27 Sentyabr 2022 01:35
423
CƏMİYYƏT
A- A+

Ölümsüzlük yolçuları

 

Onu bütün Azərbaycan tanıyır. Onu Azərbaycan əsgərinin siması sananlar da var, ona Azərbaycan əsgərinin gülən üzü deyənlər də... O, 44 günlük Zəfər müharibəsinin qəhrəmanlıq simvollarından biri, ölümü ilə ölümsüzlük qazanandır. O, "XTQ-nin son silahı ölümdür. O silahı onlardan heç kim ala bilməz", - deyən ölümün üstünə məğrurcasına yeriyib 22 yaşındaykən xalqımızın qəhrəmanlıq tarixini yazanlardandır. 
Kərimin doğum günü idi. Səhərin yenicə açılmasına baxmayaraq, göydən od ələnirdi. Alpout kəndinin mərkəzi küçəsində bir qələbəlik, bir izdiham var idi. İnsanlar kənd qəbiristanlığına, xalqımızın qəhrəman oğlu Kərim Əliyevin məzarını ziyarət etməyə axışırdılar.
Maşınımızı "Kərim bulağı"nın yanında saxlayıb su içmək istəyirik.
Qıvrımsaçlı bir oğlan uşağı qiymətli bir şey tapıbmış kimi üzünü bizə tutub:
-Əmi, siz də qəhrəman olmaq üçün Kərim bulağından su içirsiniz? Müəllimimiz deyir ki, kim Kərimin bulağından su içərsə, o da qəhrəman olar. Biz də hər gün dərsə gedəndə və dərsdən gələndə bu bulaqdan su içirik. Təkcə biz yox, yoldan keçənlər də maşınlarını saxlayıb bu bulaqdan su içirlər. Yəqin onlar da qəhrəman olmaq istəyirlər?
Sonra qəhrəmanın evinə gedirik. Atası, Birinci Qarabağ savaşının qəhrəman döyüşçüsü, Qarabağ qazisi Məhəmmədəli Əliyevlə söhbətləşirik:
- Kərim cənnətə gedən gündən küçə qapısını bağlamırıq. Sağ olsun xalqımızı, bizi tək qoymurlar. Hər gün evimiz insanlarla dolub-boşalır…
Məhəmmədəlinin mənalı, dərin çuxura düşmüş qəmli gözləri üzümə zillənir. Kirpiklərindən dənələnib süzülən gözyaşı yanağını isladır. Araya lal bir sükut çökür. Həyətdə də qəribə bir sakitlik var... Məhəmmədəli kişi əlinin arxası ilə sellənən gözyaşını silməyə çalışır. 
- Yox, yox, ağlamıram. Qəhrəmanı ağlamazlar… oğlumla - Kərimimlə fəxr edirəm. Oğlum fərari olsaydı, döyüşməyib baş girrəsəydi, düşmən qabağından qaçsaydı, fərsiz övlad böyütdüyüm üçün ağlayardım, deyir. Mən özüm Qarabağ qazisiyəm. Haralarda döyüşməmişəm?! Şuşa… Laçın… Qubadlı, Göranboy, Tərtər istiqamətində gedən qanlı döyüşlərdən çıxmışam. Çox şükür, bizim edə bilmədiklərimizi gənclər etdilər. Mənim gedə bilmədiyim yolu Kərim getdi…
Evdə otaqların birində Kərimin ev-muzeyi yaradılıb. Burada qəhrəmana məxsus əşyalar, fotoşəkillər, əsgər forması, bir də ucaboylu, gül üzlü Kərimin səliqə-sahmanla düzəldilmiş cansız maketi var. Sanki bu dəqiqə dil açıb bizimlə danışacaq … 
Kərimin anası İlhamə xanımla qarşılaşırıq. Atası Məhəmmədəli deyir ki, İlhamə xanım Kərim şəhid olan gündən bu otaqda, bu əşyalarla baş-başa qalıb daha çox tək olmaq, sonbeşiyi ilə dərdləşmək istəyir.
