18 Oktyabr 2025 08:45
2137
Mədəniyyət
A- A+
O, sənətin gücünə inanırdı

O, sənətin gücünə inanırdı


Çətin və şərəfli yol keçən Azərbaycan teatrının tarixinə nəzər salanda neçə-neçə nəhəng simaların olduğunu görürük. Bu insanlar heç nədən ecazkar bir sənət yaratmışlar. Halbuki o zaman müvafiq binalar və səhnələr yox idi, rolları oynayacaq aktyorlar yetişməmişdi, üstəlik, şəriət qaydaları, köhnə baxışlar xeyli əngəllər törədirdi.

Belə bir ağır zamanda teatr sənətinin böyük yükünü öz çiyinlərində daşıyan cəfakeşlər mütərəqqi etiqadları, xalqın inkişafına kömək edən məsləki əsas tutaraq işığı, inkişafı, müasirliyi tərənnüm edir, onların müdafiəsinə qalxır, yüksək ideallar, qayələr uğrunda mübarizə aparırdılar. Xalqın mədəni inkişafının tarixini yazırdılar.

Görkəmli teatr xadimi, bu sənətin qurucularından olan Cahangir Zeynalov tarixə milli teatrın ilk peşəkar aktyorlarından biri, onun nəzəri estetik prinsiplərini qələmə alan ilk teatrşünas kimi daxil olmuşdur. O, həm də realist aktyor məktəbinin banisi kimi də sayılıb-seçilirdi. Kərbəlayı Cahangir Zeynalov eyni zamanda Azərbaycan peşəkar teatr tarixində qüdrətli nəsil şəcərəsini yaradan ilk aktyor olmuşdur. Bu il görkəmli sənətkarın anadan olmasından 160 il ötür.

1873-cü il martın 10-da Bakıda Realnı məktəbin şagirdləri özlərinin qurduqları səhnədə Mirzə Fətəli Axundzadənin "Sərgüzəşti-vəziri-xani-Lənkəran" pyesinin tamaşasını göstərdilər və həmin gün bununla böyük milli-mənəvi sərvətin təməli qoyuldu. "Mirzə Fətəlinin böyük istedadı dramaturgiyanı Azərbaycan ədəbiyyatının milli faktoruna çevirdi, xalq bu janrı qəbul etdi və sevdi. Bu yeni janr böyük ziyalılar, sənətkarlar zümrəsi yaratdı və bu ziyalılar, sənətkarlar eyni zamanda teatr xadimləri kimi Azərbaycan mədəniyyətinin hərtərəfli inkişafında böyük rol oynadılar. Onların hamısı bu gün adbaad xatırlanmaq şərəfini və səlahiyyətlərini öz fəaliyyətləri və teatra sevgiləri ilə qazanıblar". Azərbaycan teatrının 140 illik yubiley tədbirində səsləndirilən bu fikirlərdə diqqətçəkən məqam o idi ki, teatrın inkişafında müstəsna rolu olan sənətkarların sırasında birinci yerdə Cahangir Zeynalovun adı çəkilirdi.

...1885-ci ildə növbəti tamaşalardan biri göstərilir. Pərdə açılır və əsərin qəhrəmanı səhnədə görünür. Tamaşaya gələnlər çaşqınlıqla bir-birlərinə baxırlar. Rolu ifa edən 20 yaşlı gənc Cahangir Zeynalov idi. Həmin gün o, aktyorluq sənətində debütünü edirdi.

Deyirlər ki, yaradıcılıq sevincdir, həyəcandır, həm də iztirabdır. Sənətkar böyük olduqca gərginliyi də artıq olur. Hünər gərəkdir ki, bu uzun, hamar olmayan yolu fəlakətə uğramadan keçə biləsən. Cahangir Zeynalovun axtarışları həmişə uğurlu olub və onun yaradıcılıq tapıntıları nəhayətsiz sevinclərlə başa çatıb, gurultulu alqışlarla qarşılanıb.

1885-ci ildə C.Zeynalov yenicə sənət yoluna qədəm qoymuşdu, bir-birinin ardınca uğurlar qazanırdı. O, həyatın, inkişafın zəruri tələbi olan prinsipləri böyük səylə müdafiə edirdi, sənətin gücünə inanırdı. Teatra yüngül bir yer kimi deyil, ideya-tərbiyəvi əhəmiyyəti olan məktəb kimi baxırdı. Yaratdığı obrazlarda zəmanənin qaranlığını, zülmünü, məşəqqətlərini açıb göstərirdi. O, zülmkar dünyadan insanların xilas olacağına böyük ümid bəsləyirdi. Yaxşı adamlar, nəcib, tərəqqipərvər ziyalılar artıq XIX əsrin sonlarında başlamış fırtınalardan çox şey gözləyirdilər: köhnə zəmanəni yola salmağı, dünyanı çirkablardan təmizləməyi, Yer üzünə azadlıq və səadət gətirməyi... 


