Əl-Qaraviyyin Universiteti
Həyat xəzinəsi və bütün elmlərin bünövrəsi sayılan təhsil ilk ayaqlarını məktəblə açırsa, fərdin özünü dərk edərək tərəqqiyə doğru addımlamasında əsas pillə universitetlə başlayır. Elm yolundakı ilk təşəbbüs 859-cu ildə atılıb. Bu tarix dünyada ilk universitetin əsasının qoyulduğu ildir.
“Ginnesin Rekordlar Kitabı”na görə, Əl-Qaraviyyin Universiteti ən qədim ali təhsil ocağıdır. Əsası Fatimə əl-Fihri tərəfindən Mərakeşin Fəs şəhərində qoyulub. Burada həm qadınlar, həm də kişilər təhsil alıblar. Yer kürəsinin ən qocaman universitetinin bir qadın tərəfindən yaradılması da maraqlı məqamlardandır. İllər uzunu təhsildə cinsi ayrı-seçkiliyə məruz qalan qadınların haqları bu müstəvidə yalnız özlərinin üstün olduğunu iddia edən kişilər tərəfindən tapdalanmışdır.
Fatimə əl-Fihri tacir atasının sərvətindən ona qalan mirasla əvvəlcə məktəb kimi fəaliyyətə başlamış, sonra mədrəsə pilləsinə yüksələrək nəticədə ali təhsil müəssisəsinə çevrilən məscid tikdirmişdi. İlkin çağlarda dini mövzulara daha çox diqqət yetirilsə də, ritorika, məntiq, tibb, riyaziyyat, astronomiya və bir çox başqa sahələrdə dərslərin əlavə edilməsi tədris prosesini şaxələndirmişdi. Ali təhsil ocağının fəaliyyətə başlaması qısa zamanda böyük səs-küyə səbəb olmuşdu. Müxtəlif sahələrdən olan alimlər burada öz fəaliyyətlərini həyata keçirmək üçün müraciət etmişdilər.
Nüfuzu gündən-günə artan universitet müxtəlif təhsil səviyyələrinə görə dərəcələrin verilməsi sistemini tətbiq edərək elm sahəsinə ilk əsaslı yenilik gətirdi. Hətta həmin dövrün sultanlarının ianələr, hədiyyələr, xüsusilə kitab və əlyazmalarla dəstək verməsi universitetin böyük və qiymətli kitabxanaya sahib olmasına səbəb oldu. Müəssisə yalnız 1963-cü ildə Mərakeşin müasir dövlət universiteti sisteminə daxil edilib. Hazırda fəaliyyəti 1162 ildir ki, davam edən, 4 filialı olan təhsil ocağının nəzdindəki kitabxanada 4000-dən çox qiymətli əlyazmalar mövcuddur.
Bolonya Universiteti
Fatimənin Əl-Qaraviyyin Universitetini yaratması ideyası tezliklə Avropa ölkələrinə çatmış və təşəbbüsün gerçəkləşdirilməsi yolunda ilk təkan İtaliyada olmuşdu. Avropada ilk ali təhsil müəssisəsinin əsası 1088-ci ildə Bolonya Universiteti ilə qoyulub. Hüququn dərindən öyrənilməsi səbəbi ilə hüquqşünaslığın banilərindən biri olan Yustinian belə bir qərara gəlmişdi. Lakin erkən vaxtlarda müəssisə universitet formasında fəaliyyət göstərmirdi. Professorlar evlərdə, şəhər meydanlarında mühazirələr oxuyurdular.
Universitetin çiçəklənmə dövrü XII əsrə təsadüf edir. Bu dövrdə hüquqla yanaşı, latın və yunan ədəbiyyatı, tibb, fəlsəfə elmləri də tədris olunan fənlər siyahısına daxil edilmişdi. Bolonya Universitetinin əsas fərqləndirici xüsusiyyəti rəhbərliyin tələbələr tərəfindən seçilməsi idi. Rektor, nümayəndələr, müəllimlər onların istəklərinə əsasən müəyyən edilirdi. Lakin XIV əsrdən sonra rəhbərlik Papa və yerli hakimiyyətin təzyiqlərinə məruz qalaraq onlara tabe oldu. Universitet dünyanın bir çox bölgələrindən tələbələri özünə cəlb etməyə başladı. XVI əsrdə vahid tədris binası tikilərək əvvəllər fərqli məkanlarda yerləşən fakültələr eyni dam altında cəmləşdirildi. Müəssisənin məşhur kitabxanasının əsası isə 1605-ci ildə professor Aldrovandi tərəfindən qoyuldu. Burada 250 minə yaxın kitab və 1350 dövri nəşr xüsusi diqqətlə qorunur.
Hazırda universitet doktorantura pilləsi də daxil olmaqla bütün mövcud ali dərəcələri təqdim edir. Bolonya Universitetinə “ali təhsil müəssisələrinin anası” titulu verilmişdir. Universitet beynəlxalq miqyasda əsas yerlərdən birini tutur. Burada təhsil alan məşhur şəxslərdən Françesko Petrarka, Dante Aligyeri, Nikolay Kopernik, Parasels və başqalarını qeyd etmək olar.