- Hə qardaş, mən ömrümün sonuna kimi bu otaqda Kərimimlə baş-başa qalacağam. Onun gül üzündən, səsindən doymadım. Heç gedəndə bağrıma basıb qoxusunu ürəyimə, içimə doyunca çəkmədim. Keşkə… "Ana təlimə gedirəm, tezliklə gələcəm", - dedi. Mən onun haqqında heç nə danışa bilmirəm. Hər yerdə gözüm Kərimimi gəzir. Elə bilirəm ki, indi qapı açılacaq, Kərim girəcək içəri…
Söhbəti atası davam etdirir:
- Müharibəyə getdiyini bizə bildirmədi. İsmayıllıda təlimdə idi. Vaxtaşırı evə gəlirdi. Sonuncu dəfə gələndə gecədən xeyli keçməsinə baxmayaraq, hiss etdim ki, Kərim yatmayıb. Düşüb həyətdə gəzir, eyvanda oturub tamaşa edir… Nə isə fikirləşirdi. Nə qədər etdim, bir söz demədi. Səhər gedəndə məni bağrına basıb bərk-bərk qucaqladı və "veteran, özünü qoru", - dedi. Dedim sən də özünü qoru, sən əsgərsən… Sentyabrın 27-də müharibənin başlaması xəbərini eşitdim, başa düşüdüm ki, Kərim niyə yatmırmış, nəyi fikirləşirmiş. Anası danışığımızı eşitməsin deyə bağa tərəf gedib Kərimə zəng vurdum. Döyüşdə idi… Mənə zarafatca dedi ki, "Ey, Qarabağ qəhrəmanı, qazi atam, özün müharibə görmüş kişisən. Müharibədir, haqqını halal eylə. Bu yolun gedişi olur, bəzən dönüşü olmur… Ya torpaqları azad edən qəhrəmanlardan olacam, ya da torpaq, vətən uğrunda namusla döyüşüb şəhid olacağam, üçrəngli bayrağa bükülüb gələcəyəm…"
Dedim ehtiyatlı ol. Evə gəldim, gördüm anası özündə deyil. Dedim nə olub, nə eşitmisən?
Söhbətə İlhamə xanım qoşulur:
 - Səhər təzəcə açılmışdı. Kərimdən zəng gəldi. Bu vaxtlar Kərim zəng etməzdi. Amma kefi kök, şən idi. Silah səsi gəlirdi. Dedim ki, Kərim haradasan? O nə səs-küydür? Dedi ki, ana qorxma və məndən narahat olma. Qarabağdayam. Zəng etdim ki, səndən halallıq alam. Haqqını halal et. Əgər şəhid olsam, məni ağlama. Mərd ol, möhkəm ol. Şəhid olsam, bil ki, qorxaq kimi deyil, qəhrəman kimi şəhid olmuşam. Mənimlə bütün həyatın boyu fəxr edəcəksən. Dedim ki, Kərim, mən sizinlə həmişə iftixar duymuşam. Çalış ki, mənə bu acını yaşatmayasan…
Söhbət qəhrəmanlıq dastanımızın yaradıcılarından, qısa ömrü bir dastana sığmayan, xalqımızın qəhrəman oğlu Kərim Məhəmmədəli oğlu Əliyevdən gedir. Onun keçdiyi şərəfli yola gəlin birlikdə nəzər salaq.
Əliyev Kərim Məhəmmədəli oğlu 31 avqust 1998-ci ildə Ucar rayonunun Alpout kəndində anadan olub. 2015-ci ildə Alpout kənd orta məktəbini bitirib. Elə həmin il də ali məktəbə daxil olmaq üçün keçid balını toplayan Kərim Əliyev sonradan təhsil almaq fikrindən daşınaraq, Vətənə qulluq etmək üçün hərbi xidmətə yollanıb.
2016-cı ilin oktyabr ayından Dövlət Sərhəd Xidmətində qulluq edən Kərim Əliyev həmişə torpaqlarımızın ərazi bütövlüyünün bərpasını düşünürmüş. 