Yolun ən çətinini seçdi: ömrünü teatra həsr etdi


C.Zeynalov 1865-ci ildə Bakıda varlı-dövlətli, əsil-nəcabətli bir nəsildə, tacir Məşədi Rzanın ailəsində dünyaya göz açmışdı. İbtidai təhsil almış, rus və fars dillərini dərindən mənimsəmişdi. Şəhərdə həm də xeyirxahlığı, səxavəti ilə tanınırdı. Maarifin, mədəniyyətin inkişafına yorulmadan böyük əmək sərf edirdi.

Əlbəttə, o, başqa bir həyat da yaşaya bilərdi. Malı, mülkü, pulu ona hər cür qayğılardan uzaq bir ömür vəd edirdi. Lakin Cahangir Zeynalov yolun çətinini seçdi. Ömrünü teatra həsr etdi.

Ustad sənətkar teatr səhnəsində onlarca obraz canlandırdı. Həbib bəy Mahmudbəyovla Soltanməcid Qənizadənin hazırladıqları tamaşalarda oynadı. 1900-cü illərdə Müsəlman Dram Artistləri Şirkətinin təşkilində böyük xidmətlər göstərdi. M.F.Axundzadənin "Hacı Qara"sında Hacı Qara, "Müsyö Jordan və dərviş Məstəli şah"da Şahbaz bəy və Məstəli şah, Nəcəf bəy Vəzirovun "Hacı Qənbər"ində Hacı Qənbər, "Müsibəti-Fəxrəddin"də Vəli, Əbdürrəhim bəy Haqverdiyevin "Ağa Məhəmməd şah Qacar" faciəsində Tavad Maqobeli, Nəriman Nərimanovun "Dilin bəla"sında Şamdan bəy və Hacı İbrahim, eləcə də digər yazıçı və dramaturqların əsərlərində çoxsaylı obrazlar, sanballı surətlər, xarakterlər yaratdı. Bu aktyorun sənət eşqi, yaratmaq həvəsi daim közərən ocaq idi. Orada böyük də, kiçik də eyni hərarətlə qızınırdı.

Cahangir Zeynalov Azərbaycan səhnəsində Tolstoyun, Şillerin, Molyerin, Şəmsəddin Saminin və digər əcnəbi müəlliflərin qəhrəmanlarına da həyat verib. Geniş diapazona malik olan aktyor bəzən bir tamaşada iki obraz yaradıb. Üzeyir bəy Hacıbəylinin "O olmasın, bu olsun" operettasında həm Rza bəy, həm də Rüstəm bəy obrazlarını yaratmağa müvəffəq olmuşdu. Cahangir Zeynalovun fəaliyyətində diqqəti çəkən digər məqamlar da var. Bəzi tamaşalarda bir neçə quruluşda oynayıb. Hamısında da eyni məharəti nümayiş etdirib. Aktyor kimi çıxış etdiyi əksər əsərləri sonralar özü də rejissor kimi tamaşaya qoyub. Cahangir Zeynalov milli teatrımızın himayədarı, xeyirxahı olub. 

Evi indiki Hüsü Hacıyev və Dilarə Əliyeva küçələrinin kəsişməsində - "Şahmat klubu"nun yerində idi. Cahangir Zeynalov otaqlardan birini aktyorların sərəncamına vermişdi ki, orada məşq etsinlər. Otağın yuxarı başında öz vəsaiti hesabına səhnə düzəltdirmişdi. Burada kimlər olmamışdı?! Dövrün mütərəqqi ziyalıları, müəllimləri, teatr fədailəri... Adlarını çəkmək kifayətdir ki, Cahangir Zeynalovun çevrəsinin kimlərin zəkasının nuruna qərq olduğunu təsəvvürə gətirəsən - Hacağa Abbasov, Mirzağa Əliyev, Məhəmməd bəy Əlvəndi, Hüseyn Ərəblinski, Mirmahmud Kazımovski kimi aktyorlar idi. Soltanməcid Qənizadə, Həbib bəy Mahmudbəyov, Bədəl bəy Bədəlbəyli kimi səhnə fədailəri... Bu insanların fəaliyyəti qəhrəmanlıq idi. 

