12 Noyabr 2022 01:04
695
Təhsil
A- A+

Ölkəmizdə elm və təhsilin inteqrasiyası istiqamətində mühüm addımlar atılır

 

"Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" fərmana əsasən, yeni yaradılan Elm və Təhsil Nazirliyinə bu sahədə dövlət siyasətinin və tənzimlənmənin həyata keçirilməsi ilə bağlı səlahiyyətlər həvalə edildi. Bunu ölkəmizdə elm və təhsilin inteqrasiyası istiqamətində atılan mühüm addım kimi səciyyələndirmək olar. Beynəlxalq təcrübəyə baxsaq, dünyanın inkişaf etmiş aparıcı dövlətlərində elm və təhsil bir-birinə inteqrasiya olunmuş formada inkişaf edib təşəkkül tapmışdır.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm və Təhsil Nazirliyinin tabeliyinə verilən elmi-tədqiqat institutlarından biri də akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutudur (AKİ). Elm ocağı yarandığı vaxtdan prioritet istiqamətlərə uyğun fundamental və tətbiqyönümlü tədqiqatlarla yanaşı, beynəlxalq elmi əməkdaşlığa, yüksəkixtisaslı kadr hazırlığına, o cümlədən elmlə təhsilin inteqrasiyasına önəm verməkdədir. Hazırda institutun Bakı Dövlət Universiteti, Azərbaycan Tibb Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Mühəndislik Universiteti, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Gəncə Dövlət Universiteti ilə sıx əməkdaşlıq əlaqələri vardır.
Elmlə təhsilin inteqrasiyasının ən mühüm istiqamətlərindən biri də elmi-tədqiqat müəssisələrinin özündə magistr hazırlığıdır. Digər elmi institutlar kimi Aşqarlar Kimyası İnstitutunda da 2016-cı ildən magistr pilləsi üzrə kadr hazırlığı həyata keçirilir. Elmdə fasiləsizliyin aradan qaldırılmasına xidmət edən bu proses böyük elmin astanası hesab edilir. Çünki bu hazırlıq üzrə magistrantlar tədqiqat vərdişlərinə yiyələnir, elmin sirlərini öyrənməyə başlayır, fasiləsiz olaraq elmin pillələri ilə yüksəlirlər.
Aşqarlar Kimyası İnstitutunda magistraturanı bitirənlərin hamısı bu elmi tədqiqat müəssisəsində qalıb müxtəlif vəzifələrdə işləyirlər. Hətta onların bir çoxu artıq doktorantura pilləsində elmi araşdırmalarını davam etdirirlər.
Elmlə təhsilin vəhdətinin yaradılması, tələbə və magistrantlarda tədqiqatçılıq vərdişlərinin formalaşdırılması və ən əsası, istedadlı gənc mütəxəssislərin elmə axınını təmin etmək məqsədilə kimya profilli elmi tədqiqat müəssisələri içərisində yeganə Aşqarlar Kimyası İnstitutunda ölkəmizin flaqman ali təhsil ocağı olan Bakı Dövlət Universitetinin (BDU) "Neft kimyası və kimya texnologiyası" kafedrasının filialı - baza kafedrası fəaliyyət göstərir. BDU-nun bakalavriatları və magistrantları diplom və kurs işlərini burada yerinə yetirirlər. 2018-2021-ci illər ərzində Bakı Dövlət Universitetinin "Kimya" ixtisası üzrə IV kursda təhsil alan 230 tələbəsi mütəmadi olaraq qruplar şəklində institutumuzda istehsalat təcrübəsi keçmiş, ayrı-ayrı laboratoriyalarda cihaz və avadanlıqların iş prinsipləri, müasir fiziki-kimyəvi analiz üsulları ilə yaxından tanış olmuş, bəzi təcrübələri yaxından izləmişlər. Tələbələr eyni zamanda zərif üzvi sintez və aşqarlar kimyası sahəsində institut əməkdaşları tərəfindən prioritet istiqamətlər üzrə yerinə yetirilən və əldə olunan elmi tədqiqatların mühüm nəticələri ilə bağlı seminar məruzələrini dinləmişlər. 2022-ci ildə isə bu tələbələrin sayı 126-ya çatmışdır.
İnstitutda həmçinin müxtəlif vaxtlarda Sumqayıt Dövlət Universitetinin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri də təcrübə keçmiş, Bakı şəhərinin müxtəlif lisey və orta ümumtəhsil məktəblərinin şagirdləri ekskursiyada olmuşlar. Ali təhsil müəssisələrində yaradılmış SABAH qruplarında təhsil alan tələbələr AMEA AKİ-nin laboratoriyalarında təcrübə keçmişlər. 
