12 Dekabr 2021 00:56
1212
SİYASƏT

Müstəqil mübarizənin manifesti

 

SSRİ-nin rəhbəri Mixail Qorbaçovun və Azərbaycan KP MK-nın birinci katibi vəzifəsində işləmiş Əbdürrəhman Vəzirovun yarıtmaz siyasəti nəticəsində 1990-cı ildə baş vermiş qanlı 20 Yanvar faciəsi respublikada ağır və mürəkkəb bir vəziyyətin yaradılması ilə nəticələnmişdir.

Azərbaycan xalqına qarşı qanlı terror hadisəsi həyata keçirilmişdir. Qeyd etmək lazımdır ki, Sovet İttifaqı rəhbərliyinin Gürcüstanda və Pribaltikada həyata keçirdiyi terror hadisələri ilə müqayisədə Azərbaycanda baş vermiş 20 Yanvar faciəsi daha genişmiqyaslı və ağır nəticələri olan faciə idi. İkincisi, 20 Yanvar hadisəsi zamanı həm də respublikanın əsas informasiya mərkəzi olan Dövlət-Radio və Televiziya Verilişləri Komitəsinin yayım mərkəzinin dağıdılması ilə Azərbaycan informasiya blokadası vəziyyətinə salınmışdı. Üçüncüsü isə, Sovet İttifaqı rəhbərliyinin dəstəyi ilə həm Ermənistan tərəfi, həm də sovet informasiya mərkəzləri Azərbaycanda həyata keçirilmiş qanlı terror hadisəsini məkrli şəkildə ört-basdır etmək, yaxud da pərdələmək üçün yalan məlumatların yayılması işini təşkil etmişdilər.

Bu zaman yalnız Naxçıvan Muxtar Respublikasının radio və televiziyası özünün məhdud imkanları çərçivəsində Bakı şəhərində baş vermiş 20 Yanvar hadisəsi ilə əlaqədar Türkiyə Cümhuriyyətinin və İran İslam Respublikasının sərhəd rayonlarına xəbərlər çatdıra bilmişdi. Bu isə sovet rəhbərliyinin Bakıda törətdiyi cinayət hadisəsini dünyaya olduğu kimi çatdırmaq üçün yetərli hesab oluna bilməzdi.

Bütün bunlara görə görkəmli dövlət xadimi Heydər Əliyevin 21 yanvar 1990-cı il tarixində Azərbaycan Respublikasının Moskva şəhərindəki daimi nümayəndəliyinə gələrək, qanlı 20 Yanvar hadisəsi ilə əlaqədar xüsusi bəyanatla çıxış etməsi bir neçə cəhətdən zəruri və əhəmiyyətli olan siyasi-tarixi hadisə idi. Əvvəla, beynəlxalq aləmdə böyük nüfuza malik olan Heydər Əliyevin Azərbaycanın Moskva şəhərindəki daimi nümayəndəliyinə gedərək burada səsləndirdiyi bəyanat 20 Yanvar faciəsi haqqında obyektiv reallığın dünya ictimaiyyətinə çatdırılması istiqamətində atılmış ən ciddi addım idi. İkincisi, Ulu Öndər Heydər Əliyevin Moskvadan yayılan bəyanatı Azərbaycanın zor gücünə salındığı informasiya blokadasının yarılması, dağıdılması baxımından həmin dövr üçün misilsiz əhəmiyyətə malik hadisədir. Üçüncüsü və ən mühümü də ondan ibarətdir ki, SSRİ rəhbərliyinin, şəxsən Mixail Qorbaçovun birbaşa tapşırığı ilə Bakıda həyata keçirilmiş qanlı 20 Yanvar hadisəsinə ilk dəfə olaraq Heydər Əliyev kimi böyük dövlət xadimi səviyyəsində hüquqi-siyasi qiymət verilmişdir. Dördüncüsü, SSRİ rəhbərliyindən istefaya göndərildikdən sonra atdığı hər addıma nəzarət edilən, təqib olunan Heydər Əliyev Moskva Bəyanatı ilə həmişə olduğu kimi, ən çətin məqamlarda da doğma Azərbaycan xalqı ilə bir yerdə olduğunu, xalqımızın azadlıq mücadiləsinə haqq qazandırdığını və dəstək verdiyini açıq şəkildə nümayiş etdirmişdir.

