15 Oktyabr 2011 06:10
779
Mədəniyyət
A- A+

Mədəniyyət və turizm davamlı inkişaf dövrünü yaşayır

 

Bu gün  müstəqil Azərbaycanda  siyasi və sosial-iqtisadi həyatın bütün sferaları kimi, mədəniyyət və turizm sahələri də  davamlı və sürətli inkişaf dövrünü yaşayır. Azərbaycan musiqisi dünyanı fəth edir, tamaşalarımız, filmlərimiz, kitablarımız, təsviri sənət nümunələrimiz nüfuzlu beynəlxalq festival və müsabiqələrdə uğurla nümayiş etdirilir, ölkənin turizm potensialı dünyaya tanıdılır, turizm  sənayesinin infrastrukturu durmadan genişləndirilir, mədəniyyət müəssisələrinin  maddi-texniki bazası gücləndirilir, müasir standartlara uyğun yeni-yeni mədəniyyət ocaqları tikilib istifadəyə verilir, köhnələri əsaslı şəkildə yenidən qurulur və s.

Lakin bizləri qısa müddət ərzində bu cür yüksək  inkişaf səviyyəsinə aparıb çıxaran yol heç də hamar və asan olmamışdır.

Uzun illər - təxminən 70 il sovetlər birliyinin tərkibində totalitar rejim daxilində yaşayan və daim onun ideoloji təzyiqlərinə məruz qalan Azərbaycan 1991-ci il oktyabrın 18-də öz müstəqilliyini elan edərkən bir çox ağır daxili və xarici problemlərlə üzləşmişdi. 1988-ci ildən başlayaraq qonşu Ermənistan respublikamıza qarşı  ərazi iddiası irəli sürmüş, sonra hərbi təcavüzə əl atmış, ölkəmizi ağır müharibəyə cəlb etmişdir.

Erməni təcavüzü mədəniyyətimizə də ciddi ziyan vurmuşdur. Azərbaycan xalqının çoxəsrlik tarixinin bütün mərhələlərini özündə əks etdirən dünya əhəmiyyətli 9 (6 memarlıq, 3 arxeoloji), ölkə əhəmiyyətli 221 (118 memarlıq, 103 arxeoloji), yerli əhəmiyyətli   399 (340 memarlıq, 20 bağ-park, 22 arxeoloji, 17 dekorativ xalq sənəti) abidə işğal altında qalmışdır. Onların böyük bir qismi dağıdılmış, erməniləşdirilmiş, yaxud qarət edilmişdir.  

Müharibə şəraiti ölkəmizdə qeyri-sabit vəziyyətin yaranmasına səbəb olmuşdu. Digər tərəfdən, ölkəmiz bazar iqtisadiyyatına keçid dövrünün amansız problemləri ilə qarşılaşmışdı. 

Məhz belə bir ağır dövrdə - 1993-cü ildə ümummilli lider Heydər Əliyev xalqın təkidi ilə ölkə rəhbərliyinə qayıtdı. Onun dövlət quruculuğu sahəsindəki zəngin təcrübəsi  və fövqəladə şəxsi keyfiyyətləri sayəsində bir il sonra atəşkəs elan edildi, ölkədə daxili siyasi sabitlik bərpa olundu, gənc müstəqil respublikanın inkişaf strategiyası və onun əsas parametrləri müəyyənləşdirildi. Həmin vaxtdan etibarən Azərbaycanın müstəqil dövlət həyatının, o cümlədən mədəniyyət və turizm sahəsində dövlət siyasətinin  inkişafında yeni bir mərhələyə başlanıldı.

Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında ilk dəfə  müstəqil Azərbaycan dövlətinin mədəniyyət və turizm siyasətinin hüquqi bazası - qanunvericilik təminatı yaradıldı.

