05 Avqust 2022 01:11
1085
SİYASƏT
A- A+

Mükafatımız azad olunan torpaqlardır

 

Firudin Bakıda doğulub boya-başa çatıb. Səbail rayon 7 saylı orta məktəbi bitirib. Ali təhsilini Rusiya Federasiyasının Volqoqrad şəhərində, Rusiya Daxili İşlər Nazirliyinin Akademiyasında alıb. Amma bir gün də olsun polis orqanlarında işləməyib. "Polis orqanlarında işləmək üçün gərək insanda polis xarakteri ola... Məndə isə o xarakter yox idi", - deyir. Bir qədər "Kapital Bank"da hüquqşunas olaraq çalışan Firudin sonralar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Hüquq Departamentində hüquqşünas kimi işə götürülüb. Hazırda fondun departament direktorunun müavinidir.

Firudin deyir ki, "Gözümü açandan evimizdə Qərbi Azərbaycan, Zəngəzur, Qarabağ haqqında söhbətlər eşidir, ermənilərin xalqımızın başına gətirdiyi qorxulu nağıllara qulaq asırdım. Məktəbdə də müəllimlərimiz bizə Xocalı soyqırımı zamanı soydaşlarımızın başına gətirilən faciədən danışırdılar. O torpaqları heç vaxt görməsəm də o torpaqların həsrəti ilə yaşayırdım. İçimdə bir arzu var idi. Kaş bir gün yenə o torpaqlara qayıda biləydik. İndi o torpaqları qaytaranlardan, o torpaqlar uğrunda vuruşanlardan biri olmağın qürurunu yaşamaq mənim üçün çox fərəhlidir. Artıq ermənilərin viran qoyub xarabazarlığa çevirdikləri o torpaqlara qayıdış başlayıb. Oralarda həyat yenidən bərpa olunur. Doğma yurdlarımızın geri qaytarılmasında mənim də cüzi payım olduğu üçün çox sevinirəm. Amma mən özümü qəhrəman saymıram. Qəhrəmanlar o torpaqlarımız uğrunda döyüşüb şəhid olan oğullarımızdır. Şəhid olacağını bilə-bilə ölümün üstünə gedən igidlərimiz var idi. Qəhrəman onlardır".

Firudin Quliyev 2006-ci ildə hərbi xidmətdə olub... Həqiqi hərbi xidmətdə olarkən zabit hazırlığı kursunu bitirib, leytenant rütbəsində ordu sıralarından tərxis olunub. "Əsgərliyimi başa vuranda zabit kurslarına yazıldım. Torpaqlarımızı işğaldan azad edəcəyimiz günün gələcəyinə çox inanırdım. O zaman fikirləşirdim ki, müharibə olarsa, bəlkə də məni sıravi əsgər kimi döyüşə cəlb etməzlər. Amma ehtiyatda olan zabit olaramsa, səfərbərliyə alına bilərəm. Çox şükür ki, fikirlərimdə yanılmadım. 2020-ci il sentyabrın 21-də ehtiyatda olan zabit kimi təlimlərə cəlb olundum".

2020-ci ilin yayında ermənilərin Tovuz rayonuna hücumu, general Polad Həşimovun, polkovnik İlqar Mirzəyevin və digər hərbçilərimizin şəhid olma xəbəri gənclərimizi qəzəbləndirmişdi. Onlar ermənilərin qudurğanlığına etiraz olaraq küçələrə çıxıb "ya Qarabağ, ya ölüm " hayqırırdılar. Ertəsi günü gənclərimiz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti İdarəsinə üz tutaraq könüllü döyüşmək üçün növbəyə düzülmüşdülər. Könüllülər arasında Firudin Quliyev də var idi. O zaman Firudinin böyük qızı Gülşənin 2 yaşı, kiçik qızı Gülgün isə 4 aylıq idi. "Müharibə qandır, qadadır. Ölümdür, ayrılıqdır... Bu yolun gedişi olub dönüşü olmadığını gözəl bilirdim. Amma yaxamı kənara çəkə bilməzdim. Söhbət Vətənindən gedirsə, onun təhlükəsizliyindən gedirsə, "mənə nə" deyib keçə bilməzdim. Fikirləşirdim ki, ermənilərin bu azğınlığı durdurulmasa, Xocalıda uşaqların başına gətirilənlər bir gün mənim övladlarımın da başına gələ bilər. Hər şeyi gözə alıb, müharibəyə getməyə qərar verdim". 27 sentyabrda Füzuli rayonunun düşməndən azad edilməsi uğrunda "N" saylı hərbi hissənin qərargah bölüyünün əlahiddə zenit-raket taqımının komandiri kimi döyüşə qoşulan leytenant Firudin Quliyev şərəfli bir döyüş yolu keçib.