1988-ci ildən etibarən SSRİ-nin müxtəlif regionlarında milli azadlıq hərəkatı genişlənməkdə davam etməkdə idi. İlk əvvəl regional münaqişələr və millətlərarası münasibətlər zəminində meydana çıxmış toqquşmalar və mitinqlər tədricən siyasi xarakter almış və müstəqillik uğrunda mübarizə səviyyəsinə çatmışdı. Pribaltika ölkələri və Azərbaycan həmin mübarizənin ön mövqeyinə çıxmışdı. Artıq milli azadlıq hərəkatı dalğasının SSRİ-nin dağıdılmasına doğru apardığı aşkar şəkildə görünməkdə idi. Buna görə də Bakı şəhərinə SSRİ Daxili İşlər Nazirliyinin daxili qoşunlarının, habelə ehtiyatda olan zabitlərin iştirakı ilə qoşun yeridilməsinin və qanlı terror aktının həyata keçirilməsinin əsas səbəblərindən biri də Azərbaycandakı milli azadlıq hərəkatını qəddarcasına boğmaqla digər müttəfiq respublikalarda gündən-günə genişlənməkdə olan müstəqillik və demokratiya uğrundakı mübarizənin fəallarına dərs vermək, demokratiya dalğasının qarşısının alınmasından ibarət idi. Məsələnin qlobal şəkildə SSRİ-nın dağıdılmasının qarşısını almaq üçün məqsədyönlü şəkildə hazırlanıb həyata keçirilmiş cinayət hadisəsi olduğunu dərindən bilən Heydər Əliyevin bəyanatı da məhz Azərbaycan xalqının faciəsinə şərik olmaq, onu müdafiə etməklə bərabər, həm də Sovetlər İttifaqı miqyasındakı müstəqillik uğrunda azadlıq hərəkatının müdafiə olunmasına istiqamətləndirilmişdir. Bu mənada Heydər Əliyevin 21 yanvar 1990-cı il tarixli Moskva Bəyanatındakı aşağıdakı müddəalar ilk növbədə Azərbaycanda həyata keçirilmiş qanlı terror hadisəsinə verilmiş tarixi-siyasi qiymətin ifadəsi olmaqla yanaşı, eyni zamanda digər müttəfiq respulikalardakı azadlıq hərəkatının da müdafiə olunması demək idi: “Azərbaycanda baş vermiş hadisəyə gəlincə, mən onları hüquqa, demokratiyaya yabançı, humanizmə və ölkəmizdə (SSRİ-də - İ.H.) elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab edirəm”.

Bu, siyasi cəhətdən çox sərt şəkildə və sərrast formada ifadə olunmuş müddəalar birbaşa SSRİ rəhbərliyinə, şəxsən Sovetlər İttifaqına başçılıq edən Mixail Qorbaçova ünvanlanmış bəyanat idi. Açıq-aşkar hər kəsə bəllidir ki, məhz Mixail Qorbaçovun SSRİ-yə rəhbərlik etdiyi dövrdə sünü şəkildə olsa da, ölkədə aşkarlıq və demokratiya şüarları səsləndirilməyə başlanmışdı. Praqmatik siyasətçi olan Heydər Əliyev də 20 Yanvar faciəsinin “hüquqa-demokratiyaya yabançı” olduğunu qabarıq şəkildə vurğulamaqla Mixail Qorbaçovu Bakı hadisələrinin əsas səbəbkarı və təşkilatçısı kimi ittiham etmişdir. Moskva Bəyanatında 20 Yanvar faciəsinin “ölkəmizdə olan hüquqi dövlət quruculuğu prinsiplərinə zidd” olan qanlı hadisə kimi qiymətləndirilməsinin də SSRİ-də həmin prinsipləri siyasi həyatın gündəliyinə gətirmiş Mixail Qorbaçova aid olduğu da məlum idi. Mixail Qorbaçovun SSRİ-nin rəhbəri, Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi kimi hələ fəaliyyətini davam etdirdiyi bir dövrdə onu tənqid etmək, sovet dövlətinin rəhbərinin qanlı faciənin təşkilatçısı olduğunu nəzərə çarpdırmaq böyük cəsarət tələb edən hadisə idi. Bu məqamda görkəmli dövlət xadimi Heydər Əliyev şəxsi həyatını risk və təhlükə altında qoymasını nəzərə almadan, Azərbaycan xalqının milli azadlıq və müstəqil dövlətçilik uğrunda apardığı mübarizəni dəstəkləmək naminə əsl cəsarət nümunəsi göstərmişdir. Bununla uzaqgörən siyasətçi kimi Heydər Əliyev həm də Mixail Qorbaçovun hüquqi dövlət quruculuğu və demokratiya siyasətinin iflasa uğradığını da bəyan etmişdir. 20 Yanvar Bakı faciəsinin, ümumiyyətlə, hüquqa, demokratiyaya və humanizm prinsiplərinə zidd olduğunu bəyan etməklə Heydər Əliyev Mixail Qorbaçovun və onun komandasının digər müttəfiq respublikalarda törətdiyi qanlı terror hadisələrinə də hüquqi-siyasi qiymət vermişdir. Bu müddəaları səsləndirməklə Heydər Əliyev SSRİ miqyasında alovlanmaqda olan milli azadlıq mücadilələrinə də dəstək verdiyini nümayiş etdirmişdir. Əslində 20 Yanvar Bakı faciəsi ilə əlaqədar Heydər Əliyev tərəfindən səsləndirilmiş bu bəyanat SSRİ-nin çökməsinin ilk anonsu idi. Moskva Bəyanatının müxtəlif məqamlarında öz əksini tapmış “ölkənin ali siyasi partiya rəhbərliyi” ifadələri də birbaşa Sovet İttifaqı Komminist Partiyasının rəhbəri Mixail Qorbaçova və onun ən yaxın silahdaşlarına ünvanlanmış sözlər idi: “Hesab edirəm ki, Dağlıq Qarabağ hadisələrinin ilkin mərhələsində ölkənin ali partiya - siyasi rəhbərliyi (yəni SSRİ-nin başçısı Mixail Qorbaçov - İ.H.) tərəfindən vaxtında zəruri tədbirlər görülsə idi, gərginlik indiki həddə çatmaz, tərəflər itkilərə məruz qalmaz, başlıcası isə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə çoxlu insan qırğını ilə nəticələnən hərbi müdaxilə üçün zəmin yaranmazdı”.

