19 Yanvar 2022 00:31
1176
SİYASƏT
A- A+

İnsan amilini önə çəkən islahatların müəllifi

 

Bəşəriyyətin mövcudluq tarixi göstərir ki, müxtəlif zaman və məkanlarda hər bir xalqın üzləşdiyi çətin vəziyyətdən, sınaqdan üzüağ çıxması, qarşıya qoyduğu məqsədlərə doğru inamla irəliləməsi məhz dövlət başçısının əzmi, qətiyyəti və yüksək idarəçilik keyfiyyətləri sayəsində mümkün olur.

Məhz həmin məqamlarda insanların güvəndiyi rəhbərin cəsarətli addımları və müdrik qərarları, çağırışları xalqın gələcək müqəddəratının müəyyənləşməsində mühüm rol oynayır. Dövrünün böyük şəxsiyyətləri məhz bu cür taleyüklü anlarda qarşıda duran vəzifələri düzgün müəyyənləşdirmək, insanları milli məqsədlər ətrafında səfərbər etmək, çətinliklərdən çıxış yollarını göstərmək bacarıqları sayəsində qüdrətli liderə çevrilirlər.

Bu həqiqət Azərbaycanın təcrübəsində də dəfələrlə təsdiqini tapıb:  Prezident İlham Əliyev ölkəmizə rəhbərliyi, yüksək bacarıq, səriştə və qətiyyəti sayəsində son 18 ildə xalqımızı üzləşdiyi bir çox çətinlik və problemlərdən qoruyub. Dövlət başçısının idarəçilik fəaliyyətinin üstün cəhəti də məhz mövcud gerçəklikləri obyektiv şəkildə qiymətləndirməsi, milli maraqlar naminə cəsarətli addımlar atması, yaranmış ekstremal şəraitdə, fövqəladə vəziyyətlərdə optimal qərarlar qəbul etməsidir.

 

Hədəfə qovuşmaq üçün seçilən düzgün yol

 

Həyatda hər kəsin fərqli iddia və imkanları, hədəfləri, özünəməxsus düşüncələri var. Lakin əsas məsələ məqsədə qovuşmaq üçün seçilən yolun, vasitənin ədalətli və dürüst olmasıdır. Prezident İlham Əliyev məhz Ulu Öndər Heydər Əliyevin yolunu, ali ideyalarını rəhbər tutub, hər zaman xalqının, dövlətinin mənafeyini düşünüb. İnsanların sosial rifahı, firavanlığı naminə bütün imkanları səfərbər edib.

Ötən illərdə yeni dövrün tələblərinə adekvat şəkildə davam etdirilən bu siyasət bütün mahiyyəti ilə insan və vətəndaş amilini ön plana çəkib, dövlətin bütün resurslarını bu yönümdə səfərbər edib. Qürur hissi ilə deyə bilərik ki, 44 günlük Vətən müharibəsində qazandığımız parlaq Qələbə ölkəmizdə insan amilinin yüksəlişinə xidmət edən islahatlar kursuna yeni təkan verib.

2018-2021-ci illərdə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü və siyasi iradəsilə reallaşdırılan sosial islahatlar daha geniş miqyas alıb. Dövlət başçısının imzaladığı sərəncamlarla minimum əməkhaqqının, sosial müavinətlərin, pensiya və tələbə təqaüdlərinin, məvaciblərin növbəti dəfə artırılması bunu bir daha təsdiqləyir. İki milyon yüz min insanı əhatə edən bu sosial paketin ümumi həcmi 1,5 milyard manatdır. Ölkə rəhbəri fəaliyyətini “Siyasətimizin əsasında Azərbaycan vətəndaşının maraqları, insan amili dayanır” tezisi ilə davam etdirir. Nəticədə bu gün vətəndaşlarımızda haqlı əminlik, güvənlik var ki, dövlətimiz bütün çətin məqamlarda onların yanındadır.

