28 May 2022 02:15
1210
Mədəniyyət
A- A+

Məqsədi Azərbaycanın səadəti olanların yetmiş il sonra reallığa çevrilən arzuları

 

Müstəqilliyi ardı-arası kəsilməyən ağır, gərgin ictimai-siyasi hadisələrin baş verdiyi günlərdə elan olunmuşdu. Qurucuları Azərbaycan Xalq Cümhuriyyətini yaşatmaq üçün həm ölkənin daxilində, həm də xaricində kök salmış düşmənlərə qarşı mübarizə aparırdılar. 1918-ci il sentyabrın 15-də Qafqaz islam ordusu qızğın döyüşlərlə Bakını daşnak-bolşevik birləşmələrinin işğalından azad etdi. Sentyabrın 17-də Fətəli xan Xoyski hökuməti Gəncədən bu şəhərə köçürdü. Bakı Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı oldu. Azərbaycan Milli Şurası 1918-ci il iyunun 17-də Gəncədə dayandırdığı fəaliyyətini həmin il noyabrın 16-da bərpa etdi. Noyabrın 19-da Məhəmməd Əmin Rəsulzadənin sədrliyi ilə Azərbaycan Milli Şurasının iclası keçirildi. İclasda Milli Şuranın Azərbaycan ərazisində yaşayan bütün millətləri təmsil etdiyi diqqətə çatdırıldı.

Noyabrın 29-da Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin Azərbaycan Cümhuriyyəti Parlamentinin çağırılması ilə bağlı Azərbaycan və rus dillərində "Bütün Azərbaycan əhalisinə!" Müraciətnaməsi dərc olundu.

Parlamentin açılışı mərasiminə hazırlıq görüldü. O tarixi iclas təyin olunduğu gün - 1918-ci il dekabrın 3-də keçirilməli idi. Ancaq Bakıda fəaliyyət göstərən rus və erməni milli şuraları Azərbaycan Parlamentinin fəaliyyətə başlamasına müttəfiq qoşunlarının baş komandanı general Tomsondan istifadə etməklə mane olmağa cəhd göstərdilər. Tomsonla danışıqların aparılması və qəzalardan bütün deputatların Bakıya gələ bilməməsi diqqətə alınaraq parlamentin ilk iclası dekabrın 7-də Hacı Zeynalabdin Tağıyevin Bakının Nikolayev (hazırda İstiqlaliyyət) küçəsində yerləşən "Qızlar məktəbi"nin binasında (indiki AMEA-nın Əlyazmalar İnstitutu) keçirildi. Parlamentin stenoqrafçıları iclasın "...günorta saat 1-25 dəqiqədə Şurayi-Milli rəisi Məhəmməd Əmin Rəsulzadə əfəndinin nitq iftitahilə" açıldığını yazdılar.

Azərbaycan Milli Şurasının sədri geniş nitqinə belə başladı: "Möhtərəm məbuslar! Azərbaycan Cümhuriyyətinin ilk Məclisi-Məbusanını açmaq yomi-səadəti, siz möhtərəm məbusları təbrik etmək şərəfinin öhdəmə düşməsilə müftəxirəm".

Məhəmməd Əmin Rəsulzadə Parlamentin ilk iclasının iştirakçıları barədə məlumatında bildirdi: "Bu gün əqəliyyət təşkil edən millətlərin nümayəndələri ilə qəzaların yeni nümayəndələri dəvət olunmaq üzrə iştə bu Məclis təşkil edilmişdir. Bu Məclis ümumi seçki üsulu ilə toplanaraq Azərbaycan Məclisi-Müəssisanı toplanıncaya qədər məmləkətimizin sahibi olacaq. Burada Azərbaycanda bulunan bütün millətlərin, təbəqələrin və müxtəlif cərəyanların nümayəndələri olduğundan bu Məclis vətənimizi tamamilə təmsil edə bilər".

Rəsulzadə parlamentə sədr və sədr müavini seçilməsini təklif etdi. Namizədlərin müzakirəsinə başlanıldı. Şəfi bəy Rüstəmbəyov "Müsavat" və bitərəflər namından rəisliyə Əlimərdan bəy Topçubaşov, birinci müavinliyə doktor Həsən bəy Ağayevin namizədliyini" təklif etdi. Təklif müzakirəyə qoyuldu. Və qəbul olundu.