Moskva Bəyanatında Azərbaycan Sovet Respublikasının rəhbərliyinin 20 Yanvar hadisələrində tutduğu yanlış mövqeyinin də mahiyyəti açıqlanmış və haqlı olaraq bu qanlı faciənin baş verməsi məhz respublika rəhbərliyinin səriştəsizliyinin nəticəsi hesab edilmişdir. Heydər Əliyev respublikada ictimai-siyasi şəraitin gərgin olduğu bir dövrdə, 20 Yanvar hadisələrinin törədildiyi ərəfədə Azərbaycan Respublikasına səbatsız, səriştəsiz bir şəxsin rəhbərliyə gətirilməsini SSRİ rəhbərlərinin ciddi səhvi kimi dəyərləndirmişdi. Uzaqgörən siyasi xadimin bəyanatında böyük idarəetmə üçün tələb olunan bacarıqlardan çox uzaq olan Əbdürrəhman Vəzirovun Kremlin buyruqlarını kor-koranə surətdə həyata keçirməklə respublikadakı vəziyyəti real olaraq qiymətləndirə bilməməsi, “yarıtmaz iş üslubu, yanlış siyasi manevrləri ilə xalqla öz arasında uçurum yaratması” kimi mənfi halların 20 Yanvar faciəsinin əsas başvermə səbəblərindən biri olduğu ölkə ictimaiyyətinə çatdırılmışdır. Azərbaycan Sovet Respublikasının rəhbərliyinin yarıtmaz fəaliyyətinin tənqidi həm də görkəmli dövlət xadimi Heydər Əliyevin ölkədəki vəziyyəti dərindən təhlil edib qiymətləndirmək istedadını, ümumiyyətlə, yüksək siyasi təhliletmə mədəniyyətinə malik olduğunu bütün reallıqları ilə ifadə edir. Heydər Əliyevin təhlillərində həm SSRİ rəhbərliyinin səhvləri, həm də Azərbaycana rəhbər vəzifəyə təyin olunmuş şəxsin səbatzıslığı obyektiv şəkildə müəyyən olunmuşdur: “Bunlar üçün ilk növbədə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin artıq sabiq birinci katibi Vəzirov müqəssirdir. Bu yüksək vəzifədə olduğu müddətdə o, Azərbaycandakı vəziyyəti sabitləşdirmək üçün heç nə etməmişdir. Əksinə, özünün səhv addımları, yaramaz iş üslubu, yanlış siyasi manevrləri ilə xalqla öz arasında uçurum yaratmışdır. Xalq isə hiddətlənmişdir. Elə buna görə də Bakıda və Azərbaycanın digər şəhər və rayonlarında aylarla davam edən mitinqlərdə dəfələrlə Azərbaycanın partiya rəhbərlərinin istefası tələbi irəli sürülmüşdür. Bəs bu məsələ indiyə kimi niyə həll olunmamışdır? Yalnız dünən Bakı şəhərinə ordu yeridildikdən, qırğın və dağıntılar baş verdikdən sonra Vəzirov Azərbaycandan əslində qaçmışdır. Bu, böyük səhvdir. Ən böyük səhv isə sözsüz ki, qeyri-ciddi, bu yüksək vəzifəyə əsla yaramayan adamın bir vaxt Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinə birinci katib təyin edilməsi idi”.

SSRİ-də məqsədyönlü şəkildə millətlərarası münasibətləri qızışdırmaqla daxili siyasi sabitliyi pozmaq, yeni münaqişə ocaqları yaratmaq və ölkəni dağıtmaq planlarının icra edildiyi bir şəraitdə Heydər Əliyevin regionda millətçilik zəminində münaqişələrin vaxtında qarşısının alınmasının səbəbləri və nəticələri üzərində dayanması, problemin əsl mahiyyətinə işıq salması, necə deyərlər, vena damarına müdaxilə etməsi demək idi. Çünki Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə Mixail Qorbaçovun dəstəyini almış akademik Aqanbekyanın Fransanın paytaxtı Paris şəhərində yaydığı millətçi bəyanatdan sonra baş vermişdi. Bu, Heydər Əliyevin SSRİ rəhbərliyindən və Siyasi Bürodan uzaqlaşdırılmasından sonra Ermənistanın yaranmış fürsətdən istifadə etməsi nəticəsində meydana çıxmış məsuliyyətsiz bəyanat idi. Ancaq SSRİ rəhbərliyi nəinki həmin bəyanatın reallaşdırılmasının qarşısını almamış, hətta müəyyən nüans-larla münaqişənin genişlənməsinə şərait yaratmışdı. Pribaltika Respublikasında, Orta Asiyada, Gürcüstanda da millətlərarası münaqişə ocaqlarının körükləndirilməsi məsələlərinə Mixail Qorbaçovun örtülü vasitələrlə yol açması vəziyyətin gərginləşdirilməsi, qarşısı alınmayan bir həddə çatdırılması ilə nəticələnmişdir. Millətlərarası münasibətlərin tənzimlənməsi və həlli sahəsində böyük təcrübəyə malik olan görkəmli dövlət xadimi kimi Heydər Əliyevə SSRİ üzrə və o cümlədən Dağlıq Qarabağda yaradılmış münaqişənin qarşısının alınmamasının əsl səbəbkarlarının ölkə rəhbərliyi və onun respublikalardakı vassallarının olması məlum idi. Ona görə də 21 yanvar 1990-ci il Moskva Bəyanatında Azərbaycanla Ermənistan arasında millətlərarası münaqişə əsasında yaradılmış gərgin vəziyyətlərin vaxtında aradan qaldırılmasında ölkə rəhbərliyini və respublika başçılarını günahkar hesab etməsi tamamilə haqlı idi: “Artıq iki ildir ki, Azərbaycan və Ermənistan arasında millətlərarası münaqişə gedir. Həmin münaqişəni Dağlıq Qarabağ və onun ətrafında baş verən hadisələr törətmişdir. Azərbaycan və Ermənistan, eləcə də ölkənin ali siyasi rəhbərlərinə bu məsələni tənzimləmək, daxili müharibəyə, millətlərarası münaqişəyə son qoymaq və mənsubiyyətdən aslı olmayaraq hər bir adamın ümumi federativ ittifaq olan SSRİ-də azad yaşamasına şərait yaratmaq üçün ikiillik müddət kifayət idi. Hesab edirəm ki, ötən iki ildə bu istiqamətdə lazımi səviyyədə iş aparılmamışdır”.

