25 Iyun 2022 22:50
619
CƏMİYYƏT
A- A+

İşğaldan azad olunan Füzuli istiqamətində şəhərlərarası ilk müntəzəm avtobus marşrutu istifadəyə verilib 

 

İyunun 25-də Bakı–Füzuli–Bakı istiqamətində şəhərlərarası müntəzəm avtobus marşrutu istifadəyə verilib. İlk avtobus səhər saat 7-də Bakı Beynəlxalq Avtovağzal Kompleksindən yola düşüb.

Sərnişinlər yol boyu dağıdılmış kəndləri, məhv edilmiş infrastrukturu müşahidə ediblər. Beş saatdan sonra sərnişinlər uzun illər həsrətində olduqları Füzuliyə çatıblar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Füzuli sakinləri 30 il əvvəl tərk etdikləri doğma yurdlarının erməni vandalizmi nəticəsində tanınmaz hala düşdüyünün şahidi olublar. Xalqımızın tarixi, mədəni irsini Yer üzündən silmək cəhdi, evlərə, abidələrə, hətta qəbirlərə, məscidlərə qarşı törədilən terror erməni vəhşiliyinin heç bir sərhəd tanımadığını bir daha nümayiş etdirir.

Vətəndaşlar bələdçinin müşayiəti ilə əvvəlcədən müəyyən edilmiş marşrut üzrə Merdinli kənd məscidini, Füzuli şəhər mərkəzini və Füzuli Beynəlxalq Hava Limanını, Qarğabazar Karvansaray kompleksini ziyarət ediblər. Səfər iştirakçıları işğal ərəfəsində ermənilər tərəfindən Merdinli kənd məscidinin heyvan saxlanması üçün istifadə edildiyinin də şahidi olublar.

Sərnişinlərin məlumatlandırılması və təlimatlandırılması üçün avtobuslarda Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) mina təhlükəsizliyi ilə bağlı təqdim etdiyi videoçarxlar nümayiş olunub. Avtobuslar ilkin tibbi yardım çantaları ilə təchiz edilib.

Sərnişin daşınması ilə bağlı sistemliliyin təmin edilməsi və sərnişindaşımaya dair məlumat bazasının formalaşdırılması məqsədilə marşrut xətləri üzrə bilet satışı http://www.yolumuzqarabaga.az  portalı üzərindən onlayn qaydada həyata keçirilir. Təhlükəsizliyin təmin edilməsi, işğaldan azad olunmuş ərazilərə giriş icazəsinin bilet alışı prosesi ilə sinxronlaşdırılması, güzəşt tətbiq ediləcək şəxslərin müəyyənləşməsi üçün onlayn bilet satışı portalı müvafiq informasiya sistemlərinə inteqrasiya olunub.

Qeyd edək ki, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin işğaldan azad olunmuş ərazilərə yanvarın 24-dən istifadəyə verdiyi müntəzəm avtobus marşrutları ilə bu günədək 206 reys həyata keçirilib. 8857 nəfər Şuşa və Ağdam şəhərlərini ziyarət edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video