O gün Cümhuriyyət Parlamentinin sədri seçilən Əlimərdan bəy Azərbaycanda olmadığına görə iclasda iştirak etmirdi. Söz sədr müavini Həsən bəy Ağayevə verildi. Həsən bəy göstərdikləri etimada görə, Parlament üzvlərinə təşəkkür etdi: "Rəis cənabları gələnə kimi onun ağır vəzifəsinin ifası öhdəmə buraxıldı. Bu ağır vəzifəni ifa edə biləcəkmiyəm, yoxmu, bunu deməyə cəsarət edəmirəm. Zira vəzifə xeyli məsuliyyətli və ağırdır. Burası hamınıza məlumdur. Fəqət hamının məqsədi sevgili Azərbaycanın səadəti, buraya toplanmamızdan murad əziz vətənimizi sahili-nicata çıxarmaq olduğundan ümidvaram acizləriniz sizinlə bərabər məqsədə nail və sizin müavinətiniz ilə vəzifəmi hüsnü-ifayə müvəffəq olacağam".

Parlamentin 3 nəfərdən ibarət katibliyi  seçildi. Mehdi bəy Hacınski baş katib oldu.

Azərbaycan Cümhuriyyəti müvəqqəti hökumətinin sədri Fətəli Xan Xoyski çıxışına təbriklə başladı: "Bugünkü gün Azərbaycan üçün böyük, əziz mübarək gündür ki, yuxumuzda görməzdik, əqlimizə gəlməzdi. Bu gün o gündür ki, muxtariyyəti əlinizə aldınız. Hökumət vəkalətilə özümüzü də sizinlə bərabər təbrik edirəm".

Fətəli xan Xoyski çıxışının sonunda öz hökumətinin istefasını qəbul etməyi yeni yaranmış parlamentdən xahiş etdi. İstefa qəbul olundu. Və hökumətin tərkibini formalaşdırmaq yenidən ona həvalə edildi.

Parlament haqqında qanunda erməni nümayəndələrinə 21, rus nümayəndələrinə 10, həmkarlar ittifaqı nümayəndələrinə 3 yer ayrılsa da, onlar bu, tarixi iclasa qatılmadılar.

Fəaliyyətini ilk gündən demokratik qaydalar əsasında həyata keçirən Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti 17 ayda 145 iclas keçirdi. Vətəndaşlıq haqqında, ümumi hərbi mükəlləfiyyət haqqında, mətbuat haqqında, Milli Bankın təsisi haqqında, Bakı Dövlət Universitetinin yaradılması haqqında, gömrük və poçt-teleqraf xidmətinin təkmilləşdirilməsi haqqında, məhkəmə qanunvericiliyi haqqında və başqa mühüm sənədlər Parlamentdə müzakirəyə çıxarıldı və qəbul olundu.

Azərbaycan Cümhuriyyəti Parlamentinin müzakirəsinə çıxarılan 270-dən yuxarı qanun layihəsinin 230-a yaxını təsdiq olundu. Parlamentin işi onun nizamnaməsi rolunu oynayan "Azərbaycan Parlamentinin nakazı (təlimatı)" ilə tənzimlənirdi.

1919-cu ilin axırlarına doğru Parlamentdə 96 deputat 11 müxtəlif partiya fraksiyası və qrupunu təmsil edirdi.

Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin fəaliyyəti ölkənin sosial-iqtisadi və maliyyə problemlərinin həlli, ərazi toxunulmazlığı, vətəndaşların hüquqlarının qorunması, xarici ölkələrlə siyasi, iqtisadi və ticarət əlaqələrinin yaradılması və digər vacib məsələlərə istiqamətləndi.

Azərbaycan istiqlaliyyətini beynəlxalq aləmdə tanıtmaq qarşıda duran ən mühüm vəzifələrdən biri idi. Xarici siyasətdə ilk addımlar atılırdı. Azərbaycanın dövlət müstəqilliyinin bərqərar edildiyi barədə dünya ölkələrinin xarici işlər nazirliklərinə məlumat verilirdi.

1920-ci ilin aprelində müharibə elan etmədən, qara yel kimi işğalçı XI Qırmızı Ordunun hissələri gəlməkdə idi. Aprelin 26-dan 27-nə keçən gecə işğalçı ordunun döyüşçüləri müstəqil Azərbaycan dövlətinin sərhədlərini keçib Bakıya doğru irəlilədilər. Cümhuriyyət dövlətinin paytaxtı dənizdən də əhatəyə alındı. Aprelin 27-si səhəri bolşeviklərin silahlı dəstələri şəhər daxilində və kənarlarında mühüm obyektləri ələ keçirdilər. İşğalçıların tapşırığına uyğun olaraq, Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi, Rusiya Kommunist (bolşeviklər) Partiyası Qafqaz Diyar Komitəsinin Bakı bürosu və Mərkəzi Fəhlə Konfransı adından Azərbaycan Parlamentinə hakimiyyəti təhvil vermək barədə ultimatum göndərildi.