- Sentyabrın 27-də Ali Baş Komandanın əmri ilə orduda həyəcan siqnalı verildi. Düşmən qüvvələri torpaqlarımıza yenidən basqın etmişdilər. Məqsədləri yeni torpaqlar ələ keçirmək idi. Amma bu dəfə daş qayaya rast gəldi. Komandiri olduğum taborun əsas vəzifəsi əks-hücum əməliyyatını həyata keçirən XTQ-nin havadan təhlükəsizliyini təmin etmək idi... Ermənilər əks-hücum edən bölmələrimizin yerini müşahidə edib onlara havadan zərbələr endirirdilər. Bizim vəzifəmiz isə raket, hava zərbələrinin qarşısını almaq idi. Müharibənin öz qanunları var. Hər şey vəziyyətə və şəraitə görə dəyişir. Müharibənin ilk günündən mənə döyüşə girən tanklarımızın təminatını həyata keçirmək əmr olundu. Bu çox ağır iş idi. Deməli, döyüş gedə-gedə tanklarımızı döyüş sursatı və yanacaqla təmin edirdik...

Ermənilər illər idi ki, o yerlərdə məskən salmışdılar. İstehkamlar qurmuşdular. İddia etdikləri kimi keçilməz "Ohanyan səd"ləri, nəhəng beton bunkerləri, istehkamları var idi. Azərbaycan Ordusunun da dəmir intizamı, iradə, yüksək döyüş əzmi, bir də qisas hissi var idi. Açığını deyəcəm, döyüşün taleyini bizim XTQ-lər həll edirdi. Onlarda psixoloji və fiziki hazırlıq, peşəkarlıq, özünə inam, dözümlülük və ən başlıcası əxlaq tamam fərqli idi. Hər şeyi hamıdan yaxşı bilsələr də, hamıdan yaxşı döyüşsələr də, heç vaxtı "mən, mən" deməzdilər. Bəzən elə döyüşlər olurdu ki, döyüşə girən qrup orada bir nəfərin də sağ qalma ehtimalının olmadığını bilsə belə, tərəddüd etmədən önə atılıb əmri yerinə yetirirdilər. Bir zabit, bir döyüşçü kimi deyirəm, Vətən müharibəsinin əsl qəhrəmanları onlardır. Bircə fakt deyəcəyəm. Ermənilərin məşhur "Ohanyan səddi"ni bizim "Əfsanəvi tabor"un əsgərləri Xüsusi Təyinatlıların qüvvələri yarıb keçmişdilər. Tikanlı məftillərin ucunda ət parçaları, əsgərlərimizin dəriləri, paltarları, qan ləkələri qalmışdı. İrəliləmişdilər. Keçilməz deyilən "Ohanyan səddi"ni yarıb keçmişdilər. Düşməni məhv etmişdilər.

Firudin danışdıqca fərəhdən ürəyi sinəsinə sığmırdı. Qəhrəman oğullarımızın göstərdiyi igidliklərdən ürəklə, fərəhlə danışırdı. Özü haqqında bir kəlmə də olsun  demirdi. Biz etdik, biz getdik deyirdi. Firudinin komandiri olduğu tabor sonradan Xüsusi Təyinatlı Qüvvələrin tərkibinə verilib, ən ağır, şərəfli əməliyyatlarda iştirak edib.

 

Şuşaya gedən Zəfər yolunu nəzarətə götürdük

 

O, Xocavənd rayonunun ərazisində yerləşən Xırmancıq zirvəsinin alınmasında da fəal iştirak edib. Firudin deyir ki, Xırmancıq Xocavənd rayonunda yüksək dağ zirvəsidir. Ordumuzun Şuşa istiqamətinə hərəkət etməsi üçün Qırmızıbazar istiqamətindən irəliləməliydik. Qırmızıbazar ermənilərin əlində idi. Xırmancığı götürməklə həm Xocavəndə, həm də Qırmızıbazara nəzarət edə bilərdik. Bu zirvədən Füzuli şəhərinə cəmi 30 kilometrlik bir məsafə var idi. Buradan Füzuli şəhərinin dağıdılıb viran qoyulmuş evləri ovuc içi kimi görünürdü. Eyni zamanda Xırmancığı götürməklə ordumuzun Şuşaya gedən zəfər yoluna nəzarəti də ələ keçirmiş, ordumuzun Şuşa istiqamətinə yolunu açmış olurduq. Ondan sonra keçilməz dağ yolları ilə hərbçilərimiz çətin də olsa, Şuşaya doğru irəliləyə biləcəkdilər. "Oktyabrın 11-də gecə Xırmancığı almaq üçün döyüş əməliyyatına başlamaq əmrini aldıq. Erməni kəşfiyyatı hücum edəcəyimizi bilirdi. Ona görə də onlar da bu döyüşə ciddi hazırlaşmışdılar. Çox ağır döyüşlərimiz oldu. Ermənilər bu döyüşdə qadağan olunmuş kaset mərmilərdən istifadə edirdilər. Mərmi məndən bir qədər aralı düşsə də, zərbə dalğası məni vurdu".