Heydər Əlyev 20 Yanvar 1990-cı ildə Bakı şəhərindəki qırğının da baş verməsini ölkə və respublika rəhbərlərinin mövcud imkanlardan istifadə etmədikləri, onların məkrli siyasəti və səriştəsiz idarəçilik qabiliyyətləri, xalq faktorunu və dövlətçilik maraqlarını nəzərə almamaları ilə əlaqələndirmişdir. Bu mənada Moskva Bəyanatındakı aşağıdakı ittihamlar obyektiv siyasi-tarixi reallıqların ifadəsidir: “Hesab edirəm ki, Azərbaycandakı vəziyyəti öz axarına salmaq, siyasi həyatdakı qeyri-sabitliyi nizamlamaq üçün kifayət qədər imkanlar olmuşdur. Təəssüf ki, Azərbaycan rəhbərliyi, həmçinin ölkənin ali siyasi rəhbərliyi bu imkandan istifadə edə bilməmişdir”.

Dünya siyasətinə dərindən bələd olan dövlət xadimi Heydər Əliyev “mövcud imkanlar” dedikdə “Azərbaycan partiya rəhbərliyinin möhkəmləndirilməsi məsələsinin həll edilməsi”, problemin ordu yeritmək yolu ilə deyil, siyasi cəhətdən həll edilməsini, “xalqla mükaliməyə girmək” kimi dərin siyasi düşüncədən və yüksək idarəetmə təcrübəsindən çıxarılan müddəaları əsas kimi göstərmişdir. Heydər Əliyev münaqişənin həlli üçün zəruri hesab etdiyi respublika partiya rəhbərliyinin möhkəmləndirilməsi məsələsinin həlli dedikdə qətiyyən özünün yenidən Azərbaycana qayıtmasını nəzərdə tutmamışdı. Lakin Dağlıq Qarabağda və onun ətrafında, eyni zamanda 20 Yanvar 1990-cı ildə Bakı şəhərində törədilmiş faciələrin təhlili aydın surətdə onu göstərir ki, XX əsrin səksəninci illərinin sonlarında baş vermiş münaqişələrin vaxtında qarşısının alınmasının yeganə düzgün yolu həmin məsuliyyətli siyasi-tarixi şəraitdə məhz Heydər Əliyevin Azərbaycanda ölkə rəhbərliyinə dəvət edilməsi ilə mümkün ola bilərdi. Heydər Əliyevin hakimiyyətdə olması onun münaqişənin həlli baxımından vacib hesab etdiyi bütün amillərin, yəni məsələnin hərbi müdaxilə yolu ilə həyata keçirilməsinin qarşısının alınması və xalqla canlı dialoqun qurulması öz-özlüyündə və həm də yüksək səviyyədə həll olunması demək idi. Bu isə təkcə Azərbaycan üçün deyil, eyni dərəcədə də Ermənistandan ötrü və ümumiyyətlə, ölkədə sabitliyin yaranmasını istəyən hər kəs üçün son dərəcə faydalı ola bilərdi.