1920-ci il 27 apreldə Azərbaycan Parlamentinin 145-ci, təcili fövqəladə axşam iclası başladı. Müstəqil dövlətin müqəddəratı həll olunurdu. Çox çətin olsa da, Parlament qərarını verməliydi...

İclasın sədri Məhəmməd Yusif Cəfərov, katibi Rza bəy Qaraşarlı idi. Səs çoxluğu ilə açıq keçirilməsinə qərar verilən iclasda Məhəmməd Əmin Rəsulzadə söz aldı: "Çıxardığımız tarixi qərarı millətdən bixəbər çıxarmayaq. Ölkə parlamentinin qapısını açıq qoyaq ki, hər kəs nə cür təhlükəli vəziyyət içində olduğumuzu, nə cür qərar qəbul edəcəyimizi bilsin. Ona görə də təklif edirəm ki, məclisimizin qapılarını millət üzünə bağlamayaq və millətdən bixəbər qərar qəbul etməyək".

Xüsusi Komissiyanın sədri Məhəmməd Həsən Hacınski "Azərbaycan kommunist" firqəsindən gəlmiş, artıq məzmunu hamıya məlum olan məktubu bir də oxudu. Rus dilində oxuduqlarını müxtəsər tərcümə etdi: "Mərkəzi Azərbaycan kommunist firqəsi bizə təklif edir ki, axşam saat 7-yə qədər hökuməti onlara təslim edək. Bununla belə, əmin edirlər ki, onların şərtlərini qəbul etsək, Qızıl Ordu əsla Bakıya gəlməyəcək və Qızıl Ordunun Bakıya gəlməməsi üçün onlar əllərindən gələni edəcəklər. Onlar deyirlər ki, hökumət Azərbaycan kommunistlərinin əlində olarsa, Qızıl Ordu heç bir vədə buraya gəlməyəcək. Hökumət mexaniki surətdə təslim edilməlidir. Nə kimi məmurlar varsa, hamı öz yerlərində qalacaqlar. Yalnız hökumət başında olanlar kənar edilib, yerlərinə Azərbaycan kommunistləri keçir və müsəlmanlardan başqa orada kimsə yoxdur. Altıncı şərtləri budur: - əgər bu gecə bu məsələ həll olunarsa, onlar bir deklarasiya çıxarırlar ki, Azərbaycan Parlamentinə daxil olan siyasi firqələr musavi (bərabər) və azad fəaliyyət göstərəcəklər. Onlara qarşı və xüsusən, hökumət üzvlərinə qarşı heç bir xüsusi tədbir görülməyəcək və onlar təqib olunmayacaqlar. Sonra gələn Qızıl Ordunun məqsədləri məzlum millətə yardım etməkdir. Biz tərəfdən də bir neçə təklif verildi. Lakin onlar qəbul etmədilər. Onlar bir şeyi də söylədilər ki, hərgah onların təklifi qəbul olunmasa, gələcəkdə məsuliyyət parlament üzvlərinin üzərinə düşəcək". Hacınski sərhəddə lazımi qədər düşmənə qarşı mütəşəkkil müdafiəyə hazır olmadıqlarını tənqidi şəkildə diqqətə çatdırdı.

Parlamentdə müxtəlif fikirlər irəli sürüldü. Səmədağa Ağamalıoğlu təslimdən başqa çarə olmadığını dedi: "Məsələ burasındadır ki, millətin əmin-amanlığını qorumaq lazımdır. Onlar da buna söz verirlər və deyirlər ki, Azərbaycanın istiqlaliyyəti qorunacaq və mən də yəqin edirəm ki, indiki istiqlaliyyət əvəzinə Azərbaycan digər istiqlaliyyətə nail olar".

 Aslan bəy Səfikürdlünün fikri isə belə oldu: "Məhəmməd Əmin demişkən, öz edamımıza özümüz qol çəkirik. Bu da doğrudur. Amma etiraf etməliyik ki, bu ixtiyarı və hökuməti öz camaatımıza veririk. Azərbaycanın ixtiyarını Azərbaycan fəhlələrinin nümayəndələrinə veririk. Bu nümayəndələr deyirlər ki, bütun məsuliyyəti biz öz üzərimizə götürürük. Biz Azərbaycan kommunistlərinin təklifini rədd etməyib, qəbul etməli və hakimiyyəti bununla birlikdə millətin ixtiyarını onlara verməliyik".

