06 Avqust 2022 01:41
757
SİYASƏT
A- A+

İstənilən təxribat cavabsız qalmayacaq

 

Baş verən hadisələrin səbəbi Ermənistanın qeyri-qanuni silahlı birləşmələrinin Azərbaycan ərazilərindən hələ də çıxarılmamasıdır

 

İkinci Qarabağ müharibəsində cəmi 44 günə məğlub olaraq Azərbaycan qarşısında diz çökən Ermənistan son vaxtlar yenə də təxribatlar törətməklə sülh müqaviləsini imzalamaqdan yayınır. Məğlub ölkə 2020-ci il 10 noyabr Bəyanatının müddəalarını pozmaqda davam edir. Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisində baş vermiş sonuncu təxribat nəticəsində hərbi qulluqçumuzun həlak olması da bunu təsdiqləyir.

Təbii ki, hərbi qulluqçusunu itirən Qalib Ordu bu təxribata cavab verməli idi və kod adı "Qisas" olan əməliyyatla bunu etdi də...

 

Bütün məsuliyyət Ermənistanın üzərinə düşür

 

Dünən Prezident İlham Əliyev də Fransa Prezidenti Emmanuel Makronla telefon danışığı zamanı baş vermiş gərginliyə görə bütün məsuliyyətin Ermənistanın üzərinə düşdüyünü bildirib. Dövlət başçısı qeyd edib ki, Azərbaycanın Qarabağ bölgəsində mövcudluğunu davam etdirən Ermənistan silahlı qüvvələrinin və qanunsuz erməni hərbi birləşmələrinin ünsürlərinin ərazimizdən çıxarılması təmin edilməlidir: "Lakin Ermənistan tərəfindən bu, hələ də təmin edilməyib. Bu isə öz növbəsində rəsmi İrəvan tərəfindən 2020-ci il 10 noyabr Bəyanatının müddəalarının pozulması və Ermənistanın üzərinə düşən öhdəlikləri yerinə yetirməməsidir".

Azərbaycan Prezidenti deyib ki, üçtərəfli Bəyanatın müddəalarına uyğun olaraq, Rusiya Müdafiə Nazirliyi ilə əldə olunmuş razılaşma nəticəsində Laçın dəhlizinə alternativ yeni yolun marşrutu müəyyən edilib və Azərbaycan tərəfindən bu yolun inşası başa çatdırılmaq üzrədir. Bu işlər yekunlaşan kimi 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata əsasən Rusiya sülhməramlı qüvvələrinin həmin yola dislokasiya olunması nəzərdə tutulur.

Bütün bunlar azmış kimi Ermənistan Xarici İşlər Nazirliyi avqustun 3-də məlumat yayaraq Azərbaycanı üçtərəfli Bəyanatı pozmaqda, Ermənistan və Qarabağı birləşdirən Laçın dəhlizi üzərində birtərəfli dəyişiklik etməkdə ittiham edib. Bəyanat bir daha ermənilərin riyakarlığını, yalanlarını ortaya qoyur.

Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistan XİN-in Azərbaycan tərəfini əsassız şəkildə ittiham edən 3 avqust tarixli bəyanatını qətiyyətlə rədd edir. Şərhdə qeyd olunur ki, Ermənistan XİN-in Azərbaycanı üçtərəfli Bəyanatı pozmaqda ittiham etməsi riyakarlıqdan başqa bir şey deyil: "Xatırladırıq ki, Ermənistan tərəfindən üç ölkə liderlərinin imzaladığı 10 noyabr 2020-ci il tarixli bəyanatın müddəalarının yerinə yetirilmədiyi, xüsusilə də erməni silahlı dəstələrinin hələ də Azərbaycan ərazilərindən çıxarılmadığı dəfələrlə tərəfimizdən bəyan edilib. Üçtərəfli bəyanatın 4-cü maddəsinə əsasən "Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir".

Bildirilib ki, qeyri-qanuni erməni silahlı qüvvələrinin Azərbaycan ərazilərində mövcudluğuna dair Azərbaycan tərəfində olan çoxsaylı dəlillərə əlavə olaraq, bu fakt erməni rəsmiləri tərəfindən də etiraf edilib. Belə ki, Ermənistan silahlı qüvvələrinin Baş Qərargah rəisinin müavini Saak Saakyanın bu il 29 iyun tarixində hərbi xidmətə çağırılan vətəndaşların valideynləri ilə görüşdə "Qarabağ bölgəsində erməni müddətli hərbi xidmətçilərinin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçuları ilə əvəzlənəcəyinə" dair söylədikləri, habelə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın 19 iyul 2022-ci il tarixli müsahibəsində "Ermənistan silahlı qüvvələrinin bölmələrinin Qarabağdan çıxarılması bu ilin sentyabr ayında başa çatacaq", söyləməsi Ermənistanın üzərinə götürdüyü öhdəliklərə zidd olaraq, hələ də silahlı hərbi birləşmələrini qonşu dövlətin ərazisində qeyri-qanuni saxladığını bariz şəkildə göstərir.

