15 Yanvar 2022 00:39
693
CƏMİYYƏT
A- A+

Konfrans “Vətənpərvərliyin təbliği istiqamətində görülən işlər və mənfi təzahürlər” mövzusuna həsr edilib

 

Yanvarın 14-də Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının inzibati binasında “Vətənpərvərliyin təbliği istiqamətində görülən işlər və mənfi təzahürlər” mövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, veteranların və Vətən müharibəsi iştirakçılarının qatıldıqları konfransda əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Konfransı giriş sözü ilə açan Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarova Azərbaycan Ordusunun Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqdan danışıb. Müharibədə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin əsl sərkərdəlik məharəti göstərdiyini vurğulayan F.Səttarova işğalçı Ermənistan üzərində qazanılan şanlı Qələbənin Azərbaycan tarixinə qızıl hərflərlə həkk edildiyini bildirib.

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov çıxışında Azərbaycan dövlətinin qazilərə, müharibə əlillərinə və şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan bəhs edib, bu istiqamətdə həyata keçirilən layihələrdən danışıb: “Dövlətin qazilərə, müharibə əlillərinə və şəhid ailələrinə göstərdiyi mütəmadi diqqət və qayğı beynəlxalq praktikada Azərbaycan modelini formalaşdırıb. Bu model bütün dünyada maraq və təqdirlə qarşılanmaqdadır. Vətən müharibəsində olduğu kimi, bu gün də cəmiyyətin bütün kateqoriyalarının, o cümlədən qazilərin dövlətimizin və Prezidentimizin ətrafında birləşməsi zəruridir. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı vətənpərvərliyin təbliği istiqamətində çoxşaxəli fəaliyyət ortaya qoymaqdadır. Bu məqsədlə qazilərlə mütəmadi görüşlər keçirilir, onların qayğılarının öyrənilməsinə və həllinə dəstək verilir”.

C.Xəlilov bildirib ki, son vaxtlar cəmiyyətdə müşahidə edilən bəzi mənfi təzahürlər dərin narahatlıq doğurur. Belə ki, müxtəlif şəxslər qazilərin adından sui-istifadə etməyə cəhd göstərirlər. Belə hallar yolverilməzdir. Vətən müharibəsində iştirak etməyən bəzi şəxslərin özlərini qazi kimi təqdim edərək müxtəlif iddialarla çıxış etməsi, dövlətin qazilərə göstərdiyi diqqət və qayğıya kölgə salmağa çalışması hallarına qarşı ictimaiyyət də çevik reaksiya verməli, bu cür şəxslərin qanunsuz əməlləri ifşa olunmalıdır. Bəzi radikal və təxribatçı qüvvələr qazilərin adından çıxış etməyə, onların cəmiyyətdəki nüfuzundan çirkin, qeyri-sağlam məqsədlərini reallaşdırmağa çalışırlar ki, bu da antixalq və antidövlət mahiyyəti daşıyır.  “Belə qüvvələrin qazilərdən, onların cəmiyyətdəki nüfuzundan dövlətə qarşı istifadə etməyə cəhd etməsi yolverilməzdir. Qaziləri bu kimi hallarla bağlı diqqətli olmağa, hər zaman olduğu kimi, bundan sonra da dövlətin və Prezidentimizin ətrafında birləşməyə səsləyirik. Qazilərə diqqət və qayğının göstərilməsi təkcə dövlətin deyil, hər bir vətəndaşın borcudur. Bununla yanaşı, qazi adı daşıyan şəxslər də arzu və istəklərini mövcud qanunvericiliyin tələblərinə uyğun qaydada ifadə etməlidirlər. Son vaxtlar Vətən müharibəsinin və 2016-cı ilin Aprel döyüşlərinin iştirakçılarından 800-dək qazi Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatına üzv olub. Respublikanın bütün bölgələrində və rayonlarında təşkilatımızın yerli strukturları mövcuddur. Qazilərimizi təşkilata üzv olmağa səsləyirəm. Qazilərimiz təşkilatdaxili müzakirələrdə və tədbirlərdə iştirak edə, onları narahat edən, düşündürən məsələləri dilə gətirə, təşkilatın imkanlarından yararlana bilərlər”, - deyə ehtiyatda olan polkovnik bildirib.

Vətən müharibəsinin iştirakçıları konfransda çıxış edərək dövlətin onlara göstərdiyi diqqət və qayğıdan məmnunluqla bəhs ediblər. Qazilər bəzi hallarda cəmiyyətdə mənfi təzahürlərə də rast gəldiklərini vurğulayıblar. Qeyd olunub ki, bəzən müharibə iştirakçılarına qarşı laqeyd münasibət və süründürməçilik hallarına yol verilir. Bu da qəbuledilməzdir.

Konfransda mənfi təzahürlərə qarşı birgə mübarizənin zəruriliyi qeyd olunub və bu cür hallarla qarşılaşan qazilərə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatına müraciət etmək, hüquqlarının təmini üçün qurumun imkanlarından faydalanmaq tövsiyə olunub.

Tədbirdə Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan mayoru Salman Hüseynovun, ehtiyatda olan kiçik çavuş Elçin Əhmədovun, polkovnik-leytenant Şahin Məmmədovun məsələ ilə bağlı çıxışları böyük maraqla qarşılanıb.

Konfransa yekun vuran Fatma Səttarova məsələnin aktuallığından danışıb, belə mənfi təzahürlərin birgə mübarizə nəticəsində aradan qaldırılacağına əminliyini bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video