24 Iyun 2022 00:39
660
Səhiyyə
A- A+

Meymunçiçəyi pandemiya elan edildi

 

Virus yayılmaqda davam edir

 

Meymunçiçəyi xəstəliyinin yayılması getdikcə artır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) fövqəladə hallar komitəsinin ötən gün keçirilən iclasında meymunçiçəyi pandemiya elan edildi. İclasda qeyd olunub ki, ölkələr xəstəliklə mübarizə məqsədilə qlobal əməkdaşlıq etmədiyi təqdirdə virus yayılmağa davam edəcək.

Son olaraq Sinqapur və Cənubi Koreyada ilk yoluxma faktları aşkarlanıb ki, bununla da may ayından bəri virusa 43 ölkədə 2100-dən çox yoluxma halı qeydə alınıb. Cənubi Koreyanın səlahiyyətli qurumları meymunçiçəyini dördpilləli sistem üzrə ikinci dərəcəli yoluxucu xəstəlik kimi təsnifatlandırıb. ÜST-ün məlumatına görə, yoluxma hallarının 80 faizindən çoxu Avropada aşkar edilib. Xəstəlik Şimali Amerika, Cənubi Amerika və Avstraliyada da yayılıb. Xəstəliyə əsasən Mərkəzi və Qərbi Afrika ölkələrinin ucqar hissələrində rast gəlinir. Afrikadan kənarda, həmin ərazilərə səyahət etməyənlərdə də meymunçiçəyi aşkarlanır.

 

Heyvanlar meymunçiçəyinin daşıyıcıları ola bilər

 

Üzdə başlayan və bədənə yayılan səpgiləri ilə fərqlənən meymunçiçəyi xəstəliyi insanlar arasında lezyon və ya xoralarla yaxın və ya birbaşa fiziki təmas olduqda ötürülür. Buna görə də infeksiyanın yayılma sürəti yüksək deyil. 

Böyük Britaniyanın Sağlamlıq Təhlükəsizliyi Agentliyi (UKHSA) İngiltərədə aşkar edilən və sürətlə yayılmağa davam edən meymunçiçəyi virusunun yaratdığı yeni təhlükəni aşkarlayıb. Mütəxəssislər meymunçiçəyi virusuna yoluxmuş xəstələrin 21 gün ərzində ev heyvanları ilə təmasda olmamasını tövsiyə edib. İndiyə qədər heç bir heyvanda meymunçiçəyi virusunun aşkar edilmədiyi bildirilsə də, dağsiçanının və digər gəmirici heyvanların xəstəliyə həssas olduğu deyilir. Uorvik Universitetinin professoru Lourens Yanq deyir ki, virus heyvanlara ötürüldüyü zaman insanlar arasında yoluxma hallarının sayı arta bilər. Çünki heyvanlar virusun daşıyıcısı olurlar. Buna görə də ev heyvanlarını baytar nəzarəti altında saxlamaq vacibdir.

 

Meymunçiçəyi əleyhinə peyvənd lazımdırmı?

 

Azərbaycanda hələ ki meymunçiçəyinə yoluxma faktı qeydə alınmayıb. Səhiyyə naziri Teymur Musayev də əhaliyə müraciət edərək sadə fərdi gigiyena qaydalarına riayət etməklə bu bəladan uzaq durmağın mümkün olduğunu deyib. Nazir eyni zamanda meymunçiçəyinə qarşı mövcud olan peyvəndin kütləvi şəkildə gətirilməsinə ehtiyac olmadığını, Azərbaycanda bu virusun geniş yayılmadığını qeyd edib. O vurğulayıb ki, çiçək növlərinə uyğun olan peyvəndlərin meymunçiçəyinə qarşı qarşılıqlı həssaslığı var.

Azərbaycanda əhalinin əksər hissəsi digər çiçək növlərinə qarşı peyvənd olunduğuna görə yaşı 40-dan artıq olan insanlar üçün meymunçiçəyinə yoluxmaq qorxusu yoxdur.

Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı da xəstəliyin insandan-insana çətinliklə keçdiyini bildirir. Onun sözlərinə görə, xəstəlik müşahidə altında saxlanmalıdır. O, Azərbaycan hökumətinin xəstəliyin diaqnozu üçün testlərin alınması məqsədilə ÜST-ə müraciət etdiyini və qısa zamanda minlərlə testin gətiriləcəyini də bildirib.

Hande Harmancın əlavə edib: "Bütün əhalinin həmin xəstəliyə qarşı peyvənd olunması müzakirə mövzusu deyil. Tədqiqatlar aparılır və yüksək risk qruplarını təmsil edən insanların peyvəndlənməsi mümkündür".

 

Virus gizli dövr keçib

 

Ekspertlərin fikrincə, hazırkı yoluxma dalğasına qədər meymunçiçəyi virusu bir müddət gizli dövr keçib. Onlar virusun 2017-ci ildən gizli yayıldığını istisna etmirlər.

İndiyədək virusdan yalnız Nigeriyada bir ölüm halı qeydə alınıb. Lakin hər bir vəziyyətə hazır olmalıyıq. Hər bir halda xəstəliyin yayılmasının əsas faktoru insan amilidir. Buna görə sadə gigiyenik qaydalara əməl edərək lazım olduğu təqdirdə təmaslardan uzaq duraraq özümüzü və insanları xəstəlikdən qorumalı, geniş yayılmasının qarşısını almalıyıq.

 

Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video