2018-ci ildə Aşqarlar Kimyası İnstitutunda Təhsil Nazirliyinin (indiki Elm və Təhsil Nazirliyi) ideyası və təşkilatçılığı ilə ərsəyə gələn "Sabahın alimləri" VII Respublika müsabiqəsi çərçivəsində 2 məktəbli - Nizami rayonu 251 saylı orta məktəbin 10-cu sinif şagirdləri elmi layihə yerinə yetirmişlər. Onlardan biri Türkiyənin İzmir şəhərində 2018-ci ildə keçirilən "OKSEF-2018" beynəlxalq müsabiqənin final mərhələsinə seçilərək 38 xarici ölkədən 450 iştirakçının qatıldığı bu layihə olimpiyadasında ölkəmizə bürünc medal qazandırmışdır.
"Sabahın alimləri" VIII Respublika müsabiqəsi çərçivəsində hazırlanan 2 məktəbli - Nizami rayonu 251 saylı orta məktəbin 11-ci sinif şagirdləri Türkiyənin İzmir şəhərində 2019-cu ildə keçirilən "OKSEF-2019" beynəlxalq müsabiqənin final mərhələsinə vəsiqə qazanmışlar. Layihənin təcrübi hissəsi 2018-2019-cu illər ərzində Aşqarlar Kimyası İnstitutunun "Yağlayıcı-soyuducu mayelərə aşqarlar" laboratoriyasında yerinə yetirilmişdir.
"Sabahın alimləri" IX Respublika Müsabiqəsinə "Tibb və sağlamlıq" bölməsi üzrə qoşulan Mingəçevir şəhər Səməd Vurğun adına 16 nömrəli tam orta məktəbin 2 şagirdinin İnstitutun "Fizioloji fəal üzvi birləşmələr" laboratoriyasında yerinə yetirdikləri "Acı badamdan müalicəvi badam yağının alınması" layihəsi müsabiqənin fərqlənmə diplomuna layiq görülmüşdür. 
26 noyabr 2021-ci ildə Türkiyənin İzmir şəhərində onlayn formatda keçirilən "BUCA IMSEF-2021 Beynəlxalq Elm Müsabiqəsi"nə qatılan dünyanın 27 ölkəsindən 166 layihə sırasında final mərhələsinə vəsiqə qazanan Mingəçevir şəhəri Təbiət-Riyaziyyat və Humanitar elmlər təmayüllü liseyin və Səməd Vurğun adına 16 nömrəli tam orta məktəbin 2 şagirdinin Aşqarlar Kimyası İnstitutunun ideya dəstəyi və elmi məsləhəti ilə kimya fənni üzrə hazırladıqları innovativ layihə bürünc medala layiq görülmüşdür. Onlar eyni zamanda 2022-ci ildə keçirilən "Sabahın alimləri" XI Respublika Müsabiqəsinə "Kimya" bölməsi üzrə qatılaraq III yerin qalibi olmuşlar.
İnstitutda Bakı Dövlət Universitetinin alimləri ilə birgə Azərbaycan Respublikası Prezidentinin yanında Elmin İnkişafı Fondunun "Elm-təhsil inteqrasiyası" məqsədli qrant müsabiqəsində qazanılmış "Alkil (alkenil) fenollar əsasında neft məhsullarının mikrobioloji zədələnməsinin və biokorroziya proseslərinin qarşısını alan reagentlərin işlənib hazırlanması" layihəsi üzrə elmi tədqiqatlar yerinə yetirilmişdir. Elm ocağı Bakı Mühəndislik Universiteti ilə həm "Kompüter kimyası" istiqamətində müştərək beynəlxalq tədqiqatlar aparır, həm də birgə elmi rəhbərliklə yüksəkixtisaslı kadr hazırlığı sahəsində əməkdaşlıq edir.
İnstitut tərəfindən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin və Azərbaycan Dövlət Pedaqoji Universitetinin doktorant, dissertant və magistrantlarına dissertasiya işlərinin təcrübi hissəsinin yerinə yetirilməsinə elmi və texniki dəstək verilir. 
Əməkdaşlarımız müxtəlif ali təhsil müəssisələrində pedaqoji fəaliyyət göstərir, mühazirə və laboratoriya dərslərini tədris edir, bakalavriatlara və magistrantlara elmi rəhbərlik edirlər. O cümlədən əməkdaşlarımız universitetlərdə fəaliyyət göstərən "Kimya" və "Kimya mühəndisliyi" ixtisasları üzrə bakalavr tələbələrin diplom işlərinin müdafiə şuralarına sədrlik etmişlər.
İnstitutun alimləri eyni zamanda respublikamızın müxtəlif rayonlarında (Bərdə, Yevlax, Abşeron) yerləşən işğaldan azad olunmuş rayonların məktəblərində gənclərin peşə təhsilinə cəlb olunması istiqamətində həyata keçirilən marifləndirilmə seminarlarında məruzəçi qismində iştirak edib, öz təklif və tövsiyələrini veriblər.
