14 Avqust 2022 01:21
689
SİYASƏT
A- A+

İstənilən təxribat Ermənistana baha başa gələcək

 

Prezident İlham Əliyev İsmayıllıda Azərbaycan Televiziyasına verdiyi müsahibədə son günlər Qarabağda baş verən düşmən təxribatı, işğaldan azad edilmiş torpaqlarda görülən yenidənqurma işləri, "Qisas" əməliyyatı və onun nəticələri barədə ictimaiyyətə ətraflı məlumat verdi. Dövlət başçısı həmçinin Qarabağda yaşayan ermənilərə çıxış yolu göstərib, Ermənistan rəhbərliyinə kəskin xəbərdarlığını ünvanladı. 
İlham Əliyev bəyan etdi ki, Azərbaycan hər zaman şəhidinin qanını yerdə qoymayıb və son "Qisas" əməliyyatı da bunu bir daha təsdiqlədi. Əgər düşmən növbəti təxribata əl atsa, Azərbaycan Ordusunun qarşısını heç bir qüvvə kəsə bilməyəcək. 

 

Ermənilər  sülhün tezliklə bərqərar olunması istiqamətində addımlar atmalıdırlar

 

Siyasi ekspertlər hesab edirlər ki, Azərbaycan Prezidentinin bu xəbərdarlığından həm Ermənistan rəhbərliyi, həm revanşist qüvvələr, həm də Qarabağda yaşayan ermənilər dərs almalıdırlar. Əks təqdirdə Azərbaycan öz gücünə istədiyi məsələni həll edəcəkdir. Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev bu məsələyə də münasibət bildirdi: "Ali Baş Komandan İlham Əliyev ermənilərə bir daha səsləndi ki, gördüyümüz hər bir işdə beynəlxalq  hüquq və normaları hər hansı formada pozmuruq, bu istiqamətdə işlərimizi davam etdiririk".
Prezidentin çıxışındakı əsas məqam isə Laçın şəhəri, Zabux və Sus kəndinə qayıtmaqla bağlı açıqlamalardır: "Məlum məsələdir ki, 10 noyabr bəyanatına uyğun olaraq Laçın dəhlizi alternativ yolla əvəz olunmalıdır, yəni bu, həmin sənəddə öz əksini tapıb. Bununla da Rusiyanın sülhməramlı kontingenti yeni yola keçməlidir. Ayın sonuna kimi vaxt verilib. Burada hər hansı revanşist, faşist qüvvələr, Suriya və digər ərazilərdən köçürülüb orada məskunlaşdırılmış şəxslər beynəlxalq hüquq və qanunları pozmuş  sayılırlar və onlar ərazini tərk etməlidirlər. Digər vacib mesaj o idi ki, hər bir şəhidimizin qisası alınacaq, buna görə ciddi əməliyyatlar keçiriləcək. Son "Qisas" əməliyyatı da cəza tədbiri idi. Şəhidimizin qisası alındı və ermənilər itkilər verdi". 
Deputat hesab edir ki, ermənilər bundan nəticə çıxarmalıdırlar. İstər qondarma quruma, istərsə də Ermənistan rəhbərliyinə delimitasiya və demarkasiya, Zəngəzur dəhlizinin açılması ilə bağlı dəfələrlə xəbərdarlıqlar edilsə də, onlar odla oynayırlar. Ermənilər fikirləşirlər ki, status-kvonu qoruyub saxlaya bilərlər. "Amma belə bir şey yoxdur. Bizi qarşıda Böyük qayıdış gözləyir, bunun üçün ərazilərimizi həm minalardan təmizləməli, həm də sülhü bərqərar etməliyik". 
Arzu Nağıyev Prezidentin toxunduğu daha bir məsələyə münasibət bildirdi: "Ermənilərin təxribat törədərək hər hansı əməliyyat keçirdikdən sonra vassalı olduqları dövlətlərdən xahiş etməsi, onlara yalvarması, məhz həmin dövlətlərin Azərbaycana zəngləri keçməyəcək və onlara kömək etməyəcək. Çünki biz öz işimizi görürük". 
Deputat vurğulayır ki, Qarabağda yaşayan ermənilər də özləri üçün nəticə çıxarmalıdırlar. Birmənalı olaraq hər hansı statusdan söhbət gedə bilməz. Əgər Azərbaycan vətəndaşlığını qəbul edirlərsə, hər hansı cinayət törətməyiblərsə, ölkəmizdə yaşayan bütün xalqlara hansı münasibət, hansı imtiyazlar varsa, o da olacaq. Lakin digər hər hansı bir məsələ - müstəqillik, xüsusi imtiyaz ola bilməz və olmayacaq. Prezidentin Ermənistan tərəfə, onların tör-töküntüsü olan separatçı dəstələrə xəbərdarlıqları əsasən bundan ibarət  idi. 
Deputat düşünür ki, bütün bu məsələlərdə beynəlxalq qayda və qanunlar gözlənilir. Hər hansı qanun  pozuntusundan söhbət gedə bilməz. Ona görə də ermənilər  özləri üçün nəticə çıxarmalı, sülhün tezliklə bərqərar olması istiqamətində addımlar atmalı, 10 noyabr Bəyanatını imzalamış dövlətlər imzalarına hörmətlə yanaşmalı, Azərbaycanın haqq səsini başa düşməlidirlər. 

