19 Yanvar 2022 00:25
349
İQTİSADİYYAT

Nailiyyətlər daha böyük inkişafa yol açır

 

KeçənilAzərbaycandaiqtisadiartım5 faizdənçoxtəşkiledib. Hələ də koronavirus pandemiyasının hökm sürdüyü bir şəraitdə yaşadığımıza görə bu, olduqca müsbət nəticədir. Üstəlik, Azərbaycan müharibədən təzəcə çıxmış bir ölkədir. İstənilən ölkədə müharibədən sonrakı dirçəliş tədricən və çətin baş verir. Azərbaycanın isə müharibədən keçən bir il ərzində gördüyü genişmiqyaslı və çoxşaxəli işlər dünyanı haqlı olaraq heyrətə gətirir.

Prezident İlham Əliyevin cari il yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində də bunlardan ətraflı bəhs olunub. Dövlət başçısı ötən ilin uğurlarını qeyd edərək deyib: “Ən sevindirici hal odur ki, qeyri-neft iqtisadiyyatımız 7,2 faiz artıb. Bu onu göstərir ki, qeyri-neft sektorunun inkişafı ilə bağlı bizim bütün planlarımız həyatda öz əksini tapır. Sənaye istehsalına gəldikdə həm ümumi sənaye istehsalımız 5 faizdən çox, həm də qeyri-neft sənayemiz 20 faizə yaxın artıb. Hesab edirəm ki, bu, dünya miqyasında bəlkə də ən yüksək göstəricidir”.

2021-ci ildə böyük xərclərimiz olmasına baxmayaraq, valyuta ehtiyatlarımız da artıb. Qarabağ və Şərqi Zəngəzur bölgələrində və ölkənin digər yerlərində investisiya proqramları tam icra edilib.

Azərbaycanın idxal-ixrac əməliyyatlarında saldo da neçə illərdir müsbət olaraq qalır. Eləcə də 2021-ci ildə ixrac idxalı üstələyib və 10 milyard dollardan çox müsbət saldo yaranıb. Qeyd edək ki, indi xarici ticarət saldosu müsbət olan ölkələr tək-təkdir. Belə ki, dünyanın əksər ölkələrində idxal ixracdan çoxdur.

Prezident ixracla bağlı planların həyata keçirildiyini bildirib: “Qeyri-neft ixracımız 40 faizdən çox artıb. Bu imkan verir ki, biz valyutanı təkcə neft-qaz hesabına yox, eyni zamanda digər məhsullar hesabına ölkəmizə gətirək. Nəzərə almalıyıq ki, ölkədə əhali artır, daxili istehlak artır. Belə olan halda qeyri-neft ixracını artırmaq, doğrudan da, böyük nailiyyət sayıla bilər”.

Ötən il qazanılan bütün bu nailiyyətlərin əsasında Azərbaycan dövlətinin uzunmüddətli strategiyası dayanır ki, biz onun sevindirici nəticələrini görürük.

2022-ci ilə gəldikdə isə, Prezident belə deyib: “Bu ilin büdcəsi - bu da keçən ildə əldə edilmiş nailiyyətlərin hesabınadır, - tarixdə ən böyük büdcə olacaq. Büdcə xərcləri təxminən 30 milyard manata çatacaq. Müharibədən təzə çıxmış ölkə üçün bu nailiyyətlər, doğrudan da, onu göstərir ki, iqtisadi sahədə çox gözəl mənzərə vardır. Bu il həm investisiya layihələri icra ediləcək azad olunmuş torpaqlarda, həm də ölkəmizin bütün yerlərində islahatlar davam etdiriləcək... Təbii ki, iqtisadi sahə istisna deyil”.

Ərazilərimizin işğaldan azad edilməsi ölkə iqtisadiyyatı qarşısında geniş perspektivlər açır. Həyata keçirilən tədbirlər nəticəsində kənd təsərrüfatı xeyli inkişaf edəcək, ərzaq təhlükəsizliyinin təmin olunmasında önəmli addımlar atılacaq. Həmin yerlərdə artıq əkin işlərinə başlanıb, fermerlərə təlimatlar verilib. Azad edilmiş mövcud torpaqlarda taxılçılıq üçün yararlı olan və məqbul sayılan yerlərdə əkin aparılsa, indiki məhsuldarlıqla 200 min tona yaxın buğda götürmək mümkündür.

