17 Yanvar 2023 00:37
351
Səhiyyə
A- A+

Kraken dünyada sürətlə yayılır

 

Episentri Çinin Uhan şəhəri olan COVID-19-un yayılması hələ də davam edir. İndiyədək dünyada virusa yoluxanların sayı 670 milyona, ölənlərin sayı isə 7 milyona çatıb.
Virusun yeni altnövləri yarandıqca onun yoluxuculuq qabiliyyəti artıb. Bununla belə, xəstəliyin gedişatı yüngülləşib. İlk dəfə olaraq 2022-ci ilin noyabrında aşkar edilən koronavirusun yeni altnövü olan Kraken (XBB.1.5) dünyanın 30 ölkəsində aşkarlanıb. ABŞ, Avropa və Çində aktiv şəkildə görünən koronavirusun yeni ştamının əvvəlkilərdən daha sürətli yayılması narahatlıq doğurur. Mütəxəssislər bu virusun peyvənd edilənlər arasında daha az yayıldığını bildirirlər. XBB.1.5-in əlamətləri yüksək hərarət, titrətmə, öskürək, nəfəs almaqda çətinlik, baş, boğaz və əzələ ağrıları, burun tıxanıqlığı, dad və ya qoxu itkisidir.

 

ÜST dünya əhalisini peyvəndlənməyə çağırır

 

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bəyan edib ki, COVID-19-un yeni altnövlərinin yaranması qrip virusunda olduğu kimi peyvəndlərin dəyişdirilməsini tələb edə bilər. Belə ki, virusun yeni altnövləri yarandıqca əvvəlki peyvəndlərin immunitet yaratma qabiliyyəti zəifləyir. İnkişaf etmiş ölkələrin sakinlərinin beşinci dəfə peyvənd edilməsini düzgün hesab etməyən ÜST çarəni bütün dünya əhalisinin peyvəndlənməsində görür. Onun sözlərinə görə, ən az peyvənd olunanlar arasında Afrika və Asiya ölkələrinin sakinləri var. Belə ki, Madaqaskarda əhalinin cəmi 5 faizi, Kamerunda isə 4 faizi peyvənd olunub.
Çin səlahiyyətliləri 8 dekabr 2022-ci il və 12 yanvar 2023-cü il tarixləri arasında ölkənin tibb müəssisələrində COVID-19-dan 59 min 938 nəfərin dünyasını dəyişdiyini müəyyən ediblər. Onlardan 5500-ə yaxını birbaşa koronavirusun yaratdığı tənəffüs problemləri səbəbindən dünyasını dəyişib. Təxminən 54 min nəfərdə isə virus orqanizmdə digər xəstəliklərin səbəb olduğu problemləri daha da ağırlaşdırıb. Ölənlərin orta yaşı 80-ə yaxındır. Buna baxmayaraq, çinli ekspertlər ölkədə xəstəliyin yayılmasının pik dövrünün geridə qaldığını iddia edirlər. Qeyd etmək lazımdır ki, Çindəki statistika tibb müəssisələrindən kənarda COVID-19 səbəbindən baş vermiş mümkün ölüm hallarını nəzərə almır.

 

Ölkəyə Kraken ştamını aşkarlaya bilən testlər gətirilib

 

Dünyada COVID-19-a yoluxanların sayında artım müşahidə edilsə də, ölkəmizdə vəziyyət stabildir. Bəzi ölkələrdə sürətlə yayılan Omikron ştamının altvariantı olan Krakenə Azərbaycanda hələlik rast gəlinməyib. Qeyd edək ki, ölkəyə koronavirusun bütün ştamlarını, o cümlədən Krakeni aşkarlaya bilən 450 ədəd test gətirilib. Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi mediaya məlumat verib.
Digər ştamlarda olduğu kimi, XXB.1.5-dən də qorunma yolları eynidir. Nazirlər Kabineti yanında Operativ Qərargahın son qərarına əsasən, 2022-ci il mayın 1-dən etibarən Azərbaycanda xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə tələbi ləğv olunsa da, dünyadakı epidemioloji vəziyyəti nəzərə alaraq mütəxəssislər qapalı məkanlarda və insanların sıx toplaşdığı yerlərdə tibbi maskadan istifadəni, gündəlik gigiyena qaydalarına əməl etməyi tövsiyə edirlər.
Dövlət Statistika Komitəsinin aylıq hesabatına əsasən, 2022-ci ilin yanvar-noyabr aylarında ölkədə 17,6 milyon ədəd maska istehsal edilib. Hazırda Azərbaycanda olan maska ehtiyatı 5,7 milyon ədəddir.

 

Xüsusi təlimli itlər koronavirus xəstələrini müəyyən edirlər

 

COVID-19-a yoluxanların daha dəqiq müəyyənləşdirilməsi üçün alimlər testdən əlavə, yeni üsullar üzərində də çalışırlar. Almaniyalı tədqiqatçılar müxtəlif cinslərdən olan itlərin bu işdə qabiliyyətlərini sınaqdan keçiriblər. Onlara COVID-19-a yoluxmuş insanları qoxuya görə müəyyən etmək öyrədilib. Təcrübə bu qaydada keçirilib: səkkiz xüsusi təlimli it dörd konsertə gətirilib. Tamaşaçılara əvvəlcədən PZR və antikor testləri verilib. Onların yaşları, peyvəndləri, xroniki xəstəlikləri və davamlı dərman qəbul edib-etmədikləri barədə məlumat toplanılıb. Bundan əlavə, itlər üçün tər nümunələri götürülüb.
Tamaşaçılardan 87 faizinin xroniki xəstəlikləri olub, onlar müntəzəm dərman qəbul ediblər. Lakin bu amil itlərdən heç birini çaşdırmayıb. İtlərin orta iyləmə müddəti cəmi iki saniyə çəkib. Maraqlıdır ki, itlər PZR testi mənfi olan insanlara da düzgün diaqnoz qoyub. Belə ki, bir-iki gündən sonra itlərin "səhvən" göstərdiyi şəxslərdə ikinci yoxlama zamanı onların, doğrudan da, koronavirus xəstəsi olduqları müəyyən edilib.
Bu o deməkdir ki, itlər xəstə insan tərəfindən buraxılan uçucu üzvi birləşmələrdəki dəyişiklikləri hətta adi tədqiqat üsulları ilə hiss edirlər. Aydındır ki, belə bir "diaqnoz" adi tibbi üsullarla təsdiqlənməlidir. Ancaq itlər "şübhəli" insanları kütlədən - məsələn, hava limanlarında, qatar stansiyalarında, ictimai tədbirlərdə ayırmağa kömək edə bilərlər.

Ülkər XASPOLADOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video