29 Dekabr 2021 02:22
1672
SİYASƏT

Mükəmməl nümunə

 

İlham Əliyevin yaratdığı “ASAN” brendi ictimai xidmətlər sahəsində inqilabi dəyişikliklər edib

 

“ASAN xidmət”in yaradılması Azərbaycanda aparılan ciddi islahatların təzahürüdür. Bu, yeni sistemdir. Bu, Azərbaycan brendidir”.

9 il öncə - 2012-ci ildə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyində “ASAN xidmət” mərkəzlərinin yaradılmasını və gələcək fəaliyyətini dəyərləndirərkən Prezident İlham Əliyevin söylədiyi bu fikirlər bu gün bir daha öz təsdiqini tapır. 

Siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanan İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 18 ildə xalqın rahatlığı naminə həyata keçirdiyi islahatlar bu gün öz mükəmməl nəticəsini verməkdədir.

Prinsipləri operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyətlilik, etik davranış qaydalarına nəzarət və rahatlıq olan “ASAN xidmət” sisteminin yaradılması da bu islahatların real nümunəsidir.

 

9 ildə 21 “ASAN xidmət” mərkəzi yaradılıb

 

“ASAN xidmət” dünyada ən təkmil örnək kimi qəbul edilən Azərbaycan modelidir. İctimai xidmətlər sahəsində “ASAN xidmət”in xətti ilə aparılan islahatlar nəinki bu sahəni nümunəvi sahəyə çevirib, eyni zamanda cəmiyyətdəki münasibətlərə də çox müsbət təsir göstərib.

Dövlət başçısının 2012-ci il 13 iyul tarixli 685 nömrəli fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyində “ASAN xidmət” mərkəzləri yaradılsa da, qurum həmin ilin 29 dekabr tarixdən fəaliyyətə başlayıb. Fəaliyyətinin 5 illiyində - 2017-ci ildə Prezident İlham Əliyev “ASAN xidmət”lə bağlı tarixi sərəncam imzalayıb. Sərəncama əsasən Azərbaycanda ilk “ASAN xidmət” mərkəzi 2012-ci il dekabrın 29-da fəaliyyətə başladığı üçün hər il bu tarix “ASAN xidmət” işçilərinin peşə bayramı günü kimi qeyd edilir.

Hazırda ölkəmizdə 21 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 6-sı Bakı şəhərində, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli, Şəki, Şamaxı, Kürdəmir, Tovuz, Ağcabədi və Balakəndə fəaliyyət göstərir.

 Bakı, Gəncə və Sumqayıtda növbəti, Lənkəran, Salyan və Naxçıvanda isə ilk “ASAN xidmət” mərkəzləri inşa olunur.

 

Bir mərkəzdə 320-dən çox xidmət göstərilir

 

“ASAN xidmət” mərkəzlərində müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 320-dən çox xidmət göstərilir.

“ASAN Kommunal” mərkəzlərində isə “Azərişıq” ASC, “Azərsu” ASC və “Azəriqaz” İB tərəfindən 55 növ xidmət mövcuddur.

Bu günədək “ASAN xidmət” mərkəzlərinə 7 milyon 666 mindən çox vətəndaşın 49 milyondan çox müraciəti daxil olub. Keçirilən rəy sorğularına əsasən vətəndaşların xidmətlərdən məmnunluq əmsalı 99,5 faiz təşkil edir.

Sirr deyil ki, İlham Əliyevin müəllifi olduğu “ASAN xidmət”in yaradılması ictimai xidmətlər sahəsində inqilabi dəyişiklik sayılır. Eyni zamanda bu, yeni davranış qaydalarının tətbiq edilməsi deməkdir.

10 səyyar “ASAN xidmət” avtobusu və 1 səyyar “ASAN qatar” vasitəsilə regionlarda vətəndaşlara səyyar formada xidmətlər göstərilir. 2013-cü ilin iyun ayından etibarən 2 milyon 500 mindən çox vətəndaşa səyyar formada xidmət göstərilib.

