18 Iyul 2022 20:44
1441
PARLAMENT

Katrin Görinq-Ekart: Azərbaycan Almaniyanın iqtisadiyyat, o cümlədən enerji sahəsində mühüm tərəfdaşıdır

İyulun 18-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Almaniya Federal Parlamentinin (Bundestaq) vitse-prezidenti Katrin Görinq-Ekartın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Sahibə Qafarova qonaqları salamlayaraq, bu səfərin ölkələrimiz arasında dostluq münasibətlərinin daha da dərinləşməsinə və genişləndirilməsinə töhfə verəcəyinə inamını bildirib. Bu il ölkələrimiz arasında diplomatik münasibətlərin yaradılmasının 30-cu ildönümünün tamam olduğunu qeyd edən Milli Məclisin sədri münasibətlərimizin inkişafında yüksək səviyyəli səfərlər zamanı aparılan danışıqların mühüm rol oynadığını diqqətə çatdırıb.

Dövlətlərarası münasibətlər sistemində parlamentlərin rolunu vurğulayan Sahibə Qafarova hər iki ölkənin qanunverici orqanlarında dostluq qruplarının fəaliyyət göstərməsini təqdir edib, beynəlxalq təşkilatlarda əməkdaşlığın önəmini vurğulayıb.

Bildirilib ki, Azərbaycan 30 il ərzində Ermənistan işğalı altında olmuş ərazilərini 2020-ci ildə Vətən müharibəsi nəticəsində azad edib. Əgər ötən illər ərzində Azərbaycan torpaqlarının işğalı faktına dünya ictimaiyyəti tərəfindən lazımi diqqət göstərilsəydi, münaqişə daha tez və itkisiz həll oluna bilərdi. Ermənistan işğal dövründə bu ərazilərdəki bütün şəhər və kəndlərimizi bilərəkdən dağıdıb, mədəni, tarixi, dini obyektləri vandalizmə məruz qoyub. Birinci Qarabağ müharibəsində itkin düşmüş 4 min azərbaycanlının taleyi barədə Ermənistan tərəfi hələ də məlumat vermir. Azərbaycan öz ərazilərini azad etdikdən sonra həmin bölgələrdə genişmiqyaslı bərpa və quruculuq işlərinə başlayıb. Hazırda işğaldan azad olunmuş ərazilərdəki bütün infrastruktur bərpa edilir. Ancaq Ermənistan tərəfindən həmin ərazilərin minalanması bu işlərin həyata keçirilməsinə və məcburi köçkünlərin öz doğma yurd-yuvalarına qayıtmasına böyük maneə törədir.

Milli Məclisin sədri Azərbaycanın regionda uzunmüddətli sülhün və sabitliyin təmin olunması istiqamətində səylərini davam etdirdiyini, xalqımızın sülh tərəfdarı olduğunu vurğulayıb. Sahibə Qafarova diqqətə çatdırıb ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidenti və Ermənistanın baş naziri arasında üçtərəfli görüşlər keçirilib. Azərbaycan tərəfindən sülh sazişinin imzalanması üçün məqsədyönlü addımlar atılır. Ümid edirik ki, Ermənistan konstruktiv mövqe nümayiş etdirərək öz öhdəliklərini yerinə yetirəcək və tezliklə sülh müqaviləsi üzrə danışıqlar imzalanacaq.

Söhbət zamanı 1918-ci ildə Şərqdə ilk demokratik respublika kimi təşəkkül tapmış Azərbaycan Xalq Cümhuriyyətinin qadınlara Şərqdə seçki hüququ verən ilk ölkə olduğu qeyd edilib. Bildirilib ki, bu, bir sıra Avropa ölkələrindən də əvvəl baş verib. S.Qafarova qonağı Azərbaycanda qadın hüquqlarının qorunması sahəsində qanunvericilik və görülmüş işlər, qadınların təhsili, onların cəmiyyət həyatında yaxından iştirakı barədə ətraflı məlumatlandırıb.

Yüksək qonaqpərvərliyə və səmimi görüşə görə minnətdarlığını bildirən Almaniya Federal Parlamentinin (Bundestaq) vitse-prezidenti Katrin Görinq-Ekart görüşdən məmnunluğunu bildirib. O, ölkəsinin ikitərəfli əlaqələrin inkişafında maraqlı olduğunu və Azərbaycanın Almaniyanın iqtisadi, enerji sahəsində mühüm tərəfdaşı olduğunu diqqətə çatdırıb.

Katrin Görinq-Ekart qanunverici orqanlar arasında əlaqələrin gücləndirilməsi, o cümlədən parlamentlərarası dostluq qrupları arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti barədə fikirlərini açıqlayıb. O, söhbət zamanı Azərbaycandan Avropaya qaz ixracı, peşə təhsili, mədəniyyət sahələrində əməkdaşlıq barədə fikirlərini bölüşüb.

Görüşdə Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nurlan Həsənov, Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov, Almaniya səfirliyinin ölkəmizdəki müvəqqəti işlər vəkili Hayko Şvarts və digər rəsmi şəxslər iştirak ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video