28 Noyabr 2021 00:07
584
SİYASƏT
A- A+

“Nəhayət, yolumuz açılır, işıqlı günlərə çıxa bilərik”

Üçtərəfli Soçi görüşünü geniş müzakirəyə çıxaran erməni ictimaiyyəti xilas formulunu Zəngəzur dəhlizinin açılmasında görür

 

Kommunikasiyaların açılması regionda davamlı sülhün və sabitliyin təmin edilməsində önəmli rol oynayacaq. Sülh müqaviləsinin imzalanması ilə əməkdaşlıq üçün yaranacaq yeni zəmin fonunda Ermənistan çoxdan arzusunda olduğu bir sıra vacib layihələri reallaşdıra bilər. Buna konkret nümunə kimi Ermənistanın Rusiya və İranla dəmir yolu ilə bağlantısı yarada bilmək imkanlarını göstərmək olar. 


Noyabrın 26-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin üçətərəfli Soçi görüşü İrəvanda da böyük reaksiyaya səbəb olub.  Erməni mediasının, sosial şəbəkə istifadəçilərinin statusları, şərhləri və mövqelərindən  görünür ki, onlar ölkələrinin xilas formulunu Azərbaycanla münasibətləri normallaşdırmaqda, sülh müqaviləsinin imzalanmasında görürlər. 
“4rd.am” saytı yazır ki, dövlət başçılarının son Soçi görüşündə aparılan danışıqlar fonunda bir daha nümayiş olundu ki, kommunikasiyaların bərpa olunması  Ermənistan üçün böyük şansdır: “Daha dəqiq desək, bu səfər İlham Əliyevin yeni qələbəsi, erməni xalqının dirçəliş günüdür. Zəngəzur dəhlizinin açılması Ermənistana qarşıdakı illərdə böyük iqtisadi dividendlər qazandıracaq. Görüşdə şahidi olduq ki, Moskva Bakı ilə geosiyasi, iqtisadi, mədəni və təhlükəsizlik aspektlərində münasibətlərini dinamik şəkildə inkişaf etdirir. Son 10 ilə nəzər yetirdikdə baş verən proseslər regionda Azərbaycanın mövqelərini daha güclü hala gətirdiyi halda, Ermənistanla münasibətdə tamam əks vəziyyət müşahidə olunurdu. Aydındır ki, bu Sarkisyan-Koçaryan koalisiyasının xarici siyasətinin iflasıdır. Hər halda, dövlət başçılarının son görüşü, qəbul edilən qərarlar  Ermənistanın xilası olacaq”.
Erməni ekspert Qriqori Vahenyan qeyd edir ki, Zəngəzur dəhlizinin açılması Ermənistanın sanki dünyaya yenidən gəlməsi olacaq. Onun fikrincə, müharibədəki məğlubiyyət fonunda  sülh müqaviləsi imzalanmasa, Ermənistanın regional geosiyasi proseslərdən izolyasiya edilməsi daha kəskin xarakter alacaq. Vahenyan diqqəti buna yönəldir ki, bütün bu proseslər Ermənistanın sosial-iqtisadi cəhətdən daha böyük problemlər yaşaması fonunda baş verir. O vurğulayır ki, Ermənistan iqtisadiyyatı artıq tamamilə iflasa uğramaq üzrədir. Ölkənin dövlət statistika komitəsi də böyük iqtisadi geriləmələr yaşandığını etiraf edir: “Rəsmi açıqlamalara görə, Ermənistanda iqtisadi fəallıq daha sürətlə azalır, ölkə sənayesində ciddi geriləmə qeydə alınır. Həmçinin pərakəndə əmtəə dövriyyəsində də kəskin azalma müşahidə olunur. Ölkədə son illər ərzində enerji tariflərinin kəskin yüksəlməsi və əhalinin həyat səviyyəsinin pisləşməsi vətəndaşların sosial narazılığını da artırır. Regional, qlobal layihələrdən kənarda qalmağımız da prosesə birbaşa təsir edir. Ermənistan qlobal kommunikasiya layihələrindən kənarda qalmaqla son 30 ildə özünə qəsd edib. Ölkəmiz coğrafi baxımdan qlobal kommunikasiyaların tərkib hissəsi ola bildiyi halda, bu şansı itirmişdi. Zəngəzur dəhlizinin açılmasından sonra Ermənistan qazanan tərəf olacaq”.
“Facebook” sosial şəbəkə istifadəçisi, ixtisasca iqtisadçı olduğunu qeyd edən Manvel Levonyan yazır ki, Soçidə üçtərəfli görüş bütün tərəflərin milli maraqlarına tam cavab verir: “İllərdir dediyimiz gerçəkləşir. Nəhayət, yolumuz açılır, işıqlı günlərə çıxa bilərik. Qarabağ problemi Ermənistanı 30 ildən çox bütün layihələrdən təcrid etdi. 30 ildə itirdiklərimizin hesabatını kim verəcək? Sarkisyan, Koçaryan, çıxın xalqa hesabat verin! Görəcəksiniz, Zəngəzur dəhlizi Ermənistanın xilası olacaq. Ermənistan bu dəhlizin açılması üçün üzərinə götürdüyü öhdəliyi yerinə yetirməlidir. Əgər bu, baş verməsə, Azərbaycan yenə güc tətbiq etmək məcburiyyətində qalacaq. Bu da bizim üçün məqbul deyil və xalq buna qarşıdır”.
“Odnoklassniki” sosial şəbəkəsində Soçidəki görüşlə paylaşılan xəbərə münasibət bildirən, profil səhifəsində bank sektorunda çalışdığı yazılan Henrix Qriqoryan adlı istifadəçi isə qeyd edir ki, baş nazir Nikol Paşinyan müharibədən sonra çox düzgün addımlar atır: “Müharibədən sonra yaranan iqtisadi böhran Ermənistanda insanları acınacaqlı vəziyyətlə üz-üzə qoyub. Evlərini satanlar, hətta intihar edənlər də olub. Paşinyan, bir vətənini sevən erməni kimi sizə müraciət edirəm ki, kommunikasiyaların bərpasını uzatmayın. Əvvəlki hökumət xalqın taleyi ilə maraqlanmırdı. İlham Əliyevin bu xüsusda atdığı addımlara “hə” deməkdən başqa çarəniz yoxdu”. 
Loris Tevosyan adlı birinin “Twitter” sosial şəbəkəsindəki paylaşımı da diqqət çəkir: “Zəngəzur dəhlizinin açılması, Azərbaycanla sülh müqaviləsinin imzalanması ermənilərin xilası olacaq.  Parlaq günlər qarşıdadır. Səhvə yol vermək olmaz. Əgər Azərbaycanın istəkləri təmin edilməsə, həyata keçirilən təcrid siyasəti davam etdiriləcək. Özü də bu məsələdə Azərbaycana dəstək verənlərin sayının artması Ermənistan üçün yaxşı heç nə vəd etmir”.
Sonda onu da qeyd edək ki, Ermənistanda revanşist qüvvələr bu prosesin baş tutmaması üçün məkrli niyyətlərini gizlətməyib aşkarda nümayiş etdirirlər. Amma buna əngəl olmaq üçün nə daxili, nə də xarici dəstəyə malik olduqlarını da çox yaxşı başa düşürlər. Rəsmi İrəvan qəbul etməlidir ki, onun təhlükəsizliyinə və iqtisadi inkişafına regionun lider ölkəsi olan Azərbaycandan başqa heç bir dövlət zəmanət verə bilməz.

Elçin CƏFƏROV,
“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video