23 Sentyabr 2022 23:30
575
PARLAMENT
A- A+

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclası keçirilib  

 

Sentyabrın 23-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin 2022-ci ilin payız sessiyasında ilk iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda əvvəlcə sentyabrın 12-dən 13-nə keçən gecə Azərbaycanla sərhəddə Ermənistan tərəfindən törədilən təxribatın qarşısı alınarkən qəhrəmancasına döyüşərək şəhid olmuş hərbi qulluqçularımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Komitə sədri Səməd Seyidov bildirib ki, Ermənistan tərəfindən Azərbaycana qarşı düşünülmüş şəkildə törədilmiş təxribatlar hələ də davam edir. Bu təxribatlar həm sərhəddə, həm beynəlxalq səviyyədə aparılır. Ölkəmizin xaricdəki diplomatik nümayəndəliklərinə hücumlar edilir, habelə beynəlxalq təşkilatlarda ölkəmizə qarşı müxtəlif bəyanatlar səsləndirilir. O, Ermənistan revanşist qüvvələrinin fəallaşmasını onların sülh müqaviləsini imzalamaqdan boyun qaçırmaq, vəziyyəti gərgin saxlamaq və Azərbaycanın iradəsinə tabe olmamaq istəyindən irəli gəldiyini söyləyib. Komitə sədri Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasətin regionda sülhü, təhlükəsizliyi, tərəqqini təmin etməyə yönəldiyini vurğulayıb.

Gündəmdə olan məsələlərin müzakirəsi zamanı çıxış edən komitə üzvləri Sahib Alıyev, Asim Mollazadə, Sabir Rüstəmxanlı, Nəsib Məhəməliyev, Elman Nəsirov, Ramil Həsən son dövrdə regionda və dünyada baş verən hadisələr barədə fikirlərini açıqlayıblar.

Sonra iclasın gündəliyinə daxil edilmiş 19 məsələyə baxılıb.

Komitə sədri Səməd Seyidov əvvəlcə Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin 2022-ci ilin yaz və növbədənkənar sessiyaları ərzində gördüyü işlər barədə hesabatı təqdim edib. Bildirilib ki, bu müddətdə komitənin 12 iclası keçirilib, 19 məsələyə baxılıb. İclaslarda bir sıra qanun layihələri, Azərbaycan Respublikası ilə xarici ölkələr arasında bağlanmış Sazişlər, Protokollar və Müqavilələr müzakirə olunub. Bu sənədlərin əksəriyyəti komitəyə Azərbaycan Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında təqdim olunan qanun layihələridir. Komitənin Milli Məclisin müzakirəsinə tövsiyə etdiyi məsələlərin hamısı qəbul edilib.

Diqqətə çatdırılıb ki, ötən sessiyalar ərzində komitənin sədri və üzvləri xarici dövlətlərin və təşkilatların ölkəmizdəki səfirləri, ölkəmizdə səfərdə olan nümayəndə heyətləri ilə bir sıra görüşlər keçiriblər. Qeyd olunub ki, bununla yanaşı, Şuşa şəhərində Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələrinin VII üçtərəfli iclası keçirilib.

S.Seyidov hesabat dövründə komitəyə ümumilikdə 3833 ərizə və şikayət daxil olduğunu, 3067 müraciətlə bağlı müvafiq tədbirlərin görüldüyünü, aidiyyəti təşkilat və idarələrə məktublar göndərildiyini deyib. O, komitə üzvləri tərəfindən 5140 nəfər vətəndaşın onlayn və fərdi qaydada qəbul edildiyini söyləyib.

Sonra Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin 2022-ci ilin payız sessiyası üçün iş planının layihəsi barədə məlumat verilib. Bildirilib ki, bu sessiyada qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə təqdim edilən qanun layihələrinə, habelə beynəlxalq və dövlətlərarası müqavilələrin təsdiqinə, icrasına və ləğv edilməsinə dair sənədlərə baxılacaq. Bu müddətdə Milli Məclisin parlamentlərarası əlaqələrinin daha da inkişaf etdirilməsi, xarici ölkələrdə yaşayan soydaşlarımızla və xaricdə fəaliyyət göstərən Azərbaycan təşkilatları ilə əlaqələrin möhkəmləndirilməsi, ölkəmizin xarici siyasət strategiyasına rəy və tövsiyələrin verilməsi nəzərdə tutulub. Bununla yanaşı, sessiya ərzində Azərbaycan həqiqətlərinin, o cümlədən “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində Xocalı soyqırımı haqqında məlumatların dünya ictimaiyyətinə çatdırılması ilə bağlı məqsədyönlü fəaliyyətin davam etdirilməsi, Azərbaycanın beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişafı istiqamətində lazımi addımların atılması və bir sıra digər tədbirlərin həyata keçirilməsi planlaşdırılır.

