27 Noyabr 2021 19:09
423
SİYASƏT
A- A+

Nazir Ceyhun Bayramov: Azərbaycan COVID-19-a qarşı qlobal səylərdə fəal iştirakını davam etdirir  

Noyabrın 27-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 25-ci iclasında iştirak edib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, Türkmənistanın təşkilatda sədrliyi çərçivəsində Aşqabad şəhərində keçirilən iclasda çıxış edən nazir Ceyhun Bayramov Azərbaycan-İƏT əlaqələri, İƏT məkanında prioritet istiqamətlər üzrə əməkdaşlığın həyata keçirilməsi və dərinləşdirilməsi, habelə bölgəmizdə mövcud olan cari vəziyyət, münaqişə sonrası mərhələdə Azərbaycanın azad olunmuş ərazilərində həyata keçirilən yenidənqurma işləri, İƏT üzvü olan Əfqanıstanla bağlı vəziyyət, eyni zamanda, Azərbaycanın Qoşulmama Hərəkatının (QH) sədri qismində qlobal çağırışlara qarşı mübarizə çərçivəsində irəli sürdüyü təşəbbüslər və bu xüsusda görülən işlər barədə danışıb.

Nazir qeyd edib ki, Azərbaycan İƏT ilə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Gələn il Azərbaycanın təşkilata üzv olmasının 30 illiyi tamam olacaq. Bu müddət ərzində ölkəmiz regionda iqtisadi və ticari əlaqələrin genişləndirilməsi istiqamətində müxtəlif təşəbbüslərdə konstruktiv şəkildə iştirak edib.

“İƏT çərçivəsində islahatlar uğurla həyata keçirilib, lakin bu, davamlı proses olmalıdır. “İƏT Baxışı 2025” sənədinin həyata keçirilməsində əldə edilən irəliləyişin qiymətləndirilməsi önəmlidir və bu, bizə gözlənilən nəticələrin əldə olunmasını təmin etmək üçün müvafiq fəaliyyəti təmin etməyimizə imkan verəcəkdir. Azərbaycan Türkmənistanın sədrliyi çərçivəsində iqtisadiyyat, nəqliyyat, energetika və səhiyyə sahələri də daxil olmaqla, bir sıra nazirlərin görüşlərinin, eləcə də sektorlar üzrə regional əməkdaşlığı gücləndirəcək digər yüksək səviyyəli tədbirlərin keçirilməsini alqışlayır, habelə İƏT Katibliyi tərəfindən aparılan hazırlıq və yardım işlərini yüksək qiymətləndirir”, - deyə nazir əlavə edib.

O deyib ki, ticarət, nəqliyyat, enerji sahələrində əməkdaşlıq İƏT-in prioritet sahələridir. Dayanıqlı enerji və regional elektrik enerjisi ticarətini regional enerji gündəliyinə daxil etmək vacibdir. Azərbaycan, İƏT üzv dövlətlərinin “Təmiz Enerji Mərkəzi”nə ev sahibliyi etmək təklifinə dəstəyini yüksək qiymətləndirir. İƏT regionunda nəqliyyat və bağlılıq layihələrinin inkişafı yüksək önəm kəsb edir. Məlum olduğu kimi, Azərbaycan nəqliyyat infrastrukturunun şaxələndirilməsinə və modernləşdirilməsinə böyük sərmayə qoyub və Avropa ilə Asiya arasında ticarət və logistikanı gücləndirmək üçün bir sıra nəqliyyat infrastrukturu layihələrini təşviq edib.

Diqqətə çatdırılıb ki, 44 günlük Vətən müharibəsi bölgədə vəziyyəti dəyişib, yeni reallıqlar formalaşdırıb. Azərbaycan, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında ərazi bütövlüyünü təmin edib, bir milyona yaxın azərbaycanlı məcburi köçkünün öz doğma yurdlarında yaşamaq hüququ bərpa edilib. Davamlı sülhə, inkişafa və tərəqqiyə nail olmaq Azərbaycanın gələcəyə baxışının əsasını təşkil edir. Bu mərhələdə üçtərəfli bəyanatların tam şəkildə həyata keçirilməsi çox vacibdir. Azərbaycanın bu istiqamətdə atdığı addımların qarşılığını Ermənistandan gözləyirik.

