26 Yanvar 2023 00:48
589
Mədəniyyət
A- A+

Musiqi tariximizə yazılan gün

 

İlk tamaşası 1908-ci il yanvarın 25-də Bakıda Tağıyev teatrında təqdim olundu. Məhəbbətin ölməzliyindən bəhs edən əsər tamaşaçılara unudulmaz təsir bağışladı. Ancaq bu, yalnız uğurlu bir tamaşaya baxış deyildi. Azərbaycan tarixində, incəsənətində, mədəniyyətində heç zaman yaddan çıxmayacaq anlar yaşanırdı. Çünki o gün həmin zalda əyləşənlər Şərqin ilk operasının - "Leyli və Məcnun" operasının  tamaşaçıları idilər...
Üzeyir bəy Hacıbəyli operanı 1907-ci ildə yazmışdı. Əsər üzərində çalışdığı vaxtlarda xəyalı tez-tez onu uşaqlıq illərinə aparırdı. XIX əsrin sonlarında Şuşada keçən günlərini yada salırdı. O vaxtlar gözəl yay günlərinin birində yazıçı Əbdürrəhim bəy Haqverdiyevin şair Məhəmməd Füzulinin poeması əsasında hazırladığı "Məcnun Leylinin məzarı üstündə" səhnəciyinə tamaşa etmək üçün bütün Şuşa əhli toplaşmışdı. Səhnəyə Məcnun libasında məşhur xanəndə Cabbar Qaryağdıoğlu çıxdı. Xanəndənin yanıqlı ifasını tarda istedadlı tarzən Mirzə Sadıqcan müşayiət etdi.
Səhnəciyin xor dəstəsində yaxşı səsi olan Üzeyir bəy də vardı... Həmin günün, "Məcnun Leylinin məzarı üstündə" səhnəciyinin unudulmaz təəssüratı Üzeyir bəy Hacıbəyliyə illər sonra ilk operanı yazdırdı. Əsərin yaranma tarixini müəllif "Bakinski raboçi" qəzetinin 1938-ci il 16 mart tarixli sayında dərc olunan "Leyli və Məcnun"dan "Koroğlu"ya qədər" adlı məqaləsində belə xatırlayırdı: "Leyli və Məcnun" necə yaranmışdır? Mən opera üzərində 1907-ci ildən işləməyə başlamışam, lakin məndə bu ideya xeyli əvvəl, təxminən 1897-1898-ci illərdə, mən on üç yaşlı uşaq ikən doğma şəhərim Şuşada, həvəskar aktyorların ifasında, "Məcnun Leylinin məzarı üstündə" səhnəsini gördükdən sonra yaranmışdır. Həmin səhnə məni o qədər həyəcanlandırdı ki, bir neçə ildən sonra Bakıya gəlib operaya bənzər bir şey yazmaq qərarına gəldim".
Müəlliflik məsələsinə tərcüməçi, jurnalist, ictimai xadim Ceyhun bəy Hacıbəyli sonralar - Fransada mühacirətdə olarkən belə aydınlıq gətirib: "Opera yazmaq Üzeyir bəyin təşəbbüsü idi. Mən sadəcə Füzuli əsərlərinin uyğun irihəcmli hissələrinin və muğamların seçilməsində qardaşıma kömək etmişəm". Ceyhun bəy qardaşının opera üzərində çalışmasından heyrət və məhəbbətlə bəhs edirdi. O, Üzeyir bəyin bəzən gecə saat ikiyə-üçə qədər oturub işlədiyini, mələklərə məxsus hövsələ və inadkarlıqla səhnədə vokal musiqi ifasının harmonik ansamblını yaratmağa çalışdığını yazıb.
Bəstəkar "Leyli və Məcnun" operasında xalq musiqisindən, muğam, mahnı və rəqslərdən, el havalarından istifadə etdi. Müəllif yazırdı: "Mən xalq yaradıcılığının klassik nümunələri olan muğamlardan musiqi materialı kimi istifadə etməyi nəzərdə tutmuşdum. Vəzifəm ancaq Füzuli poemasının sözlərinə forma və məzmunca zəngin, rəngarəng muğamlardan musiqi seçmək, hadisələrin dramatik planını hazırlamaq idi... "Leyli və Məcnun"da əsl xalq musiqisi ilə məşhur klassik süjet birləşmişdi".
Operanın ilk afişa-elanı 1908-ci ildə "Kaspi" qəzetində verilmişdi. Qəzetdə yazılmışdı: "Tağıyev teatrında müsəlman dilində opera. Şənbə günü, 12 yanvar 1908-ci il. "Nicat" müsəlman mədəni-maarif cəmiyyətinin teatr bölməsi müəlliflərin və həvəskar ifaçıların iştirakı ilə ilk dəfə müsəlman səhnəsində "Leyli və Məcnun" operası təqdim edəcək. 5 pərdə, 6 şəkildə olan bu tamaşa Füzulinin poeması və Üzeyir və Ceyhun Hacıbəyov qardaşlarının musiqisi əsasında hazırlanmışdır. Tamaşa 9-un yarısında başlayır. Şərq orkestri (tardan ibarət) Qurbanın rəhbərliyi ilə idarə olunacaq".
