27 Sentyabr 2022 01:45
450
CƏMİYYƏT
A- A+

Murovdağın Kənan zirvəsi

 

2020-ci il sentyabrın 27-si Gülnisə xanım səhəri müharibə xəbəri ilə açmışdı. Alpout kəndinin yaxınlığından yerə-göyə səs salan "Harop"un gurultusu hamıdan tez Gülnisəni yuxudan oyatmışdı. 
Səhər namazında əlini göyə qaldırıb yaradandan ordumuzun əsgər və zabitlərinə dualar etmişdi. Müharibə xəbərini eşidən qohum-əqrəba Gülnisənin həyətində, mərhum Niftalının evinə toplaşmışdılar. Hərə bir söz danışırdı. Biri malından qurban deyir, biri Tanrıya dualar edib Gülnisənin uşaqlarının sağ-salamat geri dönmələrini arzulayırdılar. 
İki qardaş, iki döyüşçü Anarla Kənan Vətən müharibəsi başlayan gündən torpaqlarımızın erməni işğalından azad olunması uğrunda Xüsusi Təyinatlı Qüvvələrin tərkibində döyüşə qatılmışdılar. Kənan kəşfiyyatçı leytenant, Anar isə gizir rütbəsində düşmənin canına vəlvələ salanlardan, onlara gözdağı olanlardan idilər. 
XTQ-nin şəhid leytenantı Kənan Niftalı oğlu Məmmədov 22 oktyabr 1993-cü ildə Ucar rayonunun Alpout kəndində anadan olub. 2011-ci ildə orta məktəbi bitirib. Elə həmin ildə həqiqi hərbi xidmətə çağrılıb. Kənan Məmmədov əsgəri borcunu ləyaqətlə yerinə yetirdiyinə görə komandanlıq tərəfindən təşəkkürnamələr almış, dəfələrlə valideynlərinə razılıq məktubları göndərilmişdi. Hərbi xidməti başa vurduqdan sonra Kənan 2013-cü ildə BDU-nun Filologiya fakültəsinə daxil olmuş, həmin ali məktəbi müvəffəqiyyətlə başa vurmuşdu. Vətənsevərlik hissi ilə böyüyüb tərbiyə alan K.Məmmədov universiteti bitirdikdən sonra öz ixtisası üzrə deyil, arzusunda olduğu, vətənini qorumaq, onu işğalçılardan təmizləmək məqsədilə imtahan verərək Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzinə daxil olur. Kənan Məmmədov TTM-də kursu müvəffəqiyyətlə başa vurduqdan sonra Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissədə taqım komandiri vəzifəsində xidmət edir. Bir müddətdən sonra XTQ-nin kursuna yazılır və buranı bitirib XTQ-nin tərkibində qrup komandirinin müavini kimi hərbi vəzifəsini daşıyır. Kənan Məmmədov döyüş taktikasını mükəmməl bilən zabitlərdən idi. Sərbəst paraşütdən atlanma, SAT və başqa kursları keçən leytenant K.Məmmədov hərbi biliyini və bacarığını artırmaq məqsədilə daim öz üzərində çalışıb, döyüş yoldaşlarından fərqlənib. 2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başladığı andan kəşfiyyatçı leytenant Kəlbəcər rayonunda Murovdağ zirvələri uğrunda gedən qanlı döyüşlərin ən qaynar nöqtələrində vuruşub. Sentyabrın 29-da ömrünü vətənə bağışlayıb.
Ölümündən sonra Kənan Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda", "İgidliyə görə" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.
Sinəsi dağlı Gülnisə xanımla Alpout kəndində, Kənanın ata ocağında görüşüb söhbətləşdik:
- Üstündən iki il keçsə də, Kənanın yoxluğuna inana bilmirəm. Onun gülümsər baxışı, gözəl zarafatları, şən atmacaları heç qulağımdan getmir. Elə bilirəm bu dəqiqə qapıdan içəri keçib sarılacaq boynuma. "Ana, heç Kənan ölərmi? Heç səni gözüyaşlı qoyub özü cənnətə gedərmi?" deyəcək. Kənan çox həyatsevər idi. Uşaq olarkən bir müddət Rusiyada yaşadıq. Bilmirəm qürbət gördüyündəndirmi, vətən həsrəti çəkdiyindəndirmi, ya nədəndir, çox vətəninə bağlı idi.