Nəsildən-nəslə keçən yazılardan, söhbətlərdən bəhrələnən tədqiqatçılar Cahangir Zeynalov sənətinin məziyyətini, ömrünün səhifələrini araşdırıb öyrənə biliblər. Öyrəniblər ki, onun yaratdığı hər obrazda böyük bir insan qəlbinin çırpıntısı var. Ona görə də istər xırda, istərsə də böyük rolları həmişə dərin məna ilə dolu idi. C.Zeynalovun yumoru Azərbaycan folklorundan mayalanmışdı. Obrazları sünilikdən uzaq olmuş, oyununda, nitqində pafosdan, ritorikadan, qeyri-səmimi monoloqlardan yan keçmişdi. Nəticədə rolları da həyati idi və inandırıcı təsir bağışlayırdı. Həmişə yaratdığı xarakterin daxili məntiqinə əsaslanmışdı. Mütəxəssislər onun müxtəlif üslubları sintez etmək bacarığını xüsusi vurğulayırlar. Odur ki, Cahangir Zeynalovun öz forma və prinsipləri ilə seçilən aktyor məktəbi olduğunu qeyd edirlər.


O, həm də istedadlı rejissor idi


Cahangir Zeynalovun yaradıcılığının bir qolu da rejissorluqla bağlıdır. XIX əsrin sonlarında sənət dostu Nəcəfqulu Vəliyevlə birgə əsərlər tamaşaya qoyublar. 1900-cü illərdə Müsəlman Dram Artistləri Şirkətinin təşkilində C.Zeynalovun müstəsna rolu olub. "Nicat" (1906) və "Səfa" (1912), "Nəşri-maarif" mədəni-maarif cəmiyyətləri nəzdindəki teatr truppalarında Kərbəlayı Cahangir əsasən aktyorluq etsə də, tamaşalara quruluşlar da verərdi.

Rejissor kimi parlaq istedada malik C.Zeynalov 1913-cü ildə "Səfa"da M.F.Axundzadənin "Hacı Qara", Nəcəf bəy Vəzirovun "Vətən", Zülfiqar bəy Hacıbəyovun "Evli ikən subay" əsərlərini tamaşaya qoyub. 1914-cü ildə Əbdürrəhim bəy Haqverdiyevin "Millət dostları", Molyerin "Zorən təbib", 1915-ci ildə Namiq Kamalın "Əhdə vəfa" əsərlərinə quruluş verib. O, növbəti illərdə də müxtəlif truppalarla əməkdaşlıq edərək səmərəli rejissorluq fəaliyyəti ilə məşğul olub.

"Səfa"nın teatr truppası 1912-ci ildən fəaliyyətdə idi, ancaq cəmiyyətin özü 1910-cu ildə yaranmışdı. "Səfa"nın kitabxanasının təşkilində böyük işlər görən Cahangir Zeynalov onun fonduna çoxlu kitab bağışlamışdı. Bakıda qabaqcıl elm ocaqlarından sayılan "Səfa" məktəbində Səməd Mənsur, Abbasmirzə Şərifzadə, Cəfər Bünyatzadə ilə yanaşı, Cahangir Zeynalov da dərs deyirdi. Dəfələrlə "Səfa" teatr bölməsi idarə heyətinin rəhbərləri sırasına seçilmişdi. Hətta 1914-cü ildə sədr vəzifəsini C.Zeynalov, müavinliyi isə Mehdi bəy Hacınski tutmuşlar.

Görkəmli sənətkarın ictimaiyyət arasında, həmkarları, tamaşaçıları, ümumiyyətlə, xalq arasında böyük hörməti vardı. 1910-cu il noyabrın 30-da - Qurban bayramı günündə teatr ictimaiyyəti Cahangir Zeynalovun səhnə fəaliyyətinin 25 illiyini təntənə ilə qeyd edir. O vaxtadək hələ heç bir aktyor üçün belə bir yubiley keçirilməmişdi. Tədbir Tağıyev teatrında baş tutur. Rəsmi hissədən sonra xanəndələr konsert verirlər. Yubiley çərçivəsində M.F.Axundzadənin "Lənkəran xanının vəziri" komediyası oynanılır və burada Mirzə Həbib rolunda Cahangir Zeynalov çıxış edir.

Sənətkarın bir çox üstün məziyyətləri ona cavan ikən əsl ağsaqqal nüfuzu qazandırması idi. Xeyirxah işləri görkəmli sənətkarı insanların gözündə ucaltmışdı. Mirzağa Əliyev, Hacağa Abbasov, Məmmədəli Vəlixanlı kimi aktyorların sənətə gəlişinə Kərbəlayı Cahangir böyük təkan vermişdi. Bütün bunlarla yanaşı, onun hər zaman barışa çağıran səsi, kəsərli sözü vardı. Məhz bunun sayəsində "Nicat", "Səfa", "Müsəlman Artistləri İttifaqı", Hacıbəyov qardaşlarının "Opera və dram truppası"nın bir-biri ilə çəkişmələri səngimişdi. Cahangir Zeynalov onları barışdırmış və Azərbaycan mədəniyyətinin inkişafı naminə birləşməyə çağırmışdı.