2018-ci ildən Azərbaycan Ordusu sıralarında müddətdən artıq hərbi qulluqçu kimi xidmətə qəbul olunub ön cəbhəyə gedir. Kərim Əliyev 2019-cu ildə XTQ-nin (Xüsusi Təyinatlı Qüvvələr) kursunu müvəffəqiyyətlə başa vuraraq kəşfiyyatçı gizir kimi xidmətini davam etdirir.
Azərbaycan Ordusunun kiçik giziri olan Kərim Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi uğrunda başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmanlıq nümunəsi göstərir. Kərim Əliyev 19 oktyabrda Xocavənd-Qubadlı istiqamətində gedən ağır döyüşlər zamanı qəhrəmancasına şəhid olur. 
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Kərim Əliyev ölümündən sonra "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medalları, habelə "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.
Orta məktəb müəllimi Afət Kərimova danışır:
- Qətiyyətlə deyə bilərəm ki, müəllim öz övladından başqa dərs dediyi şagirdin uğuruna hamıdan çox sevinə, kədərinə hamıdan çox üzülən insanlardandır. Bu gün iftixar hissi ilə, bir zamanlar qarşımda oturan, günəşgözlüm, nurüzlüm Kərim haqqında qürurla danışıram. Az qala bütün mötəbər məclislərdə, məktəbdə, sinifdə hər yerdə deyəm ki, mən də Kərimin müəllimiyəm. Mən ona nə isə öyrətmişəm demək istəmirəm. Bunun da özəl səbəbi var. Kərim kimilər öyrədilib qəhrəman olmurlar. Anadan qəhrəman doğulurlar. Kərim uşaqlıqdan, orta məktəb illərindən bir qəhrəman idi. Allah ona özündən böyük ürək, cəsarət, ən başlıcası da mərifət vermişdi. Kərimin döyüş yoldaşları, komandirləri, və ondan bizə yadigar qalan videogörüntüləri izlədikcə adamın ürəyi dağa dönür. Ölümü öldürən bir qəhrəman olub. Kərim qəhrəmanlıq tariximizi yaradanlardandır… Kərim çox vətənpərvər, qeyrətçəkən oğul idi. Bütün müəllimlər Kərim oxuduğu sinfə dərs deməyə həvəslə tələsirdilər. O olan yerdə gülüş vardı, sevgi vardı, həyat vardı. Çox həyata bağlı bir insan idi. 
Rüstəm Məsimov, döyüşçü yoldaşı:
- Soruşsanız Kərim necə döyüşçü idi. Deyərəm ki, Kərim ürəklə döyüşən və lazım gəldiyi məqamda özünü fəda etməyi bacaran döyüşçü idi. Kərimlə bütün döyüşlərin iştirakçısı olmuşam. Sonuncu birgə döyüşümüz Xocavənd-Qubadlı istiqamətində gedirdi. Xocəvənddə "720" deyilən yüksəklik var idi. Bizə o yüksəkliyi götürmək əmr olunmuşdu. Ermənilər yüksək dağ zirvəsində mövqe tutmuşdular. Biz 17 oktyabrda həmin əraziyə yaxınlaşıb müşahidəyə başladıq. Düşmən sayca çox üstün idi. Biz XTQ-nin xüsusi kəşfiyyat bölüyünün mobil qrupu idik. Qrup halında irəliləyib dağətəyi zonada mövqelənmişdik. Buradan bütün istiqamətə yollar gedirdi. Dağlı-dərəli bir ərazi idi. Bizim qrup dağın ətəyində, çılpaq bir ərazidə mövqelənmişdi. Belə deyək ki, müşahidə aparırdıq. Düşmənin burada çox böyük canlı qüvvəsi və texnikası cəmlənmişdi. Hiss edirdik ki, düşmən də bizi hər tərəfdən müşahidə edir. Oktyabrın 17-də ermənilər döyüş yoldaşımızdan ikisini snayperlə vuraraq ağır yaraladılar. Arabir minaatanlardan da atəş açırdılar… Oktyabrın 19-da, axşam saat 6-da düşmən sayca az olduğumuzu biləndən sonra böyük bir qüvvə ilə üstümüzə hücuma keçdi. Göydən od ələnirdi. Barıt qoxusu, yaralıların səsi adamı dəhşətə gətirirdi. Biz bu döyüşdə ermənilərin böyük bir canlı qüvvəsini məhv edə bildik. Haradasa ərazidə 200-ə yaxın erməni meyiti qalmışdı. Bu döyüşdə Kərim qıçından ciddi yara aldı. Onun qıçını rezinlə bağlayıb səngərdə qalması, təxliyəni gözləməsi, əsas hücum qrupundan çıxarılması əmr olundu. Kərim səngərdə qalmaq istəmirdi, qəti surətdə etiraz edirdi. Hətta bildirdi ki, əgər ona döyüşməyə imkan verməsə öz silahıyla özünü qətlə yetirəcək.