Azərbaycanda 20 Yanvar hadisəsi zamanı Bakı şəhərində qanunsuz olaraq sovet hərbi birləşmələrinin yerləşdirilməsinin yolverilməzliyi Moskva Bəyanatının əsas mövzularından biri idi. Heydər Əliyev öz bəyanatında beynəlxalq ictimaiyyətə və xalqımıza çatdırmışdır ki, yanvar ayının 19-dan 20-nə keçən gecə heç bir xəbərdarlıq etmədən Daxili İşlər Nazirliyinin böyük bir kontingentinin Bakı şəhərinə yeridilməsi Sovet İttifaqı rəhbərliyinin səhv addımıdır. Doğrudan da, Bakı şəhərinə qanunsuz olaraq ordunun yerləşdirilməsi və günahsız adamların həlak olmaları, hətta ölənlər arasında hərbi qulluqçuların və qadınların da olması seçilmiş hərbi müdaxilə yolunun nəinki bağışlanmaz səhv, sözün əsl mənasında cinayət olduğunu göstərir. Eyni zamanda Rusiyanın ehtiyatda olan gənc zabitlərinin də Azərbaycanda hərbi müdaxilədə iştirak üçün cəlb edilməsi bu işin təşkilatçılarının daha bir cinayət əməllərinə yol verdiklərini sübut edir. Heydər Əliyevin fikrincə, əvvəla, məsələ hərbi müdaxilə yolu ilə deyil, siyasi dialoq yolu ilə həll edilməli idi. İkincisi isə hərbi müdaxilə üçün zərurət yarandığı halda Azərbaycanda, xüsusən də Bakı ətrafında illərdən bəri mövcud olan hərbi birləşmələrdən istifadə etmək mümkün idi. Böyük siyasi xadim bununla Bakı şəhərində günahsız insanların, dinc əhalinin üzərinə münaqişənin yatırılması üçün yox, qırğın törədilməsinə dair xüsusi tapşırıqla qoşun yeridildiyini Sovet İttifaqı rəhbərlərinin diqqətinə çatdırmış və onları kəskin şəkildə ittiham etmişdir. Üçüncüsü, Ulu Öndər Heydər Əliyev qəti olaraq bu fikirdə idi ki, 20 yanvar 1990-cı ildə Bakı şəhərinə qoşun yeridilib, böyük faciələrin törədilməsinə səbəb olan rəhbər şəxslər xalqın psixologiyasını nəzərə almamışlar. Milli azadlıq hərəkatının dönməz xarakter aldığı bir zamanda Azərbaycan xalqının müstəqillik yolundan dönməyəcəyi də de-fakto meydanda idi. İki ildən çox ardıcıl olaraq keçirilmiş və milyonlarla insanları əhatə edən mitinqlərdə meydana qoyulan qəti mövqe bunu əyani şəkildə göstərirdi. Elə hərbi müdaxilənin baş verdiyi gün, yəni 19 yanvar 1990-cı ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin əsas iqamətgahının qarşısında yüz minə yaxın azərbaycanlının toplaşaraq, yekdil və həmmrəy şəkildə Azərbaycan rəhbərliyindən istefa tələbi ilə çıxış etmələri, hətta onlar üçün dar ağacları qurmaları xalqın bütövlükdə azadlıq və müstəqillik uğrunda mübarizə hərəkatı ideyalarına kökləndiyinin əyani sübutu idi. Bakı şəhərində vəziyyəti qanunsuz hərbi müdaxilə vasitəsilə tənzimləmək niyyətində olanların, həm SSRİ rəhbərlərinin, həm də respublika başçılarının ordu yeritmək məsələsində xalqın iradəsini və psixologiyasını nəzərə almamaları qanlı faciəyə aparan əsas səbəblərdən biri olmuşdur. SSRİ-yə rəhbərlik edən Mixail Qorbaçov üçün həmin tarixi şəraitdə xalqın psixologiyası yox, qanlı qırğınlar vasitəsi ilə Azərbaycan xalqını yerində oturtmaq və bu yolla həm də digər müttəfiq respublikalarda qızışmaqda davam edən proseslərə təsir göstərmək əsas məsələ idi. Əbdürrəhman Vəzirova gəlincə isə Azərbaycan dilində normal danışa bilməyən, həyatının böyük hissəsini respublikadan kənarda keçirən bu şəxs çoxdan xalqdan ayrı düşdüyü üçün mənsub olduğu millətin psixologiyasını bilməkdən uzaq idi. O, öz işini milli dövlətçilik mənafeləri və ölkə reallıqları üzərində yox, Kremlin tapşırıqlarının müti şəkildə yerinə yetirilməsi istiqamətində qurmuşdu. Müstəqillik ərəfəsində bu tipli dövlət idarəçiliyi xalqa gerilikdən və fəlakətdən başqa bir şey vəd edə bilməzdi.

Nəhayət, Heydər Əliyevin qəti inamına görə 20 Yanvar faciəsi zamanı respublika rəhbərliyinin xalqın müxtəlif təbəqələri ilə əlaqələrinin olmaması, yəni xalqla siyasi dialoqun itirilməsi də Azərbaycanı 20 Yanvar faciəsinə aparan mühüm amillərdən biri olmuşdur. Azərbaycan rəhbərliyi, xüsusən Əbdürrəhman Vəzirov respublikada fəaliyyət göstərdiyi iki ilə yaxın müddətdə atdığı yanlış və gülünc addımlarla xalqın etimadını tamamilə itirmişdir. Nəinki müxalifətdə olan və hərəkatı yönləndirən Azərbaycan Xalq Cəbhəsi və başqa siyasi qurumlar, bütövlükdə xalqın mütləq əksəriyyəti Azərbaycanın siyasi rəhbərliyinin tutduğu xəttin respublikanın mənafeyinə və xalqın azadlıq mübarizəsinə tamamən zidd olduğunu yaxşı bildikləri üçün hakimiyyətin işinə və mövqelərinə qəti şəkildə inam bəsləmirdi. Siyasi rəhbərliklə xalq arasında münasibətlərin pozulması, etimadın tamam aradan qalxması 20 Yanvarda xalqımızın azadlıq aşiqlərinin günahsız yerə şəhid olmalarına yol açmışdır. Sovetlər İttifaqı başçıları və Azərbaycan rəhbərliyi xalqla dialoqu itirdikləri üçün Heydər Əliyevin dediyi kimi, “atılan addımların belə ağır faciəyə çevriləcəyini əvvəlcədən düşünməmişlər”. Bu zaman müxalifətçi xalq cəbhəsinin fəallarının bir çoxu xalqın adından danışsalar da, əslində düşünən qüvvələrin, ziyalıların deyil, kütlənin fikrini ifadə edirdilər. Azərbaycanın siyasi rəhbərliyinin isə xalqın düşünə bilən, ziyalı hissəsindən, sadə adamlardan uzaq olub, yalnız özünün əvvəldən tanıdığı bir qrup əlaltısı olan insanlarla dövlət idarəçiliyi kimi məsuliyyətli bir mexanizmi işlətmək niyyəti onu uçuruma doğru aparmışdır.