Buğda istehsalının artmasına ehtiyac olduğu indiki dövrdə buna nail olmaq önəmli məsələdir. Çünki ölkəmizdə il ərzində istehlak edilən 3,3-3,4 milyon ton buğdanın cəmi 2 milyon tonunu özümüz yetişdiririk. Taxılçılıqda hər hektarın məhsuldarlığı 3,2 tondur. İri təsərrüfatlarda bu göstərici 6-7 ton təşkil edir. Əgər ölkə üzrə həmin rəqəm 4-4,5 ton olarsa, yəni məhsuldarlıq artırılarsa, buğda ilə təminatımızda böyük irəliləyiş ola bilər.

Prezident buna nail olacağımıza ümid bəslədiyini bildirərək demişdir: “Ölkəmizdə, o cümlədən kənd təsərrüfatında aparılan islahatlar, iqtisadi mühitin və biznes mühitinin yaxşılaşdırılması sayəsində biz böyük dərəcədə bu məqsədlərə çatacağıq. Hər halda biz buğdadan başqa digər ərzaq məhsulları ilə özümüz özümüzü təmin etməliyik, mən buna inanıram”.

Qeyd edək ki, son dövrlərdə Azərbaycan ərzaq təhlükəsizliyi sahəsində nəzərəçarpan nailiyyətlər əldə edib. Meyvə, üzüm, tərəvəz istehsalı artıb. Əhali mal əti ilə təqribən 90, qoyun əti ilə 100 faiz səviyyəsində yerli istehsal hesabına təmin edilir. Cins mal-qaranın alınması süd istehsalına imkan verib. Halbuki əvvəllər mal-qaranın cinsi südçülük üçün əlverişli deyildi. İndi süd və süd məhsulları istehsalında 80 faizə çıxa bilmişik. Toyuq əti istehsalında da göstərici belədir. Bu rəqəmlər ümid verir ki, Azərbaycan istər kənd təsərrüfatında və ərzaq təhlükəsizliyinin təmin edilməsində, istərsə də digər sahələrdə qarşıya qoyulmuş hədəflərə çatacaq. Buna Qarabağda və Şərqi Zəngəzurda aparılan sürətli və geniş tikinti, quruculuq, bərpa işləri də inam yaradır.

Cəsarətlə demək olar ki, dünyanın heç bir yerində müharibədən sonra belə qısa müddətdə bu qədər quruculuq işi görülməyib. Bu da Azərbaycan dövlətinin iradəsini və iqtisadi qüdrətini göstərən daha bir əyani misaldır. Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində dediyi kimi: “Həm Azərbaycanda, həm dünyada hər kəs yaxşı bilir ki, Azərbaycan təkbaşına, heç kimdən bir manat, bir dollar yardım almadan bu işləri görür. Azad edilmiş bütün torpaqlarda görülmüş işlər Azərbaycanın dövlət büdcəsi hesabına aparılır. Heç bir yardım almamışıq, heç bir kredit almamışıq, bu işləri öz gücümüz hesabına görürük”.

İlboyu Qarabağ və Şərqi Zəngəzurla yanaşı, respublikanın digər regionlarında da yeni layihələr reallaşdırılıb. Dövlət başçısı bölgələrə 47 dəfə səfər edib və bunların hər birində müxtəlif təyinatlı yeni obyektlərin açılışı qeyd olunub, yaxud növbəti layihələrə start verilib. Beləliklə, 2021-ci ilin iqtisadi xəritəsinə daha neçə-neçə istehsal və sosialyönümlü müəssisənin, elektrik stansiyasının adı yazılıb. Yolların şəbəkəsi genişlənib, infrastruktur zənginləşib və müasirləşib.

Hər yenilik isə qarşıdakı uğurun təməlidir. Prezident İlham Əliyev keçən ilin uğurlu olduğunu vurğulayaraq deyib: “Əminəm ki, 2022-ci il də uğurlu olacaq. Çünki ölkədə mövcud olan birlik, həmrəylik və gözəl ab-hava bu reallığı bizə təmin edəcək”.

 

Flora SADIQLI,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video