Kərimə döyüş qabiliyyətində olmadığını anlatmağa çalışırdıq. O, özünü razılaşır kimi göstərdi. Hücumu davam etdirərək bir qədər irəliləmişdik ki, Kərimin bizə gəlib çatdığının, yaralı aslan kimi döyüşdüyünü gördük. Kərimdən niyə belə etdiyini soruşduqda "Sizi az qüvvə ilə buraxıb öz canımın hayına qala bilməzdim. Şəhid olacağıqsa hamımız birlikdə şəhid olacağıq", - dedi. Ermənilər bizi irəli buraxıb, daha böyük qüvvə ilə qrupumuzu mühasirəyə salmağa çalışırdılar. Kərim həm qolundan, həm də qıçından yaralanmışdı. Biz geriyə hərəkət etməyə çalışırdıq. Bu, qorxub geri çəkilmək deyildi. Məqsəd erməniləri ardımızca düzənlik, şumluq olan əraziyə çıxarmaq idi. Kərim yaralı olduğu üçün bizdən bir qədər kənarda mövqelənmişdi. Kərim bütün hərəkətləri ilə düşməni öz üzərinə çəkməyə çalışırdı ki, biz ərazidən uzaqlaşa bilək. Bu arada Kərimin yaxın dostu, silah qardaşı Elyar Vəliyev geri dönüb Kərimi də özü ilə çıxarmaq istədi. Bunu görən düşmən qumbaratanla Elyarı vurdu. Elyar Kərimə çata bilmədən şəhid oldu. Hiss olunurdu ki, Kərimin döyüş sursatı tükənir və o, bu səbəbdən aram-aram atəş açırdı. Ermənilər də bunu hiss etmişdilər. Kərimin gülləsi bitdikdən, tam sakitlik yarandıqdan sonra 10-dan artıq erməni onu əsir götürmək niyyəti ilə irəlilədi. Ermənilər yaxınlaşanda Kərim qumbaranı partladaraq həm onları oldürdü, həm də özü şəhid oldu… Bu döyüşdə Kərimlə birlikdə bizim cəngavər döyüşçülərimiz Elyar Vəliyev, Sübhan Cəbrayılov, Şəhriyar Quliyev, Tarzan Həşimov, Elton Qənbərli, Simair Qaflanov, Beyrək Fərzəliyev qəhrəmancasına şəhd oldular. İki gündən sonra biz daha böyük qüvvə ilə əks-hücuma keçib həmin ərazini düşməndən azad etdik. Düşmən iki gün öncə şəhid olub, nəşləri səngərdə qalmış qardaşlarımızın yerini bilməyək deyə üstünü torpaqla örtmüşdü. Mən Vətən uğrunda canlarını fəda etmiş qəhrəman döyüşçülərin basdırıldığı yeri dəqiqləşdirərək öz əllərimlə torpağı qazıb nəşlərini götürə bildim.
Kərim öz əməli, qəhrəmanlığı ilə bir nümunə yaratdı…

Elşən QƏNİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video