İlk tamaşaya qədər müəllif böyük zəhmətlərə qatlaşmalı olub. XX əsrin ilk onilliyi idi. Azərbaycanda nəinki qızlar, hətta oğlanlar da səhnəyə çıxmağa çəkinirdilər. Belə bir zamanda Leyli roluna ifaçı tapmaq müşkül məsələyə çevrilib. Yenə qadın rolunu kişi oynayacaqdı. Ancaq ifaçının səsi və xarici görünüşü o qədər də uyğunsuz görünməməli idi. Çətinliklə on iki yaşlı çayçı şagirdi Əbdürrəhim Fərəcovu Leylini oynamağa razı saldılar.
İlk milli operamızın premyerası 1908-ci il yanvarın 12-də, yeni təqvimlə 25-də Hacı Zeynalabdin Tağıyevin teatrında "Nicat" cəmiyyəti tərəfindən keçirildi. Tamaşa istedadlı aktyor və rejissor Hüseyn Ərəblinskinin quruluşunda, böyük yazıçı və dramaturq Əbdürrəhim bəy Haqverdiyevin dirijorluğu ilə təqdim edildi. Publisist, rəssam və ictimai xadim Əli bəy Hüseynzadə tamaşanın bədii tərtibatçısı hesab olunur. Üzeyir bəy Hacıbəyli seminariya dostları Əli Terequlov, Ağəli Qasımov, Fərhad Ağayev, Qayıbov, İsmayılov və başqaları ilə birgə orkestrdə skripkada çaldı. Tarda Qurban Pirimov və Şirin Axundov müşayiət etdilər.
Operanın ilk ifaçıları - Məcnun (Qeys) - Hüseynqulu Sarabski, Leyli - 12 yaşlı çayçı şagirdi Əbdürrəhim Fərəcov, Ümmülqeys (Məcnunun anası) - Kazımovski, Əbülqeys (Məcnunun atası) - Mirzə Muxtar, Ümmülleyli (Leylinin anası) - C.Vəzirov, Leylinin atası - İ.Qasımov, İbn Səlam - C.Dağıstani, Zeyd - İ.Qasımov, 7 ərəb rolunda - Məmmədov, Səfərov, Vəzirov və başqaları oldular. Müəllifin kiçik qardaşı Ceyhun bəy isə İbn Səlam və Nofəl rollarını ifa etdi.
Ancaq nə premyeranın uğurlu keçməsi, nə heyran qalan tamaşaçıların alqışları Əbdürrəhim Fərəcovu fikrindən daşındıra bildi. İlk tamaşadan sonra əyninə qadın paltarı geyinməyəcəyinə and içdi. Bir daha teatra ayaq basmadı. 
Üzeyir bəy axtarışa başladı. Çox düşünüb-daşındı. Nəhayət, Bakı Realnı Məktəbinin tələbəsi olan xalası oğlu Əhməd bəy Bədəlbəyova Leyli rolunda oynamağı təklif etdi. Operanın ilk tamaşasında xor heyətində oxuyan Əhməd bəy Leyli rolunda səhnəyə çıxmağa razılıq verdi. Tamaşanın afişalarında yazıldı: "Leyli - Ağdamski". 
"Leyli və Məcnun" operasının sonrakı tamaşalarına Üzeyir bəy özü dirijorluq etdi. Böyük qardaşı Zülfüqar bəy Hacıbəyov isə həmin tamaşalarda Məcnunun atası və Zeyd rollarında səhnəyə çıxdı.
Opera çox keçmədi ki, Azərbaycandan kənarda da məşhurlaşdı. Əsər azərbaycanlı aktyorların ifasında Zaqafqaziyanın, Orta Asiyanın, İranın bir çox şəhərində uğurla göstərildi.
Aktyor və rejissor Hüseyn Ərəblinskidən sonra opera görkəmli incəsənət xadimləri Soltan Dadaşovun (1935, 1958), Mehdi Məmmədovun (1955, 1976), Firidun Səfərovun (1994), son illər isə Hafiz Quliyevin quruluşlarında oynanıldı.
Keçən əsrdə opera səhnəmizin 30-a yaxın Leylisi, 20-dək Məcnunu oldu. Bu rollar Əhməd Ağdamski, Əhməd Qəmərlinski, Hüseynağa Hacıbababəyov, Göyərçin Əliyeva, Həqiqət Rzayeva, Sona Rzayeva, Məhbubə Paşayeva, Sürəyya Qacar, Sara Qədimova, Rübabə Muradova, Zeynəb Xanlarova, Arif Babayev, İslam Rzayev, Mənsum İbrahimov, Səkinə İsmayılova, Nəzakət Teymurova və başqalarının yaradıcılığında xüsusi yer tutdu.

Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video