02 Dekabr 2021 00:33
444
SİYASƏT
A- A+

Müstəqil siyasətin və qətiyyətin ifadəsi

 

Prezident İlham Əliyevin Soçi və Aşqabad görüşləri birmənalı şəkildə təqdir edilir

 

Ötən həftə Azərbaycanın ictimai-siyasi həyatında çox mühüm tarixi hadisələr yaşandı. Noyabrın 26-da Soçi şəhərində Prezident İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli formatda görüş keçirildi. Noyabrın 28-də isə Aşqabadda İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XV Zirvə Toplantısı baş tutdu.

Prezidentin Soçi görüşü və Aşqabad səfəri zamanı qəbul edilən mühüm sənədlər, aparılan danışıqlar günün əsas müzakirə mövzusudur. Bu məsələ ilə bağlı fikirlərini bölüşən siyasətçilər birmənalı fikirlər səsləndirdilər. Onlar bildirdilər ki, hər iki toplantı Azərbaycan Prezidentinin xarici siyasətinin təntənəsidir.

 

Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının nüfuz mərkəzinə çevrilir

 

Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyir ki, Aşqabad şəhərində keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XV Zirvə Toplantısı üzv dövlətlərin və bütövlükdə bölgənin davamlı iqtisadi inkişafına töhfə verməsi baxımından çox əhəmiyyətli siyasi hadisədir.

Əli Hüseynlinin fikrincə, Zirvə toplantısı maraqlı müzakirələr və görüntülərlə yadda qalıb. Toplantı çərçivəsində təşkilatdaxili məsələlərin müzakirəsi ilə yanaşı, iştirakçı dövlətlər arasında baş tutan görüşlər də diqqət çəkib. Bu sırada Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi və Pakistan Prezidenti Arif Alvi ilə səmimi söhbətlərini əks etdirən görüntülər xüsusi maraq yaradıb: “Prezident İlham Əliyev Zirvə toplantısında çıxış etdi. Azərbaycanın İƏT-in fəal üzvü olması, beynəlxalq platformalarda, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində İƏT-ə üzv dövlətlərlə səmərəli əməkdaşlıq qurması vurğulandı. Soçi görüşündən sonra Prezident İlham Əliyev İƏT tribunasından da Zəngəzur dəhlizinin artıq reallığa çevrildiyini bəyan etdi. Bu yeni nəqliyyat infrastrukturunun “Şərq-Qərb” və “Şimal-Cənub” dəhlizlərinin önəmli hissəsinə çevriləcəyi, İƏT-ə üzv ölkələrin də bu dəhlizdən böyük fayda götürəcəyi barədə əminliyini ifadə etdi. Vurğuladı ki,  Azərbaycan son illər faktiki olaraq Avrasiyanın əsas və etibarlı nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Zəngəzur dəhlizinin reallaşması regionun nəqliyyat sektorunda yeni imkanlar yaradacaq”.

 

Soçi görüşü Ermənistan üçün acı həqiqət anı oldu

 

Milli Məclis Sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev deyir ki, Prezident İlham Əliyevin noyabrın 26-da Soçi şəhərində Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyanla üçtərəfli formatda keçirilən görüşü Yerevan üçün acı həqiqət anı oldu.

Adil Əliyev Ermənistan rəhbərliyinin Azərbaycanla dövlət sərhədinin delimitasiya və demarkasiyası prosesinə başlanılması və Zəngəzur dəhlizinin açılması ilə bağlı birmənalı olmayan, ziddiyyətli bəyanatlar verərək məsələni uzatmağa çalışdığını xatırladaraq bildirir: “Ermənistan hər vəchlə “dəhliz” ifadəsinin işlədilməsinə və Zəngəzur dəhlizinin açılmasına qarşı çıxırdı. Son vaxtlar Ermənistan tərəfindən Azərbaycana qarşı törədilmiş silahlı təxribatlar da bu məqsədi güdürdü. Digər tərəfdən isə, mövzunu Rusiya-Ermənistan-Azərbaycan formatından çıxararaq Qərbi, o cümlədən Avropanı prosesə cəlb etməklə danışıqlar platformasını dəyişməyə, ATƏT-in Minsk qrupunu yenidən dirçəltməyə və vaxt qazanmağa cəhd edirdi”.

