19 Noyabr 2022 01:00
1171
SİYASƏT
A- A+

MÜMKÜNSÜZDÜR!

 

İlham Əliyev bir daha qətiyyətlə bəyan etdi ki, Azərbaycanda erməni azlığına aid məsələlərin sülh sazişinə daxil edilməsinə razılıq verməyəcək 

 

"Onlar Azərbaycanda erməni azlığına aid məsələləri sülh sazişinə salmaq istəyirlər. Bu olmayacaq. Bu, mümkün deyil. Biz buna razılıq verməyəcəyik. Buna görə bizə Ermənistan hökumətinin öz gündəliyi ilə bağlı tam aydın mövqeyi lazımdır. Mən bu yaxınlarda dedim ki, əgər onlar sülh istəsələr, biz də sülh istəyəcəyik. Əgər onlar sülh istəmirlərsə, onda bu onların seçimidir. Otuz il bizdə sülh olmayıb və bunun sonunun necə olduğunu Ermənistan yaddan çıxarmamalıdır".
İkinci Qarabağ müharibəsinin qalib sərkərdəsi, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Ermənistanla aparılan sülh danışıqları prosesində ortaya qoyduğu dəyişməz qətiyyətli mövqe bir daha göstərir ki, məğlub ölkə ilə yalnız məlum 5 prinsip əsasında hazırlanan sazişə imza atılacaq. 

 

Qalib ölkənin mövqeyi aydındır

 

Noyabrın 17-də Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə xüsusi elçisi Dirk Şuebelin rəhbərlik etdiyi, Avropa İttifaqının və bir sıra üzv ölkələrin Şərq Tərəfdaşlığı üzrə məsul şəxslərinin daxil olduğu nümayəndə heyəti ilə görüşdə İlham Əliyev bir daha Azərbaycanın mövqeyni bəyan edərək dedi ki, bu gün Ermənistanın sülh haqqında danışmasını bir növ manipulyasiya hesab edir. 
Çünki Ermənistan həqiqətən sülh arzulayırdısa, Azərbaycanın əvvəlki təklifinə (torpaqların geri qaytarılmasından sonra barış sazişinin imzalanmasına) cavab verərdi. Müharibə başa çatdıqdan dərhal sonra sülh sazişi üzərində danışıqlara başlamağı təklif edən Azərbaycan olub. Bu, dünya tarixində nadir hallardandır ki, ərazisi uzun illərdir işğal altında olan, ədaləti güc yolu ilə bərpa edən, düşməni məğlub edərək torpağından qovan ölkə sülh təklif etsin.
Qalib sərkərdə bir daha diqqətə çatdırıb ki, savaşdan sonra Azərbaycan məlum 5 prinsipdən ibarət sülh və bir növ çərçivəni, həmçinin delimitasiya komissiyasını yaratmağı təklif edib. Bu, münasibətlərin normallaşdırılması üçün əsasların müəyyən edilməsi cəhdi idi. Ermənistan isə bu prosesin ilkin mərhələsində çox tərəddüd etdi. İndi isə  bu ölkə sülh haqqında danışır. Yəni Azərbaycan məğlub ölkənin anlamında sülhün nə olduğunu anlamır. Bununla belə, qalib ölkənin mövqeyi aydındır. Bunu İlham Əliyev  dəfələrlə ictimaiyyət qarşısında, o cümlədən Avropa Komissiyasının rəhbərliyi və normallaşma prosesində iştirak etmiş, hazırda iştirak edən ölkələrin, yəni Birləşmiş Ştatların və Rusiyanın liderləri ilə kontaktları zamanı qeyd edib. Bu istiqamətdə iki yol var - Azərbaycan-Ermənistan əlaqələrinin normallaşdırılması prosesi və həmçinin hüquqlar və təhlükəsizlik baxımından Azərbaycanda, Qarabağda erməni azlığına aid məsələlər.
Artıq iki ilə yaxındır ki, Azərbaycanla Ermənistan arasında sülh danışıqları prosesi davam etməkdədir. Həm Avropa İttifaqı, həm də Rusiyanın vasitəçiliyi ilə tərəflər arasında bir neçə görüş keçirilib. Hətta Ermənistanın baş naziri Nikol Paşinyan,  nəinki İlham Əliyevin irəli sürdüyü 5 prinsipi qəbul edib, həmçinin Praqa və Soçi görüşlərində altına imzasını atdığı bəyanatlarla Azərbaycanın suverenliyini də tanıyıb. Bununla da Ermənistan Qarabağın Azərbaycana məxsus olduğunu bir daha təsdiqləyib.  
Azərbaycanın istəyi bütün müttəfiqləri ilə qarşılıqlı və faydalı münasibətlərdir, lakin ilk növbədə milli maraqlarımızın təmini, müstəqilliyin daha da güclənməsi əsas hədəfdir. 
Ermənistanla aparılan sülh danışıqları prosesində İlham Əliyevin ortaya qoyduğu mövqe birmənalı şəkildə hər kəsə bəllidir. Azərbaycan Prezidenti hər iki xalqın maraqlarını əks etdirən ədalətli sülhün tərəfdarı və təminatçısıdır. Artıq sadə ermənilər də yaxşı anlayırlar ki, xəstə təxəyyüllü erməni milliyyətçiliyi onlara heç nə qazandırmayıb və qazandırmayacaq. Yeganə yol Azərbaycanla hesablaşmaqdır.

