24 Yanvar 2023 00:53
349
DÜNYA
A- A+

İranda son 28 ilin ən yüksək inflyasiyası qeydə alınıb

 

Etirazların baş alıb getdiyi ölkənin iqtisadi və sosial məngənədən xilası real görünmür

 

İranda inflyasiya dinamikasının tarixi göstərir ki, ölkə qiymət artımı ilə ilk dəfə qarşılaşmır - son illərdə istehlak qiymətləri indeksi müntəzəm olaraq 40 faizi keçib. 
Lakin 2018-ci ildə vəziyyət kəskin şəkildə dəyişib - ABŞ-də Donald Tramp administrasiyası İrana qarşı ağır sanksiyalar tətbiq edib və bu, inflyasiyanın 50 faizə yüksəlməsinə səbəb olub. Sanksiyalar İran rialını vurub, milli valyuta hər ay ucuzlaşıb, mal və xidmətlərin ixracı faktiki olaraq tamamilə dayandırılıb.
Halbuki "Financial Tribune" qəzetinin yazdığına görə, ölkənin illik inflyasiya hədəfi 22 faiz olub. "İran İnternational" telekanalı xəbər verir ki, 2022-ci ilin iyul ayında inflyasiyanın 50 faizi keçdiyi zaman ən yüksək qiymətlər kirayə bazarında, dərman və qida sektorunda olub. Bu gün İranda tüğyan edən sosial iğtişaşlar qismən qiymətlərin artması ilə əlaqədardır, çünki zəruri mallar daha da qıtlaşıb. Hökumətin iqtisadi islahatına görə ümumi alıcılıq qabiliyyəti  aşağı düşüb. Bazarda mal var, amma insanlar artıq əvvəlki qədər ala bilmirlər. Əhalinin alış-veriş səbətlərindəki bir çox əşyalar çıxarılıb, azaldılıb və ya daha ucuz, oxşar zəruri məhsullarla əvəzlənib.
Sanksiyalara əsasən Tehran öz enerji resurslarını dollarla ixrac edə bilməz, üstəlik alıcı ölkələr ABŞ-dən sanksiyalara məruz qalacaqlar. Ona görə də İran neftini və qazını idxal etməyə hazır olan ölkələr o qədər də çox deyil. Sanksiyalardan yan keçməyin bir neçə yolu var, məsələn, barter ticarəti. Çin sənaye malları və ərzaq məhsulları müqabilində İran neftini alır, Ermənistan isə öz elektrik enerjisini İran qazına dəyişir.
İranın daha bir problemi var - ərzaq böhranı. Dünya Bankı bildirib ki, "Ukraynadakı münaqişə səbəbindən qlobal ərzaq qiymətlərinin artması məhsul və gübrə tədarükünə böyük təsir göstərə və ərzaq təhlükəsizliyi üçün riskləri artıra bilər. Növbəti qiymət artımları İranın idxal xərclərini yüksəldəcək, hökumətə və onun məhdud mövcud valyuta ehtiyatlarına daha çox təzyiq göstərəcək".
"Economist Intelligence Unit" (EIU) təşkilatı da Dünya Bankının analitiklərinin fikrini bölüşür. Ekspertlər hesab edirlər ki, İran və ABŞ-nin 2027-ci ilə qədər hazırkı dalandan çıxması inandırıcı deyil: "Enerji qiymətlərinin artması İrana 2022-ci ildə bir qədər rahatlıq gətirsə də,  2023-2026-cı illərdə bu, aradan qalxacaq. Kütləvi iğtişaşlar riski isə sürətlə yüksələn inflyasiyanı daha da gücləndirir".
İranda daha bir böhran vətəndaş itaətsizliyi ilə bağlıdır. Ölkədə  əxlaq polisi tərəfindən işgəncələrə məruz qalan 22 yaşlı Məhsa Əmininin ölümü ilə bağlı başlayan etirazlar 4 aydır ki, davam edir. İran mütəmadi olaraq iğtişaşlar yaşayır, lakin hazırkı böhran uzunsürən və genişdir. Hər gün İranın 100 şəhərində yüz minlərlə insan hökumətə etiraz edir və rejimin dəyişdirilməsini istəyir. Bir sıra rayonlarda işçilərin tətili başlayıb: bazarlar, ticarət mərkəzləri və mağazalar bağlanıb.
Beynəlxalq investisiya ekspertləri qeyd edirlər ki, artan inflyasiya, sanksiyalar və iğtişaşlar İran iqtisadiyyatını məhv edən problemlərin yalnız kiçik bir hissəsidir. Yaxın gələcəkdə ölkə inkişaf etmiş dövlətlər üçün əhəmiyyətli tərəfdaş ola bilməyəcək və onun iqtisadiyyatı hələ uzun illər çətin dövrlərdən keçəcək. Beynəlxalq Valyuta Fondu tərəfindən hazırlanan İran üçün inflyasiya proqnozu qiymət artımının yalnız növbəti 5 il ərzində 25 faiz səviyyəsində azalacağını nəzərdə tutur.
 Ölkədə qiymətlər sürətlə qalxır, milli valyuta dollara nisbətdə dəyərini itirir. Etiraz aksiyalarının üçüncü ayında - dekabrda vəziyyət daha da pisləşib - rəsmi hesabata əsasən, inflyasiya 48 faizi ötüb. Bu, 1995-ci ildən bəri İranda ən pis göstəricidir. İndi bəzi iranlılar evinə ət, hətta yumurta almaqda çətinlik çəkirlər. İqtisadçıların bildirdiyinə görə, hökumət inflyasiyanın, korrupsiyanın qarşısını ala bilmir.
İran valyutası olan rial dollar qarşısında rekord həddə düşüb. Qeyri-rəsmi bazarda 1 dollar 44,7 min riala satılıb. Bundan bir gün əvvəl isə 1 dollar 43,1 min riala başa gəlib. "Röyter" Agentliyi xəbər verir ki, bu, təcridin artması və Avropa İttifaqının İnqilab Keşikçiləri, habelə ayrı-ayrı məmurlara qarşı mümkün sanksiyaları ilə bağlıdır.
Məlumata görə, dolların bahalaşmasının səbəblərindən biri Amerika valyutası, qızıl və ya başqa valyuta almaqla əmanətlərini qorumağa çalışan iranlılar arasında ona tələbatın kəskin artması olub.

Rizvan CƏFƏROV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video