07 Dekabr 2021 22:49
468
PARLAMENT
A- A+

Milli Məclisdə komitələrin birgə onlayn iclası keçirilib

 

Dekabrın 7-də Milli Məclisdə Hüquq siyasəti və dövlət quruculuğu komitəsi ilə Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin birgə onlayn iclası keçirilib.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, iclasın gündəliyinə “Əqli mülkiyyətin hüquqi qorunması və mühafizəsi sahəsində əməkdaşlıq və əqli mülkiyyətin hüquqi qorunması və mühafizəsi məsələlərinə dair Dövlətlərarası Şuranın yaradılması haqqında” Sazişə və “2010-cu il 19 noyabr tarixli “Əqli mülkiyyətin hüquqi qorunması və mühafizəsi sahəsində əməkdaşlıq və əqli mülkiyyətin hüquqi qorunması və mühafizəsi məsələlərinə dair Dövlətlərarası Şuranın yaradılması haqqında Saziş”ə dəyişikliklər edilməsi haqqında” Protokola qoşulmaq barədə və “Əqli mülkiyyət sahəsində hüquq pozuntularının qarşısının alınması sahəsində əməkdaşlıq haqqında Sazişin xüsusi rəylə təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun ləğv edilməsi haqqında” qanun layihəsi daxil edilib.

Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, iki komitənin birgə iclasının gündəliyinə çıxarılan məsələ əqli mülkiyyət hüququnun qorunması və mühafizəsi sahəsində əməkdaşlıq üzrə sazişlərin ratifikasiyası ilə əlaqədardır. Sazişlərin spesifikliyindən danışan Milli Məclis sədrinin birinci müavini diqqətə çatdırıb ki, sənəddə sahə əməkdaşlıq orqanının yaradılması nəzərdə tutulub. Sazişə görə, tərəflər əqli mülkiyyətin hüquqi qorunması və mühafizəsi məsələlərinə dair Dövlətlərarası Şura yaradırlar və Şura öz fəaliyyətini bu sazişin ayrılmaz hissəsi olan müvafiq Əsasnamə əsasında həyata keçirir.

Qeyd olunub ki, Azərbaycan tərəfi sənədə müəyyən qeyd-şərtlə qoşulur. Azərbaycanın indiyədək beynəlxalq sənədləri imzalayarkən Ermənistanın torpaqlarımızı işğalı faktını xüsusi qeyd-şərt kimi irəli sürməsinin siyasi-hüquqi və tarixi əhəmiyyətini vurğulayan parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri hazırda təqdim olunan qeyd-şərtin ərazi bütövlüyü məsələsi ilə deyil, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması ilə bağlı olduğunu bildirib.

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov çıxışında gündəliyə çıxarılan bir qanun layihəsinin bir saziş və bir protokol olmaqla iki beynəlxalq sənədin ratifikasiyasını və bir qanunun ləğv edilməsini nəzərdə tutmasından danışıb.

Bildirilib ki, bu beynəlxalq sənədlər 2010-cu il noyabrın 19-da Sankt-Peterburq şəhərində imzalanmış “Əqli mülkiyyətin hüquqi qorunması və mühafizəsi sahəsində əməkdaşlıq və əqli mülkiyyətin hüquqi qorunması və mühafizəsi məsələlərinə dair Dövlətlərarası Şuranın yaradılması haqqında” Saziş və 2017-ci il mayın 26-da Kazan şəhərində imzalanmış “2010-cu il 19 noyabr tarixli “Əqli mülkiyyətin hüquqi qorunması və mühafizəsi sahəsində əməkdaşlıq və əqli mülkiyyətin hüquqi qorunması və mühafizəsi məsələlərinə dair Dövlətlərarası Şuranın yaradılması haqqında Saziş”ə dəyişikliklər edilməsi haqqında” Protokoldur.

Sözügedən saziş və protokolla bağlı tarixi ardıcıllıq üzrə ətraflı izahat verən komitə sədri Azərbaycanın bu sənədlərə qoşulmasını dövrün çağırışları kontekstində dəyərləndirib.

Səməd Seyidov təqdim olunan sazişlə bağlı Azərbaycanın müvafiq qeyd-şərtinin keyfiyyətcə yeni məzmun daşıdığını, Vətən müharibəsindəki Zəfərimizin yaratdığı reallıqlara və çağırışlara tam uyğun olduğunu bildirib. Belə ki, Azərbaycanın qeyd-şərtinə görə bu sazişin müddəaları münaqişənin nəticələri tam aradan qaldırılana və Ermənistanla Azərbaycan arasında münasibətlər normallaşana qədər Azərbaycan Respublikası tərəfindən Ermənistan Respublikasına münasibətdə tətbiq edilməyəcək.

Qeyd edilib ki, qanun layihəsində 1998-ci il 4 dekabr tarixli “Əqli mülkiyyət sahəsində hüquq pozuntularının qarşısının alınması sahəsində əməkdaşlıq haqqında Sazişin xüsusi rəylə təsdiq edilməsi barədə” Qanunun ləğvi də 2010-cu il noyabrın 19-da Sankt-Peterburq şəhərində imzalanmış “Əqli mülkiyyətin hüquqi qorunması və mühafizəsi sahəsində əməkdaşlıq və əqli mülkiyyətin hüquqi qorunması və mühafizəsi məsələlərinə dair Dövlətlərarası Şuranın yaradılması haqqında” Sazişin müddəalarından irəli gəlir.

Deputatlar Asim Mollazadə və Elman Nəsirov iclasda çıxış edərək qanun layihəsi ilə bağlı fikirlərini və müsbət rəylərini səsləndiriblər. Onlar sazişin Azərbaycanın maraqlarına tam cavab verdiyini qeyd ediblər və sənədlə bağlı irəli sürülən qeyd-şərtdə Vətən müharibəsində Zəfərimizin reallıqlarının əks olunmasını yüksək dəyərləndiriblər.

Müzakirələrin sonunda sənəd baxılması üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.

İclasda Hüquq siyasəti və dövlət quruculuğu komitəsi sədrinin müavini Qüdrət Həsənquliyev, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi sədrinin müavini Sevinc Fətəliyeva, deputatlar Əminə Ağazadə, Sabir Hacıyev, Nurlan Həsənov, Vüqar İskəndərov, Tahir Kərimli, Azay Quliyev, Cəbi Quliyev, Bəhruz Məhərrəmov, Elşən Musayev, Madər Musayev, Nizami Səfərov, Sahib Alıyev, Nigar Arpadarai, Cavanşir Feyziyev, Tural Gəncəliyev, Azər Kərimli, Nəsib Məhəməliyev, Ramin Məmmədov, Sevil Mikayılova, Rasim Musabəyov, Sabir Rüstəmxanlı və digər rəsmi şəxslər iştirak ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video