22 May 2022 00:34
685
CƏMİYYƏT
A- A+

Küçələr yuyuldu, ağaclar budandı, yeni gül kolları əkildi

 

Paytaxtda keçirilən ənənəvi ümumşəhər iməciliyində qələbəlik yaşandı

 

Paytaxt Bakı beynəlxalq səviyyəli tədbirlərə evsahibliyi etməkdə davam edir. Ölkəmizdə keçirilən beynəlxalq yarışlar, müxtəlif tədbirlər, sərgilər şəhərimizin imicinə də müsbət təsir göstərir.

Keçirilən tədbirlər çərçivəsində Bakıya müxtəlif xarici ölkələrdən mötəbər qonaqlar gəlir. Pandemiyadan sonra xarici turistlərin də sayı artmaqda davam edir. Ölkəyə gələn qonaqlar daim şəhər əhalisinin qonaqpərvərliyindən danışır, Bakının gözəlliyinə heyran olduqlarını, Xəzərin sahilində yerləşən şəhərimizin ildən-ilə inkişaf etdiyini bildirirlər.

Qarşıdan yay aylarının gəlməsi, turizm mövsümünün daha da canlanması ilə paytaxtda xarici qonaqları daha çox görəcəyik. Paytaxt sakinləri də havaların xoş keçməsi ilə əlaqədar artıq parklara, istirahət yerlərinə üz tuturlar. 

Təbii ki, buna görə şəhərin təmizliyi, yaşıllıqların vəziyyəti, artırılması mühüm əhəmiyyət kəsb edir. Bu və paytaxtın daha da gözəlləşdirilməsi məqsədilə Bakı Şəhər İcra Hakimiyyətinin qərarı ilə mütəmadi olaraq ümumşəhər iməcilikləri keçirilir.

Mövsüm ilə əlaqədar növbəti iməciliklərdən biri də dünən reallaşdı. Bakı Şəhər İcra Hakimiyyəti qurumlarının əməkdaşlarının iştirakı ilə səhər saatlarından başlanan iməcilik  paytaxtın bütün rayonlarını əhatə etdi. İməcilik zamanı kommunal xidmətləri tərəfindən şəhərdə prospekt və küçələrin, səki kənarlarının, bordürlərin, işıq dirəklərinin, yol kənarındakı məhəccərlərin, binaların fasadlarının, park və istirahət yerlərində oturacaqların yuyulması həyata keçirildi.

İməcilikdə prospekt və küçələr boyunca yerləşən ictima-iaşə, ticarət və digər obyektlərin vitrinləri, köşklər və avtobus dayanacaqları yuyuldu, ətrafı təmizləndi. Müşahidələrimizə əsasən, ictimai iaşə, mağaza və digər xidmət sahələrinin əməkdaşları da öz obyektlərinin fasad və vitrinlərinin yuyulması, onların qarşısında səliqə-sahman yaradılması işlərində fəallıq göstərirdilər. Təbii ki, şəhərin təmizliyi, ətraf mühitin çirklənməsinin qarşısının alınması, yaşıllıqların qorunması hər bir vətəndaşdan asılıdır.

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən əsas magistral yol və prospektlərin kənarlarındakı ağacların üzərinə toplanan toz və torpaq yuyulur, onların dibi yumşaldılır, qurumuş budaqları budanırdı. Mövsümlə əlaqədar ağaclara və yaşıllıq sahələrinə aqrotexniki qulluq göstərilir, təbii gübrələr verilirdi. Eyni zamanda, şəhər ərazisində Abşeron iqliminə uyğun yeni ağaclar, kollar, güllər əkilir, yaşıllıq zolaqları və parklarda qazon örtüyü yenilənirdi.

Bakı Şəhər İcra Hakimiyyətinin kommunal təsərrüfat xidmətlərinin texnikası əsas küçə və prospektləri xüsusi maddələrlə yudu, əməkdaşlar tərəfindən şəhərin icra hakimiyyətinin balansında olan yaşayış binalarında, həyət və yaşayış məhəllələrində, məişət tullantılarının atıldığı konteyner meydançalarının ətrafında əlavə təmizlik işləri görüldü.

Bakı Şəhər İcra Hakimiyyətinin Şəhər təsərrüfatı şöbəsinin müdiri Ayaz Hüseynov görülən işlər barədə jurnalistlərə məlumat verərək bildirdi ki, son günlərdə Bakıda beynəlxalq səviyyəli müxtəlif tədbirlər keçirildiyi üçün şəhərdə turistlərin, mötəbər qonaqların sayı kəskin artmaqdadır: "Eyni zamanda yaz-yay mövsümünə keçidlə bağlı sakinlər tərəfindən parklara kütləvi axın başlamışdı. Bu da həm yaşıllıqların yaxşı səviyyədə olmasını, həm də təmizlik və səliqə-sahmanın daha da diqqətdə saxlanmasını zəruri edir. Bununla bağlı Bakı Şəhər İcra Hakimiyyəti növbəti iməcilik həyata keçirir. Bu tədbirlər çərçivəsində təmizlik işləri qazon örtüklərinin yumşadılması və mövsümə uyğun yaşıllıqların salınması həyata keçirilir. Həmçinin güllərdən kompozisiyalar hazırlanır".

İməciliyin mütəmadi olaraq keçiriləcəyini qeyd edən Ayaz Hüseynov həmçinin ictimai iaşə, ticarət obyektlərinin sahiblərini və dövlət təşkilat rəhbərlərini tədbirlərdə fəal olmağa çağırıb.

Qeyd edək ki, mütəmadi olaraq keçirilən iməciliklər, təmizlik və abadlıq işləri, yeni yaşıllıqların salınması paytaxt Bakının daha da gözəlləşməsinə töhfə verir. Eyni zamanda paytaxtımız gözəlliyi, təmizliyi, qonaqpərvər ruhu ilə  şəhərə gələn xarici qonaqları özünə bir daha valeh edir.   

 

Əsmər QARDAŞXANOVA,

İlham BABAYEV (foto),

"Azərbaycan"

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video