Vətən müharibəsi başlananda Kənan yeddi ay idi ki, ailə qurub, Günel xanımı evlərinə gəlin gətirmişdi. Xoşbəxtlik üzlərinə gülürdü. Kənan ömür-gün yoldaşına "Səni vətənim qədər sevirəm" deyərmiş. Söyləyərmiş ki, vətəni düşməndən qoruya bilməyən hərbçi bir el qızının namusunu da çəkə bilməz. Gözyaşına bülənd olan Günel xanım xəyalən Kənanlı günlərinə qayıdır:
- Kənanla 2018-ci ildə tanış olmuşduq. Onda Kənan Beyləqanda, Haramı düzü deyilən ərazidə taqım komandiri işləyirdi. Mən isə universitetdə birinci kursda oxuyurdum. İşini çox sevirdi. Elə tanışlığımızın ilk vaxtlarından XTQ-də xidmət etmək arzusunda olduğunu bildirdi. İmtahan verib kursa yazıldı. Mənə deyirdi ki, kursu bitirən kimi nişanlanarıq. Sonra toyumuzu etdik. Dediyi kimi də oldu. Əvvəl elçilik, sonra da nişan. Kənan sözünə düz, ağzıbütöv insan idi. Çalışqan idi. Günü təlimlərdə, məşqlərdə keçərdi, amma yorulmurdu. "Qarabağ azad olmayınca bizə yatmaq haramdır", - deyərdi.
Tanışlığımızın ilk vaxtlarında "Günel, hərbçi xanımı, xüsusilə kəşfiyyatçı xanımı olmağın öz çətinlikləri var. Bu çətinliklərə, bərkə-boşa dözəcəksənmi?" dedi. Söylədim ki, səninlə ölümə belə gedərəm. Yolunu gözləyərəm. Bir ömür səninlə keçirməyə, qocalmağa hazıram. Heyf, qocalıq qismətimiz olmadı.
İmkan olduqda Kənanla birlikdə dərsə hazırlaşırdıq, birlikdə kitab oxuyardıq. Mənə hər şeydə kömək edərdi. Kənan kinoya baxmağı çox sevərdi. Gecə keçənə kimi birlikdə filmlərə baxardıq. Allah, nə qədər gözəl günlərimiz var idi… Elə bilirəm hər şey nağılmış, ya mən bütün bunları yuxuda görürmüşəm.
2020-ci il martın 7-də toyumuz oldu. Ömrümüzün ən gözəl, ən bəxtəvər günü idi. Kənan deyirdi ki, Günel, mən elə bilirəm göydəyəm, uçuram. Sən demə, Kənan ruhunu göylərə bağışlamağı xoşlayırmış, zirvədə olmağa aşiqmiş.
Müharibənin başlayacağı haqqında evdə heç nə danışmırdı. Bircə onu deyirdi ki, çox güclü ordumuz var. Əgər müharibə başlasa, düşməni darmadağın edəcəyik. Sentyabrın 20-dən sonra təkrar-təkrar deyirdi ki, mən təlimə gedəcəyəm. Sentyabrın 26-sı sübh tezdən söylədi ki, təlimə gedirəm, narahat olma. Bir həftəyə gələcəm.
Kənan sözünün ağası idi. Dediyi kimi də etdi. Bir həftəyə qayıtdı. Amma bu dəfə Azərbaycan bayrağına bükülmüş, şəhid olaraq qayıtdı.
Mən Kənanı tanıdığıma, onunla ömür-gün yoldaşı olduğumuza görə qəti peşman deyiləm. Kənanı sevdiyim, onu tanıdığım üçün xoşbəxtəm. Nə qədər mənim ürəyim döyünür, Kənan da orada o qədər yaşayacaq… Özü həmişə deyərdi ki, "Şəhidlər ölmür, əbədi yaşayır. Sadəcə, biz onları görə bilmirik". Kənan ölümsüzlüyü qazanmış bir qəhrəmandır. 
Şəhid leytenantın qardaşı Anar bu gün XTQ-nin sıralarında Qarabağda xidmətini ləyaqətlə davam etdirir. Gecəsini gündüzünə qatıb, Kənanın canını fəda verib azad etdiyi torpaqların keşiyində durur. Kənanın adı çəkiləndə Anarın gözü yaşla dolur:
- Biz Kənanla əkiz deyilik. Amma hamı bizi ruh əkizi bilir. Qardaşsız necə yaşamaq olur, onu bilmirəm. Bir-birimizdən ayrı düşmək nədir, bizim bir-birimizdən ayrı nəfəs almağımızı heç kim təssəvvür belə edə bilmirdi. 