Məkrli və namərd qonşularımız olan ermənilərin törətdikləri qırğınlar və bəd əməllər bu və ya digər formada xalqımızın görkəmli ziyalılarının əksəriyyətinin taleyindən qara kabus kimi keçib. O cümlədən unudulmaz aktyorumuz Cahangir Zeynalovun da. 1918-ci il martın 17-də erməni daşnakları Bakıda vəhşiliklə yanğınlar və qırğınlar törədəndə Cahangir Zeynalov həyat yoldaşı Hüsniyyə xanımla, körpə qızı Nəsibə ilə İranın Ənzəli şəhərinə, müvəqqəti orada yaşayan qayın-atası Məşədi Əbdüldayan Hüseynovun yanına gediblər. Oktyabrın əvvəllərində ara sakitləşəndə ailəsi ilə birgə "Ardahan" gəmisi ilə Bakıya qayıdarkən dənizdə fırtına qopub. Səkkiz gün dənizdə qalan gəmidə natəmizlikdən yatalaq (tif) xəstəliyi əmələ gəlib. Kərbəlayı Cahangir də bu xəstəliyə tutulub. Bakıya çatandan sonra yaxın dostlarından, qohumlarından xəbərsiz dünyasını dəyişib.

Teatr salnaməsi onun sonuncu dəfə "İsmailiyyə" zalının səhnəsində "Hacı Qara" tamaşasının baş rolunda oynadığını xəbər verir. Bu, aktyorun son yaradıcılıq günü kimi həyatına yazılır. İllər sonra səhnəyə Cahangirin yeganə yadigarı olan qızı Nəsibə xanım gəlir. Görkəmli sənətkar bütün varlığı ilə atasının arzularını davam etdirib, soyadını da, sənətini də yaşadıb. Təkcə teatr sənətinə deyil, bütün Azərbaycana gülüş, yumor, xoş əhvali-ruhiyyə dolu bir çələng bəxş edib. Bəxş etdiyi həm də atasının adını verdiyi oğlu - Xalq artisti Cahangir Novruzov olub.

 

İradə ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Cüdo üzrə Azərbaycan çempionatı başa çatıb  

20:29
07 Dekabr

Azərbaycanın elm və təhsil naziri Gürcüstan Texniki Universitetinin Fəxri doktoru adına layiq görülüb

20:23
07 Dekabr

Azərbaycan Ankarada keçirilən xeyriyyə yarmarkasında təmsil olunub  

19:51
07 Dekabr

Qətər Avropa İttifaqının davamlılıqla bağlı qərarlarına yenidən baxacağına ümid edir  

19:28
07 Dekabr

İran XİN rəsmisi: Azərbaycanla əlaqələrin inkişafına böyük önəm veririk  

18:21
07 Dekabr

Leyla Əliyeva və Arzu Əliyeva Dəkkədə uşaq evini ziyarət ediblər  

17:15
07 Dekabr

XIII Qlobal Bakı Forumuna hazırlıq məqsədilə Çində toplantı keçirilib  

17:12
07 Dekabr

Premyer Liqa: “Şamaxı” səfərdə qalib gəlib  

16:26
07 Dekabr

AFFA rəhbərliyi cənub bölgəsində futbol infrastrukturunun vəziyyəti ilə tanış olub  

16:10
07 Dekabr

HƏMAS tərksilah olmaq üçün şərtini açıqlayıb  

15:48
07 Dekabr

Türkiyəli professor: Ermənistan Konstitusiyasının dəyişdirilməsi sülhün davamlı olması üçün zəruri şərtdir  

14:08
07 Dekabr

Sabah Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı gözlənilir  

14:05
07 Dekabr

Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib 

13:50
07 Dekabr

Leyla Əliyeva və Arzu Əliyeva Dəkkədə Banqladeşin müvəqqəti hökumətinin Baş müşaviri ilə görüşüblər  

13:16
07 Dekabr

Ukrayna ordusu Dnepropetrovsk vilayətinin kəndini azad edib  

11:47
07 Dekabr

Qırğızıstan nümayəndə heyəti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib  

11:33
07 Dekabr

Steve Nouri: ASAN Süni İntellekt Platforması ilə əməkdaşlıq süni intellektin inklüziv inkişafına yol açır  

10:49
07 Dekabr

Cüdo üzrə Azərbaycan çempionatında fərdi mübarizəyə yekun vurulub 

23:11
06 Dekabr

Zelenski: Amerika ilə növbəti addımlar və müzakirə formatları barədə razılığa gəlmişik  

22:41
06 Dekabr

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə keçirilən beynəlxalq konfrans çərçivəsində ikitərəfli görüşlər davam edir  

21:35
06 Dekabr

Timişoarada Azərbaycan Rumıniya münasibətləri barədə müzakirə aparılıb  

20:20
06 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!