Milli Məclis Sədrinin müavini vurğulayır ki, Soçidə üçtərəfli görüşün nəticəsi olaraq imzalanmış 26 noyabr bəyanatı rəsmi Yerevanın bu cəhdlərinin uğursuzluğa düçar olduğunu göstərdi.

Adil Əliyevin sözlərinə görə, Azərbaycanın üstünlüyü ondadır ki, onun mövqeyi həm Rusiyanın vasitəçilik etdiyi üçtərəfli formatda, həm də Avropa platformasında Ermənistandan güclüdür. Azərbaycan Avropa İttifaqının doqquz üzvü ilə, o cümlədən əsas ticarət tərəfdaşlarımızdan biri olan İtaliya ilə Strateji Tərəfdaşlıq Sazişi imzalayıb. Avropa İttifaqının aparıcı iqtisadi gücü olan Almaniya Ermənistan-Azərbaycan münaqişəsində neytral mövqe nümayiş etdirdi və rəsmi Berlin ölkəmizin ərazi bütövlüyünü tanıyıb. Bir müddət əvvəl Almaniya Kansleri Angela Merkel ərazi bütövlüyünün pozulmasını qınayaraq bildirmişdi ki, bu, Qarabağ müharibəsinə səbəb olub.

Milli Məclis Sədrinin müavini diqqətə çatdırır ki, Prezident İlham Əliyevin ustalıqla apardığı və beynəlxalq ziddiyyətlərdən milli mənafelərimiz naminə məharətlə istifadə etdiyi yetkin xarici siyasət sayəsində ölkəmizin nüfuzu və bizə olan etimad dünyanın müxtəlif siyasi qütblərində və paytaxtlarında hörmətlə qarşılanır və Azərbaycanla hesablaşırlar. Soçi görüşünün nəticələri bu hörmət və nüfuzun daha bir təzahürüdür.

 

Azərbaycan üzv olduğu bütün təşkilatlarda ən etibarlı tərəfdaş kimi tanınır

 

Milli Məclisin deputatı Məlahət İbrahimqızı isə hesab edir ki, Prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Aşqabadda keçirilən XV Zirvə Toplantısında İƏT-in siyasi-iqtisadi, geosiyasi əhəmiyyətini, ölkəmizin bu təşkilatda daim fəal olduğunu, üzv dövlətlər arasında münasibətlərin dostluq və qarşılıqlı hörmətə əsaslandığını xatırlatdı: “Prezident İlham Əliyev çıxışında ölkəmizdə son illərdə bütün sahələrdə aparılan uğurlu islahatlar, iqtisadiyyatımızın dinamik inkişafı, qlobal maliyyə böhranı və pandemiya mühitində artan xarici sərmayə qoyuluşu, yoxsulluq və işsizliyin səviyyəsinin minimum həddə salınması və əldə olunmuş nailiyyətlərin beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilməsi haqqında məlumatları üzv dövlətlərin rəhbərlərinin diqqətinə çatdırdı. Dövlətimizin başçısı COVID-19 pandemiyasının ilk günündən həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə görülmüş və beynəlxalq təşkilatlar tərəfindən təqdir edilmiş işlərlə bağlı məlumat verdi. “Peyvənd millətçiliyi”ni kəskin tənqid etməklə bərabər, bu xəstəliyə qarşı mübarizədə beynəlxalq aləmdə səylərin səfərbər olunmasının zəruriliyini vurğuladı”.

Deputatın sözlərinə görə, Zirvə toplantısında Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsində qazandığımız Zəfəri, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən 30 ilə yaxın davam edən işğalına son qoyulması, Ermənistanın məğlubiyyət və kapitulyasiya aktını imzalamasına məcbur edilməsi ilə bağlı həmkarlarını bir daha məlumatlandırıb: “Prezident İlham Əliyevin İƏT-in Zirvə toplantısındakı çıxışı Azərbaycan dövlətinin gücünün, nüfuzunun, sürətli inkişafının göstəricisi olmaqla, İƏT çərçivəsində beynəlxalq əməkdaşlığın üzv ölkələr üçün çox faydalı və zəruri ehtiyac olmasının ifadəsi idi”.

