28 May 2022 02:20
657
SİYASƏT

Müstəqil siyasətin tarixi nailiyyətləri

 

Qlobal əhəmiyyətli tarixi proseslər siyasət adamlarını yenidən kəşf etmək, onların liderlik keyfiyyətlərini aydın görmək üçün geniş imkanlar yaradır. Azərbaycanın zəfəri ilə tamamlanmış Vətən müharibəsinə qədər xalqımız İlham Əliyevi qurucu rəhbər, ölkəmizi tarixinin ən qüdrətli mərhələsinə yetirmiş lider, regionun gələcək inkişafı ilə bağlı aydın hədəfləri olan qətiyyətli siyasi xadim, Azərbaycanın milli maraqlarını hər yerdə qətiyyətlə qorumağı bacaran mahir diplomat kimi tanıyıb rəğbət bəsləyirdi. Vətən müharibəsindəki qələbə isə Ali Baş Komandan İlham Əliyevi bütün dünyada müzəffər sərkərdə kimi şöhrətləndirdi. Son illərin qlobal siyasi prosesləri, Azərbaycan Prezidentinin bu proseslərdə tutduğu mövqe, oynadığı rol, apardığı təhlillər, irəli sürdüyü təşəbbüslər dövlət rəhbərimizin zəmanəsinin ən parlaq liderlərindən olduğunu göstərir. Ən mühümü isə tutduğu müstəqil yolla, sarsılmaz qətiyyətilə bütün təhdid və təzyiqləri dəf etmək əzmini, ölkəmizi böyük hədəflərə doğru apardığını sərgiləyir.

 

ABŞ-ın Azərbaycana verdiyi yüksək dəyər

 

Azərbaycan Prezidenti hazırkı gərgin dünyamızda apardığı müstəqil siyasətlə ölkəmizin milli-strateji inkişaf xəttini uğurla həyata keçirir. Ölkəmizə böyük tarixi nailiyyətlər qazandırmaqla yanaşı, bir çox qlobal problemlərin aradan qaldırılmasına, bəşəriyyət üçün daha gözəl bir dünyanın qurulmasına mühüm töhfələrini verir. Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Baydenin 28 May Müstəqillik Günü ərəfəsində Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda yazılanlar dövlət rəhbərimizin regional və qlobal proseslərdə oynadığı rolun, şəxsiyyətinə verilən önəmin daha bir təsdiqidir.

ABŞ Prezidentinin məktubunda 30 illik böyük bir dövr ərzində ABŞ-ın enerji mənbələrinin şaxələndirilməsi və beynəlxalq təhlükəsizlik istiqamətində Azərbaycanla əməkdaşlığa verdiyi yüksək dəyər ifadə olunur. Avropa və dünya bazarlarının təhlükəsizliyinin təmin edilməsində və sabitləşdirilməsində ölkəmizin enerji resurslarının önəmli rolunun mühüm əhəmiyyəti öz əksini tapır. Dövlət rəhbərimizin müstəqil mövqeyi, bütün məsələlərdə daim haqqın-ədalətin yanında olması baxımından məktubun ən maraqlı məqamlarından biri də Azərbaycanın Ukrayna məsələsində tutduğu mövqe ilə bağlı yazılanlardır. ABŞ Prezidenti Azərbaycanın Ukraynanın suverenliyinə verdiyi dəstəyi, bu ölkəyə humanitar yardımını  yüksək qiymətləndirir. Eləcə də Azərbaycanın terrorizmə qarşı qlobal mübarizəyə yönələn əhəmiyyətli töhfələri təqdir edir.

Prezident C.Baydenin məktubunda hazırkı vəziyyətin Cənubi Qafqazda davamlı sülhə nail olmaq üçün gözəl imkan kimi qiymətləndirməsi də çox mühüm mesajdır. Bu o deməkdir ki, ABŞ Azərbaycanın zəfərindən sonra regionumuzda yaranmış yeni tarixi reallığı qəbul edir, dəstəkləyir və Cənubi Qafqazda əbədi sülh, təhlükəsizlik və inkişaf mühitinin təmin edilməsi üçün sülhə yönəlik proseslərin davam etdirilməsi istəyindədir.

Ağ ev rəhbərinin Prezident İlham Əliyevə məktubunda da göstərildiyi kimi, ABŞ-ın Azərbaycan və Ermənistan arasında diplomatik təmasların intensivləşdirilməsinin bütün Qafqaz və trans-Xəzər regionunun çiçəklənməsinə imkan verəcəyi qənaətində olması və bu anlamda ölkəmizin sülh təşəbbüslərini dəstəkləməsi, iqtisadi, nəqliyyat və insanlararası əlaqələrin qurulması istiqamətində gördüyü işlərə kömək etməyə hazır olması da buna dəlalət edir.

