12 Avqust 2022 01:29
620
SİYASƏT
A- A+

İslam həmrəyliyi ilk növbədə dünyaya sülh istəyini çatdırır

 

Azərbaycan hər zaman müsəlman dövlətləri ilə münasibətlərin inkişafına  xüsusi önəm verib

 

Türkiyənin Konya şəhərində V İslam Həmrəyliyi Oyunları start götürüb. 56 ölkədən 4 mindən çox atletin qatıldığı oyunlar yalnız idman yarışları deyil, eyni zamanda islam ölkələrinin birlik nümunəsidir. 
Bu oyunlar dünyaya bir daha göstərir ki, islam ölkələri hər zaman bir olmağı, bir-birini dəstəkləməyi bacarır. Bəzən islam ölkələri arasında nifaq salmaq, onları bir-birinə qarşı qaldırmaq cəhdləri olsa da, belə beynəlxalq yarışlar islam ölkələrinin bir olduğunu, lazım gəldikdə bir araya gələ bildiklərini göstərir.
Bu oyunlar 5 ildən bir keçirilməklə islam ölkələrini bir araya toplayır. Yarışlarda  İslam Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrdən idmançılar iştirak etsələr də, təşkilata üzv olan ölkələrin qeyri-müsəlman vətəndaşlarına da oyunlarda iştirak etməyə icazə verilir.

 

İslam ölkələrinin həmrəyliyi və birliyi çox böyük əhəmiyyət daşıyır

 

Türkiyədən əvvəl, IV İslam Həmrəyliyi Oyunlarına Azərbaycan evsahibliyi etmişdi. Yarışların Bakıda keçirildiyi 2017-ci il Prezident İlham Əliyevin sərəncamı ilə ölkəmizdə "İslam Həmrəyliyi ili" elan edilmişdi. Sərəncamda qeyd olunmuşdu ki, Azərbaycan uzun əsrlərdən bəri islam sivilizasiyasının əsas mərkəzlərindən biri olub. "İslam Həmrəyliyi ili"  çərçivəsində ölkəmizdə bir sıra tədbirlər həyata keçirilib. Həmçinin Prezident İlham Əliyevin 6 dekabr 2017-ci il tarixli və 10 yanvar 2018-ci il tarixli sərəncamları ilə İƏT və Qoşulmama Hərəkatına üzv ölkələrin tələbələri üçün öz təhsillərini Azərbaycanın aparıcı ali təhsil müəssisələrində davam etdirməyə imkan yaradılıb və təqaüd ayrılıb.
Azərbaycan hər zaman islam ölkələri ilə münasibət və əlaqələrinə xüsusi önəm verib. Dövlət başçısı daim bu ölkələrə səfər edir, onlarla müxtəlif sahələrdə əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsinə çalışır. Prezident İlham Əliyev hər zaman çıxışlarında Azərbaycanın islam həmrəyliyinin daha da möhkəmlənməsi üçün səylərini davam etdirəcəyini bildirir. Dövlət başçısı deyir: "İslam qardaşlıq və tolerantlıq dinidir. İslam dünyası çox zəngin tarixi irsə, mədəniyyətə malikdir. Bu mədəniyyət də dünya birliyinə olduğu kimi təqdim olunmalıdır".  
İlham Əliyev islam ölkələrinin daha da yaxınlaşmasına böyük ehtiyac olduğunu vurğulayaraq qeyd edir ki, müsəlman dövlətləri bir-birini dəstəkləməli, həm iqtisadi, həm siyasi sahədə daha da sıx əməkdaşlıq etməlidirlər. İstənilən islam dövləti öz iqtisadi potensialını digər müsəlman ölkəsinin xidmətinə təklif etməlidir. Daha çox islam ölkələri arasında qarşılıqlı ticarət aparılmalıdır. Xüsusən siyasi müstəvidə, BMT-də islam ölkələrinin həmrəyliyi və birliyi çox böyük əhəmiyyət daşıyır. 