Azərbaycan Respublikasının birinci çağırış (1995-2000-ci illər) Milli Məclisinin bu sahə ilə bağlı fəaliyyəti xeyli intensiv oldu. Bu qısa müddət ərzində mədəniyyət və turizm sahəsində 15 əsas qanun qəbul  edildi. Azərbaycan müstəqilliyinin ilk illərindən beynəlxalq  mədəni əlaqələrə xüsusi diqqət yetirməyə  və bunu xarici siyasətinin başlıca amillərindən birinə çevirməyə çalışmışdır. 1992-ci ildə YUNESKO-ya üzv olan Azərbaycan  sonrakı illərdə Avropa Şurası, İSESKO, TÜRKSOY, MDB, GUAM kimi beynəlxalq təşkilatlarla mədəniyyət sahəsində sıx əlaqələr qurmuşdur. Respublikamız eyni zamanda dünya ölkələri arasında tammiqyaslı və təhlükəsiz mədəni mübadilə üçün böyük əhəmiyyət kəsb edən və yerinə yetirilməsi yalnız müasir beynəlxalq hüquq normalarına riayət edilməklə mümkün olan bir sıra mühüm beynəlxalq konvensiyalara qoşulmuşdur.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi altında müstəqil Azərbaycan dövlətinin siyasi, sosial-mədəni və iqtisadi sahələrdə həyata keçirdiyi bu cür köklü islahatlar və əsaslı tədbirlər ölkəmizin iqtisadi cəhətdən günü-gündən güclənməsinə, həm də mədəniyyət və turizm sahələrində böyük uğurlar qazanılmasına münbit şərait yaratmışdır.

Müstəqilliyin ikinci dekadasında Azərbaycan Respublikası daha da möhkəmlənmiş, dünya birliyi ölkələri arasında özünə layiq yer tutmuş, inkişaf tempinə görə bir çox ölkələri geridə qoymuş  və bunun nəticəsi olaraq Azərbaycan mədəniyyəti  dünya mədəniyyətinə uğurla inteqrasiya olunmuş, onun ayrılmaz tərkib hissəsi olduğunu əyani şəkildə nümayiş etdirə bilmişdir.

Bu nailiyyətlərin əldə edilməsində Azərbaycan dövlətinin, onun hazırkı Prezidenti cənab İlham Əliyevin mədəniyyət və turizm sahəsinə göstərdiyi xüsusi diqqət və qayğının  mühüm rolu olmuşdur.

Mədəniyyət və incəsənət xadimlərinin yaradıcı axtarışlarına mənəvi dayaq olmaq ölkə rəhbərinin fəaliyyətinin mühüm bir hissəsinə çevrilmiş, yüzlərlə sənətçimiz xalq şairi, xalq yazıçısı, xalq artisti, xalq rəssamı, əməkdar incəsənət xadimi, əməkdar artist, əməkdar rəssam, əməkdar mədəniyyət işçisi kimi fəxri adlara, xüsusi təqaüd və mükafatlara layiq görülmüşlər.

Azərbaycan Prezidentinin müvafiq sərəncamları əsasında M.Füzuli, Q.Qarayev, Bülbül, R.Behbudov, F.Əmirov, A.Məlikov, T.Salahov və türk xalqlarının ana kitabı olan "Kitabi-Dədə Qorqud" dastanının yubileyləri ölkə daxilində və kənarda qeyd edilmiş,  müxtəlif ölkələrdə Azərbaycan Mədəniyyət günləri yüksək səviyyədə keçirilmişdir.

Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında" 2007-ci ildə verdiyi sərəncam xalqımızın ictimai-siyasi həyatında, milli mədəniyyətimizin inkişafında xüsusi yeri olan Azərbaycan teatrının maddi-texniki bazasının möhkəmləndirilməsi və yaradıcılıq potensialının inkişaf etdirilməsi, habelə teatr təhsili sisteminin yaxşılaşdırılması sahəsində  böyük rol oynamışdır. Həmin  sənədin icrasına uyğun olaraq 2009-cu ildə "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramı təsdiq edilmişdir. 

Azərbaycan teatr sənətinin yaxın on il ərzində inkişaf perspektivlərini müəyyənləşdirən bu proqram milli mədəni sərvətə çevrilmiş Azərbaycan teatrının zəngin bədii irsinin və yaradıcılıq ənənələrinin qorunmasına, teatr sahəsində ümumbəşəri və milli dəyərlərin təbliğinə, milli mədəniyyətimizin dünya mədəniyyətinə inteqrasiyasına, informasiya və maliyyə resurslarından səmərəli istifadə olunmasına xidmət edir.    

Həmin proqram əsasında ölkədə fəaliyyət göstərən dövlət teatrlarının maddi-texniki bazaları möhkəmləndirilmişdi.

2007-2010-cu illərdə Heydər Əliyev Fondu, Mstislav Rostropoviç Fondu və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Bakıda keçirilmiş Rostropoviç festivalları, 2009, 2010 və 2011-ci illərdə Heydər Əliyev Fondu tərəfindən Qəbələdə təşkil edilmiş Beynəlxalq Musiqi festivalları mədəniyyət və incəsənət incilərimizin tanıdılmasında mühüm rol oynamışdır.

