01 Iyul 2022 23:52
859
PARLAMENT
A- A+

Milli Məclisin sədri Küveyt Milli Assambleyasının spikeri ilə görüşüb

 

İyulun 1-də Milli Məclisin sədri Sahibə Qafarova Küveyt Milli Assambleyasının spikeri Marzuk əl-Qənim ilə görüşüb.

Milli Məclisin sədri qonağı ölkəmizdə salamlamaqdan məmnunluğunu ifadə edib və Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakıda keçirilən Konfransında iştirak etdiyinə görə ona təşəkkürünü bildirib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Sahibə Qafarova dövlətlərarası münasibətlərin inkişafından söz açaraq, Azərbaycanın Küveytlə əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini deyib. Ölkə başçılarının qarşılıqlı səfərlərinin, keçirilən görüşlərin bu əlaqələrin dərinləşməsinə mühüm töhfə verdiyini vurğulayıb. Spiker ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni əlaqələrin durmadan inkişaf etməsindən razılıqla danışıb.

Azərbaycan Parlamentinin sədri qanunvericilik orqanları arasında əməkdaşlığın vacibliyindən danışıb. O, hər iki ölkənin parlamentlərində dostluq qruplarının fəaliyyət göstərməsini təqdir edib.

Görüşdə Milli Məclisin sədri Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı Konfransının əhəmiyyətindən söhbət açıb. Konfransda müzakirəyə çıxarılan məsələlərin aktuallığını qeyd edib. Azərbaycan Prezidenti İlham Əliyevin Konfransın açılış mərasimində çıxışına diqqət çəkən Sahibə Qafarova ölkə başçısının qaldırdığı məsələlərin qlobal əhəmiyyət daşıdığını vurğulayıb.

Küveyt Milli Assambleyasının spikeri Marzuk əl-Qənim qonaqpərvərliyə və səmimi söhbətə görə minnətdarlığını ifadə edib. O, Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı Konfransında iştirak etdiyinə görə məmnunluğunu bildirib. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə irəli sürdüyü təşəbbüsləri təqdir edib. Hərəkatın Parlament Şəbəkəsinin də fəaliyyətinin uğurlu olacağına inamını bildirən qonaq Bakı Konfransının işinə müvəffəqiyyətlər arzulayıb.

Ölkəmizdə bütün sahələrdə müşahidə olunan tərəqqidən söhbət açan spiker Marzuk əl-Qənim Küveytin Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduğunu deyib. İki ölkə arasında bir çox sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün geniş imkanlar olduğunu bildirib.

Söhbət zamanı qonaq parlamentlərarası əlaqələrin inkişafı və parlament diplomatiyasının əhəmiyyəti barədə fikirlərini açıqlayıb. Parlament nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin qanunvericilik sahəsində təcrübə mübadiləsi baxımından önəmli olduğunu qeyd edib.

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video