 Kənan bir neçə dil bilirdi. Erməni, rus dillərində çox səlis, qüsursuz danışırdı, ingilis, türk dillərini də gözəl bilirdi. Çox yaxşı hafizəsi var idi. Allah onu əsl kəşfiyyatçı olmaq üçün yaratmışdı. Qarabağı, Şuşanı azad görmək ən böyük arzusu idi. XTQ-nin kursunu bitirib qrup komandiri kimi xidmətə başladı. 
Döyüşlərdə də Kənanla bir yerdə olmuşam. Müharibənin ilk günündən Murovdağ yüksəkliyi uğrunda döyüşə birgə qatılmışıq.
Müharibənin ilk günləri idi. Kənanla Murov dağlarında Ömər aşırımı deyilən yerdə görüşdük. Eyni ərazidə müxtəlif istiqamətlərdə döyüşə girəcəkdik. Sarıldıq bir-birimizə. Kənan dedi ki, Anar, sənə deyiləsi sözüm var. Buyur de, söylədim. Dedi ki, mənə burada bir söz verəcəksən. Təbii, qardaşım, nə istəsən, gözüm üstə edərəm. Canım sənə fəda olsun. Nə istədiyini de, söylədim. Dedi ki, söz ver sağ qalacaqsan, salamat anamızın yanına qayıdacaqsan. Dedim ki, sən narahat olma, qardaşım, söz verirəm ki, sağ qalacağam. Amma sən də söz ver ki, yaşayacaqsan. Gözümün içinə baxıb gülümsədi. İsrar etdim ki, söz ver! Təkrar gülümsəyib "baxarıq" dedi. Vaxt az idi. Getməliydik. Aralanıb bir qədər getdikdən sonra geriyə çevrilib baxanda gördüm ki, Kənan hələ də görüşdüyümüz yerdə dayanıb, arxamca baxır. Yanımdakı döyüş yoldaşım dedi ki, biz gözdən itənə kimi o, sənin arxanca baxdı.
Bir neçə gün sonra döyüş tapşırığını yerinə yetirib dislokasiya yerinə qayıtmışdıq. Əməliyyat bitdikdən sonra yenə bir yerə cəmləşməli idik. Tez Kənanı axtardım. Təsadüfən bir nəfər, qardaşım olduğunu bilməyən kəs dedi ki, Komutan şəhid olub. O anda elə bildim ki, belim qırıldı, dünyam dağıldı. Mənə elə gəldi ki, Murovdağ uçub başıma, altında qalmışam.
Mən əsgərəm. Yenə əynimdə hərbi forma vətənin xidmətindəyəm. Canım bu vətənə fəda olsun. Təsəllim odur ki, Kənanın, şəhidlərimizin canını verib, qanını töküb aldıqları bu torpağı qoruyanlar sırasında mən də varam. Qardaşım Kənanın ən böyük arzusu torpaqlarımızı azad görmək idi. Çox şükür, torpaqlarımız azaddır. Kənanın da ruhu azad Azərbaycanımızın səmasında rahat dolanır. Nur içində yat, mənim nurüzlü qəhrəman qardaşım.
Kənan və Vətəni canlarından çox sevib, bayraqlaşan qəhrəmanlarımız bir ananı gözüyaşlı, bir gülüzlü xanımı sinəsi dağlı, boynubükük qoysalar da, Vətənin başını ucaltdılar. Şəhidlər ölmür, şəhidlər əbədiyaşardılar. Sentyabrın 29-da Kəlbəcərin azad olunması uğrunda qəhrəmancasına şəhid olan Kənan Məmmədov 2 oktyabr 2020-ci ildə böyük bir izdiham, bir el məhəbbəti ilə doğulub böyüdüyü Alpout kəndində torpağa tapşırıldı. Müqəddəs insanların, nurlu kişilərin uyuduğu Alpout kənd qəbiristanlığında indi bir məzar var. Hər gün üstünə tər-çiçəklər düzülən, qəhrəmanlıq salnaməmizin ən şanlı səhifəsini yazanlardan biri, ziyarətgaha çevrilmiş ikiulduzlu gənc leytenant Kənan Məmmədovun məzarı...

Elşən QƏNİYEV,
"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video