26 Dekabr 2021 01:07
1493
SİYASƏT

Müstəqil siyasət etibarlı və uğurlu gələcəyin təminatıdır

 

İlham Əliyevin yeni inkişaf konsepsiyası Azərbaycanı daha  yüksək zirvələrə aparır

 

Müstəqilliyinin bərpasının 30-cu ildönümündə heç vaxt indiki kimi güclü, qüdrətli və istiqrarlı olmayan Azərbaycan dünya düzənində özünəməxsus yer tutan ölkəyə çevrilib. Bunun səbəbləri bəllidir - iqtisadi yüksəliş, müstəqil siyasət.

Son 18 ildə Azərbaycanın əldə etdiyi nailiyyətləri inkişaf etməkdə olan ölkələrin əksəriyyəti bəlkə də heç 50 ildə qazana bilməyiblər. Onu da nəzərə almalıyıq ki, Azərbaycan bu uğurları torpaqlarının 20 faizi işğalda, bir milyon məcburi köçkünü olduğu zamanda əldə edib.

 

İkili standartlar, qətiyyətli siyasət, hücum diplomatiyası

 

Bu da reallıqdır ki, məhz belə bir vəziyyətdə olan ölkə haqq səsini dünyaya yaymaq istəyərkən əvəzində ikili standartlar prinsipinə məruz qalırdı. Hər tərəfdən Azərbaycana təzyiqlər göstərilir, uydurma hesabatlarla ləkə yaxmağa çalışırdılar.

Ancaq ölkənin müdrik rəhbəri Prezident İlham Əliyev bütün bu hücumların qarşısını qətiyyətlə alır, ən mötəbər beynəlxalq tribunalardan, kürsülərdən Azərbaycanın haqlı mövqeyini dünyaya çatdırmaqla prinsipial siyasəti, hücum diplomatiyası ilə bütün bunlara qalib gəldi. İqtisadi islahatlar, qeyri-neft sektorunun inkişafı Azərbaycan iqtisadiyyatını getdikcə gücləndirdi. İlham Əliyevin qlobal təşəbbüsləri ilə ölkəmiz bir çox transmilli layihələrə qoşuldu. Getdikcə güclənən Azərbaycan etibarlı tərəfdaşa, Avropanın enerji təhlükəsizliyinin təminatçısına çevrildi. İlham Əliyevin müstəqil siyasəti Azərbaycanı beynəlxalq təşkilatların ən fəal üzvünə çevirdi.

Son illər ölkəmizdə görülən əzəmətli işlər, Azərbaycanın qısa müddət ərzində Qafqazın lider dövlətinə çevrilməsi, beynəlxalq nüfuzunun artması, dünya dövlətləri sırasında özünə layiqli yer tutması, ən nəhayət, 30 illik Qarabağ həsrətinə son qoyulması tarixi gerçəkliklərdir. Qazanılan bütün bu uğurlarda İlham Əliyev qətiyyətini xüsusi vurğulamaq lazımdır. 

Bəs İlham Əliyev necə etdi ki, Azərbaycan tarixinin ən qüdrətli dövlətinə çevrildi? 

Xalqdan etimad mandatı aldıqdan sonra uzaqgörən, kreativ ideyalara sahib olan Prezident yeni inkişaf strategiyası müəyyənləşdirdi. Respublikanın hər bir bölgəsinə səfər edərək yerlərdəki problemlərlə maraqlandı, əhalinin vəziyyətini öyrəndi və bundan sonra regionların sosial iqtisadi inkişafına dair dövlət proqramları təsdiqlənib icra olunmağa başladı. Hər bir regionda yeni-yeni infrastrukturlar yaradıldı. Zavodlar, müəssisələr, sənaye park və məhəllələri açıldı. Azərbaycanı cəlbedici investisiya məkanına çevirdi. İnvestorlar üçün yaradılan münbit şərait get-gedə onların sayının və sərmayələrinin artmasına səbəb oldu.