Müstəqilliyin bərpasından, SSRİ məkanın

dakı ideoloji qadağaların aradan qaldırılmasından sonra demokratiya və azadlıq şəraitində Azərbaycan incəsənətinin dünya incəsənəti ilə "dialoq"u daha da fəallaşmağa başlamışdır. Müasir Azərbaycan təsviri incəsənətində dünya incəsənətinin yeni-yeni tendensiya və meyillərinə marağın artması ilə yanaşı milli ənənələrə qayıdış da güclənmişdir.

Müstəqilliyin bərpasından ötən iyirmi il ərzində Azərbaycanda rəssamların yaradıcılığının dəstəklənməsi, onların iş şəraitinin yaxşılaşdırılması, beynəlxalq aləmdə tanıdılması istiqamətində önəmli işlər görülmüşdür. Ulu öndər Heydər Əliyevin xüsusi fərman və sərəncamları əsasında əvvəllər dövlətə məxsus olan yaradıcılıq emalatxanaları özəlləşdirilərək, əvəzsiz olaraq rəssamların istifadəsinə verilmişdir. Dövlət vəsaiti hesabına Azərbaycan Rəssamlar İttifaqının binasının əsaslı şəkildə təmir edilməsi mədəniyyət xadimlərinə verilən xüsusi qayğı və diqqətin göstəricisi olmuşdur.

Müstəqillik dövründə muzey işi sahəsində xeyli iş görülmüş, Azərbaycanda muzey quruculuğu yeni mərhələyə qədəm qoymuşdur. Son beş il ərzində Azərbaycan Respublikası Prezidenti tərəfindən muzey işi ilə bağlı verilən sərəncamlar ölkədə muzey işinin dünya standartları səviyyəsinə çatdırılmasına, yeni muzey binalarının tikintisinə, əsaslı təmir işlərinin aparılmasına, muzeylərin maddi-texniki bazasının möhkəmləndirilməsinə, müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqinə, mədəni-xidmət işinin keyfiyyətinin yüksəldilməsinə geniş imkanlar açmışdır.

Ölkə başçısı tərəfindən 2009-cu ildə təsdiq edilən "Azərbaycanın regionlarında fəaliyyət göstərən muzeylərin müasir standartlara uyğun təmirinə, yeni avadanlıq və zəruri eksponatlarla təchizatına dair xüsusi Tədbirlər Planı" isə regionlarda fəaliyyət göstərən muzeylərin yenidən qurulmasına yönəldilmişdir.

Müstəqillik dövründə Azərbaycanda 50-dən çox yeni muzey açılmış, onlarla yeni muzey binası tikilib istifadəyə verilmişdir. Eyni zamanda muzeylərimizin beynəlxalq əlaqələri də xeyli genişlənmişdir.

Azərbaycan xalqının qədim və rəngarəng qeyri-maddi mədəni irsi minilliklər boyu millətin mentalitetini və şüurunu formalaşdıran əsas amillərdən biri olmaqla xalq yaradıcılığının nailiyyətlərini özündə ehtiva edən unikal bəşəri  fenomendir. Azərbaycan dövləti dünyanın qabaqcıl ölkələrinin mədəniyyət siyasəti sahəsindəki təcrübələrini nəzərə almaqla, müstəqillik dövründə Azərbaycan qeyri-maddi mədəni irsinin (diyarşünaslıq, folklor, sənətkarlıq) qorunması, dəstəklənməsi, təbliği və təşviqi istiqamətində mühüm islahatlar  həyata keçirmişdir.

Bu islahatların nəticəsi olaraq "2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları" Proqramı təsdiq edilmişdir. Proqramın icrası ilə əlaqədar diyarşünaslıq, folklor və sənətkarlıq nominasiyaları üzrə daxil olmuş təkliflər müvafiq namizəd şəhərlərin ümumi hazırlığı, tarixi ənənələri və digər amillər nəzərə alınmaqla təhlil edilmiş, 2010-cu il üçün Gəncə - Azərbaycanın əfsanələr paytaxtı, Şəki - Azərbaycanın sənətkarlıq paytaxtı və Qazax - Azərbaycanın folklor paytaxtı elan olunmuşdur. "Paytaxt" seçilmiş şəhərlərdə il ərzində nominasiyaya uyğun təntənəli mərasimlər, respublika və beynəlxalq səviyyəli elmi-praktiki konfranslar, "dəyirmi masa"lar, konsertlər, müsabiqələr, festivallar, sərgilər təşkil edilmişdir.