 

Azərbaycan Qarabağda yaşayacaq ermənilərin təhlükəsizliyinə zəmanət verir

 

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Sahib Alıyev isə qeyd edir ki, Prezidentin müsahibəsində xəbərdarlıq notları ilə yanaşı, sülh, qayıdış və reinteqrasiya məsələləri də var. 
Deputat qeyd etdi ki, avqustun 3-də aparılan "Qisas" əməliyyatında əsl niyyət sülhdür, eyni zamanda burada şəhidimizin intiqamının alınması da var idi. Bütün bu əməliyyat strateji məqsədlərə çatılması üçün idi ki, onların da nədən ibarət olduğu heç kimə sirr deyil: "Biz istəyirik ki, regionda dayanıqlı sülh yaransın. Dayanıqlı sülhün yaranması üçün də Azərbaycan torpaqlarında qanunsuz silahlı birləşmələrin varlığına son qoyulmalı, ölkəmizə qarşı ərazi iddiaları aradan qaldırılmalıdır. Əks halda nə baş verə biləcəyini artıq avqustun 3-də "dəmir yumruğ"un təsirini unudanlar təkrar görməli oldular". 
Sahib Alıyev deyir ki, Prezidentin müsahibəsində ən çox diqqət yetirilməli iki məqam var. Onlardan biri odur ki, Qarabağda yaşayan Rusiyanın hərbi kontingentinin  müvəqqəti nəzarəti altında olanlar artıq Ermənistanın onların təhlükəsizlik və hüquqlarını təmin edə bilmədiklərini görürlər. 
Yeni Laçın yolunu salan soydaşlarımızla ətraf kəndlərdə yaşayan ermənilərin ünsiyyətinə toxunan dövlət başçısı qeyd etdi ki, onlar bizim yol çəkənlərə - inşaatçılara təşəkkürlərini bildirib kömək təklif ediblər. Bu isə ikinci məqamdır. Prezident vurğuladı ki, Rusiya hərbi kontingenti ilk günlər kimisə qorumaq üçün orada idilər, lakin sonra ehtiyac olmadığını görərək çıxıb gediblər.
Deputat vurğulayır ki, bu, son dərəcə önəmli məqamdır: "Bu açıqlama yaxın gələcəkdə həm Qarabağda, həm də Şərqi Zəngəzurda proseslərin hansı yöndə gedəcəyinə  aydınlıq gətirir.  Bu göstərir ki, yeni yol gediş-gəliş yolundan daha çox gediş yolu olacaq. Bu yol separatçı rejimin başında duranlar, Ermənistanın tör-töküntüləri, eyni zamanda oradakı hərbi kontingent üçün gediş yolu olacaq. Digər hay kökənlər isə, yəni o adamlar ki, dədə-babaları Azərbaycan torpaqlarında yaşayıb, onlar yenə də qalıb yaşaya bilərlər, amma başqa Azərbaycan vətəndaşları necədirsə, elə də yaşayacaqlar. Onlar üçün heç bir üstünlük  tanınmayacaq. Tanına da bilməz. Əgər indiki kimi hüquqsuz, təhlükə altında yaşamaq istəmirlərsə, onda tezliklə separatçı ünsürlərə qarşı özləri dirəniş göstərməlidirlər. O liderlər ki, hüquq və təhlükəsizliklərindən dəm vurur, əslində ermənilərin hazırkı durumlarına səbəbkar onlardır. Azərbaycan onların təhlükəsizliyinə zəmanət verir. Onlar gərək ağılla hərəkət edərək bunu düzgün qiymətləndirələr". 

 

Əzəli torpaqlarımıza dönürük

 

Prezidentin vurğuladığı kimi, bu hadisələrin önəmli nəticələrindən biri də odur ki, Ermənistan öz təsir imkanlarını itirmək üzrədir, Azərbaycan hakimiyyətinin müsbət təsiri artır və artacaq. Qarabağda yaşayan ermənilər düzgün addım atmalıdırlar, başa düşməlidirlər ki, onların gələcəyi ancaq Azərbaycan cəmiyyətinə inteqrasiyadan keçir. Başqa cür mümkün deyil. 
Biz real həyatda yaşayırıq. Həm iqtisadi, həm coğrafi, həm nəqliyyat nöqteyi-nəzərdən Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, beynəlxalq hüquq nöqteyi-nəzərdən tərkib hissəsidir. Biz Laçına, Zabuxa qayıtmalıyıq. Dövlət başçısı bu istiqamətdə "Qaçqınkom"a göstəriş verdiyini, Laçın şəhərinin, Sus, Zabux kəndlərinin camaatı ilə əlaqə saxlamalarını və onların yaxın zamanlarda öz doğma yerlərinə qaytarılacağını vurğulayıb. Bu gün Böyük qayıdış üçün işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işləri sürətlə gedir. Bu isə o günlərin heç də uzaqda olmadığından xəbər verir.
Azərbaycan Prezidenti humanizm nümayiş etdirərək bir daha Ermənistana çıxış yolu göstərir, bu ölkəni sülhə dəvət edir. Prezident bildirib ki, prinsip etibarilə gələcəkdə Ermənistanın bu vəziyyətlə, yeni reallıqla barışması labüddür, çünki başqa yolu yoxdur.

Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video