Ölkəmizin iqtisadi imkanları 2022-ci ildə də quruculuq-bərpa proseslərini daha böyük əzmlə davam etdirməyə geniş şərait yaradır. Bu günlərdə Prezident İlham Əliyev yerli televiziya kanallarına verdiyi müsahibəsi zamanı Azərbaycanın sosial-iqtisadi inkişaf göstəriciləri barədə ətraflı danışdı. Qeyd olundu ki, dövlətimiz sosial-iqtisadi nailiyyətlərini qoruyaraq onu daha da möhkəmləndirir. Ötən il əldə olunmuş iqtisadi artım 5 faizdən çoxdur. Qeyri-neft iqtisadiyyatımız 7,2 faiz artıb. Ümumi sənaye istehsalında 5 faizdən çox artım var. Qeyri-neft sənayesində isə 20 faizə yaxın yüksəliş müşahidə olunur. Azərbaycan Prezidenti müsahibəsində xüsusi qeyd etdi ki, bu cür göstəricilər dünya miqyasında ən yüksək nəticələrdən hesab oluna bilər.

Dövlətimizin iqtisadi sahədə qazandığı nailiyyətlər vətəndaş olaraq bizim üçün hər zaman mühüm əhəmiyyət kəsb edir. Çünki insanlarımızın rifahı ölkəmizin inkişaf dinamikasından asılıdır. Bu inkişafı sosial dövlət olan Azərbaycanda hər kəs dərhal gündəlik güzəranında duyub hiss edə bilir. İndi isə bu göstəricilər bizim üçün başqa anlam da daşıyır. Azərbaycanın artan imkanları Qarabağın, Şərqi Zəngəzurun, illərlə həsrətini çəkib indi isə azadlığına sevindiyimiz yurd ərazilərimizin sürətlə dirçəlməsi deməkdir.

Ötən il həm Qarabağ və Şərqi Zəngəzurda, həm də ölkəmizin başqa bölgələrində genişmiqyaslı investisiya proqramları icra olunub. Bütün bunlar böyük xərclər tələb edir. Bununla belə Azərbaycanın valyuta ehtiyatları 2,5 milyard dollar artıb. Bu, dövlət rəhbərimizin həyata keçirdiyi düzgün inkişaf strategiyasının nəticəsidir. Bu strategiya ilk növbədə ölkəmizin iqtisadi müstəqilliyini təmin edir. İqtisadi müstəqillik isə siyasi müstəqilliyin təməlidir.

 

Gözə görünməyən düşmənə qarşı savaş

 

Çətin və fövqəladə vəziyyətlərə hazırlıq hər bir hökumətin fəaliyyətinin səmərəlilik göstəricisidir. Son 2 ildə dünyanı böyük sınaqlarla üz-üzə qoymuş yeni növ koronavirus

(COVID-19) pandemiyası bu reallığı bir daha təsdiqləyib ki, vəziyyətin ciddiliyini ilk gündən düzgün dəyərləndirən, qabaqlayıcı addımlar atan dövlətlər onunla mübarizədə daha az itki veriblər. Sevindirici haldır ki, indi Azərbaycanın adı pandemiya ilə mübarizədə vaxtında qabaqlayıcı tədbirlər görən, ictimai rəyi ən qısa zamanda sosial məhdudlaşdırmaların vacibliyinə hazırlamağa nail olan dövlətlər sırasında çəkilir. Prezident İlham Əliyevin birbaşa nəzarəti, verdiyi tapşırıqlar əsasında reallaşdırılan çoxşaxəli işlər göstərir ki, ölkəmizdə istənilən vəziyyət idarə olunur. Dövlətimiz hər hansı böhran anını nizama salmaq gücündədir. Prezident İlham Əliyev ötən il dekabrın 31-də Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciətində də bu məsələnin daim nəzarətdə olduğunu xüsusi vurğuladı: “Hesab edirəm ki, bu il COVID-lə mübarizədə yaxşı nəticələr əldə edilib, pandemiya tam nəzarət altındadır. Azərbaycan nadir ölkələrdəndir ki, bu sahədə vəziyyət qəbulediləndir. Eyni zamanda aparılan genişmiqyaslı peyvəndlənmə siyasəti, peyvəndlənmə işləri bizə kömək göstərir. Əhalinin təxminən 50 faizi artıq 2 doz peyvənd alıb. 18 yaşdan yuxarı olan əhaliyə gəldikdə isə, bu rəqəm 62 faizə çatır. 11 milyondan çox doz vaksin vurulubdur və bu bəla ilə biz yeni ildə də ciddi mübarizə aparacağıq”.