Azərbaycan aşıq sənəti Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyevanın təşəbbüsü və yaxından köməyi ilə 2009-cu ildə YUNESKO-nun "Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısı"na daxil edilmişdir. Bu ecazkar sənətin beynəlxalq aləmdə tanıdılması və təbliğ edilməsi, milli mədəniyyətimizin inkişafında onun rolunun artırılması, Azərbaycan aşıqlarının və aşıq-ozan sənətinin yayıldığı ölkələrin sənətkarlarının bir araya gətirilməsi məqsədilə 20-27 oktyabr 2010-cu il tarixlərində ölkəmizdə Beynəlxalq Aşıq Festivalı keçirilmişdir.

Müstəqillik dövründə mədəni irsin qorunması - tarix və mədəniyyət abidələrinin aşkar edilməsi, bərpası, tədqiqi, istifadəsi və mühafizəsi prioritet sahələrdən birinə çevrilmişdir.

1999-cu ildə "Mədəni İrsin Qorunması layihəsi" çərçivəsində Azərbaycanın tarixi və mədəni əhəmiyyət kəsb edən abidələrində bərpa və konservasiya işləri aparılmış, Şəki rayonunda qədim xalq sənətkarlığının bərpası məqsədilə xüsusi assosiasiya yaradılmış, bərpa olunan abidələrin respublika səviyyəsində açılış mərasimi keçirilmişdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə "Azərbaycan Respublikasının ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcəsinə görə bölgüsü" siyahısının təsdiq edilməsi nəticəsində 6308 ədəd dünya, ölkə və yerli əhəmiyyətli memarlıq, arxeoloji, bağ-park, monumental və xatirə abidələri və dekorativ-tətbiqi sənət nümunələri həmin siyahıya daxil edilmişdir.

Azərbaycanın tarixi ərazilərinin qorunub saxlanılması və burada yerləşən abidələrin mühafizəsi üçün son illər ərzində cənab Prezident İlham Əliyev tərəfindən 4 yeni tarix-mədəniyyət qoruğu: Bakı şəhəri, Suraxanı qəsəbəsində "Atəşgah məbədi" Dövlət tarix-memarlıq, Abşeron rayonunda "Yanar dağ" Dövlət tarix-mədəniyyət və təbiət,  Ağstafa rayonunda "Keşikçidağ" Dövlət tarix-mədəniyyət və Quba rayonunda "Xınalıq" Dövlət tarix-memarlıq və etnoqrafiya qoruqlarının yaradılması bu sahəyə dövlət səviyyəsində göstərilən qayğı və diqqətin bariz nümunəsidir.

2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən  "Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması barədə" sərəncam imzalanmış, 2008-ci ildə "Azərbaycan Respublikasında kitabxana - informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı" təsdiq edilmişdir.

Dövlət proqramı təkcə Mədəniyyət və Turizm Nazirliyinin kitabxana-informasiya şəbəkəsini deyil, respublikanın bütün kitabxana şəbəkəsini özündə əhatə etmişdir.

İnformasiya cəmiyyəti quruculuğu dövründə kitabxana fondlarının oxucuların tələbatına uyğun komplektləşdirilməsi günün ən vacib məsələlərindən biri olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2004-cü ildə imzaladığı "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" sərəncamı ilə nəşr olunmuş kitablar kitabxana fondlarının günün tələbləri səviyyəsində komplektləşdirilməsinə geniş imkan yaratmışdır.

Son dövrlərdə ölkənin dinamik inkişafı kino sahəsində baş verən proseslərin fəallaşmasına imkan yaratmışdır. 1998-ci ildə qəbul edilmiş "Kinematoqrafiya haqqında" qanunda milli kinematoqrafiyanın qorunub saxlanılmasına dair dövlət təminatı qaydaları təsbit olunmuşdur. Bu qanun həmçinin, kinematoqrafçıların yaradıcılıq azadlıqları hüququ və digər hüquqlarının qorunmasını bəyan edir.

2008-ci ildə dövlət başçısı tərəfindən gələcək onillik üçün kinonun inkişafına dair dövlət proqramının təsdiq olunması, film istehsalına ayrılan büdcə vəsaitinin ildən-ilə artması kinoya göstərilən diqqətin ifadəsidir. "Azərbaycanfilm" kinostudiyasının köklü modernləşdirilməsi - bütün texnoloji prosesləri əhatə edən avadanlığın tətbiqini nəzərdə tutan layihənin hazırlanması, "Nizami" kinoteatrının yenidən qurulması bunu bir daha sübut edir.