Bütün bunlar Aşqarlar Kimyası İnstitutunun timsalında elmlə təhsilin inteqrasiyasının bir nümunəsidir. Hesab edirik ki, dəqiq və təbiət elmləri üzrə ixtisaslaşmış institutların Elm və Təhsil Nazirliyinin tabeliyinə verilməsi elmlə təhsilin tam vəhdətinin yaradılması, o cümlədən Azərbaycan elminin dünya elminə inteqrasiya prosesinin sürətləndirilməsi, elmin populyarlaşdırılması, istedadlı gənclərin elmə cəlb olunması istiqamətində atılmış ən mühüm addımdır.
Elm və Təhsil Nazirliyinin mövcud imkanlarından istifadə edərək yerinə yetirilməli işlərdən biri dəqiq və təbiət elmi bölmələrinin bütün institutlarının ali təhsil müəssisələri ilə elmi əlaqələndirilməsini sürətləndirmək, ardınca Azərbaycan elminin dünya elminə inteqrasiyasının əsas vasitələrindən biri kimi institutlarda prioritet sahələr üzrə beynəlxalq laboratoriyaların yaradılmasına nail olmaqdır. Məlum olduğu kimi, Fizika, Kataliz və Qeyri-üzvi Kimya, Molekulyar Biologiya və Biotexnologiyalar, Genetik Ehtiyatlar, Geologiya və Geofizika institutlarında mövcud olan müştərək beynəlxalq laboratoriyalar özünü tam doğrultmuş, adıçəkilən institutların elmi göstəricilərində həmin laboratoriyalarda həyata keçirilən tədqiqatlar zamanı əldə olunan nəticələr nəzərəçarpacaq pay sahibinə malikdir. 
Beynəlxalq laboratoriyaların yaradılması mümkün olmayan institutlarda alimlərin müştərək beynəlxalq tədqiqat qruplarına cəlb olunması təşviq edilməlidir. Bunun üçün əlverişli üsul dünyanın aparıcı elm mərkəzlərində çalışan görkəmli azərbaycanlı alimlərin bütün imkanlarından istifadə edilməsidir. Onlar özləri də bu kimi təkliflərə müsbət yanaşır, vaxtaşırı belə təşəbbüslərlə çıxış edirlər. Tanınmış alimlərimizin yanına ayrı-ayrı prioritet istiqamətlər üzrə seçilmiş gənc alim və mütəxəssislər qısa və ortamüddətli təcrübə keçməyə göndərilə bilər. 
O cümlədən son illər ən mühüm elmi nailiyyətlərin, elmi kəşf və ixtiraların ayrı-ayrı elmlərin sərhədlərində baş verdiyi üçün universitetlərlə aparılacaq müştərək beynəlxalq tədqiqatlar zamanı multidissiplinar (fənnlərarası) mövzulara geniş yer verilməlidir. Bu gün institutlara həm də ən son texnologiyaların gətirilməsinə ehtiyac var. 
Univeristetlərdə mövcud olan tələbə elmi cəmiyyətlərini böyük elmin astanasına çevirmək üçün tədqiqat institutları əməkdaşlıq etdikləri ali təhsil müəssislərində elmə böyük marağı olan istedadlı tələbələrin müasir və aktual mövzularda birgə elmi seminarları təşkil olunmalıdır. Eyni zamanda qarşılıqlı əlaqəli (interaktiv) müzakirələr, konfrans, kitab sərgiləri, "dəyirmi masa"lar, elmi-praktiki seminarlar, açıq elmi-populyar mühazirələr, debatlar, ustad dərsləri, Nobel mükafatçılarının elmi fəaliyyəti haqqında məlumatlandırmalar, treninqlər də keçirilməlidir. 
Elmlə təhsilin vəhdəti təkcə universitetlərlə deyil, orta məktəblərlə də olmalıdır. 
Eyni zamanda ölkə iqtisadiyyatının inkişafı üçün yalnız elm-təhsilin vəhdəti kifayət deyil. Bu cütlüyə istehsalat da daxil olmalıdır. Bir sözlə, ölkə iqtisadiyyatının lazımi səviyyədə inkişafı üçün elm-təhsil-istehsalatın vəhdəti mümkün qədər möhkəm olmalıdır. Elm və Təhsil Nazirliyinin tabeçiliyinə verilən institutların elmi-tədqiqat işlərinin nəticələrinin istehsalata tətbiqi sahəsində kifayət qədər təcrübəsi və nailiyyəti var. Qeyd olunan istiqamətdə universitetlərin fəaliyyəti qənaətbəxş deyil. Ona görə elmi-tədqiqat institutları bu sahədə də universitetlərə yaxından kömək etməlidirlər.
Ümid edirik ki, elmi-tədqiqat institutlarının Elm və Təhsil Nazirliyinin tabeçiliyinə verilməsi respublikamızda elm-təhsil-innovasiya üçbucağının tam formalaşmasını təmin edəcək, bundan sonra ölkəmizdə elm və təhsil keyfiyyət nöqteyi-nəzərdən artan dinamika üzrə inkişafda olacaq.

Vaqif FƏRZƏLİYEV,
Aşqarlar Kimyası İnstitutunun baş direktoru, akademik

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video