15 Yanvar 2022 00:41
1257
Səhiyyə
A- A+

“Omikron” koronavirusa yoluxma rekordlarını yeniləyir

 

COVID-19-un yeni ştamı olan “Omikron”un dünyada sürətlə yayılması yoluxma statistikası ilə bağlı rekordların yenilənməsinə səbəb olur. Yalnız Avropa regionunda 2022-ci ilin ilk həftəsində COVID-19-a 7 milyondan çox yeni yoluxma qeydə alınıb.

Avropada koronavirusa yoluxanların sayı 100 milyon nəfəri keçib. Artıq bu bölgədə 26 ölkənin hər birinin əhalisinin 1 faizindən çoxu hər həftə COVID-19-a yoluxur. “Omikron” ştamı Avropa və Mərkəzi Asiya regionunda demək olar ki, tam olaraq, yayılıb. Ümumilikdə son bir həftə ərzində dünya üzrə 15 milyondan çox insan COVID-19-a yoluxub ki, bu da indiyə qədər bir həftə ərzində qeydə alınmış yoluxma sayına görə ən yüksək göstəricidir. Yoluxma halları ən çox ABŞ-da, daha sonra Hindistan, Braziliya, Böyük Britaniya və Rusiyada baş verir. Ən çox ölüm halları da ABŞ-da, daha sonra Braziliya, Hindistan, Rusiya və Meksikada qeydə alınır.

“Yeni il tətilləri ölkədəki epidemioloji vəziyyətə təsir etməyə bilməzdi”, - deyən Rusiya Prezidenti Vladimir Putin də bu günlərdə verdiyi açıqlamasında ölkəsinin yeni koronavirus alovlanmalarının ortaya çıxması ərəfəsində olduğunu söyləyib.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Gebreyesus da yoluxma saylarındakı kəskin artımı “Omikron” ştamının sürətlə yayılması ilə izah edir.

 

Bədbin proqnoz

 

ÜST rəsmilərinin dediklərindən belə məlum olur ki, “Omikron” qarşıdakı soyuq ayların epidemioloji baxımdan daha ağır keçməsinə səbəb olacaq.  Təşkilatın xüsusi nümayəndəsi Devid Nabarro bildirib ki, qarşıdakı 3 ay ağır keçəcək. Nabarro pandemiyanın bitmə tarixinin uzaqda olmadığını söyləsə də, virusun təkamül etdiyini, yeni ştamların yaranmaqda davam edəcəyini vurğulayıb. Gələcək dövr haqqında çox ümidverici danışmayan ÜST rəsmisi koronavirusun “Omikron” ştamına yoluxma hallarının kəskin artacağının proqnozlaşdırıldığını açıqlayıb, yeni ştamlara görə hər 3-4 aydan bir yoluxma saylarında artımın ola biləcəyini də istisna etməyib.

ÜST-ün Avropa Regional Bürosunun direktoru Hans Kluqe də hazırda Balkan ölkələrində yayılmaqda olan “Omikron”un artıq Qərbi Avropada ən çox yayılan virusa çevrildiyini nəzərə çatdıraraq qeyd edib ki, ABŞ-ın Sağlamlıq Ölçməsi və Qiymətləndirmə İnstitutunun hesablamalarına görə, əgər bu ştam belə sürətlə yayılmağa davam edərsə, yaxın 6-8 həftə ərzində Avropa əhalisinin 50 faizindən çoxu (6,7 milyon) “Omikron”a yoluxacaq.

Rusiyalı alimlər isə pandemiyanın “Omikron”la bitməyəcəyi barədə xəbərdarlıq ediblər. Onlar qeyd ediblər ki, pandemiyanın bu ştamla bitəcəyinə inanaraq sakitləşmək olmaz.

