25 Yanvar 2023 22:26
432
PARLAMENT
A- A+

Milli Məclisin Gənclər və idman komitəsinin yaz sessiyasında iş planı təsdiqlənib  

 

Yanvarın 25-də Milli Məclisin Gənclər və idman komitəsinin 2023-cü ilin yaz sessiyasında ilk iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclası açan Milli Məclis sədrinin müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev yaz sessiyasının başlanması münasibətilə komitə üzvlərini təbrik edərək, onlara uğurlar arzulayıb.

2022-ci ilin Azərbaycan üçün mütərəqqi hadisələrlə yadda qaldığını qeyd edən Adil Əliyev bildirib ki, ötən il dövlətin əsas prioritet istiqamətlərindən olan Böyük Qayıdış konsepsiyasının icra edilməsi və əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində əsaslı işlər görülüb.

Adil Əliyev iclasın gündəliyinə 4 məsələnin - 2022-ci ilin payız sessiyasında komitədə görülmüş işlərin hesabatının, komitənin 2023-cü il yaz sessiyasında iş planının və paket şəklində daxil olan qanun layihələri içərisində “Gənclər siyasəti haqqında” və “Bədən tərbiyəsi və idman haqqında” Qanunlarda dəyişiklik edilməsi ilə bağlı qanun layihələrinin daxil edildiyini bildirib. 2022-ci ilin payız sessiyası ərzində komitədə görülən işlər barədə hesabatı təqdim edən komitə sədri qeyd edib ki, komitə ötən sessiya ərzində öz fəaliyyətini Milli Məclisin qanunvericilik işləri planına uyğun şəkildə həyata keçirib. Hesabat dövründə komitənin 4 iclası keçirilib, 5 məsələ müzakirə edilib. Qeyd olunub ki, 1400-dən çox vətəndaş tərəfindən ünvanlanmış müraciətlərə baxılıb və əksəriyyəti öz müsbət həllini tapıb. Şifahi və sosial şəbəkələr vasitəsilə isə 2430 vətəndaşdan müraciət daxil olub. Bildirilib ki, hesabat dövründə Vətən müharibəsi şəhidlərinin ailə üzvləri ilə görüşlər keçirilib, onları maraqlandıran məsələlərin həllinə köməklik göstərilib. Həmçinin aztəminatlı ailələrə yardımlar, vətəndaşları narahat edən məsələlər diqqətdə saxlanılıb.

Sonra Milli Məclis sədrinin müavini komitənin 2023-cü ilin yaz sessiyası üçün iş planını təqdim edib və iş planına qanunvericilik təşəbbüsü qaydasında daxil olan qanun layihələrinin, mövcud qanunlara ediləcək dəyişikliklərin müzakirəsinin daxil edildiyini bildirib. Adil Əliyev diqqətə çatdırıb ki, işlər planında 18 məsələ yer alıb və sessiya müddətində “Heydər Əliyev İli” çərçivəsində idman mütəxəssisləri, məşqçilər və idmançılarla görüş, ictimai dinləmə, Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş müxtəlif mövzularda müsabiqələrin keçirilməsi nəzərdə tutulub. Bundan başqa, 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə şəhid ailələri ilə görüş, həmçinin vətəndaşların qəbulu, ərizə və şikayətlərlə işin təşkili və digər məsələlər də iş planına daxil edilib.

Komitə sədri iclasda müzakirəyə çıxarılan “Yerli rəy sorğusu haqqında”, “Avtomobil yolları haqqında”, “Diplomatik xidmət haqqında”, “Dövlət satınalmaları haqqında”, “Gənclər siyasəti haqqında”, “Azərbaycan Respublikasında dövlət dili haqqında”, “Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında”, “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında”, “Tənzimlənən qiymətlər haqqında”, “Banklar haqqında” Azərbaycan Respublikası qanunlarında dəyişiklik edilməsi barədə, həmçinin “Coğrafi obyektlərin adları haqqında”, “Avtomobil nəqliyyatı haqqında”, “Arıçılıq haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında”, “Fərdi məlumatlar haqqında”, “Məişət zorakılığının qarşısının alınması haqqında” və “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik olunması barədə qanun layihələrini müzakirəyə təqdim edib. Adil Əliyev bu qanun layihələrinin “Media haqqında” Qanunun icrası ilə əlaqədar hazırlandığını və uyğunlaşdırma xarakteri daşıdığını bildirib. Qanun layihələrinin mətnində “kütləvi informasiya vasitələri”, “kütləvi informasiya vasitəsi” kimi ifadələrin “media subyektləri”, “media” sözləri ilə əvəzlənməsi təklif olunur.

İclasda çıxış edən Gənclər və idman komitəsinin sədr müavini Şahin İsmayılov, komitənin üzvləri Ramil Həsən, Mahir Abbaszadə, Elnur Allahverdiyev, Etibar Əliyev, Jalə Əhmədova, Vüqar İskəndərov ölkəmizdə gənclər siyasəti istiqamətində atılan mühüm addımlardan, gənclərin sağlam, savadlı, vətənpərvər ruhda yetişmələri üçün yaradılan şəraitdən söhbət açıblar və bir sıra təkliflərini səsləndiriblər.

Müzakirələrin sonunda Gənclər və idman komitəsinin 2022-ci il payız sessiyası dövründə görülən işlər barədə hesabatı məqbul sayılıb, komitənin 2023-cü ilin yaz sessiyası üçün iş planı təsdiq edilib, gündəlikdəki qanun layihələri isə baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.

İclasda komitə üzvləri Müşfiq Cəfərov, Sevinc Hüseynova, Ülvi Quliyev və Cavid Osmanov iştirak ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video