10 dəqiqəlik tənəffüsdən sonra Məhəmməd Əmin Rəsulzadə söz alaraq təmsil etdiyi fraksiyanın mövqeyini açıqladı: "Fəqət, firqələrin əksəriyyətinin tələbinə görə və camaatımızın arasında daxili müharibə salmamaq üçün və əlavə bugünkü kommunist firqəsinin müstəqilliyimizi müdafiə edəcəklərini nəzərə alaraq bütün ixtiyarın onlara verilməsinin tərəfdarıyam, bu şərtlə ki, kommunistlər istiqlaliyyət, millət və məmləkətimizi layiqincə müdafiə etsinlər. Yox, əgər bunlara əməl olunmazsa, ixtiyarımızı geri alaraq haqqımızı özümüzdə saxlayacağıq".

Hacıkərim Sanıyev də dedi ki, etimad göstərilən şəxs vəzifəsini layiqincə yerinə yetirə bilməzsə, onda bu etimad geri götürülür, onlar da bu cür edəcəklər.

Bütün ixtiyaratın kommunistlərə verilməsi, hökumət və parlamentin onların rəyi əsasında təşkil olunması təklifi səsə qoyuldu. Bir nəfər təklifin əleyhinə səs verdi, üç nəfər bitərəf qaldı, üç nəfər isə səsvermədə iştirak etmədi.

"Əhrar fraksiyası"ndan İslam bəy Qardaşov yerindən sual verdi: "Bəs bu parlamentin taleyi?" 

Ağa Aşurov real vəziyyəti dilə gətirdi: "Orada proletar hakimiyyəti var və özlərini kəndli və fəhlə hökuməti adlandırırlar. Biz isə burada dövləti, tacir və o şəxslərik ki, hərəsi bir yerdən gəlibdir. Siz onlarla bir yerdə işləyə bilməyəcəksiniz. Onların fikirlərinə görə, bu vaxta qədər olan hökumət parlamentə qulluqçu idi. Amma indi elə deyil. O adam sənə hökm edir, sən də qəbul edirsən. Məsələ bu növ bitir. Parlamentin qalmasını heç onlar da istəmirlər. Qəbul etsələr belə, yeni bir nəticə verməyəcəkdir".

Məhəmməd Həsən Hacınski dedi: "Bu məsələ bizim müzakirəmizdə olanda onlar bizə belə cavab verdilər ki, inqilabi hökumət ilə parlament yaşaya bilməz. Məsələ orasındadır ki, parlament öz ixtiyarını həmin inqilab komitəsinə verir".

Muxtar Mahmudov şimaldan gələn bu qüvvəni dəf etməyə gənc Azərbaycanın qüvvəsinin olmadığına görə, parlamentin öz işini dayandırdığını təəssüflə bildirdi: "Deyirlər ki, təzə firqə bəlkə parlamenti qovub dağıtsın, lakin parlament bütün Azərbaycan millətinin nümayəndələrindən olduğu üçün onu kimsə dağıda bilməz. Nə vaxta qədər ki, parlament öz dağılması haqqında qərar çıxartmayıb, yenə parlamentliyində qalır". O, parlamentin öz hüquqlarını layiqincə saxlamasını, təmin etməsini təklif etdi: "Parlamentin dağılması barədə qərar çıxarmaq üçün başqa iclas lazımdır, yoxsa belə hay-küylə iş getməz".

Aslan bəy Qardaşov rica etdi ki, müzakirə olmasın. "Sədr - Beləliklə, parlamentin məsələsi bağlanır. Ona görə də iclası qapalı elan edirəm". Axşam saat 20:45-də başlayan iclas 23:25-də  başa çatdı.

Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin ilk iclası təmtəraqlı, təntənəli, sevincli olduğu qədər sonuncusu qüssəli, kədərli keçdi. Ancaq Azərbaycanın böyük vətənpərvərləri, milli mücahidləri ümidlərini itirmədilər. Onlar inandılar ki, "Bir kərə yüksələn bayraq bir daha enməyəcək", bir gün Azərbaycanın müstəqilliyi geri qaytarılacaq. Bu qırılmayan ümidin, bitməyən inamın yenidən reallaşması çox uzun, 70 il çəkdi. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin ilk və son iclaslarının iştirakçıları o gözəl, o müqəddəs günün intizarı ilə bu dünyadan köçdülər...

 

Zöhrə FƏRƏCOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video