Hazırda "Azərbaycanfilm" (bədii), "Salnamə" və "Yaddaş" (sənədli), "Azanfilm" və "Debüt" (animasiya)  studiyaları  və digər özəl kino şirkətləri tərəfindən müsabiqə yolu ilə dövlət sifarişi əsasında müxtəlif filmlər çəkilir, gənc istedadları üzə çıxarmaq üçün hər il  "Bu meydan, bu ekran" gənclər müsabiqəsi keçirilir. Bütün bunların nəticəsi olaraq il ərzində ölkəmizdə 5-6 bədii, 10-15 sənədli, 2-3 animasiya filmi çəkilib tamaşaçıların ixtiyarına verilir.

Mədəni yüksəlişin gərəkli və ayrılmaz tərkib hissəsi olan nəşriyyat və poliqrafiya sahəsi bazar iqtisadiyyatına keçdikdən sonra bir çox ciddi məhrumiyyətlərlə üzləşmişdir. Sovet dövründən qalma nəşriyyat sistemi dağılmış, planlı dövlət nəşriyyatları tədricən sıradan çıxmışdı. Yeni yaranan özəl müəssisələr isə maddi sıxıntılar ucbatından istənilən səviyyədə fəaliyyət göstərə bilmirdi. 1993-cü ildə ümummilli lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra dövlətin qayğısı sayəsində nəşriyyat  və poliqrafiya sahəsi öz mövcudluğunu qoruya bilmiş, naşirlərin, poliqrafçıların birgə səyləri müasir kompyuter texnologiyasının, dünyanın qabaqcıl nəşriyyat, poliqrafiya təcrübəsinin mənimsənilməsi  nəticəsində bu sahə tədricən dirçəlməyə başlamışdır.

2000-ci ildə Azərbaycanda bu sahənin inkişafını tənzimləyən olduqca dəyərli bir sənəd - "Nəşriyyat işi haqqında" qanun qəbul edilmişdir. Öz hüquqi xarakterinə görə qanun müstəqil dövlətdə vətəndaş cəmiyyətinin demokratik inkişafına əsaslanır. Burada nəşriyyat işinin başlıca anlayışları, sahədə dövlət siyasətinin əsas prinsipləri, dövlətin vəzifələri, nəşriyyat işinin sərbəstliyi, fəaliyyətin təşkilati-hüquqi formaları, nəşriyyat və poliqrafiya müəssisəsinin hüquq və vəzifələri və s. məsələlər öz əksini tapmışdır.

Hazırda milli nəşr məhsulları beynəlxalq kitab sərgilərində nümayiş etdirilir, nüfuzlu müsabiqələrdə yüksək yerlər tutur.

2007-ci ildə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən "Ölkədə nəşriyyat işi və kitab sənətinin inkişaf etdirilməsi üzrə fəaliyyət proqramı (2008-2012-ci illər)" təsdiq olunmuşdur.

Nazirlik tərəfindən iki ildən bir keçirilən "Qızıl Kəlmə" ədəbi mükafatı müsabiqəsi bütün ölkə nəşriyyatlarına yüksək ədəbi-bədii dəyərə malik kitablar nəşr etməyin üstünlüyü və dövlət tərəfindən müdafiə ediləcəyi haqqında mesaj olmuşdur.

Azərbaycanın tarixində ilk dəfə olaraq 2009-cu və 2011-ci illərdə keçirilən I və II Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında ölkənin nəşriyyat-poliqrafiya potensialı barədə aydın təsəvvür yaranmış, nəşriyyatlar və müəlliflər hazırlayıb nəşr etdikləri məhsulları, nəinki nümayiş etdirmək, hətta satmaq imkanı əldə etmişlər. Bu əhəmiyyətli tədbirin hər iki ildən bir keçirilməsi nəzərdə tutulmuşdur.

Müstəqillik dövründə mədəniyyət və turizm sahələrində aparılan struktur islahatları ilə yanaşı mahiyyət etibarilə strateji əhəmiyyət kəsb edən yeni fəaliyyət istiqamətləri müəyyən edilmişdir. Onlardan da biri mədəniyyət və turizm siyasətinin həyata keçirilməsində respublikanın qabaqcıl elmi qurumları ilə əməkdaşlıq əlaqələrinin yaradılması və bunun vasitəsilə sahənin inkişafında elmin iştirakının təmin edilməsidir.