ABŞ Prezidentinin məktubunda həmçinin hazırkı dövrdə cərəyan edən proseslərin mürəkkəb xarakterini nəzərə almaqla Amerikanın Azərbaycanın müstəqilliyi və suverenliyinə öz dəstəyini bir daha təsdiq etməsi bəyan olunur. ABŞ-ın qarşıdan gələn illər və onilliklərdə ölkəmizlə münasibətləri daha da genişləndirmək arzusu vurğulanır.

ABŞ Prezidentinin bu müraciəti dövlətimizə, xalqımıza verilən mühüm dəyərin, həm də qarşılıqlı əlaqələrin inkişafının önəminin ifadəsidir. Bununla yanaşı, Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasətə olan yüksək qiymətin, ölkə rəhbərimizin qlobal çevrələrdəki böyük nüfuzunun, qətiyyətinin, Azərbaycanla əlaqələrin ABŞ və digər böyük güclər üçün hər zaman əhəmiyyətliliyini qoruyub saxlamaq qabiliyyətinin daha bir təzahürüdür. 

 

Azərbaycan Cənubi Qafqazın gələcəyinin qarantıdır

 

Bu gün beynəlxalq siyasi-iqtisadi müstəvidə gələcəyə aydın nəzərlərlə baxan hər kəs - liderlər, beyin mərkəzləri, siyasi və akademik çevrələr Azərbaycanı Cənubi Qafqazın gələcəyinin, bu bölgədə sülh və əməkdaşlıq mühitinin qarantı kimi görür. Bu faktdır və Azərbaycanın illər ərzində yaradıb formalaşdırdığı, Vətən müharibəsindəki zəfərlə də nidasını qoyduğu tarixi reallıqdır. Dövlət rəhbərimizin yürütdüyü müstəqil siyasətdən, müasir çağırışlara uyğun çevik qərarlar verərək zamanında həyata keçirmək əzmindən, vəziyyətlərə hazırlıq və imkanlardan istifadə məharətindən, eyni zamanda qonşularla sıx faydalı əməkdaşlıq, sülh, bir-birinin ərazi bütövlüyünə, dövlət maraqlarına hörmət arzusundan yaranmış bu reallıqda Ermənistanın yeri xeyli suallar doğurur. Məlumdur ki, son onilliklərdə, hətta daha geniş götürsək, XX əsrin əvvəllərində tarixi torpaqlarımızda Ermənistan dövləti yaranan vaxtlardan bu dövlətin ideoloji təməlləri əsasən işğal və onun legitimləşdirilməsi üzərində qurulmuşdu. Azərbaycanın Vətən müharibəsindəki qələbəsi bu təməlləri sarsıtdı. Ermənistanın və dünya erməniliyinin onilliklərdir ki, bəşəriyyətə yaydığı saxta mifləri puça çıxardı. İndi Ermənistanın bölgədəki mövcud reallıqları nəzərə alan yeni hədəflər müəyyən etməsi zəruridir.

Məlumdur ki, Ermənistan saxta miflərə söykənərək daha bölgədə təcrid olunmuş vəziyyətdə yaşamaqda davam edə bilməz. Bu ölkənin gələcəyi qonşularla normal münasibətlərdən asılıdır. Digər tərəfdən, qlobal proseslər Azərbaycanın təşəbbüskarı olduğu enerji-kommunikasiya layihələrinin beynəlxalq önəmini daha da artırır. Dünya bu imkanlardan daha geniş şəkildə faydalanmağa çalışır. Beynəlxalq dairələr Ermənistanın uydurma iddiaları, mənasız kin-küdurəti üzündən dünya iqtisadiyyatı üçün böyük imkanların, əlverişli marşrutların əldən çıxmasına, yaxud risk altına düşməsinə daha etinasız yanaşmaq fikrində deyil. Ona görə də indi Ermənistanın yeganə yolu regiondakı inkişaf axınına qoşulmaqdır. Bunun üçün isə qonşularla münasibətlər normallaşdırılmalıdır. Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarına son qoyulmalıdır. Ermənistan Cənubi Qafqazda üçtərəfli səviyyədə qarşılıqlı təmasdan çəkinməməlidir. Regional inkişafın bir hissəsi olması, bölgənin həyatına fəal inteqrasiya üçün əməkdaşlığın, konstruktivliyin önəmini anlaması, yeni reallıqları nəzərə alan, revanşizmə yol verməyən siyasət yürüdülməsi Ermənistan üçün yeganə xilas kəməridir.

