08 Dekabr 2021 00:46
623
SİYASƏT
A- A+

İlham Əliyevin Qubadan səsləndirdiyi bəyanat erməniləri təşvişə saldı: “Qarabağ müharibəsindəki kabusu yenidən yaşamaq istəmirik”

 

Regionda davamlı sülh və əməkdaşlıq əlaqələrinin formalaşması Azərbaycan üçün prioritet istiqamətlərdən birini təşkil edir.

Bunun əsas şərtlərindən biri isə Zəngəzur dəhlizinin açılmasıdır. Bu fonda Prezident İlham Əliyevin səsləndirdiyi “Bizə tarix versinlər, Zəngəzur dəhlizi nə vaxt açılacaq və belə olan halda heç bir problem olmayacaq. Ona görə hesab edirəm ki, həm Ermənistan rəhbərliyi, həm Ermənistan ictimaiyyəti, əhalisi bunu başa düşməlidir” fikirləri Ermənistanda xüsusi diqqət mərkəzindədir.

 

Yeganə çıxış yolu Azərbaycanla razılaşmaqdır

 

Kommunikasiyaların, o cümlədən Zəngəzur dəhlizinin açılması sülh prosesində mühüm və mümkün bir irəliləyiş olaraq qəbul edilir. Rəsmi Bakının yanaşmasına əsasən, kommunikasiyaların bərpası Azərbaycan və Ermənistan arasında əlaqələrin normallaşmasına xidmət etməklə yanaşı, iki ölkə üzərindən ticarət və nəqliyyat daşımalarını əhəmiyyətli dərəcədə artıracaq. Proseslərin bu səpkidə inkişafı Azərbaycan və Ermənistana mühüm dividendlər qazandıracaq, eyni zamanda ölkələrimizlə tərəfdaş münasibətində olan dövlətlərə böyük fayda verəcək.

Prezident İlham Əliyevin Qubadan Ermənistana verdiyi kifayət qədər açıq mesajlar erməni mediasının, sosial şəbəkə istifadəçilərinin də nəzərindən qaçmadı. Erməni ekspertlərin, media nümayəndələrinin və s. sosial şəbəkələrdəki statusları, şərhləri, mövqeləri əsasında hazırlanan araşdırmalardan görünür ki, onlar Zəngəzur dəhlizinin açılmayacağı təqdirdə ölkələrinin tam məhvə doğru gedəcəyini hesab edirlər və çıxış yolunu Azərbaycanla razılaşmaqda görürlər.

Erməni ekspert Henrix Qalosyan bildirir ki, kommunikasiyaların açılması, sərhədlərin müəyyən edilməsi ölkəsinin düşdüyü blokada vəziyyətindən xilası olacaq: “Zəngəzur dəhlizi bütün tərəflərin milli maraqlarına tam cavab verir.

Ermənistan hakimiyyəti bu məsələni uzatmaqla məhvini qaçılmaz edir. Zəngəzur dəhlizi Ermənistanın xilası olacaq. Üçtərəfli Bəyanatın 9-cu bəndində göstərilir ki, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Bəyanatın bu bəndi Zəngəzur dəhlizinin reallaşması istiqamətində hüquqi zəmin yaradır. Yəni Ermənistan bu dəhlizin açılması üçün üzərinə götürdüyü öhdəliyi yerinə yetirməlidir. Əgər bu, baş verməsə, Azərbaycan yenə güc tətbiq etmək məcburiyyətində qalacaq”.

 

“Övladlarıma, mənə müharibə lazım deyil. Boş yerə gənclərimiz həlak olmasınlar”

 

Ermənistanın “4rd.am” saytının müxbiri Levon Naronyan sosial şəbəkədə Prezident İlham Əliyevin son çıxışının yer aldığı paylaşıma münasibət bildirərək Azərbaycanın mütləq Zəngəzura qayıdacağını deyir: “Ötən həftə Zəngəzurdaydıq. İnsanlarla söhbətləri, eləcə də Zəngəzur dəhlizi ətrafındakı mövcud xəbərləri nəzərə alaraq deyə bilərik ki, Zəngəzur bu anda regionun geosiyasi mərkəzidir. Burada güclü dövlətlərin maraqları kəsişir. Bu maraqlar arasında hələlik balans qurulmayıb. İki əsas tərəf bu anda Zəngəzur üçün mübarizə aparır. Birincisi (Türkiyə, Azərbaycan və onların müttəfiqləri) dəhlizin Zəngəzurdan keçməsini tələb edir, ikinci tərəf isə (bəzi Avropa dövlətləri) dəhlizə qarşıdır. Amma ölkənin xilası naminə sakinlər deyirlər ki, dəhlizin işə salınması onlara yeni iş imkanları yaradacaq. Yoxsulluq onları çox yorub. Ermənistan rəhbərliyi bu məsələnin reallaşmasına maneə yaratsa da, onlar inanırlar ki, Azərbaycan dəhlizin işə salınmasını təmin edəcək”.

Aşot Simonyan adlı “İnstaqram” istifadəçisi İlham Əliyevin Zəngəzurla bağlı bəyanatının yer aldığı paylaşıma belə şərh verib: “İllər öncə Əliyev “erməni əsgəri ölmək istəmirsə, Qarabağda nə işi var” sözünə 44 günlük müharibədə əməl etdi. Bu gün Zəngəzur dəhlizi ilə bağlı son çıxışını izlədim, dəhşətə gəldim. Övladlarıma, mənə müharibə lazım deyil. Boş yerə gənclərimiz həlak olmasınlar. Paşinyan xalqını, dövlətini yeni müharibəyə, ölüm-itimli günlərə sürükləməsin. Qarabağ müharibəsindəki kabusu yenidən yaşamaq istəmirik”.

 

Azərbaycan seçim üçün Ermənistanın siyasi rəhbərliyinə şans verir

 

Göründüyü kimi, Zəngəzur dəhlizinin işə salınması, sülh müqaviləsinin imzalanması prosesini ləngitdiyinə görə məsuliyyət də birbaşa Ermənistanın və onun baş nazirinin üzərinə düşür.

Bu faktdır ki, Ermənistanın siyasi-diplomatik başbilənləri müasir geosiyasi proseslərin sürətli yeniləşməsi qarşısında reallığı qəbul etməkdə acizdirlər. Bu səbəbdən də hələlik rəsmi İrəvan heç bir yekun qərar qəbul edə bilmir. Belə vəziyyət öz növbəsində sürətlə Ermənistanın əleyhinə işləyərək onun üzləşdiyi problemlərin miqyasını daha da dərinləşdirir. Ekspertlər hesab edirlər ki, yaxın zamanda Ermənistan rəhbərliyi Zəngəzur dəhlizinin işə salınmasında, regionda davamlı sülhün və sabitliyin təmin olunmasında əməli addımlar atmasa, onda Azərbaycanın İrəvan üçün İkinci Qarabağ müharibəsi dərslərini təkrarlaması qaçılmaz olacaq.

Beləliklə, Azərbaycan seçim üçün Ermənistanın siyasi rəhbərliyinə şans verir. İrəvanın təcrid vəziyyətdə qalaraq inkişaf etməsi mümkünsüzdür və ötən zaman bunu çox aydın göstərib. Bütün baş verənlərə baxmayaraq Azərbaycan istənilən halda Zəngəzur dəhlizinin işə düşməsinə nail olacaq. Bu, kimsənin müqavimət göstərə bilməyəcəyi qarşısıalınmaz prosesdir.

 

Elçin CƏFƏROV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video