəşlə neçə-neçə qəsbkarı məhv edib. Döyüşlərdən zəfərlə, uğurla dönüb. Söhbətimiz zamanı  Rəşad dedi ki, illərdən bəri özünü "məğlubedilməz" hiss edib torpaqlarımızı işğalda saxlayan ermənilər qarşımızda dayana bilmədilər: "Azərbaycan əsgəri, sözün həqiqi mənasında, onlara qan uddurdu. Qəfil əks-həmlələrimizlə erməniləri yurdumuzdan qovuruq. Hər gün irəli gedirik, hər gün torpaqlarımızı azad edirik. Bu gün Azərbaycan Ordusu bütün cəbhəboyu erməni işğalçılarına sarsıdıcı zərbələr vurur. Qürur duyuram ki, mən qalib bir ordunun qalib əsgəri kimi bu tarixi döyüşlərdə iştirak edirəm. Biz öz torpaqlarımızın azadlığı uğrunda vuruşuruq, biz uzun illər ermənilər tərəfindən pozulan, tapdanan haqq-ədalət uğrunda vuruşuruq". 

Rəşad söhbətinə davam edərək onu da dedi ki, düşmən müqavimət göstərməyə çalışsa da, buna gücü çatmır, bizimlə bacarmır: "Qısa çəkən atışmalardan sonra yenə də geri çəkilir. Hər gün yağıların canlı qüvvəsini məhv edir, zirehli texnikalarını yandırırıq. Geri çəkilməkdə davam edən işğalçılar getdikcə zəifləyir. Yaxın günlərdə onları tam süquta uğradacağıq. Onda silahı yerə qoyub ağ bayraq qaldıraraq məğlub olduqlarını etiraf edəcəklər. Çox keçməyəcək ki, vətənimizin bütövlüyü uğrunda gedən döyüşlər Azərbaycan Ordusunun qələbəsi ilə başa çatacaq. Erməni işğalçıları məhvə məhkumdur, çünki tarix boyu heç vaxt özlərinin olmayan Qarabağa sahib çıxmaq istəyirlər. İştahaları, arzuları özlərindən böyükdür. İnşallah Azərbaycan əsgəri onların işğalçılıqdan qaynaqlanan bu arzularını gözündə qoyacaq". 

Əsgər Anar Həsənov iştirak etdiyi döyüşlərdən danışdı. Bildirdi ki, Qarabağın azadlığı uğrunda İkinci Qarabağ müharibəsinin davam etdiyi şərəfli günləri heç vaxt unutmayacaq: "30 ilə yaxın erməni işğalında qalmış torpaqlarımızın azad edilməsi xalqımıza böyük sevinc bəxş edəcək. Uzun illərdən bəri işğal altında qalmış ərazilərimiz addım-addım azad olunur. Azərbaycan Ordusunun zabit və əsgərləri bu döyüşlərdə böyük igidlik və qəhrəmanlıqlar göstərirlər. Əvvəlki illər, əvvəlki günlər özlərini "məğlubedilməz" hesab edən erməni işğalçıları əks-həmlələrimiz qarşısında çox duruş gətirə bimədilər. Onların mövqelərini ələ keçirəndə orada düşmənin xeyli silah-sursatını, meyitlərini qoyub qaçdığını görürdük. Döyüş meydanlarında qəsbkarların onlarla tankını, rabitə qurğularını, toplarını vurub sıradan çıxardıq. Bu sarsıdıcı zərbələrimiz erməniləri iflic vəziyyətinə saldı. İş o yerə çatdı ki, döyüşməyə silah-sursat tapa bilmədilər. Yaranmış bu çaşqınlıqdan ermənilər başlarını itirdilər. Hətta hara, hansı istiqamətə hərəkət edəcəklərini belə bilmədilər".

