21 May 2022 01:02
787
SİYASƏT

Litvanın Cənubi Qafqaz ölkələri ilə iqtisadi əməkdaşlığının bünövrəsi Azərbaycanda qoyulur

 

Xəbər verildiyi kimi, Prezident İlham Əliyevlə Bakıya rəsmi səfərə gələn Litva Prezidenti Gitanas Nauseda arasında təkbətək və geniş tərkibdə görüşlər keçirilmiş, hər iki dövlət başçısı mətbuata birgə bəyanatlarla çıxış etmişlər.

Prezident İlham Əliyev bəyanatında regiondakı münaqişədən sonrakı vəziyyətə toxunaraq Cənubi Qafqazı sülh, əməkdaşlıq və qarşılıqlı fəaliyyət məkanına çevirmək üçün ardıcıl və sistemli addımların atıldığını diqqətə çatdırmışdır: "Düşünürəm ki, İkinci Qarabağ müharibəsindən sonra bu əməkdaşlıq formatını yaratmaq üçün imkan var. Biz həmçinin gürcüstanlı həmkarlarımız ilə bu barədə fikir mübadiləsi apardıq və onlar da bu seçimi çox müsbət qiymətləndirdilər. Lakin təəssüf ki, Ermənistan indiyə qədər Cənubi Qafqazda üçtərəfli qarşılıqlı fəaliyyət formatının ilkin olaraq başlanmasına həvəs göstərmir. Düşünürəm ki, imkanlar əldən verilməli deyil. Çünki indi Cənubi Qafqaz üçün sülhə, təhlükəsizliyə və sabitliyə sadiqlik nümayiş etdirməyin vaxtıdır".

Buna baxmayaraq, məlum olduğu kimi, Ermənistan Azərbaycan tərəfindən irəli sürülən beş əsas sülh prinsipini qəbul etsə də, gözlənilən addımı atmaqda  qərarlı görünmür. Hətta Ermənistan hər iki tərəfin işçi qruplarının aprelin 29-na razılaşdırılmış görüşünü ləğv etmiş, Azərbaycan tərəfinin 7-11 may tarixlərində sərhəddə yeni görüşün keçirilməsi təklifindən boyun qaçırmışdır. Halbuki Azərbaycan tərəfi bütün danışıqlarda konstruktiv mövqe nümayiş etdirərək 30 il səbirlə Ermənistanın sülh danışıqları masasına gələcəyini gözləmişdir. Azərbaycanın bunun üçün Ermənistana qarşı sanksiyaların tətbiq edilməsinə yönələn çağırışlarına da məhəl qoyulmamışdır. Azərbaycan Prezidenti bu barədə belə demişdir: "Əgər sanksiyalar, özü də, ciddi sanksiyalar tətbiq edilsəydi, onda, ola bilsin, heç müharibə olmazdı. Lakin əfsuslar olsun ki, Ermənistan çox xüsusi münasibətdən yararlandı və beynəlxalq hüququ kobud şəkildə pozduğuna, digər ölkənin ərazisini işğal etdiyinə baxmayaraq, Ermənistana heç bir sanksiya tətbiq edilmədi".

Bəs əvəzində nə oldu? İşğal edilmiş ərazilərdə ağlasığmayan vəhşiliklər törədildi. Təsadüfi deyil ki, bu gün beynəlxalq ekspertlər azad edilmiş şəhərlərdən biri olan Ağdamı "Qafqazın Hirosiması" adlandırırlar.