2020-ci ilin mart ayından başlayaraq “Biz birlikdə güclüyük!” şüarını koronavirusla mübarizənin əsas qayəsinə, başlıca məramına çevirən respublika rəhbərliyi hər bir qətiyyətli addımında məhz xalqına, mütləq çoxluğun dəstəyinə güvəndiyini nümayiş etdirib. Dünyanın koronavirusdan ciddi ziyan çəkdiyi, hətta inkişaf etmiş ölkələrin belə bu qlobal bəladan sarsıldığı bir zamanda Azərbaycanın pandemiyaya qarşı mübarizədə mütərəqqi model ortaya qoyması bir daha təsdiqləyir ki, ölkə rəhbərinin dövrlə səsləşən qərarları bəzən bütöv bir xalqı faciədən qoruyur.

Avropa və MDB məkanında koronavirusun hələ geniş yayılmadığı bir zamanda Nazirlər Kabineti yanında Operativ Qərargahın yaradılması gözlənilən təhdidlər qarşısında vətəndaşların maksimum sığortalanmasını təmin etdi. Təsirli və çevik qərarlar qəbul olundu. O da təsadüfi deyildir ki, Azərbaycanın pandemiyanın qarşısının alınmasında nümayiş etdirdiyi ardıcıl və davamlı strategiya beynəlxalq təşkilatlar və aparıcı dövlətlər tərəfindən dəfələrlə təqdir edildi. Ümumdünya Səhiyyə Təşkilatı koronavirusla mübarizədə ölkəmizin həyata keçirdiyi tədbirləri alqışlayaraq unikal model kimi dəyərləndirdi.

Azərbaycan hökumətinin yeni növ koronavirusla mübarizə strategiyası təkcə sanitar-epidemioloji vəziyyətin sabitləşdirilməsinə, əhaliyə keyfiyyətli tibbi xidmətin göstərilməsinə deyil, həm də məhdudlaşdırıcı tədbirlərin aztəminatlı insanlara və biznes subyektlərinə vura biləcəyi ziyanın neytrallaşdırılmasına, sosial dəstək paketlərinin reallaşdırılmasına xidmət etdi. Sosial təcrid tədbirlərinin iş yerləri müvəqqəti bağlanmış vətəndaşların rifahına və sahibkarların işgüzar fəallığına təsirləri nəzərə alınaraq qısa zamanda mühüm dövlət proqramlarının işlənib hazırlanması təmin edildi.

Sərt karantin rejimi ilə bağlı vətəndaşların sosial müdafiəsinin təmini üçün 600 minədək vətəndaşa dörd dəfə 190 manat ödəmənin edilməsi, aztəminatlı ailələrə ərzaq yardımının göstərilməsi, övladlarının təhsil haqqının ödənilməsi mühüm sosial addımlar oldu. Xüsusi karantin rejimində qanunçuluğun, hüquq qaydalarının, nizam-intizamın möhkəmləndirilməsi, eləcə də pandemiyanın qarşısının alınmasında vətəndaş məsuliyyətinin artırılması baxımından Milli Məclis tərəfindən qanunvericiliyə edilmiş bir sıra əlavə və dəyişikliklər də son dərəcə əhəmiyyətli oldu.

 

Pandemiyaya qarşı birgə mübarizəni qlobal səviyyədə aktuallaşdıran ölkə

 

Beynəlxalq aləm Azərbaycanın yaratdığı üstün dəyərləri görür və qiymətləndirir. Tarixi reallıqlar Prezident İlham Əliyevin dünyamiqyaslı lider olduğunu, gələcəyə strateji baxışlarına görə zəmanəmizin bir çox dövlət adamlarından üstünlüyünü göstərir. Azərbaycanın dövlət rəhbərinə qlobal məkanda böyük nüfuz qazandıran əsas cəhətlərdən biri də elə budur! Yüksək fəhmi, irəli sürdüyü mühüm təkliflərin, beynəlxalq səviyyədə təqdim etdiyi təşəbbüslərin özünü doğrultması, bununla yanaşı, fundamental dəyərlərə, ədalətli davranış qaydalarına sadiqliyi ölkə rəhbərimizə böyük inam yaradıb.