 

Könüllülər “ASAN” konsepsiyanın bir komponentidir

 

Prezident İlham Əliyevin söylədiyi kimi, “ASAN xidmət” mərkəzləri həm də gənclər mərkəzidir. Artıq demək olar ki, minlərlə gənc “ASAN xidmət”də çalışıb, təcrübə qazanıb. Könüllülər hərəkatı da məhz “ASAN xidmət” mərkəzlərindən başlayıb.

Könüllülər “ASAN xidmət”in fəaliyyətə başladığı ilk gündən etibarən bu konsepsiyanın bir komponentidirlər. Bu prosesə 28000-dən çox könüllü gənc qoşulub. Bu günə kimi könüllülər tərəfindən 3000-dən çox təlim, 700-dən çox layihə həyata keçirilib və 2700-dən çox könüllü “ASAN Kadr” portalı vasitəsilə işlə təmin olunub.

Ümumiyyətlə, bu sahədə könüllülərin fəaliyyəti cəmiyyətdə yeni bir davranış qaydalarının tətbiqi deməkdir. Prezidentin söylədiyi kimi, bu, çox nəcib və doğrudan da, çox təqdirəlayiq bir funksiyadır.

 

15-dən çox ölkə və beynəlxalq təşkilatla müqavilə imzalanıb

 

 Dövlət agentliyi və tabeliyində olan qurumlar öz fəaliyyəti çərçivəsində 15-dən çox ölkə və beynəlxalq təşkilatla müqavilə bağlayıb.

Bu çərçivədə İtaliya, Fransa, Böyük Britaniya, Türkiyə, Monteneqro, Estoniya, Koreya, İndoneziya, Mərakeş, Özbəkistan, Uqanda, Əfqanıstan və s. kimi ölkələrin müvafiq sahələr üzrə fəaliyyət göstərən qurumları ilə anlaşma memorandumları imzalanıb. Eyni zamanda UCLG Afrika və ICESCO təşkilatları ilə anlaşma memorandumları imzalanıb. ICESCO ilə imzalanmış memorandumun implementasiyası çərçivəsində 25 oktyabr 2018-ci il tarixdə dövlət agentliyi ilə ICESCO arasında birgə əməkdaşlıq proqramı imzalanıb. Əməkdaşlıq proqramına əsasən qabaqcıl idarəetmə üzrə “ASAN ICESCO” mükafatı təsis olunub.

 2019-cu il 2 yanvar tarixdə Əfqanıstanda ilk “ASAN xidmət” mərkəzinin açılışı baş tutub. İndoneziya, Monteneqro, Özbəkistan, Türkmənistan, Əfqanıstanın, Rusiya Federasiyasının bir sıra əyalətlərində müvafiq sahələr üzrə fəaliyyət göstərən qurumların nümayəndələrinə dövlət agentliyinin ekspertləri tərəfindən təlimlər keçirilib.

 Həmçinin bir neçə ölkədən “ASAN xidmət” təcrübəsinin öyrənilməsi və öz ölkələrində tətbiqi ilə əlaqədar müraciətlər daxil olub. Hazırda bu istiqamətdə danışıqlar davam etdirilir.

Göründüyü kimi, milli brendimiz olan “ASAN xidmət” fəaliyyətini getdikcə daha da şaxələndirir.

Bu gün “ASAN xidmət”də çalışan hər bir şəxs öz işi ilə həm vətəndaş məmnunluğunun daha da yüksəlməsi, həm də Azərbaycanın beynəlxalq nüfuzunun, siyasi çəkisinin artması üçün operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyətlilik prinsiplərinə sadiqlik nümayiş etdirir. Xalqa xidmət missiyasını uğurla reallaşdıran “ASAN”çılara bu işdə uğurlar və yeni-yeni nailiyyətlər arzulayırıq.

Peşə bayramınız mübarək! 

 

Rəşad BAXŞƏLİYEV,

“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video