 

Ermənistan öhdəliklərini yerinə yetirmir

 

Şərhdə o da vurğulanıb ki, yaşanan son gərginliyin səbəbi, məhz qeyri-qanuni erməni silahlı dəstələrinin Azərbaycan ərazilərində mövcudluğu və təxribatlara əl atmasıdır. 3 avqust tarixində Azərbaycan əsgərinin şəhid olması ilə nəticələnən qanlı insident də məhz Ermənistanın öhdəliklərinin yerinə yetirməməsinin nəticəsidir: "Üçtərəfli Bəyanatın 6-cı bəndinə istinad edərək, Azərbaycanı müvafiq müddəanın pozuntusunda ittiham edən Ermənistan XİN-in diqqətinə çatdırırıq ki, Laçın dəhlizi üzrə yeni yolun inşası razılaşdırılmış marşrut üzrə artıq uzun aylardır ki, gedir və Ermənistan tərəfi bu yol ilə bağlı kifayət qədər məlumatlıdır".

Nazirliyin məlumatında o da qeyd edilir ki, əgər Ermənistan tərəfi üçtərəfli Bəyanatın digər müddəaları kimi bu öhdəliyin də həyata keçirilməsini müxtəlif bəhanələrlə ləngitmək məqsədini güdürsə, bu, bir daha rəsmi İrəvanın qeyri-konstruktiv və üçtərəfli bəyanatların və digər razılaşmaların icrasına münasibətdə pozucu fəaliyyətinin bariz nümunəsidir.

"Azərbaycanı "aqressiv fəaliyyətdə" ittiham edən Ermənistan XİN-ə xatırladırıq ki, hərbi birləşmələri 30 ilə yaxın qonşu dövlətin ərazilərinin işğalını həyata keçirən, işğal siyasətinə son verildikdən sonra hələ də qanunsuz silahlı dəstələrini Azərbaycan ərazilərindən çıxarmayan məhz Ermənistandır. Azərbaycan isə öz ərazilərinin təhlükəsizliyini və bütövlüyünü qanuni əsaslarla təmin edir", - deyə açıqlamada vurğulanır.

 

"Ermənistan öz xislətinə uyğun olaraq hər şeyi baş-ayaq təqdim edir"

 

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Sahib Alıyev qəzetimizə açıqlamasında bildirib ki, Azərbaycan 2020-ci ilin 10 noyabrında imzalanan üçtərəfli Bəyanatda üzərinə götürdüyü öhdəliyə əməl etməsəydi, Ermənistanın havadarı kimi tanınan bəzi dövlətlərin səs-küyündən qulaq tutulardı.

Onun sözlərinə görə, indiyədək heç bir dövlət Azərbaycanın birgə bəyanatda üzərinə götürdüyü öhdəliyi yerinə yetirməməsi haqda heç nə deməyib, yəni belə bir hal da yoxdur. Deputat qeyd edir ki, bu bəyanatla üzərinə düşdüyü öhdəlikləri yerinə yetirməyən məhz Ermənistandır. Əslində Qarabağdakı son gərginliyin səbəbi də budur. Ermənistan hələ də öz ordusunun tör-töküntülərini Qarabağda saxlayır. Laçın yolunun üçtərəfli Bəyanatda qeyd edildiyi kimi, işləməsinə baxmayaraq, Zəngəzur dəhlizinin reallaşdırılmasını hər cür əngəlləməyə çalışan yenə də Ermənistandır. Hətta Azərbaycanın vaxtından əvvəl Laçın rayonundan keçən yeni yolu inşa etməsinə baxmayaraq, qarşı tərəf burada da prosesi gecikdirməyə çalışır. Buna görə də Ermənistan XİN-in guya Azərbaycanın üçtərəfli Bəyanata əməl etməməsi ilə bağlı bildirdikləri cəfəngiyyat ağ yalandır: "Bu, yenə öz xislətlərinə uyğun hər şeyi baş-ayaq təqdim etmək cəhdidir".

Sahib Alıyev deyir ki, Ermənistan XİN rəhbəri də, Baş nazir də Rusiyanın Qarabağdakı hərbi kontingentinə iradlar bildirməyə də başlayıb: "Onların hərbi kontingentin necə fəaliyyət göstərməsindən asılı olmayaraq, irad bildirməyə haqları yoxdur, çünki burada Azərbaycan torpağındakı Rusiya hərbçilərindən söhbət gedir. Artıq Qarabağdakı Rusiya hərbi kontingentinin statusu, fəaliyyəti və ya fəaliyyətsizliyini də ancaq və ancaq Azərbaycan qiymətləndirə bilər. Rusiya sülhməramlılarının üzərinə düşən vəzifəni yerinə yetirməməsinin nəticəsidir ki, bu günlərdə Azərbaycan Ordusunun bir əsgəri terrorçuların açdığı atəş nəticəsində Qarabağda şəhid oldu. Ardınca da bu proseslər baş verdi".