Hələ bütün dünyanın getdikcə güclənən pandemiya dalğası qarşısında son dərəcə çətin vəziyyətdə qaldığı vaxtlarda Prezident İlham Əliyev BMT Baş Assambleyasının COVID-19-la bağlı xüsusi sessiyasının keçirilməsi təşəbbüsü ilə çıxış etmişdi. Xatırladaq ki, Azərbaycan pandemiyaya qarşı birgə mübarizənin vacibliyini qlobal səviyyədə aktuallaşdıran ilk ölkə kimi 2020-ci ilin aprelində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının dövlət və hökumət başçılarının fövqəladə Zirvə görüşünü təşkil etmişdi. Bu, COVID-19 mövzusuna həsr olunmuş ilk belə beynəlxalq tədbir idi. Ardınca həmin ilin mayında Prezident İlham Əliyevin rəhbərlik etdiyi Qoşulmama Hərəkatının Təmas Qrupunun COVID-19 probleminə dair videokonfransı oldu. Qoşulmama Hərəkatı ölkələri adından BMT-nin Baş katibi Antonio Quterreşə qurumun Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə bağlı müraciət ünvanlandı. Bu təşəbbüs BMT-nin 130-dan çox üzv dövləti tərəfindən dəstəkləndi. Təşəbbüsün belə yüksək dəstək qazanması bir tərəfdən onun müəllifinin - cənab İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti və Qoşulmama Hərəkatının sədri kimi yüksək nüfuzunun göstəricisi idisə, digər tərəfdən də təklifin aktuallığından, faydalarından irəli gəlirdi.

Azərbaycan Prezidenti belə bir toplantını niyə vacib sayırdı? COVID-19 mövzusunun BMT-nin Baş Assambleyası səviyyəsində müzakirəsini aktual və faydalı edən nə idi?  2020-ci il iyulun 6-da Bakının Xətai rayonunda koronaviruslu xəstələrin müalicəsi üçün yaradılmış növbəti modul tipli xəstəxananın açılışından sonra yerli televiziyalardan bir neçəsinə müsahibə verən dövlət başçısı bu suallara təfsilatlı şəkildə aydınlıq gətirdi. Bildirdi ki, bu təşəbbüs koronavirus pandemiyasına qarşı mübarizə işində vahid yanaşmanın tətbiq olunması, ölkələrin özlərinə qapanmaması, inkişaf etmiş dövlətlərin ağır vəziyyətdə olan dövlətlərə kömək göstərməsi niyyətindən irəli gəlir.

BMT Baş Assambleyasının koronavirusla mübarizəyə həsr edilmiş xüsusi sessiyası 2020-ci il dekabrın 3-də keçirildi. Sessiyada Qoşulmama Hərəkatının sədri kimi bu quruma üzv olan ölkələr adından danışan Prezident İlham Əliyev çıxışı zamanı COVID-19-un insanların səhhəti üçün doğurduğu təhlükələrdən əlavə, onun ölkələr, cəmiyyətlər arasında üzə çıxardığı bir sıra problemlərə də diqqət yönəltdi. Bildirdi ki, pandemiya istər inkişaf etmiş, istərsə də inkişaf etməkdə olan ölkələrdə zəiflikləri və bərabərsizliyi aşkara çıxararaq onları daha da kəskinləşdirib. Habelə yoxsulluğu dərinləşdirərək ən həssas kateqoriyadan olan insanların vəziyyətini daha da ağırlaşdırıb. Bu xəstəlik ən yoxsul və zəif vəziyyətdə olan ölkələrə daha çox zərbə vurub. Cənab İlham Əliyev böhranın davam edən fəsadlarının böyük çətinliklə əldə olunmuş nailiyyətləri geri atacağı və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması istiqamətində tərəqqiyə mane olacağı ilə bağlı dərin narahatlıqları diqqətə çatdırdı.