 

Sülh və inkişaf arzusu

 

Münaqişənin insan itkilərinə yol vermədən, sülh yolu ilə həlli üçün qonşu ölkənin işğalçı mövqeyinə illər ərzində dözüm göstərən, sülh danışıqlarına sadiq qalan, yalnız bu danşıqların heç bir perspektivinin qalmadığına tam əmin olandan sonra hərbi yolla torpaqlarını cəmi 44 gün ərzində işğaldan azad edən və hətta hərbi əməliyyatların gedişində də yenə insan itkilərinin qarşısını almaq üçün Ermənistana dəfələrlə torpaqlardan çıxmaq üçün konkret qrafik verməsini təklif edən Azərbaycan öz konstruktivliyini postmünaqişə dövründə də qoruyur. Qafqazda sülh və əməkdaşlıq erasını fəal şəkildə təşviq edir.

Azərbaycanın açıq bəyan etdiyi sülh gündəliyi və gələcək əməkdaşlığa dair təşəbbüsləri Cənubi Qafqazda regional inkişaf üçün yeni imkanların yaradılmasına yönəldilib. Bu, təkcə Azərbaycan və Ermənistana deyil, ümumiyyətlə, Cənubi Qafqaza aid məsələdir.

Dövlət rəhbərimiz çıxışlarında bu məsələlərlə bağlı aydın izahlar verir, Azərbaycanın konstruktiv mövqeyini dünya ictimaiyyətinin diqqətinə çatdırır. Öz prinsiplərini ortaya qoyur. Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi təcrübəsinin ləyaqət, ərazi bütövlüyü və ədalət naminə bütün ölkələr üçün əhəmiyyətli olmasının zəruriliyini göstərir. Heç vaxt işğalla barışmamağı, öz resurslarına bel bağlamağı, müstəqil siyasətin önəmini əsas prinsiplər olaraq irəli sürür. Azərbaycanın bütün münaqişələrin həllində beynəlxalq hüququn müddəalarını rəhbər tutduğunu vurğulayır.

Azərbaycan son onilliklərdə bütün dünyada multikulturalizmi, tolerantlığı, fərqli mədəniyyətlər arasında qarşılıqlı hörmət mühitini təşviq edən aparıcı ölkələrdəndir. 2008-ci ildən Azərbaycanın təşəbbüsü ilə başlanmış "Bakı prosesi" bu istiqamətdə böyük uğur qazanıb. Çoxmillətli ölkə olan Azərbaycanın tarixi təcrübəsi, əsrlərlə formalaşmış milli ənənələri xalqlar arasında sülhün əldə olunmasına aydın istiqamətlər verir. Əlbəttə, müharibənin ağrı-acılarını unutmaq, vurduğu yaraları sağaltmaq hər iki tərəf üçün çox çətindir və heç mümkün də deyil. Amma bu faciələrin gələcəkdə bir daha təkrarlanmaması üçün xalqlar barışa ortaq imkanlar tapıb onlardan faydalanmağı bacarmalıdırlar. Kin-küdurəti unudub gələcəyə baxmalıdırlar. Bu, bütün dünyada müharibə aparan xalqlar arasında tarixən belə olub. Faciələri yadda saxlamaq, unudulmağa qoymamaq isə qarşılıqlı nifrət üçün deyil, əksinə, tarixin ibrət dərslərindən nəticə çıxarmaq, sülhü qorumaq üçün lazımdır.

Coğrafiya, qonşuluq bir taledir. Bu taleyə uyğun birgəyaşayış qaydalarını müəyyənləşdirmək zəruridir. Dövlət rəhbərimizin apardığı müstəqil siyasət, postmünaqişə dövrünün reallıqlarını təmkinlə, bölgənin gələcəyini aydın nəzərlərlə dəyərləndirməsi, qonşuluq məsələlərinə baxışları bu qaydalar əsasında regionda gözəl bir inkişaf mühitinin təmin olunmasına imkanlar yaradır.

