22 Noyabr 2022 01:01
256
ELANLAR
A- A+

Nümunəvi fəaliyyət

 

"Azərlotereya"nın Türkiyədə təhsil alan şəhid övladlarına Zəfər Günü sürprizi hər kəsi duyğulandırdı

 

44 günlük Vətən müharibəsində vəzifəsindən, rütbəsindən asılı olmayaraq döyüşən bütün hərbçilərimiz - zabitlərimiz, çavuşlarımız, əsgərlərimiz öz hünərləri ilə yeni vətənpərvərlik nümunələri yaratdılar, dastanlar yazdılar. 
Xalqımızın qəhrəmanlıq tarixini öz rəşadətləri ilə zənginləşdirən qəhrəman oğullarımız bu savaşda canlarını fəda etdilər, torpaqlarımızın azadlığı uğrunda müqəddəs şəhidlik zirvəsinə yüksəldilər. Şəhidlərin ruhu şaddır, çünki uğrunda mübarizə apardıqları Vətən torpaqları azaddır. Bu torpaqlar indi bizim üçün daha müqəddəsdir, çünki onun hər qarışına şəhidlərimizin qanı hopub. 
Bu gün şəhid ailələrinə qayğı ilə yanaşmaq, onlara lazımi maddi və mənəvi dəstək göstərmək dövlətimizin sosial siyasətinin  mühüm tərkib hissəsidir.  Dövlətimizlə bərabər, ölkəmizin aparıcı təşkilatları da humanist layihələrə dəstək verir, bu kateqoriyaya aid olan vətəndaşlara qayğı göstərirlər. "Azərlotereya" ASC bu istiqamətdə də nümunəvi fəaliyyəti ilə fərqlənir. 
Haqq savaşında şücaətlə döyüşərək ölkəmizə qələbə hissini qazandıran şəhidlərimizin ailələrinə dəstək olmağı özünə borc hesab edən "Azərlotereya" ASC bu istiqamətdə sosial layihəyə start verib. Belə ki, "Əmanətə sədaqət" devizinə əsaslanan "Azərlotereya" vətən uğrunda canlarından keçmiş Qarabağ müharibəsi şəhidlərinin övladlarının parlaq gələcəyi naminə onları təqaüdlə təmin edir. "Azərlotereya" ASC-nin təhsil təqaüdü proqramı Türkiyənin dövlət ali təhsil müəssisələrinin tələbəsi olan şəhid övladlarının təhsil haqqı və yaşayış xərcləri, həmçinin Azərbaycanda ali təhsil alan şəhid övladlarının yaşayış xərclərinin qarşılanmasını nəzərdə tutur.
Məqsəd şəhid ailələrinin sosial müdafiəsi, onların rifah halının yaxşılaşdırılması istiqamətində dövlətin prioritet siyasətinə dəstək göstərmək, həmin ailələrin qayğı ilə əhatələnməsinə xidmət etməkdir. Ölkəmizin inkişafı naminə təhsilin önəmini nəzərə alaraq "Azərlotereya" ASC-nin təqaüd proqramı da şəhid övladlarının gələcəkdə uğurlu karyera qurmasında əhəmiyyətli rola malik olacaq.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin birgə əməkdaşlığı ilə həyata keçirilən bu sosial layihə hazırda 66 nəfəri əhatə edir ki, onlardan 59-u Azərbaycanda, 7-si isə Türkiyədə təhsil alır.
Təhsilin tərəqqisinə yönələn layihələrə dəstək göstərməkdə maraqlı olan "Azərlotereya" ASC bu sferada Elm və Təhsil Nazirliyi və "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi ilə əməkdaşlığı uğurla davam etdirməkdədir. 
"Azərlotereya" ASC-nin təqaüd proqramı cari və növbəti illərdə  də Azərbaycanda və Türkiyədə ali təhsil almaq istəyən şəhid övladlarına şamil olunacaq.
Bütün bunlarla yanaşı, şirkət təqaüd ayırdığı Qarabağ müharibəsi şəhidlərinin ailə üzvləri ilə görüşlər də keçirməkdədir.  Ən maraqlı, duyğu dolu sürpriz isə noyabrın əvvəlində Zəfər Günü ərəfəsində "Əmanətə sədaqət" layihəsi çərçivəsində təhsil təqaüdü ayırdığı şəhid ailə üzvləri ilə Türkiyənin İstanbul şəhərində təşkil edilən görüş oldu. Tədbir iştirakçılarını salamlayan "Azərlotereya" ASC-nin İdarə Heyətinin sədri Zafer Reisoğlu çıxışına Türkiyədə təhsil alan tələbələr üçün hazırlanan sürprizi təqdim etməklə başlayıb. O, tələbələrin Azərbaycandan gələn ailə üzvlərini tədbirin keçirildiyi zala dəvət edib: "Əziz analar və bacılar, şəhidlərimizin bizə əmanəti olan dəyərli tələbələrimizi Zəfər Günündə sizlərlə burada görüşdürməyi, bu böyük günü sizli-bizli birlikdə qeyd etməyi düşündük. Çox sağ olun ki, bizim bu təklifimizi qəbul etdiniz, övladlarınıza sürpriz edərək buraya - onların görüşünə gəldiniz". 
"Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə görüşün təşkili, eləcə də şəhid ailələrinə ayrılan diqqətə görə "Azərlotereya" ASC-yə təşəkkür edib.
Daha sonra şəhid baş leytenant Hikmət Səfərovun həyat yoldaşı Gülnarə Səfərova çıxış edərək deyib: "Zəfər Günü ərəfəsində bu gözəl və özəl təşəbbüsü irəli sürən, reallaşmasında əziyyəti keçən hər kəsə - başda "Demirören Holdinq",  "Azərlotereya" ASC və "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinə sonsuz minnətdarlığımı bildirirəm".
"Atam qardaşlarımı və məni təhsilli görmək istəyirdi", - deyən şəhid XTQ mayoru Tofiq Kərimovun oğlu Anar Kərimov isə təhsilinə göstərilən dəstəyin onun üçün önəmli olduğunu vurğulayıb: "Universitet həyatı nə qədər gözəl olsa da, bir o qədər də çətinlikləri var. "Azərlotereya" ASC-yə təşəkkür edirəm ki, belə çətin vaxtlarda bizim yanımızda olub dəstək göstərir".
Göründüyü kimi, ölkəmizdə şəhid ailələri hərtərəfli sosial dəstəklə əhatə olunublar. Bu fonda "Azərlotereya" ASC  tərəfindən sözügedən kateqoriyadan olan vətəndaşlara göstərilən qayğı da nümunəvidir. 

Elçin CƏFƏROV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video