Bu baxımdan mədəniyyət və turizm sahəsində elm və təhsilin təşkili və inkişaf etdirilməsi müstəqillik dövründə Azərbaycan dövlətinin prioritet istiqamətlərindən biri olmuşdur. Belə ki, Azərbaycan iqtisadiyyatının turizm sahəsinin, habelə turizm təhsilinin sürətli inkişafını təmin etmək məqsədilə 2006-cı ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə Azərbaycan Turizm İnstitutu və Mingəçevir Turizm Kolleci,  2007-ci ildə isə milli mədəniyyətin təbliğini və elmi tədqiqatını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanı ilə Mədəniyyət və Turizm Nazirliyinin tərkibində Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz yaradılmışdır.

2008-ci ildə Nazirlər Kabinetinin sərəncamı ilə "2009-2013-cü illər üçün Azərbaycan Respublikasında uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin fəaliyyətinin yaxşılaşdırılması üzrə İnkişaf Proqramı" təsdiq edilmişdir.

Bu proqrama uyğun olaraq həmin məktəblərin maddi-texniki bazası daim gücləndirilir, onlarda təhsil alan şagirdlərin istedadlarının yüksək səviyyədə inkişaf etdirilməsi üçün mütəmadi olaraq müxtəlif festivallar, müsabiqələr və digər tədbirlər təşkil olunur. Eyni zamanda istedadlı şagirdlərin beynəlxalq müsabiqələrdə iştirakına xüsusi diqqət yetirilir. Bu gün bizim şagirdlərimiz dünyanın müxtəlif ölkələrində keçirilən beynəlxalq müsabiqə və festivallarda  fəal iştirak edir, yüksək nəticələr qazanırlar.

Müstəqillik dövründə ölkəmizin mövcud turizm potensialının beynəlxalq aləmdə tanıdılması, Azərbaycana çoxsaylı turist səfərlərinin təşkili, turizmin müxtəlif növlərinin inkişaf etdirilməsi, normativ-hüquqi aktların qəbulu, turizm sahəsində kiçik və orta sahibkarlığın inkişafı, müasir turizm infrastrukturunun yaradılması və ixtisaslı kadrların hazırlanması sahəsində bir çox mühüm tədbirlər həyata keçirilmişdir.

2002-ci ildə "Azərbaycan Respublikasında turizmin inkişafına dair 2002-2005-ci illər üçün Dövlət Proqramı"nın Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilməsi nəticəsində beynəlxalq arenada Azərbaycan turizminin təşviqi istiqamətində müəyyən nailiyyətlər qazanılmışdır.

Çoxtərəfli əməkdaşlıq münasibətlərinin qurulması və inkişaf etdirilməsinin turizm siyasətinin prioritet istiqamətlərindən biri olduğunu nəzərə alaraq Azərbaycan dövləti dünyanın aparıcı təşkilatları ilə səmərəli əməkdaşlıq əlaqələri qurmuş, fəal surətdə turizm sahəsində həyata keçirilən beynəlxalq proqramlara qoşulmuşdur. Bunun nəticəsi olaraq,  Azərbaycan 29 ölkə ilə turizm sahəsində əməkdaşlıq haqqında hökumətlərarası saziş bağlamış, ölkəmizin turizm potensialının beynəlxalq arenada tanınmasında mühüm irəliləyişə nail olmuş, iştirak etdiyimiz beynəlxalq turizm sərgilərinin sayı artmış və coğrafiyası genişlənmişdir.

Son 5 il ərzində Azərbaycan müxtəlif ölkələrdə keçirilən beynəlxalq turizm sərgilərində iştirak etmiş,  respublikamızın turizm potensialı 66 beynəlxalq sərgidə nümayiş olunmuşdur.

Hər il Bakı şəhərində "AİTF" beynəlxalq turizm sərgisi keçirilir. Bu sərgidə iştirak edən xarici ölkələrin coğrafiyası genişlənir və turizm şirkətlərinin sayı ildən-ilə artır. 2010-cu ildə iştirakçı ölkələrin sayı 32-yə, şirkətlərin sayı isə 120-yə çatmışdır.

2006-cı ildən başlayaraq dünyanın məşhur televiziya kanallarında respublikanın turizm potensialını əks etdirən reklam çarxları yayımlanır.