 

Gücün, nüfuzun və lider qətiyyətinin göstəricisi

 

Milli Məclisin deputatı Könül Nurullayeva isə deyir ki, Prezident İlham Əliyevin Soçi və Aşqabada səfərləri Azərbaycanın, xüsusən də dövlət başçısının yürütdüyü tam müstəqil, qətiyyətli xarici siyasətin növbəti təntənəsi kimi yadda qaldı.

Deputatın fikrincə, həm Soçidə keçirilən üçtərəfli görüşdə qəbul olunan sənəddə, həm də Aşqabadda İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Görüşünün yekun bəyanatında əksini tapan müddəalar Azərbaycanın dövlət siyasətinə və milli maraqlarına xidmət edir.

Azərbaycanın 1992-ci ildən İƏT-lə fəal əməkdaşlıq etdiyini söyləyən deputatın sözlərinə görə, təşkilata üzv dövlətlərlə münasibətlər dostluq və qarşılıqlı hörmətə əsaslanır. Ümumiyyətlə, İƏT-in üzvü olan ölkələr bir neçə beynəlxalq platformada, xüsusən də İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı çərçivəsində sıx əməkdaşlıq edirlər.

Prezident İlham Əliyevin Türkmənistanda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Görüşündə iştirakı və səfər çərçivəsində təşkilata üzv dövlətlərin liderləri ilə keçirdiyi təkbətək görüşlər isə olduqca əhəmiyyətli hadisələr kimi tarixə yazıldı:

“Azərbaycan üzv olduğu bütün təşkilatlarda birləşən dövlətlərlə həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlıqda ən etibarlı tərəfdaş kimi tanınır. Bu etimadın nəticəsidir ki, İqtisadi Əməkdaşlıq Təşkilatının Aşqabad Bəyannaməsində üzv dövlətlər Azərbaycanın 44 günlük Vətən müharibəsindəki şanlı Zəfərinə görə ölkəmizi təbrik etdilər və respublikamızla işbirliyində maraqlı olduqlarını bildirdilər. Burada maraqlı bir məqam da var. İƏT-in üzvü olan 3 ölkə - Qazaxıstan, Qırğızıstan və Tacikistan həm də Ermənistanın təmsil olunduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvləridirlər. Yəni bu 3 ölkənin digər üzv dövlətlərlə birlikdə Azərbaycanı ərazi bütövlüyünün bərpası münasibətilə təbrik etməsi ölkəmizlə olan münasibətlərə verilən yüksək əhəmiyyətlə yanaşı, Ermənistana olan münasibəti də əks etdirir. Bəlli olur ki, Ermənistan hətta təmsil olunduğu hərbi-siyasi blokda belə heç bir dəyərə malik deyil”. 

Deputatın fikrincə, bəyannamədə Azərbaycan xalqı və hökumətinə 30 illik işğala son qoyulması ilə bağlı ünvanlanan təbrik təsadüfi deyil. Bu, ölkəmizin beynəlxalq nüfuzuna, Azərbaycan xalqının mübarizə əzminə, Prezident İlham Əliyevin qətiyyətli və uzaqgörən siyasətinə, diplomatik məharətinə verilən yüksək dəyərdir. Azərbaycan dövlətinin beynəlxalq hüququn norma və prinsiplərinə söykənən ədalətli mövqeyinin dəstəklənməsidir: “Əminliklə deyə bilərəm ki, Prezident İlham Əliyevin İƏT-in Zirvə toplantısındakı çıxışı Azərbaycan dövlətinin gücünün, nüfuzunun, sürətli inkişafının göstəricisi və lider qətiyyətinin ifadəsi idi”.

 

Rəşad BAXŞƏLİYEV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video