İgid döyüşçü Firudin Quliyev Xırmancıq uğrunda gedən döyüşlərdə xəsarət alsa da, döyüşləri davam etdirib. Firudin deyir ki, Xırmancıq zirvəsi uğrunda gedən döyüşlərdə erməniləri ağır məğlubiyyətə uğradıb, zirvəni ələ keçirib orada mövqelərimizi möhkəmlətdik. Bu döyüş 44 günlük Vətən müharibəsinin tarixində çox mühüm əhəmiyyəti olan bir döyüş oldu. Xırmancığı götürməklə Zəfər yoluna nəzarəti də ələ keçirdik. Eyni zamanda Xocavənd, Füzuli yolunu da bağladıq.

Xocavəndin təbii gözəlliyi, havası, suyu o qədər gözəldir ki, onu sözlə ifadə edə bilmərəm. O yerlərin gözəlliyi də bizə döyüş ruhu verirdi. Sanki torpaq dil açıb bizi döyüşə çağırır, "məni azad et", deyirdi. Torpağın səsini eşidirdik.

 

Erməni döyüşçüləri qadın paltarında qaçırdılar

 

Azərbaycan 44 günlük Vətən müharibəsində həm də dünyaya müharibə mədəniyyətini, müharibə əxlaqını göstərdi. Əsgərlərimiz bir uşağa qıymadı, aman diləyən bir kimsəni öldürmədi. Dinc əhalinin çıxması üçün humanitar dəhliz verdi. Yaşayış məntəqələrini hədəf seçmədi. Firudin Quliyev deyir ki, biz "Fəryad" filmindən dərs almış nəslin nümayəndələriyik. Hadrutu azad edəndə mənə elə gəlirdi ki, "Fəryad" filminə tamaşa edirəm, o filmin qəhrəmanlarıyıq. Ermənilərdən fərqli olaraq, mülki əhalinin çıxması üçün şərait yaradırdıq. Onlara dəymirdik. Onu da bilirdik ki, mülki əhalinin içində qadın paltarı geyinib qaçan erməni döyüşçüləri də az deyil.

Firudin söhbət zamanı bildirdi ki, döyüşün taleyini psixoloji durum, ruh və nizam-intizam həll edir: "Ordumuzda da bu üç amil çox yüksək səviyyədə idi. Orada televizora baxmaq imkanımız yox idi. Arxadan gələnlər telefonlarında bizə Ali Baş Komandanın televiziya çıxışlarını gətirirdilər. O çıxışlar bizə ruh verirdi. Ən çox narahat olduğumuz müharibənin yarımçıq dayandırılması xəbərini eşitmək idi. Bilirdik ki, dövlətimizə güclü xarici təsirlər var. Amma Müzəffər Ali Baş Komandanın çıxışlarını eşidəndə sona qədər gedəcəyimizə, qələbə çalacağımıza inanırdıq. O inam aparırdı bizi qələbəyə...

Vətən müharibəsində göstərdiyi xidmətlərə görə, Firudin Quliyev "Xocavəndin azad olunmasına görə", "Hərbi xidmətdə fərqlənməyə görə" və "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif olunub. "Biz müharibəyə ad-san, orden, medal, xüsusi imtiyaz üçün getməmişdik. Torpaqların azad olunması bizim ən böyük mükafatımızdır. Bu gün dövlətimizin şəhid ailələrinə, qazilərə olan  qayğını görəndə çox sevinirəm. Onlara göstərilən qayğını özümüzə diqqət kimi qəbul edirəm. Vətənə, anaya qulluq təmənnasız olmalıdır. Biz döyüşçülər nə etdiksə, vətənə xatir etdik, - dedi Firudin Quliyev.

 

Elşən QƏNİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video