Gənc zabit Orxan Yusubov müharibənin ilk günlərindən ön sıralarda döyüşür. Həmin günlərdən söz açan Orxan dedi ki, bölüyümüzün əsgərləri əks-həmlə əməliyyatlarında cəsarətlə vuruşdular: "Neçə illərdir torpaqlarımızı işğalda saxlamış düşmən qarşımızda dayana bilmədi. Həm canlı qüvvələrini, həm də döyüş texnikalarını, artilleriya qurğularını itirərək geri çəkilməyə məcbur oldu. Qarabağ heç vaxt ermənilərin olmayıb. Ermənilər özləri də bunu bilirdilər. Amma müxtəlif saxtakarlıqla, gizli yollar və vasitələrlə Qarabağı işğal edib Ermənistana birləşdirmək istəyirdilər. Buna yol verə bilməzdik. Erməni təxribatı nəticəsində İkinci Qarabağ müharibəsi başlayan kimi qüdrətli Azərbaycan Ordusu bütün cəbhəboyu uğurlu əməliyyatlarını davam etdirərək dayanmadan irəlilədi. Silahlı Qüvvələrimizin zabit və əsgərləri torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə böyük hünər və qəhrəmanlıqlar göstərdilər. Məğlub olan düşmən silah-sursatını, artilleriya qurğularını, zirehli texnikalarını atıb qaçdı. Mənim üçün çox sevindiricidir ki, bölüyümüzün əsgərləri də bu döyüşlərdə fəal iştirak etdilər, igidlik göstərdilər".

Vətən torpaqlarının azadlığı uğrunda gedən döyüşlərdə cəsarətlə vuruşan zabit  və əsgərlərlə söhbətdən ürəyimiz dağa döndü, qürur hissləri keçirdik. Bir daha əmin olduq ki, ürəyi yurda məhəbbətlə döyünən oğullarımız iştirakçısı olacaqları bütün döyüşlərdə böyük uğurlar qazanacaqlar. Bu uğurlar sonda bizi böyük Qələbəyə qovuşduracaq.


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Yanvar-oktyabr aylarında 491,8 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub  

14:56
11 Noyabr

Qazaxıstanın qızıl ehtiyatları təxminən 100 ton artıb

14:54
11 Noyabr

İqlim diplomatiyasının Azərbaycan zirvəsi: COP29

14:24
11 Noyabr

Pokrovsk və Mirnoqrad uğrunda ağır döyüşlər davam edir  

12:52
11 Noyabr

Gəncənin ev sahibliyi etdiyi aerobika gimnastikası üzrə Avropa çempionatına yekun vurulur  

11:51
11 Noyabr

Başqalarına kömək etmək beyin qocalmasını ləngidir – TƏDQİQAT

11:07
11 Noyabr

COP30-un ilk günündə uşaqlar və gənclər iqlim müzakirələrinin mərkəzində oldular

10:31
11 Noyabr

COP29 Sədri estafeti COP30 Sədrliyinə ötürərək ölkələri əvvəlki vədləri yerinə yetirməyə çağırıb  

10:06
11 Noyabr

Tramp: Sabit və uğurlu Suriya region ölkələri üçün çox vacibdir  

10:04
11 Noyabr

Misirli alim yutub kanalında Azərbaycan Milli Xalça Muzeyi haqqında danışıb

01:28
11 Noyabr

Azərbaycan üzgüçüsü İslamiadada gümüş medal qazanıb

23:18
10 Noyabr

Ağ Ev administrasiyası hökumətin yenidən açılması planını dəstəkləyib

23:16
10 Noyabr

VII İslam Həmrəyliyi Oyunlarının keçiriləcəyi ölkə müəyyənləşib

23:04
10 Noyabr

Türkiyəli ekspert: Azərbaycanın Zəfəri regionda yeni bir mərhələnin başlanğıcı oldu  

22:11
10 Noyabr

ABŞ-Mərkəzi Asiya dialoqunda Azərbaycanın rolu yüksək qiymətləndirilir 

21:05
10 Noyabr

Çingiz Hüseynzadə: İnanıram ki, İslamiadada medal sayı daha çox olacaq

20:17
10 Noyabr

İslamiada: Azərbaycanın cüdo yığması komanda yarışının qalibi olub  

20:16
10 Noyabr

Pekində Azərbaycan-Çin münasibətlərinə dair elmi konfrans keçirilib  

20:15
10 Noyabr

Muxtar Babayev: Bakıdan Belenə gedən yol qlobal həmrəyliyin və etimadın bərpasının rəmzinə çevrildi  

20:13
10 Noyabr

Sədrlik Azərbaycandan Braziliyaya keçdi: COP30-da “Bakı razılaşmaları” icra mərhələsinə daxil olur  

20:12
10 Noyabr

Gəncədə keçirilən aerobika gimnastikası üzrə Avropa çempionatının ikinci günü yekunlaşıb  

20:06
10 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!