 

Koronavirusun ilk variantı insanı 5, “Delta” 4, “Omikron” isə 3 günə xəstələndirir

 

Hazırda “Omikron”la bağlı müşahidə edilən vəziyyətlərdən biri də ona yoluxanlarda asimtomatik halların qeydə alınmasıdır. ÜST-ün Avropa Regional Bürosunun direktoru Hans Kluqe deyib ki, bu ştam çox sürətlə yayılsa da, yoluxanların çoxunda asimptomatik hallar qeydə alınır, ölüm halları yüksək deyil.  “Omikron”un  insan hüceyrələrinə daha asan yapışan mutasiya olduğunu nəzərə çatdıran Hans Kluqe hətta əvvəllər yoluxmuş və ya peyvənd olunmuş şəxslərin bu ştama yoluxa bildiyini diqqətə çatdırıb.

Türkiyənin Qazi Universiteti Tibb fakültəsinin dekanı, professor Mustafa Nəcmi İlhan isə bildirib ki, “Omikron”un inkubasiya müddəti daha qısadır. Professor bunu da nəzərə çatdırıb ki, insanlar digər variantlara nisbətən daha geniş yayılan “Omikron”a yoluxduqda daha az bir müddətdə xəstələnirlər. Koronavirusun Uhanda aşkarlanmış variantında bu müddət 5 gün olduğu halda, “Delta” variantında həmin müddət 4 gün, “Omikron”da isə 3 gündür: “Vətəndaşlar düşünməsinlər ki, təmasım oldu, amma üzərindən 5 gün keçib, artıq xəstə olmayağacam. Bu, yanlış fikirdir. İnsanlar özlərini qorumalı və peyvənd etdirməlidirlər”.

 

“Buster” doza qorunma üçün ən əsas yoldur

 

Bir necə gün əvvəl Azərbaycanda “Omikron” ştamının aşkarlanması barədə məlumat verildikdən sonra rəsmi qurumlar, eləcə də yerli mütəxəssislər insanları gigiyena və sosial məsafə qaydalarına riayət etməklə yanaşı, vaksin olunmağa çağıraraq onlara “Buster” dozanı vurdurmağı tövsiyə edirlər. Yerli KİV-ə müsahibə verən Azərbaycan Prezidenti İlham Əliyev də artıq üçüncü dəfə peyvənd olunduğunu nəzərə çatdıraraq insanlara özlərini yeni davranış qaydalarına uyğunlaşdırmağı tövsiyə edib.

Əvvəllər olduğu kimi, yenə də peyvəndlər pandemiyadan qorunmaq üçün ən yaxşı vasitə kimi göstərilir. Hazırda koronavirusdan ölüm nisbəti sabit olaraq qalsa da, vaksinasiyanın zəif olduğu ölkələrdə yüksək ölüm faizi qeydə alınır.

ÜST rəsmiləri təsdiqlənmiş peyvəndlərin “Omikron” da daxil olmaqla, ağır xəstəliklər və ölümlərə qarşı yaxşı qorunmanı təmin etdiyini yenə də xüsusi  vurğulayırlar.

ÜST-ün Baş direktoru Tedros Adhanom Gebreyesus isə bu günlərdə bir daha dünyanın diqqətini bəzi ölkələrin peyvəndləmədən kənarda qalmasına çəkib.  Onun sözlərinə görə, Afrikada əhalinin 85 faizindən çoxu hələ də peyvəndin ilk dozasını gözləyir. Dünyanın 90-a yaxın ölkəsi isə indiyədək əhalisinin 40 faizini belə peyvənd etdirməyib, bu ölkələrin 36-sı əhalisinin 10 faizindən azını peyvənd etdirməyə nail olub.

COVID-19-un yeni ştamları yayıldıqca dünyada peyvəndlə bağlı tədqiqatların dərinləşdirilməsinə, mövcud peyvəndlərin təkmilləşdirilməsinə ehtiyac yaranır. Almaniyanın biotexnologiya şirkəti olan “BioNTech” “Omikron” variantına qarşı təsirli koronavirus peyvəndi hazırlamaq üçün  “Pfizer” ilə birlikdə işə başladığını bəyan edib. “BioNTech”in baş direktoru professor Uğur Şahin peyvəndin klinik sınaqlarına yanvarın sonunda başlayacağına, rəsmi icazələr alındıqdan sonra vaksini  mart ayına qədər istifadəyə verəcəklərini gözlədiklərini açıqlayıb.

 

İlhamə İSABALAYEVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video