Azərbaycan Prezidenti Qoşulmama Hərəkatı adından bütün ölkələrin dərman, vaksin və tibbi avadanlığa münasib, maneəsiz və bərabər çıxışının əhəmiyyətini vurğuladı. Dövlətimizin rəhbəri 2021-ci il fevralın 1-də Abşeron Rayon Mərkəzi Xəstəxanasının yeni inşa edilmiş binasının açılışından sonra Azərbaycan televiziyasına müsahibəsi zamanı bu məqamları nəzərə alaraq əslində bütün bəşəriyyəti düşündürəcək haqlı sual verdi: “Əgər inkişaf etmiş ölkələr bu vaksinləri öz aralarında ədalətli bölə bilmirlərsə və qarşılıqlı ittihamlar irəli sürürlərsə, onda başqa ölkələr nə fikirləşməlidir? Kasıb ölkələr, inkişafda olan ölkələrin vətəndaşları, bəs onlara kim kömək göstərəcək? Bu haqda düşünülmür? Mən inkişaf etmiş bir çox ölkələrin liderlərindən bu günə qədər bu çağırışları eşitməmişəm. Ona görə biz Qoşulmama Hərəkatının sədri olaraq və öz bəyanatlarımıza sadiq qalaraq artıq dünya arenasında bu məsələni qaldırırıq. Mən sədrliyi öz üzərimə götürərkən demişdim ki, Azərbaycan beynəlxalq hüququ və ədaləti müdafiə edəcək, bütün üzv ölkələrin maraqlarını müdafiə edəcək və biz bunu edirik”.

 

O dövrdə bir çox dövlətin

COVID-19 qarşısında ciddi sosial-iqtisadi, tibbi, mənəvi-psixoloji problemlərlə üzləşdiyi, hətta vəziyyətə nəzarəti itirdiyi bir zamanda Azərbaycanın iqtisadi inkişaf tempini qoruyub saxlaması, eləcə də ciddi sosial paketin reallaşdırılması dövlətimizin rəhbərinin məqsədyönlü mövqeyinin və uzaqgörən siyasətinin nəticəsi kimi cəmiyyətdə yüksək qiymət alır. Son 2 ildə sosial-iqtisadi tənəzzül keçirən 150-dən çox ölkə Beynəlxalq Valyuta Fonduna və Dünya Bankına yardım üçün müraciət etdiyi halda Azərbaycanın iqtisadi müvazinətini qoruyub saxlaması, üstəlik, digər dövlətlərə və qurumlara yardım göstərməsi mühüm uğurlar sırasında vurğulanmalıdır. Ötən dövrdə respublikamız 80-dən çox ölkəyə maliyyə və humanitar yardımlar göndərib, vaksin dəstəyi göstərib, beynəlxalq təşkilatlara, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar məbləğində ianə edib.

Bu günün prizmasından baxdıqda ölkə rəhbərliyinin vəziyyətin sabitləşdirilməsi istiqamətində atdığı addımların nə qədər sistemli, dolğun və ardıcıl olduğu bir daha aydın görünür. O zaman Azərbaycan MDB məkanında birinci ölkə idi ki, vaksinasiyaya start verdi. Qısa müddətdə vaksinlər respublikaya gətirilməyə başladı. Hazırda 46 xəstəxana COVID xəstələrinin müalicəsi ilə məşğuldur. Vaksinasiya ilə bağlı son məlumata görə, 18 yaşdan yuxarı olan əhalinin təxminən 60 faizdən çoxu artıq iki dozanı vurdurub, eyni zamanda, buster dozasını 1 milyon 500 mindən çox adam alıb. İndi bir çox ölkələrdə əsas problem xəstələrin sayı və çarpayıların çatışmazlığı ilə bağlıdır. Respublikamızda bu vəziyyət müsbət həllini tapıb. Hazırda 10 min çarpayı mövcuddur, onlardan cəmi 10 faizi doludur. Yəni 9 min çarpayı boşdur. Xəstəxanalarda 875 reanimasiya yeri var, onlardan 26 faizi doludur.  Azərbaycanda əhali arasında hər hansı bir anti-COVID meyilləri, anti-COVID kampaniyaları yoxdur. İndi insanlar şüurlu şəkildə gedirlər, bu peyvəndi alırlar və başa düşürlər ki, bu, onları qoruyur. Azərbaycan Prezidenti yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində bu məsələyə toxunaraq dedi: “... Görülmüş tədbirlər öz səmərəliliyini göstərir. Azərbaycan o ölkələrdəndir ki, hesab edirəm, bu çətin sınaqdan şərəflə çıxır”.