 

Təcavüzkar yenə də köhnə ampluasındadır

 

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elşad Mirbəşiroğlu qeyd edir ki, 2020-ci ilin  10 noyabr birgə  Bəyanatının şərtləri  yekun sülh sazişinin imzalanmasına xidmət etməli idi.

Deputatın sözlərinə görə, Azərbaycan hər zaman münaqişənin dinc yolla tənzimlənməsinin tərəfdarı olduğunu öz davranışları, atdığı addımları ilə aydın göstərib. Ermənistan isə 30 il boyunca torpaqlarımızı işğal altında saxladı. İndi də ölkəmizə qarşı hərbi təxribat və terrorlarını davam etdirir.

Deputat bildirir ki, Rusiyanın vasitəçiliyi ilə imzalanan birgə Bəyanat regionda sülhün və təhlükəsizliyin təmin olunması istiqamətində mühüm addım kimi qiymətləndirilə bilərdi. Lakin Ermənistan həmişə olduğu kimi yenə təcavüzkar mövqeyində qalmaqda, Azərbaycana qarşı təxribatlarını davam etdirməkdədir. Ermənilərin yaşadıqları ərazilərə Rusiya sülhməramlılarının yerləşdirilməsinə paralel olaraq erməni silahlı birləşmələri Azərbaycan torpaqlarını tərk etməli idi. Lakin bu, baş vermədi. Təbii ki, ermənilərin quldur, cinayətkar, qanunsuz hərbi dəstələrinin Azərbaycan ərazisində olması milli, hərbi və siyasi təhlükəsizliyimizə birbaşa təhdid yaradırdı.

Deputat vurğulayır ki, Azərbaycan Prezidenti dəfərlərlə qanunsuz separatçı erməni silahlı birləşmələrinin torpaqlarımızdan çıxmasını tələb edib. "Lakin Ermənistan tərəfi, Azərbaycan ərazisində yaşayan separatçı ermənilər 44 günlük müharibədən dərs çıxarmayaraq bizə qarşı təxribatlarını davam etdirirlər. Görünür, yeni vəziyyətdə separatizmi, hərbi cinayətlərini davam etdirmək üçün hansı imkanlara malik olduqlarını yoxlamaq istəyirlər. Azərbaycan yenə siyasi təmkin nümayiş etdirərək beynəlxalq vasitəçilər qarşısında bu məsələləri dəfələrlə qaldırıb. Lakin bu istiqamətdə Ermənistana və separatçılara hər hansı təzyiq müşahidə etmədik", - deyə deputat bildirib.

 

Erməni separatçıları torpaqlarımızda qalaraq təxribatları davam etdirərlərsə...

 

Elşad Mirbəşiroğlu deyir ki, bunlar Azərbaycana ermənilərin təxribatlarının qarşısını almaq məqsədilə anti-terror əməliyyatları həyata keçirməyə leqal əsaslar verdi: "Bu barədə Ermənistana dəfələrlə xəbərdarlıq edilmişdi. Düşünürəm ki, Azərbaycan tam haqlı əsaslarla, BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq öz təhlükəsizliyinə mövcud təhdidləri aradan qaldırmaq üçün addımlar atdı. Azərbaycan təmkin nümayiş etdirərək atdığı addımların öncədən siyasi, hüquqi əsaslandırmasını da təmin etmişdi".

Deputat vurğulayır ki, Azərbaycan beynəlxalq hüquq normalarına, eləcə də regionda sülhün və təhlükəsizliyin təmin olunması prinsiplərinə, yeni əməkdaşlıq  arxitekturasının qurulması tələblərinə uyğun davranmaqdadır. Ermənistan isə həmişə olduğu kimi özünün təcavüzkar, işğalçı, terrorçu dövlət obrazını daha da gücləndirməkdədir. Bundan sonrakı mərhələdə Azərbaycan  ərazisində qalan erməni separatçıları, Ermənistan Azərbaycanın avqustun 3-də sərt cavab reaksiyasından, antiterror əməliyyatından ciddi nəticə çıxarmalıdırlar. Artıq onların separatçı, terrorçu fəaliyyəti üçün heç bir imkan mövcud deyil.

Deputat deyir ki, artıq bu, Ermənistanda dərk edilir. Təsadüfi deyil ki, Paşinyan avqustun 4-də Nazirlər Kabinetinin iclasında Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında əlaqənin təmin edilməsinə razı olduqlarını bildirib. Bütün hallarda bu, Ermənistanın geri çəkilməsi kimi qiymətləndirilməlidir: "Erməni silahlı birləşmələri Azərbaycan ərazisində qalaraq təxribatlarını davam etdirərlərsə, ölkəmizin  sərgiləyəcəyi davranış onların məhvinə gətirib çıxaracaqdır", - deyə deputat bildirib.

 

Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video