11 Yanvar 2023 19:06
717
PARLAMENT
A- A+

Milli Məclisin sədri Səudiyyə Ərəbistanı Şura Məclisinin nümayəndə heyəti ilə görüşüb

 

Yanvarın 11-də Milli Məclisin sədri Sahibə Qafarova Səudiyyə Ərəbistanı Krallığı Şura Məclisinin Səudiyyə Ərəbistanı-Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun rəhbəri Fayez bin Abdullah Əl-Şehrinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Sahibə Qafarova ölkəmizin Səudiyyə Ərəbistanı ilə əlaqələrin inkişafına və müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verdiyini qeyd edib. Bildirilib ki, bu gün ölkələrimiz arasındakı əlaqələr yüksək səviyyədədir, bu münasibətlərin daha da genişləndirilməsi üçün geniş imkanlar mövcuddur. Qeyd edilib ki, İkitərəfli əlaqələrin inkişafında ali və yüksək səviyyəli qarşılıqlı səfərlərin müstəsna rolu var.

Parlamentin sədri vurğulayıb ki, ölkələrimiz arasında münasibətlərin inkişafı Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 1994-cü ildə Səudiyyə Ərəbistanına səfəri ilə başlayıb və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıq etdiyini vurğulayan Milli Məclisin sədri Səudiyyə Ərəbistanının beynəlxalq təşkilatlar, xüsusilə Birləşmiş Millətlər Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində dövlətimizin ərazi bütövlüyünə, suverenliyinə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına verdiyi dəstəyi və tutduğu ədalətli mövqeyi yüksək qiymətləndirib. Bildirilib ki, Səudiyyə Ərəbistanı Azərbaycan ərazilərini işğal etdiyinə görə Ermənistanla diplomatik əlaqələr qurmayan nadir ölkələrdəndir və bu, Azərbaycan xalqına, dövlətinə göstərilmiş böyük mənəvi dəstəyin və qardaşlığın əlamətidir.

Vətən müharibəsinin nəticələrindən danışan Sahibə Qafarova bildirib ki, Azərbaycan Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərimizdən qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 27 il yerinə yetirilməmiş qalan dörd qətnaməsini, digər beynəlxalq təşkilatların müvafiq qərar və qətnamələrini öz gücü ilə həyat keçirərək torpaqlarını işğaldan azad edib. O, Ermənistanın 30 illik işğal dövründə Azərbaycan torpaqlarında İslam dininə aid abidələri dağıtmaq, məscidləri təhqir etmək siyasəti yürütdüyünü, bununla nəinki Azərbaycan xalqını, bütün müsəlman aləmini təhqir etdiyini xatırladıb.

Parlamentin sədri Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa işləri apardığını, artıq keçmiş məcburi köçkünlərimizin doğma yurdlarına qayıtması prosesinin başladığını bildirib. Qeyd olunub ki, ərazilərin Ermənistan tərəfindən minalanması bu prosesə maneə törədir.

S.Qafarova Ermənistanda yaşayan azərbaycanlıların öz doğma torpaqlarından hətta münaqişə başlamazdan əvvəl qovulduğunu deyərək, müasir Ermənistanın tarixi Azərbaycan torpaqlarında yaradıldığını və azərbaycanlıların bu torpaqlarda əsrlər boyu yaşadığını qonaqların diqqətinə çatdırıb. O Qərbi azərbaycanlıların da öz doğma torpaqlarına qayıdacaqlarına inamını ifadə edib.

Milli Məclisin sədri bildirib ki, Azərbaycan regionda uzunmüddətli sülhün və sabitliyin təmin edilməsi üçün səy göstərir. Lakin Ermənistan müxtəlif bəhanələrlə bu məsələdən yayınır.

Azərbaycan və Səudiyyə Ərəbistanı parlamentləri arasında əlaqələrin inkişafından söz açan Sahibə Qafarova deyib ki, hər iki ölkənin qanunverici orqanlarında dostluq qruplarının fəaliyyəti, komitələr arasında əməkdaşlıq parlamentlərarası əlaqələrin inkişafı baxımından önəmlidir.

Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi barədə danışan Sahibə Qafarova beynəlxalq parlament platformalarında əməkdaşlığın önəminə toxunub. Milli Məclisin sədri, Səudiyyə Ərəbistanı parlamentinin nümayəndə heyətinin bu səfərinin qardaş xalqlarımız arasında münasibətlərin, parlamentlərarası əlaqələrin daha da dərinləşməsi işinə xidmət edəcəyinə inamını ifadə edib.

Səudiyyə Ərəbistanı Şura Məclisinin Səudiyyə Ərəbistanı-Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun rəhbəri Fayez bin Abdullah Əl-Şehri Krallığın ölkəmizlə əlaqələrin inkişafına və əməkdaşlığın dərinləşməsinə böyük önəm verdiyini bildirib.

Dostluq qrupunun rəhbəri deyib ki, Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə baş verən yüksək inkişaf proseslərini çox yüksək qiymətləndirirlər. O, dövlətimizin başçısının Azərbaycanın inamlı tərəfdaş olması ilə bağlı fikirlərini xatırladaraq vurğulayıb ki, bu fikirlər ölkələrimiz arasında münasibətlərdə də öz əksini tapır.

O, iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edib, müxtəlif sahələrdə, o cümlədən qanunverici orqanlar arasında əməkdaşlığın hər iki ölkənin xalqlarının maraqlarına uyğun olduğunu vurğulayıb, bu istiqamətdə fikirlərini bölüşüb.

Söhbət zamanı ikitərəfli münasibətlərin, parlamentlərarası təmasların, dostluq və əməkdaşlıq əlaqələrinin inkişafı, iqtisadi münasibətlərin, ticarət əlaqələrimizin təşviqi, investisiya sahəsində yeni əməkdaşlıq imkanları və qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video