 

Azərbaycan əzmkar mövqeyini bir daha nümayiş etdirdi

 

Ötən il Azərbaycan Prezidenti ortaya qoyduğu məqsədyönlü mövqeyini, prinsipial yanaşmasını daha bir qlobal təşəbbüslə davam etdirdi. 150-dən artıq ölkənin dəstəyi ilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyasının təşkili, Azərbaycanın Qoşulmama Hərəkatı adından BMT-nin İnsan Hüquqları Şurasında irəli sürdüyü “Bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsi” adlı qətnamənin 2021-ci ilin mart ayında yekdilliklə qəbul olunması Prezident İlham Əliyevin koronavirusla mübarizədə qlobal həmrəyliyin təmin olunması istiqamətində fəaliyyətinin uğurlu nəticələri kimi tarixə düşdü. Bu qətnamədən göründüyü kimi, Prezident İlham Əliyevin qlobal həmrəyliyin təmin olunmasında diqqət yetirdiyi xüsusi məsələlərdən biri varlı və kasıb ölkələr arasında peyvəndlərin bərabər paylanılması, bu sahədə qeyri-bərabərliyə son qoyulması idi. 2021-ci ilin sentyabrında BMT Baş Assambleyasının 76-cı sessiyasının illik ümumi müzakirələrində çıxış edən ölkəmizin Prezidenti bir daha dünyada mövcud olan “peyvənd millətçiliyi”ni tənqid etdi, iradlarını bildirdi və Azərbaycan tərəfindən Qoşulmama Hərəkatı adından peyvəndlərə bərabər və universal çıxışın təmin edilməsi ilə bağlı BMT Baş Assambleyasında da qətnamənin irəli sürüləcəyini elan etdi.

2021-ci ilin noyabrında Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən “COVID-19-dan sonrakı dünya” mövzusunda VIII Qlobal Bakı Forumu ölkəmizin pandemiya ilə mübarizədə prinsipial mövqeyini bir daha əks etdirdi. Forumda xüsusi vurğulandı ki, Azərbaycan yeni növ koronavirusun ciddiliyini və qlobal təhlükə mənbəyi olmasını ilk gündən düzgün dəyərləndirən, virusun yayılması arealının mümkün qədər məhdudlaşdırılması istiqamətində çevik, ardıcıl və sistemli tədbirlər həyata keçirən ölkələrdəndir.

Xüsusi vurğulanmalıdır ki, Azərbaycanın Qoşulmama Hərəkatı adından irəli sürdüyü “COVID-19 əleyhinə peyvəndlərə bütün ölkələrin bərabər, münasib, vaxtında və universal əlçatanlığının təmin edilməsi ilə bağlı qətnamə”nin 2021-ci il dekabrın 16-da BMT Baş Assambleyasında 179 ölkənin dəstəyi ilə qəbulu diplomatik-siyasi və təbliğati baxımdan ölkəmizin dünyadakı mövqelərini daha da gücləndirməklə yanaşı, onun qlobal proseslərə nüfuz imkanlarını göstərdi.

Azərbaycanın koronavirusa qarşı ümumbəşəri mübarizəyə ciddi maddi və mənəvi dəstək verməsi, bütövlükdə bu prosesə qoşulmaqla ortaya çox ciddi nəticələr qoyması təsdiq edir ki, Prezident İlham Əliyevin səyləri təkcə rəhbəri olduğu xalqın deyil, həm də bütün bəşəriyyətin xilasına yönəlib. Azərbaycanın Qoşulmama Hərəkatı adından təqdim etdiyi sənədin BMT-də qəbulu göstərir ki, ölkəmizin “peyvənd millətçiliyi” ilə bağlı ədalətli, insanpərvər və sivil yanaşması beynəlxalq səviyyədə yetərincə dəstəklənir və haqlı hesab edilir. Qəbul edilmiş qətnamə fonunda dünyada bir reallıq da təsdiqini tapır ki, vaksin ədalətsizliyinə son qoyulmasa, koronavirus infeksiyasına yaxın perspektivdə qalib gəlmək mümkün olmayacaq.

Azərbaycan Prezidenti qlobal səviyyədə ona inanan, dəstək verən həmfikirləri ilə birgə bu missiyanı da uğurla həyata keçirir, haqqın, ədalətin qələbəsinə nail olur.

 

İradə ƏLİYEVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video