Nazir, həmçinin bildirib: “Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli bəyanatlarına uyğun olaraq, o cümlədən 26 noyabr tarixində üç liderin imzaladığı Bəyanatda da qeyd edildiyi kimi, kommunikasiyaların yenidən canlandırılması, bölgədə dəmir yolu və avtomobil yollarının açılması regionumuzda davamlı sülh və sabitliyə yol açacaq, Ermənistan və Azərbaycan vasitəsilə ticarət və nəqliyyatı, həm bu ölkələrin, həm də tərəfdaşlarımızın xeyrinə əhəmiyyətli dərəcədə artıracaq. Bu mənada ön plana çıxan təşəbbüs Zəngəzur dəhlizidir. O, Transxəzər Beynəlxalq Şərq-Qərb Orta Dəhlizində daha yaxşı əlaqəni artırmaq üçün potensiala malikdir”.

C.Bayramov vurğulayıb ki, Azərbaycan hökuməti azad edilmiş ərazilərində genişmiqyaslı bərpa və yenidənqurma işlərinə başlayıb. İşğaldan azad edilmiş şəhər və qəsəbələrin köçürülməsinin baş planları hazırlanır. Nəhəng nəqliyyat və enerji infrastrukturu layihələri, xüsusilə bir neçə magistral və elektrik şəbəkələrinin, eləcə də üç hava limanının tikintisi həyata keçirilir. Səkkiz ay ərzində biz Füzuli Beynəlxalq Hava Limanını istifadəyə vermişik, digər iki hava limanının tikintisi isə davam edir.

Əfqanıstanda davamlı sülhün təmin edilməsinin aktual məqsəd olaraq qaldığını deyən xarici işlər naziri deyib ki, region ölkəsi kimi və bizim Əfqanıstan xalqı ilə mövcud olan sıx tarixi və dini bağlarımıza görə Azərbaycan Əfqanıstandakı vəziyyəti böyük narahatlıqla izləyir. Əfqanıstanda təhlükəsizlik və sabitlik regiondakı ümumi təhlükəsizlik mühiti ilə sıx bağlıdır. Əfqanıstanın suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı təmin edilməli, onun etnik cəhətdən müxtəlif əhalisinin sülh şəraitində birgə yaşayışını təmin edən siyasi transformasiya üçün lazımi şərait yaradılmalıdır.

Azərbaycanın COVID-19-a qarşı qlobal səylərdə fəal iştirakını davam etdirdiyini vurğulayan C.Bayramov qeyd edib: “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin COVID-19-a cavab olaraq Qoşulmama Hərəkatı adından irəli sürdüyü və geniş beynəlxalq səviyyədə tanınma və dəstək qazanmış qlobal təşəbbüsləri, o cümlədən koronavirusa cavab olaraq Qoşulmama Hərəkatının Təmas Qrupunun Zirvə Görüşünün təşkili, təşkilata üzv dövlətlərin pandemiya ilə mübarizədə əsas humanitar və tibbi ehtiyaclarına dair vahid məlumat bazasının yaradılması, BMT Baş Assambleyasının COVID-19 üzrə Xüsusi Sessiyasının çağırılması, BMT İnsan Hüquqları Şurasının koronavirus peyvəndlərinə ədalətli, əlverişli, vaxtında və universal şəkildə çıxışı haqqında qətnaməsinin və BMT Baş Assambleyasının Üçüncü Komitəsində COVID-19 peyvəndlərinin ədalətsiz paylanması ilə bağlı qətnamənin qəbul edildiyini vurğulamaq istərdik. Pandemiyadan sonrakı qlobal bərpa ilə bağlı Azərbaycanın gələcək təşəbbüslərinə beynəlxalq ictimaiyyətin razılaşdırılmış dəstəyinə inanırıq.

Türkmənistan sədrliyinə ümumi işimizə verdiyi töhfəyə görə təşəkkür edir, növbəti sədr Özbəkistana bu yolda uğurlar arzulayırıq.

Qeyd etmək istərdik ki, İƏT Xarici İşlər Nazirləri Şurasının iclasında Azərbaycanın İƏT üzv dövlətlərinin Təmiz Enerji Mərkəzinə ev sahibliyi etmək təklifi dəstəkləndi və bu Mərkəzin yaradılmasına dair qərar qəbul olundu”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video