Qarabağda yaşayan erməniləri öz vətəndaşları kimi qəbul etdiyini, dövlətimizin onların bütün hüquqlarını və təhlükəsizliklərini təmin etməyə hazır olduğunu hər zaman bəyan edib. Qarabağda yaşayan ermənilər Azərbaycan dövlətində özlərini daha təhlükəsiz və rahat hiss edə bilərlər. Bunun üçün onlar ilk növbədə separatizm meyillərinə son qoymalı, reallıqları anlamalıdırlar. Xəritəyə, coğrafiyaya nəzər yetirməlidirlər. Başa düşməlidirlər ki, yüz minlərlə azərbaycanlı ən yaxın gələcəkdə Kəlbəcərə, Laçına, Şuşaya, Ağdama qayıdacaq və onlar belə bir mühitdə, qonşuluq şəraitində yaşamalı olacaqlar. Son vaxtlar Qarabağdakı ermənilərdən Azərbaycana müsbət mesajların daxil olması onlar arasında artıq bu həqiqətləri anlamağa başlayanların sayının artmasına dəlalət edir.

 

Avropa İttifaqının rolu təqdirəlayiqdir

 

Azərbaycanla Ermənistan arasında ictimai diplomatiya imkanlarından istifadə otuz illik münaqişə dövrünün psixoloji maneələrinin tədricən aradan qalxmasına, iki xalqın yaxınlaşaraq gələcəyə birgə baxmasına, xüsusilə Ermənistanda hökm sürən nifrət və revanşizm iddialarının qarşısının alınmasına böyük fayda verə bilər. Azərbaycan dövləti Avropa İttifaqının, ABŞ və Rusiyanın dəstəyi ilə bu cür təmasların olmasını, müxtəlif görüşlərin keçirilməsini, tərəflərin bütün səviyyələrdə danışıqlara başlamasını zəruri sayır. Bununla bağlı konstruktiv mövqeyini ortaya qoyur.

Avropa İttifaqının Ermənistan və Azərbaycan üçün ayırdığı maliyyə paketlərinin bir hissəsi də əlaqələrin qurulmasına və insanlar üçün daha yaxşı imkanların yaradılmasına sərf oluna bilər. Ümumiyyətlə, postmünaqişə dövründə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesində Avropa İttifaqının rolu təqdirəlayiqdir. Avropa İttifaqının bu mövqeyi səbəbsiz deyil. Azərbaycanın bu təşkilatla münasibətlərində məqsədyönlü, praqmatik davranışlarının, strateji önəminin, regionun gələcəyi ilə bağlı aydın hədəflərinin qarşılığıdır. Eyni zamanda Azərbaycanın tutduğu müstəqil mövqeyə, yürütdüyü siyasətə, regionda həqiqətən sülhün, davamlı inkişafın təmin olunması ilə bağlı səmimi istəklərinə verilən dəyərin ifadəsidir.

Azərbaycan öz məqsədyönlü, müstəqil siyasətinə uyğun olaraq dünyanın əksər aparıcı qurumları kimi Avropa İttifaqı ilə münasibətlərini də ehtimallarla deyil, praqmatizm, qarşılıqlı fayda və maraqlar üzərində qurur. Ölkəmiz regionda sülh və davamlı inkişaf arzuladığı kimi, Avropa İttifaqı da öz sərhədlərində sabitlik istəyir. Azərbaycanın enerji potensialı, nəqliyyat-kommunikasiya infrastrukturu bu nüfuzlu təsisat üçün son dərəcə maraqlıdır. Ümumiyyətlə, ortaya qoyduğu mövqe Avropa İttifaqının yeni reallıqları tam qəbul etdiyini göstərir. Azərbaycan da Avropa İttifaqı ilə yaxın münasibətlərin qurulmasının tərəfdarıdır. Qarşısına üzvlük kimi qeyri-real hədəflər qoymur. Müasir texnologiyalara, Avropanın enerji bazarına daha geniş çıxış imkanlarına can atır. Bu da, Avropanın enerji strategiyası ilə tamamilə uzlaşır. Azərbaycan Avropa İttifaqının Cənubi Qafqaz ölkələrinə eyni bucaq altında yanaşmasını istəyir. Bu baxımdan, Avropa İttifaqının postmünaqişə dövründə tutduğu mövqe, danışıqlar prosesində oynadığı rol təşkilat haqqında müsbət rəylər yaradır. Bu məqamı Azərbaycan Prezidenti son çıxışlarında da xüsusi vurğulayıb. Dövlət rəhbərimizin belə yüksək qiyməti Avropa İttifaqının ədalətli vasitəçi olmasına, normallaşma prosesində fəal rol oynamasına obyektiv münasibətindən irəli gəlir.

