22 Yanvar 2023 11:23
789
Elm və texnika
A- A+

Nobel mükafatı alan bakılı alim - Lev Landau

 

Dünyaşöhrətli fizik, Nobel mükafatı laureatı, bakılı Lev Davidoviç Landaunun anadan olmasından 115 il keçir.

AZƏRTAC xəbər verir ki, yanvarın 22-si Lev Landaunun doğum günüdür. O, 1908-ci ildə Bakının Balaxanı qəsəbəsində neft mühəndisi ailəsində dünyaya gəlib. 1916-cı ildə gimnaziyaya qəbul olunub və 12 yaşında buranı əla qiymətlərlə başa vurub. Onun ali məktəbdə oxuması üçün hələ çox gənc olduğunu nəzərə alaraq valideynləri gələcək fizikin iki il Bakı İqtisadiyyat Texnikumunda oxuması barədə qərar qəbul edirlər. 1922-ci ildə 14 yaşlı L.Landau müvəffəqiyyətlə Azərbaycan Dövlət Universitetinə (indiki Bakı Dövlət Universiteti) qəbul olunur və eyni vaxtda iki fakültədə - Fizika-riyaziyyat və Kimya fakültələrində təhsil alır. Kimya elmi gənc Landaunu çox maraqlandırıb. Lakin birinci semestrdən sonra o, yəqin edir ki, fizika və riyaziyyat daha maraqlı və ürəyincədir. İlk elmi çıxışlarına o, universitetdə başlayıb. Əla oxuması və imtahanlarda olduqca yüksək nəticələr göstərməsi bu gənci universitetdə məşhurlaşdırıb. Məhz Bakıda aldığı təhsil onu gələcək elmi axtarışlarının və nailiyyətlərinin, nəzəri fizikaya gətirdiyi fundamental və klassik yeniliklərin, ümumiyyətlə, fizika elmində yaratdığı yeni üslubun və nəzəri fizika sahəsində yaratdığı böyük məktəbin əsası olub. L.Landau çox gənc olmasına baxmayaraq, nəzəri fizika üzrə gələcək dahi alim kimi keçmiş SSRİ-nin elm mərkəzi sayılan Leninqrad (indiki Sankt-Peterburq) şəhərinə yola salınıb. 1924-cü ildə 16 yaşlı oğlan Leninqrad Dövlət Universitetinin (LDU) Fizika-riyaziyyat fakültəsinə köçürülüb.

1926-cı ildə L.Landaunun “İkiatomlu molekulların spektrləri nəzəriyyəsi” adlı ilk elmi əsəri çap olunub. Bu elmi işi onu daha da məşhurlaşdırıb. 1927-ci ildə LDU-da təhsilini başa vurub. Leninqrad Fizika-Texnika İnstitutunun aspiranturasında təhsilini davam etdirən gənc 21 yaşında elmlər doktoru dərəcəsini alıb. 1929-cu ildə ilk dəfə Avropaya getmək imkanı əldə edib. Almaniyada qısa müddət qaldıqdan sonra Kopenhagenə yollanıb və burada Nils Borun Nəzəri Fizika İnstitutunda çalışıb. O, həmişə özünü N.Borun tələbəsi hesab edib. Kopenhagendən sonra o, SSRİ-yə qayıdıb. 1932-1937-ci illərdə L.Landau Xarkov Mexanika və Maşınqayırma İnstitutunun Nəzəri fizika kafedrasına rəhbərlik edib. 1936-1937-ci illərdə “Fazaların ikinci növ dəyişmələri” nəzəriyyəsini və “Yüksəkkeçiricilərin aralıq vəziyyəti” nəzəriyyəsini yaradıb, bu problemlərə həsr olunmuş elmi məqalələrlə çıxışlar edib. Həmin dövrdə L.Landau artıq dünyada məşhur nəzəriyyəçi fizik kimi tanınıb. 1937-ci ilin fevralında Moskva Fiziki Problemlər İnstitutuna dəvət olunub və həmin institutda nəzəriyyə şöbəsinə rəhbərlik edib.

Elmi nailiyyətlərindən başqa L.Landau, eyni zamanda, keçmiş SSRİ-də nəzəri fizika elminin aparıcı Landau məktəbinin əsasını qoyub. Onun yaratdığı bu məktəb sovet elminə Lev Pitayevski, Aleksey Abrikosov, Arkadi Levanyuk, Yevgeni Lifşitz, Lev Qorkov, İsak Xalatnikov və Boris Yoffe kimi fiziklər bəxş edib.

1962-ci il yanvarın 7-də L.Landau ciddi avtomobil qəzasına uğrayıb. Bu qəzadan ciddi xəsarət alan alim üç ay komada yatıb. 1962-ci ilin noyabrında ona Nobel mükafatı verilməsi barədə teleqram alıb. Nobel Komitəsinin tarixində ilk dəfə xüsusi hal kimi məşhur fizik L.Landaunun Stokholma gedə bilməməsi nəzərə alınıb və İsveçin Moskvada olan səfiri Nobel mükafatını xəstəxanada ona təqdim edib. O, bir daha əvvəlki fəaliyyətinə qayıda bilməyib. Dahi fizik 1968-ci il aprelin 1-də Moskva şəhərində vəfat edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video