Moskva Bəyanatında öz əksini tapdığı kimi, respublika rəhbərliyinin “ölkənin ali siyasi rəhbərliyinə vəziyyət barədə vaxtında kifayət qədər düzgün, operativ informasiyaların çatdırılmaması” da çaşqınlıq şəraitində məsuliyyətsiz qərarların qəbul edilməsinə səbəb olmuşdur. 20 yanvar ərəfəsindəki çətin və mürəkkəb şəraitdə isə nəinki “düzgün və operativ” məlumatlar vermək, hətta bütün imkanlardan istifadə edib, faciənin qarşısını almaq lazım idi. Təəssüf ki, bu bacarıqların heç biri o zamankı rəhbərlikdə yox idi.

Moskva Bəyanatında haqlı olaraq 20 Yanvar faciəsini törədənlərin cəzalandırılması tələbləri də qəti şəkildə irəli sürülmüşdür. Heydər Əliyev Moskva Bəyanatında Bakı şəhərində hadisələri hərbi yolla “tənzimləmək” üçün qərar qəbul edən şəxslərin, həmin məsuliyyətsiz qərarları və tapşırıqları həyata keçirənlərin, həm ölkə, həm də respublika miqyasında olanların hamısının ittiham edilməsini cəsarətlə, çəkinmədən diqqətə çatdırmışdır. Görkəmli dövlət xadimi Heydər Əliyevin sovet rəhbərliyinə və ölkə siyasətinə obyektiv ittiham çağırışları onun hadisələrə ədalətli münasibətinin və cavabdehlik kefiyyətlərinin ifadəsidir: “Bəli, kobud siyasi səhv buraxılmışdır. Onlar sadəcə olaraq, respublikada siyasi vəziyyəti qiymətləndirə bilməmişlər... Belə qərar qəbul edən Azərbaycan rəhbərliyi, hamıdan əvvəl isə bərk ayaqda Azərbaycanı qoyub qaçmış Vəzirov öz xalqı qarşısında məsuliyyət daşımalıdır... Qırğın törədənlərin hamısı layiqincə cəsalandırılmalıdır”.

Görkəmli dövlət xadimi Heydər Əliyevin 21 yanvar 1990-cı il tarixdə Azərbaycanın Moskva şəhərindəki daimi nümayəndəliyində Bakı şəhərində törədilmiş qanlı faciə ilə əlaqədar olaraq verdiyi bəyanatın yayılmasına sovet rəhbərliyi tərəfindən məhdudiyyət qoyulsa da, Ermənistan hakimiyyəti və ermənipərəst dairələr buna cidd-cəhdlə mane olsalar da, bu ədalətli və mübariz bəyanat özünə yol taparaq qısa müddətdə həm xarici ölkələrə və beynəlxalq qurumlara həm də Azərbaycan xalqına çatmışdır. Bir çox xarici və ölkə kütləvi informasiya vasitələri Heydər Əliyevin Moskva Bəyanatını və ya bəyanatdan fraqmentləri, tezisləri yayımlaya bilmişdir. Nə qədər çətin olsa da, Moskva Bəyanatının mətni Azərbaycan xalqının bəzi dairələri arasında yayılmışdır. Bu bəyanatın müddəaları xarici ölkələrdə, müttəfiq respublikalardakı vətənpərvər qüvvələr arasında özünəməxsus böyük əks-səda doğurmuşdur.

Azərbaycanda 20 Yanvar 1990-cı ildə baş vermiş faciədən dərhal sonra bu hadisəni Azərbaycan xalqına və onun azadlıq mübarizəsinə qəsd hesab edən görkəmli dövlət xadimi Heydər Əliyev Moskva Bəyanatından başqa, ölkəmizə xüsusi bir başsağlığı teleqramı da göndərmişdir. Azərbaycan Sovet Respublikasının dövlət qurumlarına və Azərbaycan xalqına ünvanlanmış həmin başsağlığı teleqramında da xalqımızın başına gətirilmiş faciə ilə əlaqədar dərin hüzn və kədərin ifadəsi ilə bərabər, həm də qanlı qırğın hadisəsinə obyektiv siyasi qiymət öz əksini tapmışdır. Buna görə də Heydər Əliyevin 20 Yanvar faciəsi ilə əlaqədar Moskvadan Bakıya göndərilmiş aşağıdakı teleqramı bu böyük terror hadisəsinə və onun təşkilatçılarına ünvanlanmış ittiham aktıdır. Teleqramda deyilir:

“AZƏRBAYCAN KP MK-ya,

ALİ SOVETƏ,

NAZİRLƏR SOVETİNƏ,

AZƏRBAYCAN XALQINA

Bakı şəhərinə sovet ordusu hissələrinin yeridilməsi ilə əlaqədar xalqımızın başına gətirilən faciədən - dinc əhalinin qırılmasından böyük ürək ağrısı ilə xəbər tutdum. Bu matəm günündə həlak olanların ailələrinə və yaxınlarına, bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı veririrəm.