İclasda Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin 2022-ci ilin yaz və növbədənkənar sessiyaları ərzində gördüyü işlər qənaətbəxş hesab olunub, komitənin 2022-ci ilin payız sessiyası üçün iş planının layihəsi təsdiq edilib.

Sonra komitə sədri “Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət əməkdaşlarının və inzibati-texniki xidməti həyata keçirən şəxslərin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) təqdim edib.

Bildirilib ki, layihə Azərbaycan Prezidentinin 2020-ci il 27 fevral tarixli 1859 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın 4.2-ci bəndinə əsasən hazırlanıb. “Milli Fəaliyyət Planı”na əsasən, dövlət xidmətinin göstərilməsi üçün zəruri olan sənəd və ya məlumat digər dövlət qurumunda mövcud olduğu halda, həmin sənədin və ya məlumatın vətəndaşdan tələb edilmədən Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət qurumundan alınmasının təmin edilməsi üçün bu prinsipin sahəvi normativ-hüquqi aktlarda təsbit edilməsi, habelə bu prinsipə əsaslanan elektron xidmətlərin sayının artırılması təmin edilməlidir.

Qanun layihəsinin qəbulu vətəndaşların sənəd və ya məlumatın toplanması və təqdim edilməsi ilə bağlı problemlərinin aradan qaldırılmasına və vaxt itkisinin azaldılmasına, vətəndaş məmnunluğunun artırılmasına, habelə ölkədə Elektron Hökumət İnformasiya Sisteminin funksionallığının daha da yüksəldilməsinə və qurumlararası elektron inteqrasiyanın güclənməsinə xidmət edəcək.

Daha sonra iclasda bir sıra beynəlxalq sənədlərin – Konvensiya, Müqavilə, Anlaşma Memorandumu, Əsasnamə və Sazişlərin təsdiq edilməsi haqqında qanun layihələrinə baxılıb.

Səməd Seyidov “Ekstradisiya haqqında” Avropa Konvensiyasına Dördüncü Əlavə Protokolun təsdiq edilməsi barədə, “Mülki və ya ticarət işləri üzrə məhkəmə və qeyri-məhkəmə sənədlərinin xaricdə təqdim edilməsi haqqında” Konvensiyanın təsdiq edilməsi barədə, “Uşaqlara görə alimentin tutulması və ailənin saxlanılmasının digər formalarının beynəlxalq qaydası haqqında” Konvensiyanın təsdiq edilməsi barədə, “İnvestisiya və İxrac Kreditlərinin Sığortası üzrə İslam Korporasiyasının (ICIEC) Təsis Müqaviləsi”nin təsdiq edilməsi barədə, “Azərbaycan Respublikası Hökuməti ilə İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı – ICESCO arasında ICESCO-nun Regional Ofisinin yerləşməsi haqqında” Sazişin təsdiq edilməsi barədə, “Azərbaycan Respublikası Hökuməti ilə İsveçrə Federal Şurası arasında diplomatik nümayəndəliklərin, konsulluqların və daimi nümayəndəliklərin üzvlərini müşayiət edən şəxslər tərəfindən haqqı ödənilən əmək fəaliyyətinin həyata keçirilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə, “Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında hava əlaqəsi haqqında” Sazişin təsdiq edilməsi barədə, “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə, “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında hərbi-texniki əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə, “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında” Sazişin təsdiq edilməsi barədə, “Azərbaycan Respublikası Hökuməti ilə Kamboca Krallığı Hökuməti arasında diplomatik pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə, “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Latviya Respublikasının Qida və Baytarlıq Xidməti arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə, “Vergitutma bazasının aşınması və mənfəətin köçürülməsi (BEPS) layihəsində assosiativ üzv qismində İnklüziv Çərçivə”yə qoşulmaq barədə Azərbaycan Respublikası ilə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı arasında məktublar mübadiləsi formasında bağlanmış Razılaşmanın təsdiq edilməsi haqqında”, “İslam Ölkələrinin Standartlar və Metrologiya İnstitutunun (SMİC) Əsasnaməsi”nin təsdiq edilməsi haqqında, “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında sənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə, “Avropa Sosial Xartiyasının təsdiq edilməsi barədə”, “Əlillərin hüquqları haqqında” Konvensiyaya qoşulmaq barəsində”, “Əlillərin hüquqları haqqında” Konvensiyanın Fakültativ Protokoluna qoşulmaq barəsində”, “Dərc olunmuş əsərlərin kor, görmə qüsurlu və ya çap məhsullarını oxumaqla bağlı başqa əlilliyi olan şəxslər üçün əlçatanlığını asanlaşdırmağa dair Mərakeş Müqaviləsi”nə qoşulmaq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihələrinin mahiyyəti haqqında məlumat verib.

İclasın sonunda gündəliyə daxil edilən bütün qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video