20 Sentyabr 2022 18:32
480
PARLAMENT
A- A+

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin 2022-ci ilin payız sessiyasında ilk iclası keçirilib

 

Sentyabrın 20-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin 2022-ci ilin payız sessiyasında ilk iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda komitənin sədri Sadiq Qurbanov əvvəlcə sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi son təxribatlardan söz açıb. Bildirib ki, Ermənistan silahlı qüvvələrinin sərhəddə törətdikləri genişmiqyaslı təxribatın qarşısı rəşadətli Azərbaycan Ordusu tərəfindən uğurla alınıb.

İclas iştirakçıları təxribatların qarşısını alarkən şəhid olan Vətən övladlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Sonra Sadiq Qurbanov bildirib ki, iclasın gündəliyinə 2022-ci ilin yaz sessiyası dövründə komitədə görülən işlər barədə hesabat, komitənin 2022-ci ilin payız sessiyası üçün iş planı ilə bağlı məsələlər, İnzibati Xətalar Məcəlləsində və “Ətraf mühitin mühafizəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihələri daxil edilib.

Milli Məclisin 2022-ci ilin yaz və növbədənkənar sessiyaları ərzində Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində görülən işlər barədə məlumat verən Sadiq Qurbanov diqqətə çatdırıb ki, yaz sessiyası dövründə komitədə 11 iclas keçirilib, 29 məsələyə baxılıb.

Qeyd olunub ki, hesabat dövründə komitəyə vətəndaşlardan və bir sıra təşkilatlardan müxtəlif məzmunlu 161 məktub, ərizə və sənəd daxil olub. Məktublarda göstərilən problemlərin həlli ilə əlaqədar aidiyyəti qurumlara müraciət ünvanlanıb. Komitə üzvləri tərəfindən seçicilər, şəhid ailələri və qazilərlə bir sıra görüşlər keçirilib, onları narahat edən məsələlərin həlli istiqamətində müvafiq tədbirlər görülüb.

Ötən dövr ərzində Təbii ehtiyatlar energetika və ekologiya komitəsinin üzvü olan deputatlara ümumilikdə 1256 müraciət daxil olub. Bu müraciətlərdən 347-si yazılı, 909-u isə şifahi xarakter daşıyıb.

Sonra komitənin 2022-ci ilin payız sessiyası üçün iş planının layihəsi təqdim edilib. Qeyd olunub ki, iş planına “Azərbaycan Respublikasında bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsinə dair 2018-2022-ci illər üçün Milli Strategiya” çərçivəsində Suraxanı poliqonunda tullantıların idarə olunması ilə bağlı tədbirlərin, Hacıqabul gölünün mövcud vəziyyəti və bərpası istiqamətində işlərin görülməsi üçün komitə üzvlərindən ibarət komissiyanın təşkil edilməsi, qlobal iqlim dəyişikliklərinin Azərbaycana təsiri ilə bağlı dinləmələrin keçirilməsi, içməli su və suvarma suyu problemi, suyun keyfiyyəti və onun təmizlənməsi texnologiyaları barədə müzakirələrin təşkili, “yaşıl enerji” zonasının yaradılması və “yaşıl enerji” məkanı prinsiplərinə əsaslanan bərpaolunan enerjinin iqtisadiyyatın bütün sahələrində tətbiqi ilə bağlı müzakirələr və digər məsələlər daxil edilib.

Daha sonra İclasda İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi birinci oxunuşda təqdim edilib. Bildirilib ki, İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli Qanununun icrası ilə əlaqədar hazırlanıb və həmin Qanunun pozulmasına görə inzibati məsuliyyəti müəyyən edir. Layihədən də göründüyü kimi, müvafiq dəyişikliklər İnzibati Xətalar Məcəlləsinin 279-cu maddəsinin yalnız dispozisiyasına təklif edilir. Bu dəyişikliklər “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Qanunun enerji auditi və enerji idarəçisi (menecer) haqqında müddəalarının tələblərindən, habelə enerji effektivliyi potensialının qiymətləndirilməsi və enerji effektivliyi üzrə öhdəliklərdən irəli gəlir.

Komitə sədri gündəliyin sonuncu məsələsi – “Ətraf mühitin mühafizəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) barədə məlumat verib. Qeyd edib ki, qanun layihəsi Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli 1859 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı"nın 4.2-ci bəndinə əsasən hazırlanıb. Həmin bənddə təsbit olunub ki, dövlət xidmətinin göstərilməsi üçün zəruri olan sənəd və ya məlumat digər dövlət qurumunda mövcud olduğu halda, həmin sənədin və ya məlumatın vətəndaşdan tələb edilmədən Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət qurumundan alınmasının təmin edilməsi üçün bu prinsipin sahəvi normativ hüquqi aktlardan təsbit edilməsi, habelə bu prinsipə əsaslanan elektron xidmətlərin sayının artırılması təmin edilməlidir. Bununla əlaqədar qeyd edilən tələbin sahəvi qanunlarda əks olunmasına zərurət yaranır, nəticədə həmin tələbin sahəvi qanunlarda əks olunması onun daha işlək və tətbiqedilən olmasını təmin edəcəkdir. Qanun layihəsinin qəbulu vətəndaşların sənəd və ya məlumatın toplanması və təqdim edilməsi ilə bağlı problemlərinin aradan qaldırılmasına və vaxt itkisinin azaldılmasına, bu əsasda vətəndaş məmnunluğunun artırılmasına, habelə ölkədə Elektron Hökumət İnformasiya Sisteminin funksionallığının daha da yüksəldilməsinə və qurumlararası elektron inteqrasiyanın gücləndirilməsinə xidmət edəcəkdir.

Müzakirələr zamanı çıxış edən komitə sədrinin müavini Asim Mollazadə, komitənin üzvləri İltizam Yusifov, Məşhur Məmmədov, Nəsib Məhəməliyev gündəlikdəki məsələlərlə bağlı fikirlərini bildiriblər, rəy və təkliflərini səsləndiriblər. Deputatlar, eyni zamanda, Ermənistanın Azərbaycan sərhədində törətdiyi təxribatlara və digər aktual məsələlərə münasibət bildiriblər.

İclasda 2022-ci ilin yaz sessiyasında komitədə görülən işlər barədə hesabat məqbul sayılıb, 2022-ci ilin payız sessiyasının iş planı təsdiq edilib. Gündəliyə daxil edilən iki qanun layihəsi isə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video