Mehmanxana biznesində çalışan sahibkarların maraqlarının müdafiə edilməsi və səmərəli idarəetmə sisteminin yaradılması məqsədilə 2006-cı ildə Azərbaycan Mehmanxanalar Assosiasiyası, 2008-ci ildə isə Azərbaycan Turizm Assosiasiyası yaradılmışdır. 2010-cu ildə turizm sahəsində özəl sektorun işinin səmərəli təşkil olunması üçün adıçəkilən hər iki təşkilat birləşərək AZTA kimi fəaliyyət göstərməkdədir.

2010-cu ilin yekunlarına görə, ölkədə fəaliyyət göstərən turizm şirkətlərinin sayı 214-ə, mehmanxana və mehmanxana tipli obyektlərin sayı 477-yə çatmışdır və onların 80 faizi regionlarda yerləşir.  Bütün bunların nəticəsi olaraq Azərbaycana gələn əcnəbi vətəndaşların sayı 2010-cu ildə 2005-ci illə müqayisədə 1,6 dəfə artaraq 2 milyon  nəfərə yaxın olmuşdur.

Azərbaycanın turizmin inkişafı sahəsində əldə etdiyi ən böyük nailiyyətlərdən biri də qış turizm növlərinin inkişaf etdirilməsi məqsədilə Qusar rayonunda dağlıq ərazidə, dəniz səviyyəsindən 1400-2500 metr yüksəklikdə ən müasir standartlara cavab verən "Şahdağ Qış-Yay İdman-Turizm Kompleksi" inşa edilməsidir.

Ölkə rəhbərliyinin turizmə göstərdiyi xüsusi diqqətin başqa bir məntiqi nəticəsi 2011-ci ilin Azərbaycanda Turizm ili elan edilməsi ilə bağlıdır.

Müstəqil Azərbaycan Respublikasının mədəniyyət və turizm sahəsində xarici siyasət strategiyasının əsasını dünya ölkələri ilə ikitərəfli və çoxtərəfli mədəni əməkdaşlıq münasibətlərinin qurulması və inkişaf etdirilməsi  təşkil edir.

Müstəqillik  dövründə  Avropa, Asiya, Amerika və Afrika qitələrinin 70-dən çox ölkəsi nüfuzlu beynəlxalq təşkilatlarla mədəniyyət və turizm sahəsində çoxtərəfli və ikitərəfli əməkdaşlığın təşkil edilməsi, ölkəmizin bu sahədə mövcud beynəlxalq proqram və layihələrə qoşulması, həmçinin mədəniyyətimizin beynəlxalq aləmdə təbliği istiqamətində bir sıra əhəmiyyətli işlər görülmüşdür. Təsadüfi deyil ki, qısa müddət ərzində Azərbaycan Respublikasının mədəniyyət diplomatiyası beynəlxalq səviyyədə böyük uğurlar qazanmışdır.

2006-cı ildə Azərbaycanla YUNESKO arasında "Bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsəri olan Azərbaycan muğamının qorunması üzrə Milli Fəaliyyət Planının həyata keçirilməsi"nə dair Saziş imzalanmışdır.

2007-ci ildə YUNESKO-nun Baş Qərargahında görkəmli xalçaçı-rəssam Lətif Kərimovun,  2008-ci ildə  Azərbaycanın məşhur yazıçısı Mir Cəlal Paşayevin və dahi bəstəkar Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operasının 100 illik yubileyləri keçirilmişdir.

Müstəqillik dövrü ərzində Azərbaycan mədəni irsinin "İçərişəhər" və  "Qobustan" kimi tarixi abidələri YUNESKO-nun Dünya İrsi Siyahısına, qeyri-maddi mədəni irsimizin muğam, xalçaçılıq və aşıq sənətləri, həmçinin Novruz bayramı isə bu təşkilatın Qeyri-maddi mədəni irs üzrə Reprezentativ  siyahılarına daxil edilmişdir. 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə   2008-ci ilin dekabr ayında Bakıda Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin "Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır" mövzusunda konfransı keçirilmişdir. Konfrans Avropa Şurası ilə birgə təşkil edilmişdir.

2007-ci ildə İslam Konfransı Təşkilatına  üzv ölkələrin mədəniyyət nazirlərinin  Liviyanın Tripoli şəhərində keçirilən V konfransında Bakı şəhəri 2009-cu il üçün İslam mədəniyyətinin paytaxtı elan olunmuşdur. 2009-cu  il fevralın 18-də Heydər Əliyev sarayında bu möhtəşəm tədbirin təntənəli açılışı olmuşdur.

