28 Iyul 2022 01:43
1704
SİYASƏT
A- A+

İqtisadi müstəqilliyin uğur formulu

 

Azərbaycanın maliyyə imkanlarının artması İlham Əliyevin sosial-iqtisadi inkişaf strategiyasının reallaşması üçün zəmin yaradır   

 

Qlobal iqtisadiyyatın üzləşdiyi ağır sınaq illərinin ardından əksər ölkələr yeni inkişaf strategiyalarını postböhran dövrünün çağırışlarına uyğun müəyyənləşdirirlər.

Ekspertlər 2022-ci ili dünya iqtisadiyyatının tənəzzüldən çıxaraq bərpa dövrünə keçidi ili kimi səciyyələndirsələr də, görünən odur ki, iqtisadi böhran bu gün də davam etməkdədir. Məhz bu səbəbdən də böyük dövlətlər bütün addımları yeni reallıqlara uyğun atırlar.

Dünyanın bir parçası olan və İkinci Qarabağ müharibəsindən şanlı zəfərlə çıxan Azərbaycan da gələcək inkişaf strategiyasını dövrün tələblərinə uyğun müəyyən edib. Qəbul etdiyi uzaqgörən qərarları ilə Azərbaycanı bütün böhranlardan üzüaz çıxaran İlham Əliyevin müəllifi olduğu "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" inkişaf strategiyasında nəzərdə turulan layihələrin, proqramların uğurlu icrası nəticəsində ölkəmizin maliyyə imkanları artıb. Belə bir dövrdə maliyyə imkanlarının artması isə onu deməyə əsas verir ki, Azərbaycan bundan sonra da öz gücünə, öz hesabına qarşıya qoyulan hədəfləri uğurla reallaşdıra biləcək.

 

Böhran fonunda artan sosial-iqtisadi göstəricilər

 

Hazırda Azərbaycan regionun ən sürətlə inkişaf edən qüdrətli dövlətidir. Ötən illər ərzində respublikamızın bölgələrinin inkişafı istiqamətində həyata keçirilən layihələrin uğurlu göstəriciləri, yaranan mənzərə hər bir ölkə üçün nümunə ola bilər. Ölkəmizin maliyyə imkanlarının artması isə onu deməyə əsas verir ki, qarşıdakı dövrdə də regionların sosial-iqtisadi inkişafı dövlət proqramları uğurla icra olunacaq.

İlham Əliyevin sosial-iqtisadi islahatları, qəbul etdiyi mütərəqqi qərarları sayəsində ölkə iqtisadiyyatındakı artım tempi rəqəmlərdə də öz əksini tapır və bu da görülən işlərin təsdiqi hesab olunur. Qlobal böhran fonunda Azərbaycanın müxtəlif sahələr üzrə əldə etdiyi uğurlu göstəricilərə nəzər yetirsək, bunu aydın şəkildə görə bilərik.

 

Ötən 6 ayın statistik göstəriciləri:

*   iqtisadiyyat 6,2 faiz;

*   nəqliyyat sektorunda 27 faiz;

*   qeyri neft-qaz emalı sənayesi 15 faiz;

*   turizm və ictimai iaşə 86 faiz;

*   informasiya və rabitə sektoru 14 faiz;

*  qeyri-neft sənayesi 11,5 faiz;

*   qeyri-neft iqtisadiyyatı 9,6 faiz;

*   sənaye istehsalı 2,1 faiz;

*   sənaye zonalarında istehsal 53 faiz;

*   əhalinin gəlirləri 20 faiz;

*   xarici ticarət 70 faizdən çox;

*   ixrac 2 dəfədən çox;

*  sənaye məhsullarının ixracı 42 faiz;

*  qeyri-neft ixracı 25 faizdən çox artıb;

*  inflyasiya 12,9 faiz təşkil edib;

* orta əməkhaqqı 14 faiz;

* pensiya 10 faiz artıb;

*  xarici ticarət balansının müsbət saldosu 12,1 milyard dollar olub;

*  vergilər sahəsində proqnozdan əlavə, 2 milyard manat pul yığılıb;

* xarici borc ümumi daxili məhsulun 10,7 faizini təşkil edib;

* əsas kapitala investisiyaların real artımı 18,5 faiz olub.

 

Büdcə gəlirlərinin artması regionların inkişafına böyük töhfə verəcək

 

İqtisadiyyatı inkişaf etdikcə yaranmış maliyyə imkanları ilə təbii ki, Azərbaycan öz hesabına regionların inkişafını, xüsusilə Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması prosesini daha da sürətləndirir.