Mən bu düşünülmüş aksiyyanı pisləyir, onu antihumanist, antidemokratik, qanuna zidd hesab edirəm. Bu ağır gündə sizi ağıllı, kamallı olmağa, həmrəyliyə və birliyə çağırıram.

Mənim teleqramımın respublika mətbuatında dərc olunmasını, radio və televiziyaya verilməsini, matəm mitinqində oxunmasını xahiş edirəm”.

Bütün bunlara görə görkəmli dövlət xadimi Heydər Əliyevin 21 yanvar 1990-cı il tarixli Moskva Bəyanatı və həmin münasibətlə Azərbaycan xalqına ünvanladığı başsağlığı teleqramı xüsusi siyasi əhəmiyyətə malik olan mühüm tarixi sənədlərdir. Bu bəyanatdan və başsağlığı teleqramından sonra Azərbaycanda milli azadlıq hərəkatı dövlət müstəqilliyi uğrunda açıq mübarizə strategiyasına keçmək imkanı qazanmışdır. Ona görə də Moskva Bəyanatı və başsağlığı teleqramı geniş, əhatəli, məzmunlu və sistemli bir siyasi-tarixi sənəd kimi Azərbaycanda müstəqillik uğrunda aparılan şanlı mübarizənin mühüm əhəmiyyətə malik olan şərəfli bir səhifəsidir.

Moskva Bəyanatı bir çox cəhətdən mühüm siyasi və tarixi əhəmiyyətə malikdir:

1. Heydər Əliyevin 21 yanvar 1991-ci il tarixli Moskva Bəyanatı görkəmli dövlət xadiminin azadlıq və müstəqillik uğrunda mübarizə yollarında daim Azərbaycan xalqı ilə həmrəy olduğunu, onun haqq işinə, ədalətli mübarizəsinə dəstək verdiyini nümayiş etdirir.

2. Moskva Bəyanatı ilə Sovet İttifaqının rəhbərliyi və respublika rəhbərliyinin təşkilatçılığı ilə Azərbaycanda 20 yanvar 1990-cı il tarixdə törədilmiş qırğın və baş vermiş faciə haqqında obyektiv məlumat beynəlxalq ictimaiyyətə və müttəfiq respublikalara çatdırılmışdır. Bununla sovet rəhbərliyinin, Ermənistan tərəfinin, bəzi xarici informasiya mərkəzlərinin Azərbaycan gerçəkliyi haqqında yaydıqları açıq dezinformasiya xarakterli yalan məlumatların qarşısı alınmışdır.

3. Moskva Bəyanatı Azərbaycanda törədilmiş 20 Yanvar faciəsinin əsas səbəbkarlarının, təşkilatçılarının və icraçılarının kimlər olduğunu göstərməklə, onların cəzalandırılmalarını tələb edən ciddi siyasi akt kimi mühüm əhəmiyyətə malikdir.

4. Heydər Əliyevin Moskva Bəyanatı ilə 20 Yanvar faciəsinə ilk hüquqi-siyasi qiymət verilmişdir.

5. Sovet dövlətinin əsas rəhbərlərindən biri olmuş görkəmli dövlət xadimi tərəfindən 20 Yanvar Bakı faciəsinin hərbi-siyasi mahiyyətinin açılması və ifşa edilməsi ilə SSRİ-nin dağılmağa məhkum olmasının qaçılmazlığı sübut edilmiş, bu prosesi sürətləndirmişdir.

6. Heydər Əliyevin Moskva Bəyanatı Azərbaycandan başqa, digər müttəfiq respublikalarda da azadlıq və müstəqillik uğrunda aparılan mübarizələrə ruh və təkan vermişdir.       

7. Azərbaycanda və digər müttəfiq respublikalarda Kreml vahiməsi və xofunun aradan qaldırılmasında görkəmli dövlət xadimi Heydər Əliyevin Moskva Bəyanatı ilə atdığı cəsarətli addımların mühüm rolu olmuşdur.

8. Moskva Bəyanatı Azərbaycanın ətrafında yaradılmış sərt informasiya blokadasını yarmış, respublikanın blokadadan çıxmasına əhəmiyyətli dərəcədə yol açmışdır.

9. Moskva Bəyanatı Azərbaycanda xalq hərəkatının, ümumiyyətlə, azadlıq və demokratiya uğrunda aparılan mübarizədən konkret olaraq və açıq şəkildə Azərbaycanda dövlət müstəqilliyi yolunda mübarizə müstəvisinə keçidin əsasını qoymuşdur.

10. Müstəqillik uğrunda mübarizənin başlandığı gündən ideyaları və meydanlarda ucaldılan portretləri ilə azadlıq hərəkatında iştirak edən Heydər Əliyev Moskva Bəyanatı ilə bu məsuliyyətli və şərəfli mübarizədə iştirak etdiyini qəti şəkildə bəyan etmişdir.

