24 Yanvar 2023 00:45
298
Səhiyyə
A- A+

Kraken 30-dan çox ölkədə qeydə alınıb

 

Dünya ölkələri 3 ildir ki, COVID-19-la qlobal səviyyədə mübarizə aparırlar. Virusun tüğyan etdiyi zamanlarda Azərbaycanda da sərt karantin qaydaları tətbiq edilmiş, ciddi profilaktik tədbirlər həyata keçirilmiş, əhalinin koronavirus əleyhinə kütləvi peyvədlənməsi prosesinə start verilmişdir. 
Bu ardıcıl tədbirlər yoluxma və ölüm hallarının azalmasına, virusa yoluxanların xəstəliyi yüngül keçirməsinə əhəmiyyətli dərəcədə kömək göstərmişdir. Koronavirus pandemiyası dünya üzrə bir müddət səngisə də, son vaxtlar Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yenidən pandemiya ilə bağlı narahatedici proqnozlar verməyə başlayıb. Son aylar yoluxanların sayında artım müşahidə edilir.
ÜST məlumatlarında bəyan edib ki, dünyada son 28 gün ərzində COVID-19-dan ölənlərin sayı 20 faiz artıb, yoluxanların sayı isə 7 faiz azalıb.

 

Yeni ştama yoluxanlar arasında ölüm halı aşkarlanmayıb

 

İlk dəfə olaraq ötən ilin oktyabrında ABŞ-də aşkarlanan, koronavirusun hələlik son ştamı olan Kraken (XBB.1.5) altnövü hazırda dünyanın 31 ölkəsində dövr edir, yayılma arealı genişlənir. Onun aşkarlandığı sonuncu ölkə Monteneqrodur. Ölkənin Səhiyyə İnstitutu vətəndaşları vaksinasiyadan keçməyə çağırıb.
ÜST bu altvariantın yayılma sürətinə diqqət çəkərək vətəndaşları tədbirli olmağa çağırır. Kraken özünü öskürək, boğaz ağrısı, burun axması, başağrısı, halsızlıq, yorğunluq, əzələ ağrısı kimi əlamətlərlə büruzə verir. Krakenə yoluxanlar arasında ölüm halı aşkarlanmayıb.
Avropa İttifaqının Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzi Kraken subvariantının aşağı risk səviyyəsinə malik olduğunu açıqlayıb. Epidemioloqlar insanları yeni variantlardan qorxmamağa çağırıblar. Krakenin sürətlə yayılması sərhədlərin açıq olması, təyyarə uçuşları ilə əlaqələndirilir.  Bildirilir ki, XBB.1.5 alt-növü Omikronun "uğurlu" mutasiyasıdır. Çünki onun yoluxduruculuğu digər ştamlardan yüksək olsa da, ölüm faizi aşağıdır.

 

Effektiv peyvəndlər hazırlanır

 

Rusiyada bir neçə gün öncə Kraken subvariantına yoluxma halına rast gəlinmişdi. Mütəxəssislər yoluxuculuğunu nəzərə alaraq onun ölkədə dominant olacağını düşünürlər. Rusiyanın Epidemiologiya və Mikrobiologiya Tədqiqat Mərkəzi yeni növlərdən, o cümlədən Krakendən qorunmanı təmin edəcək koronavirus peyvəndi üzərində işə başlayıb. Peyvənd "Konvasel" adlanır.
COVID-19-un mutasiyaları yalnız səth S-zülalına təsir etdiyi üçün "Konvasel" peyvəndi Krakenə qarşı təsirli olacaq. Eyni zamanda yeni nəsil peyvəndin aktiv maddəsi, digərlərindən daha az mutasiya dəyişikliklərinə meyilli olan "SARS - CoV-2" virusunun rekombinant N proteinidir. Tədqiqatlarda bu peyvəndin effektivliyi Omikron ştamının ilk variantları üçün sübut edilib.

 

Ölkəmizdə Kraken ştamı qeydə alınmayıb

 

Dünyada sürətlə yayılan Kraken altvariantına Azərbaycanda hələlik rast gəlinməyib. Səhiyyə Nazirliyinin məlumatında qeyd olunub ki, bu virus variantı əksərən yüngül, fəsadsız xəstələnmə halları törətsə də, koronavirusa qarşı immuniteti olmayan və ya müxtəlif səbəblərdən zəifləmiş immunitetə malik, o cümlədən ağır xroniki xəstəlikləri olan və yaşlı insanlara ehtiyatlı olmaları tövsiyə edilir. Ona görə də əhaliyə, xüsusən də risk qrupuna aid edilən şəxslərə sayıqlığı əldən verməmək, sıx təmasları mümkün qədər azaltmaq və vaksinasiyanı tamamlamaq məsləhətdir.
Mütəxəssislər həmçinin vətəndaşlara çox adam toplaşan və qapalı məkanlardan mümkün olduğu qədər uzaq durmağı məsləhət görürlər. Bu, mümkün olmadığı təqdirdə isə tibbi maskadan istifadə və gigiyena qaydalarına riayət etmək vacibdir.

Ülkər XASPOLADOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video