Bu ilin 6 ayının yekunlarına həsr olunan müşavirədə Prezident müvafiq  məsələyə toxunaraq vurğuladı ki, Azərbaycan dövləti digər regionlarla yanaşı, işğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzurda da möhtəşəm layihələr gerçəkləşdirir. Buna da, əlbəttə ki, xeyli vəsait lazımdır. Müharibədən ötən 1 il 8 ay ərzində isə hələ bir dəfə olsun belə Azərbaycana kömək edilməyib: "Heç bir yerdən heç kim bizə bir manat yardım etməyib, hamısını özümüz edirik. Şəhərləri qururuq, kəndləri qururuq, binalar tikirik və hələ nə qədər edəcəyik. Bununla paralel olaraq, sosial məsələləri həll edirik və edəcəyik, heç kimin bunda şübhəsi olmasın. Çünki yenə də bunu özümüzə mənəvi borc bilirik və bizim sosial siyasətimiz hər zaman belə olub".

Reallıq budur ki, dünya bazarında neftin qiymətinin qalxması ilə Azərbaycanın 2022-ci il dövlət büdcəsinə nəzərdə tutulandan daha çox gəlirlərin daxil olması ona yenidən baxılması zərurətini yaratdı.

İlham Əliyev tərəfindən  "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında" qanuna dəyişikliklər edilməsi barədə layihə Milli Məclisə təqdim olundu və qəbul edildi. Bu dəyişiklik, yəni büdcəyə daxil olan əlavə vəsaitin ilk növbədə işğaldan azad edilmiş ərazilərimizin bərpa və quruculuq işlərinə, eləcə də sosial sahəyə yönləndirilməsi üçün real zəmin yaratdı.

Xatırladaq ki, 2021-ci ildə bu məqsədlə dövlət büdcəsindən 2,2 milyard manat vəsait ayrılmışdı. 2022-ci ilin dövlət büdcəsində də bu həcmdə vəsait nəzərdə tutulmuşdu. Artan büdcə gəlirlərinin 470 milyon manatı işğaldan azad olunmuş ərazilərin bərpasına yönəldilib. Beləliklə, son iki ildə işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işlərinin aparılmasına ümumilikdə 4 milyard 870 milyon manat vəsait ayrılıb.

Bu isə ondan xəbər verir ki, Azərbaycan daxili imkanları hesabına 2 il ərzində təxminən 5 milyard manata yaxın vəsaiti Qarabağ və Şərqi Zəngəzurun bərpa və yenidən qurulma işlərinə ayıra bilib. Bu da Azərbaycanın iqtisadi  gücünü göstərən faktorlardan biridir.

Amma İlham Əliyev vurğulayır ki, Azərbaycan dövləti büdcəni təkcə neftin qiymətinin artırılması nəticəsində böyütməyib. Yəni bu, dürüstləşmə, eyni zamanda aparılan islahatlar nəticəsində mümkün olub. Çünki dünyada neftin qiyməti qalxsa da, kapital bazarları çöküb. Bunu da hər kəs bilməlidir. Bəzən neftin qiymətinin artmasını Azərbaycanın daha çox zənginləşməsi kimi qiymətləndirənlər olur: "Bəli, neftin qiyməti artıb, amma bizim ehtiyatlarımız əsasən istiqrazlardadır, səhmlərdədir. Açsınlar baxsınlar, dünyanın kapital bazarları necə çöküb. Əlbəttə, bu müvəqqətidir. Bütün suveren fondlar bu vəziyyətlə üzləşiblər. Mən indi başqa suveren fondların itkilərini demək istəmirəm, amma burada 10 milyardlarla itkilərdən söhbət gedir - böyük suveren fondların, bu kapital bazarının çökməsi nəticəsində. Bu bizə də mənfi təsir göstərir. Ancaq biz öz işimizlə, islahatlarla elə işləyirik ki, heç kim bunu hiss etmir".

Təbii ki, büdcədən ayrılmış əlavə vəsaitlər Böyük qayıdışın təmin edilməsinin sürətləndirilməsinə, şəhər və kəndlərin bərpası və yenidən qurulmasının genişləndirilməsinə, həmin ərazilərdə əlavə müasir infrastrukturların yaradılmasına, ən qabaqcıl innovativ xidmət şəbəkəsinin qurulmasına yönəldiləcək.

Əminliklə deyə bilərik ki, Azərbaycan heç bir beynəlxalq maliyyə təşkilatından yardım almadan yalnız öz imkanları hesabına regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrasını uğurla reallaşdırır, Qarabağ və Şərqi Zəngəzuru sürətlə bərpa edir. Zəngilanın Ağalı kəndinə qayıdış da bu prosesin tərkib hissəsidir.

Bütün bunlar bir daha təsdiq edir ki, tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycanın iqtisadi müstəqilliyi gücləndikcə, siyasi müstəqilliyi daha da möhkəmlənir və ölkəmizin beynəlxalq nüfuzu artır, tərəfdaşları çoxalır, Cənubi Qafqazın lideri statusunu hər zaman qoruyub saxlayır.

 

Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video