23 Noyabr 2021 00:19
3163
SİYASƏT
A- A+

Multikultural Zəfər

 

Azərbaycanda yaşayan xalqlar arasındakı sarsılmaz birlik qələbəyə uzanan parlaq yolda daha da möhkəmləndi

 

Azərbaycan xalqının ən qürurlu, ən parlaq Zəfəri kimi əbədi qələbə imzası atdığı  44 günlük müharibə həm də milli birliyimizin təntənəsi kimi tarixə qızıl hərflərlə həkk olundu.

Ana torpağın işğalı ilə heç zaman barışmayan və Zəfərə, qalibiyyətə susamış xalq bir yumruğa çevrilərək düşmənin başı üzərində ildırım kimi çaxdı. Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri fəxarətlə “mən, azərbaycanlıyam” deyərək bütün cəbhələrdə mənfur düşmənlə mübarizəyə qalxdı, doğma Vətənin bütövlüyü üğrunda əlindən gələn hər şeyi etmək üçün gecə-gündüz çalışdılar.

 

Milli həmrəyliyin təcəssümü

 

Vətən müharibəsində bir amal ətrafında tarixin heç bir dönəmində görünmədiyi kimi həmrəy olaraq, Azərbaycanın haqq savaşı uğrunda hər biri müsəlləh əsgərə çevrildi. Azərbaycan xalqı milli həmrəylik nümayiş etdirərək Vətən savaşımızın qalibiyyətlə bitməsi üçün əlindən gələn hər şeyi etdi, dövlətimizə, ordumuza, əsgərimizə, ümumilikdə, Qələbəmizə töhfə verdi.

Bu vətənpərvərlik ənənəsi isə tarixin qədim qatlarından üzübəri davam edir. Zaman-zaman doğma torpaqlarımıza qarşı yadellilərin hər işğal təhlükəsi bu odlar yurdunda yaşayan müxtəlif xalqların eyni məram altında birləşməsi nəticəsində uğurla dəf edilib. Birinci Qarabağ müharibəsində də bu cür həmrəylik nümayiş etdirilib. Tarixi torpaqlarımızı erməni işğalçılarından qorumaq üçün yenə də bütün millətlərin nümayəndələrindən olan igid oğullar silaha sarılaraq mənfurlarla çarpışıblar, sinələrini düşmən gülləsinə sipər ediblər. Bu qəhrəman övladların hər biri Azərbaycanı canlarından çox seviblər. Təkcə bir nümunə çəkək ki, o zaman öz tankı ilə düşmənə qan udduran və Şuşa uğrunda döyüşlərdə qəhrəmanlıqla şəhadətə ucalan yəhudiəsilli Milli Qəhrəman Albert Aqarunovun şücaəti haqqında bu gün də hər kəs qürurla danışır.

İkinci Qarabağ müharibəsində parlaq Zəfər çələnginin hörülməsində də Azərbaycan xalqının hər bir övladının əməyi, zəhməti oldu. Çoxmillətli xalqımızın hər bir üzvü bu qələbədə zərrə qədər də payı olması üçün gecə-gündüz əzmlə çalışdı. Yəhudisi də, ləzgisi də, talışı da, avarı da, rusu da, türkü də yaralı yurdumuzun müdafiəsinə qalxdı.

Elə şanlı Zəfərimiz də bir amal ətrafında birləşməyimiz, birlik nümayiş etdirərərk güclü olmağımız sayəsində əldə olundu.

 

Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin təntənəsi

 

Vətən müharibəmizdə digər amillərlə yanaşı, Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq məfkurəsi də qələbə çaldı. Azərbaycanda yaşayan xalqlar arasında tarixən də var olan dostluq, qardaşlıq dədə-baba yurdumuz Qarabağın azadlığına uzanan parlaq yolda daha da möhkəmləndi, daha da bərkidi…

Təsadüfi deyildi ki, 30 illik fasilədən sonra bu ilin mayın 12-13-də Şuşada Cıdır düzündə təşkil olunan “Xarıbülbül” Musiqi Festivalının ilk günündə ölkəmizdə yaşayan müxtəlif xalqların musiqi yaradıcılığı “Azərbaycan musiqisində multikulturalizm” mövzusunda təqdim edildi. Ölkəmizin müxtəlif bölgələrində yaşayan ayrı-ayrı xalqların musiqi qrupları və ifaçıları öz çıxışları ilə Azərbaycanın millətindən, dinindən asılı olmayaraq hər bir kəsin vahid Vətəni olduğu mesajını bütün dünyaya çatdırdılar.

Bu sarsılmaz birliyin heç bir düşmənin gücü, xarici müdaxiləsi ilə pozulmayacağını bir daha bəyan etdilər.

“Xarıbülbül” Musiqi Festivalının açılışındakı çıxışında bu birlik mesajının əhəmiyyətini xüsusi vurğulayan Prezident İlham Əliyev söylədi ki, Azərbaycanda bütün xalqlar dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayır və bu 44 günlük müharibə bir daha onu göstərdi ki, ölkəmizdə milli birlik, milli həmrəylik vardır: “Təsadüfi deyil ki, birinci festivalda Azərbaycanda yaşayan xalqların nümayəndələri çıxış edəcəklər və bir daha biz bütün dünyaya buradan - Şuşadan, qədim torpağımızdan mesaj veririk”.

Azərbaycanda yaşayan bütün etnosların nümayəndələrinin fərqli milli kimlikləri və dilləri, müxtəlif inancları və dəyərləri olsa da, bu keyfiyyətlər ta miniliklərin o üzündən bu günə kimi onları ayırmır, yada çevirmir, əksinə, birləşdirir, doğma edir. Elə bu ali mənəvi dəyərlərdən irəli gələrək Azərbaycanın bütövlüyünə təhlükə olan zaman çəkinmədən sinələrini sipər edərək, torpaq uğrunda ölümə belə getməkdən çəkinmirlər. Bəli, bütün bunlar Azərbaycanda yaşayan xalqların nümayəndələrinin ölkəmizə olan sevgisinin parlaq ifadəsi, bu, odlar yurdunun bütün millətlərin nümayəndələrinə doğma qucaq açdığının əyani və möhtəşəm göstəricisidir.

 

Yasəmən MUSAYEVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video