23 Aprel 2022 00:36
1728
SİYASƏT
A- A+

İşığımız yanır, yolumuz çəkilir, sularımız gur axır...

 

İlham Əliyev  Qarabağ və Şərqi Zəngəzurda reallaşdırdığı möhtəşəm quruculuqla doğma yurdlara yeni həyat gətirir

 

Bu gün Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa, yenidənqurma prosesi illərlə yağmalanıb dağıdılan, viran qoyulan yurd yerlərimizə yeni nəfəs gətirib. İndi bölgənin çiçəklənmə dövrü başlayıb. Yazın gəlişi ilə quruculuq işləri daha geniş vüsət alıb.

Böyük Zəfərdən sonra geniş tikinti-quruculuq meydanına çevrilən bölgədə bütün infrastrukturlar yenidən qurulur. Yeni avtomobil və dəmir yolları, körpülər, tunellər, hava limanları, elektrik və su xətləri, müasir yaşayış kompleksləri, məktəblər, xəstəxanalar, su-elektrik stansiyaları tikilir, tarixi-mədəni, dini abidələrimiz bərpa edilir.

 

9 su anbarı, 15 yol infrastrukturu

 

İşğal altında olan torpaqlarımızı 44 günə düşməndən təmizləyən Müzəffər Komandan İlham Əliyev aparılan bütün tikinti-quruculuq işlərinin Baş memarı kimi görülən işlərlə mütəmadi olaraq maraqlanır, tövsiyə və tapşırıqlarını verir.

Aprelin 21-də İlham Əliyev Şuşa səfəri çərçivəsində Füzulidə Köndələnçay su anbarlarında aparılacaq təmir-bərpa işləri, Şuşa rayonunun Daşaltı kəndində Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun və bu yolun üzərindəki tunellərin inşası, Şuşa şəhərində inzibati binanın əsaslı təmiri və konfrans zalının tikintisi ilə tanış olması da söylənən fikirlərin bariz təcəssümüdür.

Ümumiyyətlə, işğaldan azad olunmuş ərazilərin bərpasını iqtisadi qüdrəti hesabına həyata keçirən Azərbaycan bu sahədə də öz standartlarını yaradıb. Mina problemi, eyni zamanda pandemiyanın yaratdığı çətinliklərə rəğmən, bərpa və yenidənqurma işləri bütün istiqamətlər üzrə sürətlə və planlı şəkildə aparılır. Su anbarlarının gələcək istismarı, hidroehtiyatların ölkənin su təsərrüfatı sisteminə inteqrasiyası da bərpa prosesinin və Böyük qayıdış planının tərkib hissəsidir.

İlham Əliyev Şuşa səfəri zamanı ilk olaraq Köndələnçay su anbarlarında aparılacaq təmir-bərpa işləri ilə tanış oldu. Xatırladaq ki, işğaldan azad olunmuş ərazilərdə ümumilikdə 9 su anbarı tikilir və ya təmir olunur. Qarabağın zəngin su ehtiyatlarının düzgün və səmərəli idarə olunması bütövlükdə regionun iqtisadi inkişafını sürətləndirəcək.  Köndələnçay-1, Köndələnçay-2 və Aşağı Köndələnçay su anbarlarının bərpası ilə Füzuli rayonu ərazisində 6200 hektar əkin sahəsinin suvarılması mümkün olacaq.

Prezident Şuşa rayonunun Daşaltı kəndində Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun və bu yolun üzərindəki tunellərin inşası ilə tanış oldu. Ümumiyyətlə, Qarabağ və Şərqi Zəngəzurun dirçəlişi istiqamətində reallaşan layihələrin əsas tərkib hissələrindən biri yol infrastrukturunun qurulmasıdır.

Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun önəmi ilk növbədə onun Zəngəzur dəhlizinin magistralı ilə birləşməsindədir. Yolun uzunluğu 81,6 kilometr, hərəkət zolaqlarının sayı 4-6, hərəkət zolağının eni isə 3,5 metrdir. Yolboyu 7 tunelin tikintisi aparılır. Bir neçə tuneldə qazma işləri artıq tamamlanıb, digərlərində isə qazma, partlatma və qırma üsulları ilə qaya qruntlardan ibarət hissələrin kənarlaşdırılması işləri davam edir. Bundan başqa, tunellərdə havalandırma və izolyasiya sistemləri də quraşdırılır. Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda tunellərin inşası ilə yanaşı, yolboyu müxtəlif hissələrdə torpaq yatağının, körpülərin, yeraltı keçid və suötürücü boruların tikintisi də layihəyə uyğun şəkildə icra olunur. Yolun tikintisinin 2024-cü ildə başa çatdırılması planlaşdırılır.

İlham Əliyev Şuşada bir sıra yeni tikilən obyektlərlə də maraqlandı. Mədəniyyətimizin paytaxtında tullantıların idarə olunması üçün poliqon yaradılır. Burada məişət tullantıları Avropa standartlarına uyğun xüsusi yeraltı konteynerlərdə yerləşdiriləcək. Poliqonda 4 çeşid üzrə 600 ədəd SMART yeraltı konteyner və 11 ədəd xüsusi texnika nəzərdə tutulub. Ərazidə söküntü materiallarının çeşidlənməsi də aparılacaq. Şəhərin su təchizatı sisteminin dayanıqlığının təmini də iki mərhələdə paralel layihələrlə həyata keçiriləcək.

Şuşada həmçinin inzibati binanın və konfrans zalının tikintisi ilə tanış olan İlham Əliyev bir daha öz göstəriş və tapşırıqlarını verdi.

 

Azərbaycan yalnız öz gücünə  Qarabağ və Şərqi Zəngəzurda xariqələr yaradır

 

Göründüyü kimi, Prezident aparılan təmir, bərpa və yenidənqurma işləri ilə yerində tanış olur və işlərin gedişatı ilə şəxsən maraqlanır. Bütün bu proseslərin, yəni Qarabağın yenidən qurulması proqramının icrası üçün dövlət büdcəsindən 2,2 milyard manat vəsait ayrılıb. Bu ilin birinci rübündə isə həmin məbləğdən 346 milyon manat, yaxud 16 faizə yaxın hissəsi artıq icra olunub.

Hazırda Ağdam və Füzuli şəhərlərində baş planlara uyğun quruculuq prosesi gedir. Bu ilin sonunadək Şuşa, Cəbrayıl, Kəlbəcər, Zəngilan, Qubadlı şəhərlərinin, Hadrut və Suqovuşan qəsəbələrinin baş planları hazırlanacaq.

Aprelin 12-də keçirilən müşavirədə İlham Əliyev görülən işlərdən danışaraq qarşıda reallaşdırılacaq layihələr barədə xalqı məlumatlandırarkən bildirdi ki, Qarabağ və Zəngəzur nümunəvi bölgə kimi inkişaf edəcək. Azərbaycan vətəndaşları orada rahat, firavan yaşayacaqlar. Eyni zamanda dünya üçün də bu inkişaf bir nümunə olacaq. Çünki bu torpaqlar Azərbaycanın qədim əraziləridir.

Göründüyü kimi, Qarabağı 44 günə "dəmir yumruq"la düşməndən təmizləyən Baş Komandan indi "dəmir iradə" ilə 30 il ərzində viran qoyulan yurd yerlərimizi yenidən qurur, keçmiş məcburi köçkünlərin Qarabağ və Şərqi Zəngəzura qaytarılması üçün kompleks tədbirlər görür. İnfrastruktur qurulur, yollar, körpülər, yaşayış binaları, sosial obyektlər tikilir, kənd təsərrüfatı, sənayenin müxtəlif növlərinin yaradılması, turizmin inkişaf imkanları öyrənilir, artıq bununla bağlı müxtəlif layihələrə start verilib.

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi və təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən tarixi-mədəni-dini abidələrimiz bərpa olunur, bir çoxu yenidən tikilir. Erməni işğalından azad etdiyimiz ərazilərə dövlətimiz öz gücü, öz vəsaiti və doğru planları ilə yeni həyat gətirir. Tezliklə keçmiş məcburi köçkünlərimiz burada yeni həyata başlayacaqlar.

 

Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video