Ötən 18 ildə Azərbaycan Prezidentinin gördüyü fantastik işlər ona təkcə ölkə daxilində deyil, beynəlxalq aləmdə də böyük şöhrət qazandırdı. Sadəliyi, səmimiliyi, milli təəssübkeşliyi, böyük vətəndaşlığı, Azərbaycan sevgisi, vətəninə, xalqına sədaqəti, qətiyyəti, prinsipiallığı, insanlara canyanğısı ilə yanaşması İlham Əliyevə ümumxalq sevgisi qazandırdı.

 

Əsl vətənpərvər, qlobal miqyaslı təşəbbüslər müəllifi

 

Bu illər ərzində İlham Əliyev həqiqətən də hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunu əməli işləriylə sübut etdi. İmzaladığı fərman və sərəncamlarla, praqmatik qərarlarla, həyata keçirdiyi islahatlarla ölkəmizin dinamik inkişafını, çiçəklənməsini tərəqqisini təmin edən İlham Əliyev ağıllı, yaradıcı, qurucu dövlət xadimi olduğunu bir daha nümayiş etdirdi.

Ölkədə sabitliyi, dinamik inkişafı təmin etmək üçün, ilk növbədə, vətəndaş həmrəyliyi, qarşılıqlı münasibətləri normallaşdıran, cəmiyyətdə sağlam iqlim yaradan Prezident insanlar arasında dövlətə, dövlətçiliyə inam, etibar hissini yaratdı. İnsanlarda öz ölkəsini sevmək, onun uğrunda döyüşmək, onunla qürur duymaq, Vətənin sərhədlərini göz bəbəyi kimi qorumaq hissi, duyğusu yaratdı. Bu, İlham Əliyevin ən parlaq qələbəsi idi. Çünki qazanılan bütün qələbələrin başında sabaha, gələcəyə inam hissi dayanırdı.

İlham Əliyevin prezidentliyi dövründə Azərbaycan balanslaşdırılmış xarici siyasət kursunu davam etdirməklə həm də Ulu Öndər Heydər Əliyevin məqsədyönlü xarici siyasət kursunun davam etdiyini göstərdi. Qətiyyətli və prinsipial siyasət yürüdən Prezident xarici siyasətdə vətənpərvərlik, təşəbbüskarlıq, müasir dünya siyasətinin incəliklərinə bələd olduğunu nümayiş etdirərək, həm də bacarıqlı, istedadlı, mahir diplomat olduğunu bir daha sübut etdi.

Bütün müqavimətlərə baxmayaraq tarixi İpək yolunu bərpa etmək üçün Azərbaycan Prezidenti əsl xarakter qətiyyətini, müstəqil dövlətin başçısı olmaq gücünü göstərdi, Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin çəkilməsinə nail oldu. Bu strateji qərar ilə türk dünyasını bir-birinə dəmir bağlarla bağlayan İlham Əliyev həm də “dəmir xarakteri”ni ortaya qoydu. Bu uğurlu layihə Azərbaycanı bir daha dəmir tellərlə Asiyaya, Avropaya bağladı. İlham Əliyev XXI əsrin iqtisadi möcüzələrindən sayıla biləcək “Cənub qaz dəhlizi” layihəsinin uğurla reallaşması üçün bütün imkanlardan istifadə etdi.

İşğalçı Ermənistanın yalan, iftira, şər-şəbədə dolu hay-küylü siyasətini əməli işlərlə puça çıxaran Prezident İlham Əliyev dünyanın ən yüksək, mötəbər tribunalarından xalqının haqq səsini bəyan etdi.

Dövlət başçısı inkişaf tempi ilə dünyanı heyrətdə qoyan, Avropanın ən gözəl şəhərlərindən birinə çevrilən Bakı şəhərindəki işgüzar atmosferi regionlara köçürdü. Respublikanın rayonlarına ardıcıl səfərləri, verdiyi sərəncamlar ölkəmizin hər bir guşəsini gözəllik diyarına çevirdi. Yeni yolların çəkilməsi, sosial obyektlərin istifadəyə verilməsi, parkların, xiyabanların salınması, məktəblərin, bağçaların öz qapılarını balalarımızın üzünə açması, yeni idman meydançalarının, olimpiya komplekslərinin gənclərimizin istifadəsinə verilməsi bu ağıllı, vətənpərvər dövlət xadiminin xalqa nə qədər yaxın, doğma, əziz olduğunun bariz nümunəsi idi.