Mədəniyyət ili çərçivəsində  həmin ilin oktyabr ayında  Bakı şəhərində  "Mədəniyyətlərarası dialoqa dair Bakı prosesi"nin davamlılığını təmin etmək məqsədilə İslam Konfransı Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin VI konfransı keçirilmişdir. Konfransın ilk günü Azərbaycan hökumətinin təşəbbüsü, İSESKO və Avropa Şurasının vasitəçiliyi ilə İslam Konfransı Təşkilatına üzv dövlətlərlə bir sıra Avropa dövlətləri arasında "Bakı prosesi: sivilizasiyalar arasında dialoqa yeni çağırış" mövzusunda "dəyirmi masa" təşkil edilmişdir.

Konfransda islam ölkələri mədəniyyət nazirləri konfransına sədrlik Liviyadan növbəti iki il müddətinə Azərbaycan Respublikasına keçmişdir. İslam Mədəniyyəti Paytaxtları Proqramının həyata keçirilməsinin davam etdirilməsi ilə bağlı müzakirələrdə Naxçıvan 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı elan olunmuşdur.

2010-cu il 22-24 iyun tarixində Azərbaycan YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinə üzv seçilmişdir.

Son dövrlərdə Azərbaycan mədəniyyətinin xaricdə təbliği, eləcə də ikitərəfli əməkdaşlığın möhkəmlənməsinə yönəldilmiş mədəni tədbirlərin həyata keçirilməsi mexanizminin gücləndirilməsi məqsədilə xarici ölkələrdə Azərbaycan Mədəniyyət Mərkəzlərinin yaradılması işinə başlanmışdır. 2010-cu ilin sentyabr ayında ölkə Prezidentinin müvafiq sərəncamı ilə Fransada və Özbəkistanda Azərbaycan mədəniyyət mərkəzləri açılmışdır.

2011-ci ilin aprel ayında  Azərbaycan daha bir möhtəşəm beynəlxalq tədbirə ev sahibliyi etmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilmişdir.

"Ümumi dəyərlərə qovuşaq, müxtəlif mədəniyyətlərlə zənginləşək" şüarı altında keçirilən bu forumda planetin bütün qitələri əhatə edilməklə 102 ölkədən 500 nümayəndə - 20 ölkənin mədəniyyət naziri, bir çox ölkələrin nazir müavinləri, İSESKO-nun baş direktoru, YUNESKO-nun baş direktorunun müavini, Avropa Şurası Parlament Assambleyasının sədri daxil olmaqla aparıcı beynəlxalq təşkilatlarının rəhbərləri, müxtəlif dünya şəhərlərinin merləri, diplomatlar, qeyri-hökumət təşkilatları və müəssisə nümayəndələri, media mənsubları və jurnalistlər, mədəniyyət ekspertləri və xadimlər, tanınmış ziyalılar iştirak etmişlər.

Dünyada ilk dəfə bu formatda keçirilən forumun əsas məqsədi mədəniyyətlərarası dialoq sahəsində Azərbaycanın reallaşdırdığı təşəbbüsləri regional müstəvidən çıxararaq qlobal səviyyəyə qaldırmaq, ölkəmizdə daimi fəaliyyət göstərən beynəlxalq forum yaratmaqdır.

Forumda həmçinin "5 A-Mədəniyyətlərarası Əməkdaşlıq Platforması"nın əsası qoyulub. Tədbirdə təmsil olunan Avropa, Asiya, Amerika, Afrika, Avstraliya qitələrinin adları Azərbaycan dilində "A" hərfi ilə başladığı  üçün bu yeni platformanın adı rəmzi olaraq "5 A" kimi müəyyənləşdirilib.

Göründüyü kimi, Azərbaycan öz müstəqilliyinə qovuşduqdan sonra bazar iqtisadiyyatına keçidlə bağlı ilk illərdə böyük məhrumiyyətlərlə qarşılaşmasına baxmayaraq, sosial-iqtisadi həyatın bütün sahələrində olduğu kimi, mədəniyyət və turizm sahəsində də mühüm nailiyyətlər əldə etmişdir və bu nailiyyətlər gələcəkdə daha böyük uğurlar üçün münbit zəmin yaratmışdır. 

 

Əbülfəs QARAYEV,

mədəniyyət və turizm naziri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video