02 Avqust 2022 01:08
690
Səhiyyə
A- A+

Koronavirus təhlükəsi səngimir

 

Bəzi ölkələrdə kəskin artım, bəzilərində isə azalma müşahidə edilir

 

Ötən həftə dünyada 6,6 milyon nəfər COVID-19-a yoluxub. Həftə ərzində təxminən 15000 koronavirus xəstəsi vəfat edib. Yoluxma göstəricisi ölkələr üzrə ciddi şəkildə fərqlənir.

Bəzilərində ciddi artım, digərlərində isə kəskin azalma baş verib. ABŞ, Almaniya, İndoneziya və Malayziyada yoluxma kəskin artdığı halda, Braziliya, Meksika, Fransa və İtaliyada azalma müşahidə olunur.

Qərbi Balkan ölkələri də COVID-19 infeksiyasına yoluxma hallarının artdığı ölkələr sırasındadır. Bu da səhiyyə orqanlarını hərəkətə keçirib. Virusa yoluxma sayında ən böyük artımın yaşandığı Serbiyada hər iki testdən birinin nəticəsi müsbət olub.

 

Tibbi maskadan məcburi istifadə qaydası yenidən tətbiq olunub

 

Turizm mövsümünün təsiri ilə epidemiya vəziyyətinin pisləşdiyi Monteneqroda koronavirusa gündəlik yoluxma hallarının sayı mini keçib. Bu səbəbdən dövlət və səhiyyə müəssisələrində, yanacaqdoldurma məntəqələrində və marketlərdə 15 gün müddətinə maskadan istifadə tələbi qoyulub.

Bosniya və Herseqovinada isə hər gün orta hesabla 500-dən çox insan COVID-19-a yoluxur. Ölkənin səhiyyə müəssisələrində tibbi maskadan məcburi istifadə qaydası  yenidən tətbiq olunub.

Son həftələr dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da COVID-19-a yoluxanların sayında artım olması, ölüm hallarının qeydə alınması mütəxəssislərdə narahatlıq yaradır. Buna səbəb kimi bir sıra faktorlar nəzərdən keçirilir. Belə ki, istirahət mövsümü olduğu üçün ölkəyə turistlərin gəlməsi, vətəndaşlarımızın digər ölkələrə gediş-gəlişi, habelə isti hava ilə əlaqədar insanların sıx olduğu yerlərdə maskalardan istifadə edilməməsi yoluxanların  sayının yenidən artmasına yol açır.

 

Ən effektiv üsul hələ də vaksinasiya hesab edilir

 

 Pandemiyanın ilk günlərindən dövlətimiz qəbul etdiyi qərarlar və karantin rejiminin tətbiqi sayəsində vəziyyəti nəzarət altında saxlamağa nail oldu. Virusla mübarizədə Azərbaycan uğurlu və məqsədyönlü siyasəti ilə bir çox  ölkələrə nümunə göstərərək Cənubi Qafqazda peyvəndin tətbiq edildiyi ilk ölkədir. Belə ki, ölkəmizdə 2021-ci il yanvarın 18-dən koronavirusa qarşı peyvəndləmə aparılır.

Vaksinasiya prosesi Azərbaycanda bu gün də uğurla davam etdirilir. Respublikamızda epidemioloji vəziyyət sabit idi. Lakin əhali arasında infeksiyaya yoluxma sayındakı kəskin artım, hətta virusa bağlı ölüm hallarının yenidən yaşanması ilə narahatlıq yaranır. Odur ki, peyvəndlənənlərin sayında müsbət dinamikanın şahidi oluruq. Statistikaya nəzər yetirdikdə deyə bilərik ki, son həftələr gün ərzində 2 minə yaxın insan peyvənd olunur.

COVID-19-un yayılmasının əsas yollarından biri hava yolu ilə keçən tənəffüs damcılarıdır. Bu, fiziki məsafə saxlamağın nə üçün vacib olduğunun səbəblərindən biridir. Amma izdihamlı ictimai yerlərdə fiziki məsafəni saxlamaq həmişə mümkün olmur və belə hallarda tibbi maskadan istifadə vacib hesab edilir. Tibbi maskadan düzgün istifadə də mühüm amillərdəndir. Tibbi maska ağız və burnu tam örtməlidir. Birdəfəlik tibbi maskalardan təkrar istifadə etmək olmaz. İstifadə müddəti isə iki saatdan artıq olmamalıdır. Maskanın ağızla təmasda olan hissəsinə toxunulmamalı, çıxararkən isə iplərinin arxa hissəsindən tutmaq lazımdır. Çıxardıqdan sonra əllər mütləq antiseptiklə dezinfeksiya edilməli, yaxud sabunla yuyulmalıdır.

Əgər maskanı çıxarmağı və gün ərzində yenidən istifadə etməyi planlaşdırırıqsa, onu saxlamaq üçün mütləq təmiz, ağzı bağlanan paketlərdən istifadə etməliyik.

Koronavirusa yoluxma sayında artımı nəzərə alaraq həkimlər hamını ehtiyatlı olmağa çağırırlar. Son iki il ərzində müşahidə etdiyimiz xəstəliyin gedişatı, virusun mutasiyaları, yeni ştamların meydana çıxması diqqətli və tədbirli olmağı vacib edir.

 

Ülkər XASPOLADOVA,

 "Azərbaycan"

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video