 

Ermənistanın dediyi sözlərlə əməlləri və planları ziddiyyət təşkil edir

 

Lakin son vaxtlarda Ermənistandan gələn bəyanatlar çox ziddiyyətlidir. Ermənistan bir tərəfdən bəyanatlara imza ataraq Azərbaycanın ərazisini və suverenliyini tanıdığını söyləyir, digər tərəfdən Azərbaycanda erməni azlığına aid məsələləri sülh sazişinə salmaq istəyirlər. Bu da təbii ki, mümkün olan məsələ deyil. 
Ona görə də İlham Əliyev bildirdi ki, artıq Ermənistan tərəfinin əməlləri sözlərlə deyil, addımlarla ölçülməlidir: "Əgər bu ölkə sülh istəyirsə, onda o, çox təhlükəli ritorikadan əl çəkməlidir. Bu yaxınlarda Ermənistan rəsmiləri Azərbaycanı İŞİD və "Əl-Qaidə" ilə müqayisə etmişdilər. Fikrimcə, bu, çox təhlükəli ritorikadır. Birincisi, onların özləri İŞİD və "Əl-Qaidə" kimi hərəkət etmişdilər. Avropa İttifaqının səfirləri azad edilmiş ərazilərə baş çəkmişdilər. Ermənilər tarixi və dini irsə İŞİD və "Əl-Qaidə"nin eynilə etdiyi kimi yanaşmışdılar. Biz yox. Onlar. Onlar terror aktları törədiblər. Onlar soyqırımı törədiblər. Onlar bizim məscidləri uçurublar. Biz yox".
Azərbaycan Prezidenti bir daha qətiyyətli mövqeyini nümayiş etdirərək bəyan etdi ki, əgər Ermənistan Qarabağda ermənilərin hüquqları və təhlükəsizliyi barədə söhbət aparmaq istəyirsə, bu, alınmayacaq. Çünki Azərbaycan bu haqda Qarabağda yaşayan ermənilərlə danışmağa hazırdır: "Amma Moskvanın göndərdiyi, ciblərində rus xalqından oğurladığı milyardlarla pula sahib Vardanyan kimi insanlarla yox. O, Moskvadan oraya çox aydın gündəliklə göndərilib. Biz Qarabağda yaşayan və orada yaşamaq istəyən insanlarla söhbətə hazırıq. Biz buna hazırıq. Yeri gəlmişkən, bu proses başlayıb. Əgər elə indicə qeyd etdiyim bəzi ölkələrdən, yəni kənardan müdaxilə olmasa və həmin prosesi dayandırmaq cəhdləri edilməsə, onda hesab edirəm ki, proses daha dinamik gedə bilərdi. Lakin bunun Paşinyana və onun hökumətinə heç aidiyyəti yoxdur". 
Bir sözlə, İlham Əliyev bir daha göstərdi ki, Azərbaycan qalib ölkə kimi həm də diktə edən tərəfdir, milli maraqlarımız üçün əhəmiyyət daşıyan bütün məsələləri qarşı tərəfə qəbul etdirir və görüşlərdə ölkəmizin böyüklüyünü, gücünü bir daha nümayiş etdirir. Sülh müqaviləsinin hazırlanması da qalib komandanın irəli sürdüyü 5 prinsip əsasında reallaşmalıdır. Azərbaycanın daxili işi olan Qarabağ mövzusu da artıq müzakirə edilmir. Eyni zamanda Azərbaycanın gücünə və siyasi iradəsinə qarşı gəlmək mümkün deyil. Çünki güc də, beynəlxalq hüquq da, ədalət də Azərbaycanın lehinədir. İlham Əliyevin irəli sürdüyü 5 prinsipdən hər hansısa birini Ermənistan həyata keçirməkdən boyun qaçırarsa, sülh müqaviləsi imzalanmayacaq. İstənilən etirazı, təxribatı isə "dəmir yumruq" əzəcək.

Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video