Bütün bu vəhşiliklərə başmayaraq, Azərbaycan Prezidenti yenə sülhə sadiq olduğunu bəyan edir, bütün məsələlərin hüquqi müstəvidə həll olunmasına, bu yolda Avropa İttifaqı-Azərbaycan əməkdaşlığının dərinləşməsində maraqlı olduğunu vurğulayır: "Avropa İttifaqı bizim əsas ticarət tərəfdaşımızdır. Avropaya təbii qazın ixracına başlamağımızı və neft-qaz qiymətlərinin artmaqda olduğu faktını nəzərə alaraq, bu il bizim Avropa İttifaqı ilə ticarət dövriyyəsinin həcmi, əlbəttə ki, artmaqdadır. Biz Litvaya Azərbaycan-Avropa İttifaqı yaxınlaşmasını dəstəklədiyinə görə minnətdarıq".

Litva Prezidenti Gitanas Nauseda da bəyanatında Azərbaycanı Qafqaz regionunda ölkəsinin çox önəmli tərəfdaşı kimi tanıdığını, ikitərəfli əlaqələrin və iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın mövcud olduğunu qeyd edir: "Bu səbəbdən mən özümlə Azərbaycana bir çox biznes nümayəndələrini gətirmişəm. Biz bazar imkanlarını araşdırmaqda və ikitərəfli ticarət həcmlərini artırmaqda maraqlıyıq".

Göründüyü kimi, Avropa İttifaqının üzvü Litva aydın dərk edir ki, onun Cənubi Qafqaz ölkələri ilə iqtisadi əməkdaşlığının təməli Azərbaycanda qoyulur. Bu baxımdan Litva Prezidentinin Avropa İttifaqı ilə Azərbaycan arasında daha fəal əməkdaşlığın tərəfdarı olduğunu dilə gətirməsi təsadüfi deyil: "Azərbaycan Avropa İttifaqının Şərq Tərəfdaşlığı platforması kontekstində çox önəmli ölkədir və strateji enerji tərəfdaşıdır. Biz Avropa İttifaqı ilə Azərbaycan arasında yeni saziş üzrə irəliləyişi dəstəkləməkdə davam edirik".

Bütün bunlardan çıxış edib demək olar ki, iki dövlətin işgüzar dairələrinin əlaqələri güclənəcək, hər iki ölkədə iş qurmaq üçün yeni imkanlar açılacaq. Yeri gəlmişkən qeyd edək ki, Litva Prezidentinin səfəri çərçivəsində iki ölkənin işgüzar dairələri arasında keçirilən biznes-forumda nümayəndə heyətlərinin müzakirə etdiyi məsələlər arasında ticarət, investisiya, kənd təsərrüfatı, informasiya texnologiyalarının inkişaf etdirilməsi, əlverişli investisiya mühiti diqqət çəkir.

Bu forum da təsdiq edir ki, Azərbaycanın qlobal iqtisadiyyatda oynadığı rola maraq artır. Dünyanın müxtəlif bölgələrində baş verən toqquşmalar, münaqişələr və gərginliklər Asiya ilə Avropanın kəsişməsində yerləşən Azərbaycanı bir çox dövlətlər üçün xüsusi əhəmiyyətli regiona çevirir. Məhz bu baxımdan Litvanın təkliflər paketini zəngin hesab etmək olar. Məsələn, Baltik dövlətləri arasında ən böyük dəniz limanı sayılan Klaypeda buz bağlamır və Azərbaycan belə imkanlardan faydalana bilər.

Litva isə strateji baxımdan istehsal sektorunun şaxələndirilməsinə, innovativ və yüksək texnoloji sektorların qurulmasına önəm verir. Ölkənin enerji sektoru günəş və külək enerji parklarından ibarətdir. Litvalılar bu yaxınlarda Baltik dənizində ilk dəfə olaraq külək enerji parkını yaradacaqlar. Bundan əlavə, ölkənin ərzaq məhsulları 150 ölkəyə ixrac edilir. Bütün bunlar onu deməyə əsas verir ki,  faktiki olaraq Azərbaycanın Litva ilə geniş əməkdaşlıq imkanları var. Bunu forumun sonunda iki dövlət arasında müxtəlif vacib sənədlərin imzalanması da sübut edir.

 

Bahadur İMANQULİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video