Bütün bunlar bir daha Azərbaycanın müstəqil siyasətini, regionun gələcəyi ilə bağlı səmimi niyyətlərini, heç bir ölkəyə, beynəlxalq təşkilata qarşı qərəzli mövqedə olmamasını göstərir. Azərbaycan sadəcə Qafqazda daimi sülhün olmasını həqiqətən istəyənlərlə, buna çalışanlarla ATƏT-in Minsk qrupu kimi illəri boşa verib münaqişəni gələcəyə ötürməyə çalışanları bir-birindən ayırır. Onların hər birini dünyaya öz əməli, əldə etdiyi nəticə, yaxud nəticəsizliklə təqdim edir. Fikrimizcə, dünyadakı gələcək proseslər üçün bütün bu təcrübələr son dərəcə önəmlidir.

Əfsuslar olsun ki, bu proseslərdə mənfi təcrübə formalaşdıran təkcə ATƏT-in Minks qrupu deyil. Bu, UNESCO təşkilatına da aiddir. Dünyada mədəni irsin qorunub saxlanmasını öz fəaliyyət prioriteti elan etmiş UNESCO 30 illik işğal dövründə  Ermənistanın Azərbaycan xalqına məxsus mədəni irsi dağıtmasına göz yumub. "Siyasi məsələlərlə məşğul olmamaq" bəhanəsi ilə həmin ərazilərə missiya göndərməkdən imtina edib. Torpaqlarımız işğaldan azad edildikdən sonra isə bu təşkilatın  fəallaşması və "erməni tarixi irsinin" müdafiəsinə qalxması müşahidə edilir. Bu hallar UNESCO kimi təşkilatların da öz prinsiplərindən uzaq düşdüyünü, əslində mədəni irsi deyil, erməni vandalizmini müdafiə mövqeyində dayandığını və qeyri-obyektivliyə yol verdiyini göstərir.

 

Milli maraqların müəyyən etdiyi inkişaf yolu

 

Azərbaycanın müstəqil xarici siyasəti xalqımızın milli maraqlarına əsaslanır və maksimal nailiyyətlərin əldə olunmasına yönəlib. Azərbaycan regionda təhlükəsizlik və əməkdaşlıq məsələlərinə bu günümüz və sabahımız prizmasından yanaşır, bütün qonşularla xoş münasibətlərə malikdir. Azərbaycanla Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsi iki ölkə arasında əməkdaşlıq və qardaşlığın mahiyyətini əks etdirir. Azərbaycanla Rusiya arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında bəyannamə də ölkəmizin strateji maraqlarına əsaslanır. Bütün bunlar ümumilikdə Cənubi Qafqaz regionunda sülhə və davamlı inkişaf mühitinə xidmət edir. Bu gün regionun gələcək inkişaf mənzərəsini Azərbaycan müəyyənləşdirir.

On il sonranın Cənubi Qafqazında Azərbaycan daha da güclü olacaq. Sülh arzusunun reallaşması istiqamətində göstərilən səylər nəticəsində həmin vaxta kimi Ermənistanla olan anlaşılmazlıqlar, problemlər öz həllini tapacaq. Cənubi Qafqaz regionunda möhkəm inteqrasiya prosesləri gedəcək və üç Cənubi Qafqaz ölkəsi arasında sıx əməkdaşlıq yaranacaq. İndiyə qədər bir çox regional layihələrin müəllifi kimi Türkiyə və Gürcüstan arasında üçtərəfli əməkdaşlıqda mühüm rol oynamış Azərbaycan güclü iqtisadi potensiala malik ölkə, sərvət və sabitlik yaradıcısı kimi bu prosesdə liderliyi öz üzərinə götürəcək.

Azərbaycanın Çinlə münasibətlərinin strateji xarakteri, ölkəmizin "Bir kəmər - bir yol" layihəsində iştirakı, müasir enerji strategiyasının parlaq nəticələri və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında ölkəmizin getdikcə artan rolu, eləcə də bərpaolunan enerji potensialı, dünyanın aparıcı şirkətləri ilə bu istiqamətdə görülən işlər də Prezident İlham Əliyevin apardığı müstəqil siyasətin tarixi nailiyyətləridir.

Bütün bunlar dövlət başçımızın da bəyan etdiyi kimi nəyi, necə və nə vaxt etməyi gözəl bilən, hər sözünə imzası qədər dəyər verən və bunu əməldə sübuta yetirən qətiyyətli liderin gələcəklə bağlı təsvir etdiyi və addım-addım reallığa çevirdiyi aydın mənzərədir. Azərbaycanın yeri bu mənzərədə daha da qüdrətli görünür.

 

İradə ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video