Prezident İlham Əliyevin ölkəmizdə səhiyyənin, təhsilin, mədəniyyətin inkişafına diqqət və qayğısı bu sahələrdə sözün əsl mənasında inqilabi dəyişikliklərə səbəb olub, gəncliyin qarşısında geniş üfüqlər açıb. Dövlət başçısının 18 ildə gördüyü əzəmətli, möhtəşəm işlər doğrudan da hər bir azərbaycanlıda qürur, fəxarət hissi doğurur.

 

18 ildə kosmik dövlətə çevrilən Azərbaycan

 

İlham Əliyev daim məmurları sadə olmağa, vətəndaşların xidmətində layiqli dayanmağa çağırıb, vətəndaşlara yüksək xidmətin təmin olunması məqsədilə əməli fəaliyyət göstərməyi tapşırıb. Bu sırada Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN xidmət” mərkəzlərinin yaradılması şəffaflığın təmin olunması və vətəndaşlara yüksək xidmət göstərilməsi ilə bağlı ən gözəl nümunədir.

Son 18 ildə İlham Əliyev Azərbaycanı dünyanın kosmik üzvünə də çevirdi. “Azerspace-1”, “Azersky” və “Azerspace-2” peyklərini kosmosda uğurlu fəaliyyətinə nail olumaqla ölkəmiz dünyada az sayda orbitdə peyki olan ölkələr sırasına daxil olub.

Maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində atılan ardıcıl addımlar nəticəsində Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında yer aldı. 27 sentaybr 2020-ci il əks-həmlə əməliyyatından sonra isə Azərbaycan Ordusunun apardığı əməliyyatlar unudulmaz tarixdir. 30 illik işğala 44 gün ərzində son qoyan Ali Baş Komandan İlham Əliyev adını tariximizə son iki yüz ildə işğal edilmiş torpaqlarımızı düşməndən hərbi gücü ilə geri alan böyük sərkərdə kimi yazdırdı.

BMT-dən sonra dünyada ən böyük siyasi qurum olan Qoşulmama Hərəkatına sədrlik edən Azərbaycan Prezidenti İlham Əliyevin bu quruma sədrlik müddətinin daha bir il artırılması onun qlobal liderlik səylərinə verilən yüksək dəyərdir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə aparılan uğurlu islahatlar, əldə olunan nəticələr xalqın daha xoş sabaha olan inamını qat-qat artırır, Heydər Əliyevin memarı olduğu müasir Azərbaycanın etibarlı əllərdə olduğuna möhkəm əminlik yaradir.

Cənab İlham Əliyev Ulu Öndərin siyasi-ideoloji kursunu layiqincə davam etdirməklə, Azərbaycanın inkişaf strategiyasını uğurla həyata keçirməklə, müstəqilliyimizi möhkəmləndirməklə, dövlətçiliyimizi qüdrətləndirməklə Heydər Əliyevin ideyalarını yaşadır, inkişaf etdirir, ölkəmizi aydın sabahlara aparır.

Reallığı düzgün qiymətləndirmək bacarığı, praqmatikliyi, işgüzarlığı, səmimiliyi, xalqına, millətinə, Vətəninə sevgisi, qətiyyətliliyi, məqsədə doğru inamla irəliləməsi cənab İlham Əliyevə xalqın rəğbət hissini artıran ən mühüm mənəvi keyfiyyətlərdir.

18 ildə gerçəkləşdirilməsi inanılmaz görünən nailiyyətlər deməyə əsas verir ki, Prezident İlham  Əliyevin müəllifliyi ilə Azərbaycanın çağdaş tarixinin şanlı səhifələri yazılır.

 

Rəşad BAXŞƏLİYEV,

“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video