11. Moskva Bəyanatı Azərbaycan Respublikasının Müstəqillik Aktının birinci paroludur.

Ümumiyyətlə, görkəmli dövlət xadimi Heydər Əliyevin qanlı yanvar faciəsindən bir gün sonra Azərbaycanın Moskva şəhərindəki daimi nümayəndəliyinə gələrək verdiyi bəyanat Azərbaycanda azadlıq və müstəqillik uğrunda mübarizənin dönüş nöqtəsidir.

Moskva Bəyanatı böyük siyasi təcrübəyə və xüsusi nüfuza malik olan görkəmli dövlət xadimi Heydər Əliyevin ittifaq miqyaslı təqaüdçüdən yenidən öz xalqı üçün həlledici olan siyasi - tarixi proseslərin başında durub, ona rəhbərlik edən siyasi lider kimi çıxış etməsinin bəyanatı olmuşdur.

Sovet dövlətinin əsas rəhbərlərindən biri olan Heydər Əliyevin iştirakı ilə Azərbaycanın Moskva şəhərindəki daimi nümayəndəliyində təşkil olunmuş brifinq və orada səsləndirilmiş bəyanat respublikada azadlıq və müstəqillik uğrunda mübarizəni yeni mərhələyə çıxarmışdır.

Moskva şəhərindəki daimi nümayəndəlikdə görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycan xalqına müraciətinin səsləndirildiyi mühüm ictimai-siyasi və tarixi hadisədə gələcəyin böyük siyasətçisi İlham Heydər oğlu Əliyevin də iştirak etməsi bu yeni baxışlara malik olan cavan siyasətçi üçün çox əhəmiyyətli dövlətçilik dərsi olmuş və onun siyasi taleyində, gələcək həyat və mübarizə yolunun müəyyənləşdirilməsində mühüm rol oynamışdır. Məhz Moskva Bəyanatı brifinqində İlham Əliyev dünya şöhrətli böyük dövlət xadimi və siyasətçi Heydər Əliyevin Azərbaycan xalqının siyasi taleyi və dövlət müstəqilliyi üçün apardığı mübarizənin nə qədər əhəmiyyətli və şərəfli olduğunu daha yaxından görmüş və həmin böyük mübarizənin axıradək davam etdirilməsinin zəruri olduğuna dərin inam bəsləmişdir.

Beləliklə, görkəmli dövlət xadimi Heydər Əliyevin 21 yanvar 1990-cı il tarixdə Azərbaycanın Moskva şəhərindəki daimi nümayəndəliyindəki bəyanatı ilə Azərbaycanda azadlıq və müstəqillik uğrunda mübarizənin yaxın və uzaq vəzifələri müəyyən edilmişdir.

Görkəmli dövlət xadimi Heydər Əliyevin 21 yanvar 1990-cı il tarixli Moskva Bəyanatı respublikada baş vermiş çətin hərbi vəziyyətdə və mürəkkəb ictimai-siyasi şəraitdə mövcud böhrandan düzgün çıxış yollarını müəyyən edən, mübarizənin gələcək inkişafına yol açan, bələdçilik edən mühüm tarixi əhəmiyyətə malik sənəddir.

Eyni zamanda Moskva Bəyanatı Azərbaycan xalqının gələcək mübarizə yollarına işıq salan strateji yol xəritəsidir.

20 Yanvar hadisəsi Azərbaycan xalqının qan yaddaşına yazılmış faciədir. Xalq şairi Bəxtiyar Vahabzadənin 20 Yanvar faciəsi əsasında yazdığı “Şəhidlər” poemasinda nə qədər qanlı - kədərli olsa da, bu ağır, nisgilli hadisənin Azərbaycanın milli istiqlal tarixindəki rolu poetik baxımdan yüksək səviyyədə mənalandırılmışdır:

 

İnsan, insan olur öz hünəriylə,

Millət, millət olur xeyri, şəriylə,

Torpağın bağrına cəsədləriylə,

Azadlıq tumunu əkdi şəhidlər.

 

Ulu Öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində çalışarkən 20 Yanvar hadisəsi Ali Məclisin 13 yanvar 1992-ci il tarixli iclasında geniş müzakirə olunmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Rəyasət Heyəti adından hazırlanmış və Ali Məclisin Sədri Heydər Əliyev tərəfindən imzalanmış Bəyanat Azərbaycan Respublikasının Ali Sovetinə göndərilmiş və kütləvi informasiya vasitələrində çap olunaraq yayılmışdır.

Azərbaycan Respublikasının Milli Məclisi uzun müddət 20 Yanvar hadisəsi ilə əlaqədar məsələni müzakirə etməmişdir. Yalnız görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycanda yenidən dövlət rəhbərliyinə qayıtdıqdan sonra Milli Məclis 20 Yanvar faciəsini müzakirə edərək, bu qanlı hadisəyə hüquqi-siyasi qiymət vermişdir.

Görkəmli dövlət xadimi Heydər Əliyevin 21 yanvar 1990-cı il tarixli Moskva Bəyanatı milli azadlıq və dövlət müstəqilliyi uğrunda mübarizənin ilk manifestidir.

 

İsa HƏBİBBƏYLİ,

AMEA-nın vitse-prezidenti, Milli Məclisin deputatı, akademik

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video