 

İƏT-dən Ermənistana növbəti sərt bəyanat

 

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) da islam ölkələrini bir araya gətirən böyük təsisatdır.  Azərbaycan daim İƏT fəaliyyətinə öz töhfəsini verir, eyni zamanda təşkilatın müxtəlif qurumları ilə sıx əməkdaşlıq edir. Bu qurumlar arasında ICESCO,  İslam İnkişaf Bankı, İslam Konfransı Parlament İttifaqı, İslam Konfransı Gənclər Forumu ilə əməkdaşlıq xüsusi yer tutur. 
Bu baxımdan Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın fəaliyyəti yüksək qiymətləndirilir. 2006-cı il noyabrın 23-də ICESCO-nun baş direktoru Əbdüləziz bin Osman Əl-Tuveycri sivilizasiyalararası dialoq daxil olmaqla müxtəlif sahələrdə genişmiqyaslı və fədakar fəaliyyətinə, qayğıya ehtiyacı olan uşaqlara diqqətinə, islam aləmində görülən işlərə böyük dəstəyinə görə ona ICESCO-nun xoşməramlı səfiri adının verilməsi haqqında diplom təqdim edib. 
Hazırda ölkəmiz İƏT-in ən fəal və nüfuzlu üzvlərindən biridir. Azərbaycan son illərdə İƏT-in bir neçə konfransına evsahibliyi edib. Azərbaycanın tədbirlərə evsahibliyi isə daim İƏT üzvləri tərəfindən yüksək qiymətləndirilib. 
İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələr haqq savaşımızda daim bizim yanımızda olmuş və Azərbaycanı dəstəkləmişlər. 2020-ci ilin iyul ayında Tovuz hadisələri zamanı təşkilat bəyanat yayaraq Ermənistanın təxribatlarını pisləmişdir. Eyni zamanda Ermənistanı təxribatlarının dayandırılması ilə bağlı bəyanatlarla çıxış etmişdir. Torpaqlarımız işğaldan azad edildikdən sonra İƏT üzvlərinin həmin ərazilərə səfərləri olmuşdur. Onlar gördüklərindən dəhşətə gəlmiş, erməni cinayətlərini pisləmişlər. Bütün bunlara görədir ki, 2021-ci ildə Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif bin Əhməd Əl-Useymini qəbul edərək onu Azərbaycan ilə İƏT arasında dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsində xidmətlərinə görə "Dostluq" ordeni ilə təltif etmişdir. 
Təşkilatın baş katibliyi bu ilin avqustun 3-də qanunsuz silahlı dəstələrin Azərbaycan Ordusunun mövqelərini intensiv atəşə tutması nəticəsində hərbçi Anar Kazımovun həlak olmasını pisləyən bəyanat da yayıb. İƏT Ermənistanı 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanat üzrə öhdəliklərini yerinə yetirməyə və qanunsuz silahlı birləşmələri Azərbaycan ərazisindən çıxarmağa çağırıb. İƏT baş katibliyi azərbaycanlı şəhidin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.

 

İslam mədəniyyətinin carçıları

 

İslam Əməkdaşlıq Təşkilatı bütün hadisələrə çevik cavab verməklə daim Azərbaycanın yanında olduğunu göstərib. Bütün zirvə toplantılarında Ermənistanın 30 il ərzində Azərbaycan torpaqlarını işğal altında saxlamasını pisləyib. Hələ işğal dövründə Qarabağ problemi diqqətdə saxlanılıb, təşkilatın 1993-cü ildə Pakistanda keçirilmiş xarici işlər nazirlərinin XXI konfransında ilk dəfə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair qətnamə qəbul edilib.
Ümumilikdə, dünya birliyi istər İƏT, istərsə də İslam Həmrəyliyi Oyunları qismində daim islam ölkələrinin bir-birinə dəstək olduğuna şahidlik edir. Bu həmrəylik digər təşkilatlara üzvlükdə də özünü göstərir. İslam həmrəyliyi dünyaya sülhü, həqiqəti çatdırıb. Müsəlman ölkələri bu fonda islam mədəniyyətinin dünyaya tanıdılması üçün ən yaxşı vasitəçilərdir. 

 

Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video